 |
Proje
İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) 2011-12-20 Heydər Əliyevlə Həsən Həsənovun telefon danışığı
|
Gələn il 20 illiyi tamam olacaq 1992-ci ilin 14- 15 may hadisələri hazırda yeni bir şəkildə gündəmə gəlməyə başlamışdır. Gedən diskussiyalarda bəzi siyasətçilər bu hadisəni post- SSRİ məkanında məxməri inqilabların ilk nümunəsi adlandırırlar. Əlbəttə, ilk nümunə məsələsi dartışıla bilər. Lakin həmin dövrdə Azərbaycanda baş verən hadisənin bir məxməri inqilab (avtoritarizmdən demokratiyaya yumşaq keçid) olduğu ciddi mübahisə doğurmur. Əsas və mühüm olan odur ki, zəbt edilmiş hakimiyyətin xalqın təzyiqi ilə devrilməsi təcrübəsi Azərbaycana yad deyildir və tariximizdə uğurla yaşanmışdır. (əvvəli ötən saylarımızda)
Murtuz Ələsgərov çıxışında fikrini “hakimiyyətə general gəlməlidir”, - deyə ifadə etdi və Heydər Əliyev tərəfə keçdi. Bunu artıq heç kəs gözləmirdi. Şübhəsiz ki, AXC daxilində H.Əliyevə simpatiya ilə baxan şəxslər vardı və bu, qadağan deyildi. Lakin AXC-də Mütəllibovun istefasını qoyub buna 19 gün ərzində nail olunduğu, 1990-cı ilin yanvarından sonra reytinqinin ən yüksək dövrünü yaşadığı, rəsmi rəhbərliyin onunla koalisyon hökumət qurmaq barədə danışıqların apardığı və bu barədə razılığın əldə edildiyi situasiyada AXC Ali Məclisinin iclasında H.Əliyevi hakimiyyətə gətirmək təklifini vermək cəbhəçilərin əsəbləri ilə oynamaq idi. Onu bu təklifdən xüsusilə hiddətlənmiş qəzəbli Məclis üzvlərinin əlindən zorla alıb yola salmaq lazım gəldi. Ancaq fakt faktlığında qalırdı. Söz deyilmişdi və aydın idi ki, bu, şəxsi təşəbbüs ola bilməzdi. Ən azı nəbz yoxlaması idi. AXC rəhbərliyi bunu belə qəbul etdi ki, H.Əliyev Azərbaycanda hakimiyyətə gəlmək uğrunda növbəti həmləyə başlamaq qərarına gəlib və komanda verib. O dövrdə belə həmlə üçün həqiqətən əlverişli şərtlər yaranmışdı. Bu şərtlər yalnız daxildəki fevral-mart hadisələri ilə bağlı deyildi. 1992-ci ildə Azərbaycandakı ictimai-siyasi proseslərin gedişinə ciddi təsir edən yeni faktor meydana çıxmışdı. Bu, Gürcüstanda baş verən hadisələr idi. Postsovet məkanında antikommunist, milli müstəqillik şüarları altında hakimiyyətə gəlmiş iqtidarlardan və ən populyar liderlərdən biri iflas edib çökmüş, siyasi səhnədən zorla uzaqlaşdırılıb məhv olmuşdu. Milli müstəqilliyin Gürcüstan təcrübəsi çox acınacaqlı təəssürat yaradırdı. Gürcüstan dövlətçiliyi bir yana, gürcü xalqı xaos, vətəndaş müharibəsi, fəlakət içində idi. AXC də, açıq ifadə olunmasa da, problemi görürdü və narahatlıq vardı. Narahatlıq üçün əsas da vardı. AXC- nin milli xilas yolu, problemlərin həlli üçün təklif etdiyi açar olaraq demokratik seçki ilə xalqdan mandat alan, etimada malik hakimiyyətin yaradılması əsas strateji siyasi şüarlardan idi. Bizim strateji şüarlardan biri bu idi ki, nə qədər qüsurlu keçirilsə də Qamsaxurdiya o dövr üçün demokratik sayıla bilən seçki ilə hakimiyyətə gəlmişdi. Onların nümunəsində meydana çıxırdı ki, hakimiyyətin demokratik seçki ilə formalaşması öz-özlüyündə böhranları, hətta vətəndaş müharibələrini istisna etmir. Bu, çox düşündürücü və məyusedici idi. Qamsaxurdiyanın fiaskosu istər-istəməz