|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ölkədə ən çox satılan qəzetlərdən biri olan «Yeni Müsavat»ın baş redaktorunu səhər yeməyinə dəvət eləmək, açığını deyim ki, öz təşəbbüsüm deyildi. Nədən ki, bu qəzetin kollektivinə münasibətim həmişə önyarğılı olub – söhbətim tutan adamlar deyillər, vəssalam. Amma sosial şəbəkələrdə aradabir salam-əleyk elədiyim yeni müsavatçılar bir gün beynimin qurdlu vaxtında ağlıma batan bir şey dedilər: Bacı, o səhər yeməyinə bizim baş redaktoru niyə çağırmırsan? Salamlaşan kimi, qonağımı gözlədiyim müddətdə vərəqlədiyim dərgini ona göstərirəm: - Rauf bəy, bu jurnaldakı bütün yazıları redaktor özü yazıb. “Yeni Müsavat”da bu yazarla müqayisə olunacaq əməkdaş varmı? Dərgini diqqətlə vərəqləyir, əsl redaktor həvəsi, marağı ilə yazıları incələyir, səhifələrin keyfiyyətini belə yoxlayır. Və axırda: - İndi internet bacarıqlı adamlara imkan verir ki, bir dərgini, bir qəzeti təkbaşına buraxsın. Amma buradakı bütün yazılar eksklüzivdirsə, yox, “Yeni Müsavat”da bu yazarla müqayisə olunacaq əməkdaş yoxdur. Halaldır, bacarıqlı adammış. Menyunu uzun-uzadı incələyib, səhər yeməyi seçirik. O dəqiqə hiss olunur ki, Rauf bəy sağlamlığını diqqət ayıran adamdır: ancaq ən sağlam, səhər üçün ən uyğun yemək və şirə seçir. Qonağım ac gəldiyini deyən kimi, ürəyim yerinə gəlir. Deməli, iştaha məsələsində mənə yoldaşlıq eləyəcək. Qalır söhbət, bu da heç. İki jurnalistin söhbətinin alınmaması üçün nə səbəb ola bilər ki? Söhbətin rəsmi olmayacağını bir daha qonağımın diqqətinə çatdırıram: - Bəy, (bu müraciəti dilimizə gətirən adamlara minnətdarlığım sonsuzdur) layihəmizin formatı belədir: diktofon qurmuram, qeyd aparmıram, konkret mövzu və ya istiqamət yoxdur, istədiyimiz hər şeydən danışa bilərik… Rauf bəy layihədən xəbərdar olduğunu, hətta Müsavat başqanı ilə səhər yeməyimi çox bəyəndiyini vurğulayır və mən sonra yadımdan çıxmasın deyə, “Yeni Müsavat” əməkdaşları ilə bağlı müşahidələrimi bölüşürəm: - Rauf bəy, Facebookda dostlarım olan əməkdaşlarınıza deyəndə ki, sabah baş redaktorunuzla səhər yeməyi yeyəcəm, ona nə sualınız var, hamısı bir ağızdan dedi ki, biz elə yanlışlıq eləmərik? Əməkdaşlarınız sizdən çəkinir? - Məncə onlar məndən yox, sizdən çəkiniblər. - Niyə?! - Çünki məndən heç bir qorxuları, çəkinmələri ola bilməz. Hamısı işdə öz etirazlarını, suallarını səsləndirə bilirlər. Yəqin sizin o sualı başqa şəklə salıb, mənə fərqli şəkildə çatdıracağınızdan çəkiniblər… - Bəy, siz müdrik adamsınız… - Təşəkkür eləyirəm… - Əməkdaşlar demişkən, uşaqlar qonorar məsələsində sizdən yaman narazıdırlar…