postsovet məkanında müstəqil dövlət ideyasına, yeni qeyri-kommunist siyasi qüvvələrin nüfuzuna ciddi zərbə idi. Azərbaycan ictimai rəyi bundan təsirlənməyə bilməzdi. Əlbəttə, biz özümüz, tərəfdarlar və cəmiyyət üçün Gürcüstanda baş verənlərin səbəbini Qamsaxurdiya və tərəfdarlarının hakimiyyətə gələndən sonra antidemokratik siyasət yeritməsi, islahat aparmaması ilə izah edirdik. Bu da doğru idi. Həm də əks-təcrübə var idi - Pribaltika təcrübəsi. Doğrudur, sonra öz təcrübəmizdə əmin olduq ki, səbəblər yalnız bununla da kifayətlənmir, qat-qat mürəkkəbdir. Çünki kim nə deyir desin, Elçibəyin demokrat olduğuna, hökumətinin demokratik siyasət yürütdüyünə ən azı mən özüm əminəm və şübhə etmirəm. Bu, həmin hökuməti məğlubiyyətdən qurtara bilmədi. Hətta o vaxt da, indi də məğlubiyyətimizin bir səbəbini demokratik dəyər və prinsiplərə həddən artıq aludə olmaqda görürlər. Bu, diskussiyaya layiq mövzudur. Məsələn, parlamentə yeni seçkilərin keçirilməsinin ləngidilməsi müzakirə oluna bilər. Bu, 1992-ci il demokratikləşmə inqilabının yarımçıq qalmış, başa çatdırılmamış tərəfi deyildimi? Lakin bu, başqa bir söhbətin mövzusudur. Bu yazının mövzusuna aid olmadığına görə qeyd edib keçirəm. Sosial hadisələrin, o cümlədən siyasi inqilabların bir-biri ilə nə qədər ümumi tərəf və cəhətləri olsa da onları bir-birindən təkrarolunmaz fərqlər ayırır. İnsanlarda olduğu kimi, hər bir inqilabın barmaq izi, DNK-sı özəldir, təkrarolunmazdır. Doğrudur, Pribaltika fərli situasiyadır, fərqli mühitdir deyə bir tərəfə qoyulsa da bizə qarşı müharibə aparan ermənilərin təcrübəsi də göz önündə idi və bu təcrübə bizim xeyrimizə işləyirdi. Ermənistanda yeni qüvvələr hakimiyyətə gəlmiş, bütün sahələrdə Azərbaycanı ötüb keçmiş, daha məhdud resursları səfərbər edə bilmişdi və müharibədə uğur qazana-qazana irəliləyirdilər. Lakin Gürcüstanda cərəyan edənlərin Azərbaycandakı siyasi proseslərin gedişinə daha ciddi təsir edib ictimai əhval-ruhiyyədə sarsıntıya səbəb olan daha mühüm tərəfi keçmiş Siyasi Büro üzvü Şevardnadzenin xilaskar kimi Gürcüstan hakimiyyətinə qayıtması oldu. Əsl şok bu idi! Nəzərlər bu hadisəyə qədər olduğundan daha çox dərhal H.Əliyevə çevrildi. Əlbəttə, izah edilirdi ki, Şevardnadze Əliyev deyil. Şevardnadze perestroykanın əsas xadimlərindən biridir. Qərbdə Qorbaçovla birlikdə SSRİ-nin və Kommunist Partiyasının qəbirqazanlarından biri kimi tanınır. Ondan fərqli olaraq H.Əliyev mühafizəkar kommunist nomenklaturasının simvollarından hesab edilir. Azərbaycan cəmiyyətinin əksəriyyəti AXC-yə sabitləşdirici, mütərəqqi, xalqın milli faktoru kimi baxır. Lakin qeyd etmək lazımdır və nəzərə alınırdı ki, Əliyevin məhz kommunist nomenklaturasının simvolu olması AXC, yeni siyasi qüvvələrin sosial bazası üçün itələyici amil olsa da revanş istəyən qüvvələr üçün də cazibə qüvvəsi idi. Bu amil onu AXC-ni qəbul etməyənlər üçün cəlbedici alternativlərdən birinə çevirirdi. Şübhəsiz, onun vəziyyətdən çıxış yolu olmasına səmimi şəkildə inananlar da vardı. Azərbaycan cəmiyyəti də böhran içində idi. Xocalı, Ağdam istiqamətində ermənilərin qətliamları və yeni-yeni torpaqların işğal olunması cəmiyyətdə xof və qorxunu artırırdı. Fəal təbliğat aparan qüvvələrin Şevardnadzenin qayıdışından sonra xüsusi vüsət alan təbliğatı H.