- Bu o qədər də inandırıcı deyil. Bizim əməkdaşlar mənə qonorarla bağlı narazılıqlarını bildirəndə, mən ya o narazılığı həll eləyirəm, ya da izah edirəm ki, o əməkdaş hansı səbəblərdən məhz o qədər qonorar almalıdır. Bizdə o adamlar az alır ki, onun yazıları az çap olunur. Yazısı az çap olunanlar isə o əməkdaşlardır ki, onların yazıları elə də aktual olmur. Amma bu yaxşıdı ki, onlar qonorardan narazılıq eləyirlər, daha çox yazıb, daha çox qonorar almaq istəyirlər. - Rauf bəy, mən belə müşahidə eləmişəm ki, “Yeni Müsavat” əməkdaşlarının əksəriyyəti çox mühafizəkar, tərbiyəli, səliqə-sahmanlı həyat tərzi yaşayan adamlardır. Bu sizin seçiminizdi ki, belə uşaqlar “Yeni Müsavat”a yığışır? Yoxsa redaksiyada bir “məişət və din əxlaqı kodeksi” var? - Əvvəla, bu cür göstəricilərin nəyi pisdi ki? Tərbiyəli, ədəbli adamlar niyə sizi əsəbiləşdirsin ki? İkincisi, əməkdaşlarımızın hamısı mühafizəkar, dindar deyil. Məsələn, biz neçə nəfər ateist əməkdaşla, redaktorla çalışırıq. - Doğrudan? Mən elə bilirdim ki, siz bu məsələdə çox radikalsınız. - “Yeni Müsavat”ın qapısı siyasi baxışlarından, inancından, şəxsi keyfiyyətlərindən asılı olmayaraq, hamının üzünə açıqdır. Gələnlərin də, gedənlərin də. Gedib, geri qayıdanların da. Biz beş nəfər redaktor gün uzunu əlimiz klaviaturada yaxşı yazı gözləyirik. Bu yazını bizə təqdim edən adamın ateist ya dindar, müxalifətçi yoxsa YAP-çı olmağının heç bir fərqi yoxdur. Düzdü, YAP-çı yazarlardan bizə müraciət edən olmayıb, amma olsa və o yazar yaxşı yazı təqdim eləsə, biz onun da yazılarını dərc eləməyə hazırıq. “Yeni Müsavat”da bax, belə demokratik hava var. Buna əmin olmaq, özünüz müşahidə etmək istəsəniz, mən sizi bir neçə həftəlik işə götürməyə və bəzi yazıların redaktəsini sizə tapşırmağa hazıram. - Düşünmürəm ki, əməkdaşlarınız buna razı olar… - Məncə, heç bir əməkdaşımız sizin kimi xanımla bir yerdə işləməkdən imtina etməz. - Təşəkkür eləyirəm. Yeməklərimiz gələr-gəlməz, qonağımla iştahla yeməyə başlar-başlamaz fotoqrafımız da özünü çatdırır. Və iki jurnalistin səhər yeməyinin fərqini görürəm: söhbətə yeməkdən daha çox aludə olmuşuq. - Rauf bəy, özünüz vurğulayırsınız ki, xəbərçilikdə, qəzetçilikdə ideologiya yoxdur. Amma qəzetinizin bir çox saylarında, dəfələrlə müşahidə eləmişəm ki, hansısa qəzanı, cinayət hadisəsini bir iqtidar adamının, ya da iri çaplı məmurun hansısa uzaq qohumunun adına bağlayırsınız. Və yaxud beş yüz işarəlik bir xəbərdə müxbirin özünün də mövqeyi açıq-aşkar bəlli olur… - Bilirsiniz, mən sizin çəkdiklərinizdən daha ciddi misallar çəkə bilərəm bu barədə. Çox təəssüf ki, biz tam standartlara uyğun gəlməyən, bir növ düşərgə mətbuatıyıq. Və qəzet zaman-zaman bu düşərgənin maraqlarına uyğunlaşır. Biz bir neçə dəfə çalışmışıq ki, düşərgələşmədən çıxaq. Amma hər dəfə də müxtəlif cəbhələrdən ciddi zərbələr almışıq… - Zərbə aldığınız cəbhələr arasında öz cəbhəniz də var idi? - Elə ən ciddi zərbəni özümüzünkülərdən almışıq… - Və o zərbələrdən sonra həmin cəbhə ilə işləmək, həmin düşərgənin maraqlarına xidmət eləmək çətin deyil?
- Bilirsiniz, ümumi və ümummilli maraqlar var. Bu maraqlarda mən çalışıram işin şəxsi, mənəvi tərəflərini bir kənara qoyum. Əks halda mən ölkədən çıxıb getməliyəm – qəzetçilikdən də başqa iş bacarmıram. Buna görə də, mən dünən məni vətənə, ideologiyaya, partiyaya xəyanətdə suçlayan insanlarla bu gün oturub çay içməyə, birgə fəaliyyət göstərməyə, onları müdafiə etməyə məcburam. - Düşərgə dostlarınız bəziləri deyirlər ki, Rauf bəy həbsdə olanda qəzetin yaşaması üçün xalqa müraciət elədi ki, hərə iki qəzet alsın. Amma özü həbsdən çıxmamış, nəfis tərtibatda məhbəs xatirələri nəşr olundu. Kitabda isə məhbəsdə olduğu vaxt evdən bal istədiyini yazıb. Sizi riyakarlıqda ittiham eləyirlər ki, özü bal-yağ içində yaşayıb, nəfis tərtibatda kitab buraxan adam xalqa qəzetin yaşaması üçün hərəyə iki qəzet alması üçün müraciət eləyir… - Bunlar hamısı əttökən, düşük ittihamlardı. O kitab mən həbsdə ola-ola, dostlarımın maddi və təşkilati dəstəyi ilə, “Qanun” nəşriyyatında çıxıb, yeri gəlmişkən, Şahbaz Xuduoğluna təşəkkürümü bildirirəm. Təqdimatı da dostlarımın, bizim düşərgənin dəstəyi ilə keçirilib. O ki qaldı bal məsələsinə – mənim qudam, yəni qardaşımın qayınatasının Tovuzda arıçılıq təsərrüfatı var. Bizim evi bu gün də balla o təmin eləyir. Mən məhbəsə mədə qanaması ilə girmişdim. Məsləhət gördülər ki, hər səhər bir qaşıq təmiz bal udum. Həm də yağsız... Yəni yağ-bal məsələsində mənim elə bir lüksüm olmayıb. - Saytlardan birində fotosöhbətiniz çıxmışdı. Məhbəs şəkillərinizin birinin altında yazmışdınız ki, hətta həbsxana üçün də darıxırsınız? Doğrudan, belədi? - Biri var, adamı aparıb toyuq oğrusu, fırıldaqçı ilə bir kameraya salsınlar. Biri də var, məhbəsi neçə il çiyin-çiyinə vuruşduğun əqidə yoldaşınla, ölkənin ən məşhur adamları ilə paylaşasan. Yeri gəlmişkən, məsələn Pənah Hüseynlə birlikdə keçirdiyim məhbəs həyatının mənə bir çox faydaları ilə yanaşı, sağlamlığıma da xeyri dəydi. Mədə xəstəsi olmağım səbəbindən pəhrizlə girlənirdim. Həbsxana yoldaşlarıma yemək gələndə hamısı dadlı yeməklər yeyirdi, mənsə ancaq soyutma. Bir gün Pənah bəy dedi ki, “Mən səə qarantiya verirəm ki, heç nə olmayacaq, əlinə keçəni ye, getsin”. Məhbəsdən çıxanda on kilodan çox çəki artırmışdım. - Çəki artırmaq demişkən, sizin cavan vaxtlarınızın şəkillərində həmişə əyninizdə bir-iki ölçü böyük paltarlar görürük. Bu imic idi, yoxsa, mübarizədən başınız ayılmırdı ki, əyninizi təzələyəsiniz? - O paltarları alanda çəkim onlara uyğun idi. Sonradan xeyli çəki itirdiyimə görə paltarlar əynimə böyük olurdu və iş-gücün çoxluğundan da qarderobu yeniləmək yada düşmürdü... - Bayaq “qəzetçilikdən başqa heç bir iş bacarmıram” dediniz, amma Sizinlə söhbətdən əvvəl bir balaca “kəşfiyyat” aparanda məlum oldu ki, yeddi il musiqi təhsili almısınız... - Bizim ailədə musiqiyə maraq, musiqi