Əliyevin qayıtmasını reallıqdan uzaq olmayan amilə çevirirdi. AXC rəhbərliyinə məlum idi ki, bu kampaniya H.Əliyevin şəxsən özü tərəfindən başlanır, istiqamətləndirilib idarə olunur. Martın 12-də Azərbaycan Yazıçılar Birliyinin bir qrup rəhbəri qurumun adından Azərbaycanda bütün icra hakimiyyətinin öz əlində cəmləyən bir orqan yaratmaq haqda çağırış etdi. (Martın 27-də Kinematoqrafçılar Komitəsinin adından komitə rəhbərliyi oxşar çağırış etdi. Yaradılacaq kollegial ali icra orqanına əsas dövlət təşkilatlarını və aparıcı müxalifət qüvvələrini təmsil edən 5 nəfəri daxil etmək təklif olunurdu. Bu, artıq Gürcüstanda sınaqdan çıxarılan Dövlət Şurası idarəetmə modeli idi. Dövlət Şurasının fərdi tərkibinə gəldikdə isə ora Ali Sovet sədrinin, baş nazirin, Naxçıvan Ali Məclisi sədrinin, AXC sədrinin və AMİP sədrinin (Yaqub Məmmədov, Həsən Həsənov, Heydər Əliyev, Əbülfəz Elçibəy və Etibar Məmmədov) daxil edilməsi təklif olunurdu). AXC rəhbərliyi bu modelin H.Əliyevin hakimiyyətə qayıtması planı olduğu qənaətinə gəldi. Bu, tezliklə H.Əliyevin öz dilindən təsdiqini tapdı. Martın 20-də H.Əliyevin müsahibəsi dərc olundu. Baxan kimi görünürdü ki, yazı xüsusi hazırlanmış materialdır. Orada deyilirdi: “Son günlər Bakıda Heydər Əliyev fenomeni ilə bağlı çoxlu söz-söhbət gəzir. Redaksiyamıza saysız telefon zəngləri vurulur. Xüsusən Şevardnadzenin Gürcüstana qayıdışı Əliyevin də hakimiyyətə gəlişi ətrafındakı (H.Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ali Sovetin sədri və Ali Sovet sədrinin müavini idi. Deməli, hakimiyyətə gəliş ifadəsi daha geniş məna kəsb edirdi-P.H.) şayiələrə az da olsa reallıq donu geydirir. Müxbirimiz martın 18-də Naxçıvana zəng vurub H.Əliyevlə qısa telefon söhbəti edib. H.Əliyev deyib: ”Belə söz-söhbətlər mənə də gəlib çatıb. Lakin hələlik Azərbaycan Respublikasının rəhbərlərindən rəsmi surətdə heç bir təklif almamışam. Mən bu gün xalqımızın düşdüyü dərin iqtisadi-siyasi böhranı bütün ağırlığı ilə dərk edirəm. Özümü həmişə xalqın iradəsinə tabe olan adam hesab etdiyimdən bu çətin günlərdə hakimiyyət strukturlarının hər hansı bir vəsiləsində fəaliyyət göstərib mövcud ictimai-siyasi böhrandan çıxmaq üçün var qüvvəmi sərf etməyə hazıram". H.Əliyev Fransanın “Krua” jurnalına verdiyi müsahibədə təkrar edirdi ki, Azərbaycan xalqı tələb etsə, respublikaya rəhbərlik yükünü öz çiyinlərinə almağa hazırdır. O bildirirdi ki, “Bakı əhalisinin 99 faizi ona məhəbbət bəsləyir və xalq daha avantürist rəhbərlərə dözmək istəmir”. Ali Sovetin 24 mart sessiyası ərəfəsində AXC rəhbərliyinə məlumat daxil oldu ki, H.Əliyev H.Həsənova telefon açaraq onunla Dövlət Şurasının yaradılmasına yardım etmək barədə danışıb. Təsadüfi deyildi ki, Yaqub Məmmədov prezident seçkiləri haqda qərar qəbul ediləndən sonra dedi ki, əgər bu qərar qəbul edilməsəydi, bizdə də çevriliş olacaq və Gürcüstanda olduğu kimi Dövlət Şurası yaradılacaqdı...
(ardı var) Pənah HÜSEYN 5873 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” ARXIV
|