alətlərində ifa bacarığı həmişə olub. Qardaşım Azər Ayxan çox yaxşı qarmon çalır. Mən özüm də bir neçə musiqi alətində ifa eləyə bilirəm. Amma təhsili skripka üzrə almışam. - Bəs niyə skripkaçı olmadınız? - Maraqlıdı, mənim musiqi müəlliməm həmişə deyirdi ki, sən dahi bəstəkar olacaqsan. Riyaziyyat müəllimim həmişə deyirdi ki, sən dahi riyaziyyatçı olacaqsan. Kimya müəllimim deyirdi ki, sən dahi kimyagər olacaqsan. Ədəbiyyat müəllimim deyirdi ki, səndən dahi yazıçı çıxacaq… - Yəqin ki, bədən tərbiyə müəlliminiz də deyirmiş ki, sizdən dahi futbolçu çıxacaq… - Yox, idman müəllimim həmişə deyirdi ki, sən əla qaçırsan, amma səndən futbolçu olmayacaq. Maraqlıdır ki, heç kim mənə məndən yaxşı jurnalist olacağını deməmişdi… - Bəs necə oldu ki, bu qədər dahilik perspektivi ola-ola o sahələrdən heç birini seçmədiniz? - Mən Gəncədə Texnologiya İnstitutunda oxuyanda hər həftə Bakıda Yazıçılar Birliyinə, daha sonra isə “Gəcnlik” jurnalında keçirilən ədəbi məclisə gəlirdim. O vaxt şeirlər yazırdım. Məclisdə Məmməd İsmayılla Məmməd Aslan həmişə mübahisə eləyirdi. Məmməd Aslan deyirdi ki, a Məmməd, bu oğlan yaxşı yazır, Məmməd İsmayıl isə deyirdi ki, a Məmməd, bu oğlandan şair olmayacaq. Axırda bir gün Məmməd İsmayıl mənə dedi ki, oğul mənim səninlə heç bir qəsd-qərəzim yoxdu. Necə olur ki, tanımadan, eləmədən Tovuzun Yuxarı Öysüzlü kəndindən Rauf Abbasov adlı bir oğlanın məqaləsini dərc eləyirəm, amma səni yox. O vaxt ona demədim ki, həmin oğlan mənəm. Başa düşdüm ki, bu adam mənim öz yazımı mənə misal göstərirsə, deməli şair yox, publisist olmalıyam. Dərc olunan o məqaləyə görə isə nə qədər oxucu məktubu almışdım… - Yəqin oxucuların çoxu qızlar idi… - Elə çoxu qızlar oldu. - Cavab yazırdınız? - Belə də… hərdən… Qonağımın “Yeni Müsavat”çılara xas şəkildə utancaqlığını nəzərə alıb, məhz hansı qız oxuculara cavab yazdığını soruşmuram. Bu arada qonağımın fikrini çatdırmaq üçün necə bədii, təsirli sözlərdən istifadə etməsi diqqətimi çəkir. - Sizin fikirlərinizi olduqca bədii dildə çatdırmaq bacarığınız varmış… - Varmış? - Yəni mən indi kəşf eləyirəm. Siz niyə yazılarınızı da belə yazmırsınız ki? - Vaxtilə belə yazmışam… indi də hərdən olur… - Səhv eləmirəmsə, “Yeni Müsavat”ın 22 yaşı tamam oldu. - Hə… mənim yaşımın yarısı qədər… - Sizin 44 yaşınız var? - 45 oldu. - Maraqlıdır, hardasa 55-56 yaş vermək olar… - Bu gözəl komplimentə görə təşəkkür eləyirəm. 20-22 yaşım olanda xanımlar mənə 30-36 yaş versəydilər, buna sevinərdim. Amma yaş qırxı keçəndən sonra adam cavan görünmək istəyir. - Amma narahat olmayın, yaşın çoxluğu qadının ziyanına işləsə də, kişinin xeyrinə işləyir. Bir növ uzun illərin şərabı kimi. - Siz 55-56 yaş məsələsini bu sözlərlə kompensasiya eləmək istəyirsiniz? - Əslində, vəziyyətdən çıxmağa çalışıram, amma doğrudan da Sizə 55 yaşdan artıq vermək olur… - Ta bunun harası vəziyyətdən çıxmaq oldu? Qonağımla xeyli güləndən sonra yarımçıq qalmış sualımı deyirəm: - Demək istəyirdim ki, 22 yaşlı “Yeni Müsavat” hətta siz həbsdə olanda belə fəaliyyətini dayandırmadı. Kollektiv dağılmadı, iş axsamadı. Bu “Yeni Müsavat”ın düşərgə mətbuatı olmasına görə oldu, yoxsa sizin, ya da kollektivin sayəsində? - Hər üçünün də xidməti var. Sıralama eləsək, üçüncü yerdə qəzetimizin düşərgə mətbuatı olması dayanır. İkinci yerdə baş redaktorun xidmətidir. Onun özünü necə aparmasının belə məsələlərdə çox ciddi önəmi var. Birinci yerdə isə təbii ki, kollektivin fədakarlığıdır. Həmin müddət ərzində heç nədən qorxmadan, hər an təhlükə ilə üz-üzə gəldikləri halda, burada işləməkdə davam edən o əzmkar kollektivə minnətdaram. - Bəs niyə o əzmkar kollektivi həftədə yeddi gün işlədirsiniz? - Siz bir gün televiziya kanalının işləməməsini təsəvvür edə bilərsiniz? Xəbər dayanmır, xəbər istirahət günü tanımır. Buna görə də biz həftənin yeddi günü qəzetimizdən xəbər gözləyən oxucunun gözləntisini doğrultmalıyıq. İşçilər həftədə bir gün istirahət günü seçir, amma kollektiv həftənin yeddi günü işləyir. - Siz də hər gün işləyirsiniz? - İnternet bizə imkan verir ki, həftənin bütün günləri işə getmədən prosesi nəzarətdə saxlayaq. Həftənin üç günü səhər planlaşmada özüm oluram. Qalan günləri bəzən işə gəlirəm, bəzən yox. Amma internetlə işi daim nəzarətdə saxlayıram, tapşırıqları verirəm, yazılara baxıram. - Bəs niyə işçiləriniz də bu “internetlə işləmək” imtiyazından yararlanmırlar? - Bəziləri yararlanır. Məsələn, Sevinc Telmanqızı ilə razılaşmamız var. O həftədə cəmi bir gün işə gəlir, qalan günləri yazılarını göndərir. Bəzi, xüsusilə də yeni işçilərin əksəriyyətinə isə hər gün işə gəlmək sərf eləyir. Çünki planlaşmada iştirak edirlər, tapşırıqlar alırlar, yazıları çox olur və bunun müqabilində də qonorar alırlar. Söhbətimizin sonunda Rauf bəyin Müsavatla, İsa Qəmbərlə, başqa cəbhə yoldaşları ilə bağlı xatirələrini dinləyirəm. Söhbətin bu hissəsi baş redaktorumuz Qabil Abbasoğlu üçün xüsusilə maraqlı olduğundan və onun hər müsahibədən sonra söhbətin bu qismi ilə bağlı mənə suallar yağdırmasını nəzərə alaraq, bilərəkdən o söhbətləri yazmıram. Amma əmin ola bilərsiniz ki, bunlar da söhbətimizin yazılan hissəsi qədər maraqlı idi. Rauf bəyin mətbəx zövqündən, aşıq ədəbiyyatından, şairlik qabiliyyətindən, cavan vaxtları sevgi şeirləri yazmağından və hələ bir xeyli şeylərdən. Söhbətimizin yekunu isə, sən demə, məndən çəkinən qonağımın sinə dolu yüngüllüklə nəfəs alması və etirafı ilə bitir: - Siz o qədər də qorxulu jurnalist deyilmişisiniz. Amma bu hələ söhbət idi. Görək, yazı variantında nə olacaq… Günel MÖVLUD, lent.az 2435 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” |
| Yeni MÜSAVAT © 2008 |
|