 |
Proje
İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) 2011-12-24 Hakimiyyətə gəlməyin “İsa Qəmbərov konsepsiyasi”
|
Gələn il 20 illiyi tamam olacaq 1992-ci ilin 14- 15 may hadisələri hazırda yeni bir şəkildə gündəmə gəlməyə başlamışdır. Gedən diskussiyalarda bəzi siyasətçilər bu hadisəni post- SSRİ məkanında məxməri inqilabların ilk nümunəsi adlandırırlar. Əlbəttə, ilk nümunə məsələsi dartışıla bilər. Lakin həmin dövrdə Azərbaycanda baş verən hadisənin bir məxməri inqilab (avtoritarizmdən demokratiyaya yumşaq keçid) olduğu ciddi mübahisə doğurmur. Əsas və mühüm olan odur ki, zəbt edilmiş hakimiyyətin xalqın təzyiqi ilə devrilməsi təcrübəsi Azərbaycana yad deyildir və tariximizdə uğurla yaşanmışdır. (əvvəli ötən saylarımızda)
...Yaqub Məmmədovun Dövlət Şurası yaradılması tələbi ilə iki dəfə dövlət çevrilişinə cəhd edildiyi barədə dediklərinin altında konkret hansı faktların dayandığı mənə məlum deyil. Hər halda dövlət orqanlarının hansısa informasiya malik olduğunu və ona təqdim edildiyini ehtimal etmək olar. Həqiqətən də Ali Sovetin prezident seçkiləri təyin edilən 24-25 mart tarixli iclası ərəfəsində Heydər Əliyevin Dövlət Şurası yaradılması vasitəsilə hakimiyyətə gətirilməsi ideyasına kömək edən hadisələr inkişaf etməkdə davam edirdi. 10 martda Şevardnadze Gürcüstan Dövlət Şurasının sədri seçiləndən sonra Ermənistanda KP MK-nın keçmiş I katibi Dəmirçiyanın tərəfdarları da onun hakimiyyətə qaytarılması şüarı ilə mitinqlərə başladı. Gürcüstan təcrübəsi və Şevardnadzenin qayıdışı postsovet məkanında proseslərin istiqamətinin rəngarəngliyi barədə yalnız daxildə yox, həm də xaricdəki təsəvvürlərə təsir edib onları ciddi şəkildə dəyişdirdi. Gürcüstan və Ermənistanda baş verənlər Rusiyanın Qafqaza yenidən qayıdış cəhdi kimi qəbul edildi. Moskvanın Azərbaycan siyasətində H.Əliyev üzərindən də oxşar planın gerçəkləşdirməyə başlayacağı gözlənilən idi. Rusiya ilə bu regionda rəqabətə girişən Türkiyənin hadisələrin oxşar variantını masaya yatırması bu baxımdan təbii idi. Ankarada o dövrdən H.Əliyevlə bağlı ssenarilər ciddi olaraq işlənməyə başladı. Sonralar Süleyman Dəmirəl guya H.Əliyevin hakimiyyətə gətirilməsi üzərində hələ 1990-cı ildən işlədiklərini demişdi. Bu, inandırıcı deyil. Mən 1991-ci ildən Türkiyədə Azərbaycan məsələsi ilə bağlı planlar barədə AXC rəhbərliyinin kifayət qədər informasiyalı olduğunu iddia edir və bildirirəm ki, AXC ilə H.Əliyev mövzusu heç müzakirəyə də çıxarılmayıb. O dövrdə bu cür planların AXC-siz həyata keçirilməsi isə türklər üçün aydın olmalı idi. Bu baxımdan Türkiyənin baş naziri S.Dəmirəllə Naxçıvan Muxtar Respublikası arasında 24 martda bağlanan əməkdaşlıq protokolu diqqətdən kənarda qala bilməz. Martın 23-24-də Azərbaycanın mərkəzi rəhbərliyi ilə hər hansı ilkin razılaşma olmadan H.Əliyev Ankaraya dəvət olundu və Türkiyə prezidenti və baş naziri tərəfindən ən yüksək səviyyədə qəbul edildi. Obyektiv baxımdan bu protokol blokada şəraitində olan Naxçıvan üçün həyati əhəmiyyətə malik idi. Sovet Rusiyası ilə Türkiyə arasındakı bağlanmış 1921-ci il Qars müqaviləsinə görə, Türkiyənin Naxçıvanla bağlı qarantor dövlət statusu da məlumdur. Lakin bütün bunları qeyd etməklə Naxçıvanın dövlət statusundan kənara çıxan bu protokolun ən mühüm hissəsi olan 100 milyon dollarlıq kreditin ayrılmasını nəzərdə tutan həmin sazişin siyasi pərdəarxası və H.Əliyevin hakimiyyət perspektivi ilə bağlı olduğunu, bunun mühüm bir hissəsinin də hakimiyyətə gəlməyə sərf edildiyini də inkar etmək mümkün deyil. Yenə martın ikinci ongünlüyündə AXC rəhbərliyinə İranda İslam inqilabının ixracı ilə məşğul olan Xomeyni Fondunun rəhbəri Rəfiq Dost tərəfindən Naxçıvana artıq nağd pul şəklində 100 min dollar gətirilib çətin şəraitdə olan Naxçıvanın müsəlman xalqına ianə kimi H.Əliyevə verildiyi barədə məlumat daxil oldu. Lakin qüvvələr nisbəti elə idi ki, H.Əliyevlə bağlı məsələ AXC rəhbərliyinin əksəriyyətini ciddi narahat etmədi. Martın 17-də Ağdamda Murtuz Ələsgərovla bağlı yuxarıda göstərilən insident onsuz da məlum olan bir həqiqəti göstərdi ki, AXC daxilində H.Əliyev faktorunun təsiri cüzidir. H.Əliyev amili ilə bağlı AXC-də narahatlığı aşağı salan digər cəhət Naxçıvan istisna olmaqla, iqtidar daxilində də o mərhələdə onun böyük dəstəyinin olmadığının üzə çıxması oldu. H.Əliyevin Həsən Həsənovla Dövlət Şurası barədə telefon danışığı barədə məlumat olsa da, onun özünün və tərəfdarlarının bu istiqamətdə fəallığı hiss olunmadı. 23 martda Elçibəylə H.Həsənov arasında koalisyon hökumət yaradılması barədə protokol rəsmən imzalandı. Məlum oldu ki, iqtidar daxilindəki bir sıra dairələrdə H.Əliyevin hakimiyyətə gəlməsi perspektivi müxalifətdən daha böyük vahimə yaradır. Müxalifətdən fərqli olaraq sosial genlərində H.Əliyev qorxusu yaşayan, onun haqqında daha konkret təsəvvürə və şəxsi həssaslığa malik olan həmin təbəqə 1988-ci ildən sonra H.Əlyevə münasibətdə etdiklərinə və ya etmədiklərinə görə qisasdan qorxurdu. Təsadüfi deyil ki, H.Əliyevin gəlməsi söhbəti mütəllibovçuları dərhal hərəkətə gətirdi. 21 martda Azadlıq meydanında Hacı Mailin rəhbərliyi ilə 200-300 nəfər toplandı və AXC əleyhinə çıxışlar etdi. Şəhərdə şayiə yayıldı ki, 24 martda Ali Sovetin qarşısında mitinq və silahlı çevriliş olacaq. Bakı və Kəndlər Birliyi bəyanat verib həmin qüvvələrə xəbərdarlıq etdi və bakılıları mitinqə gəlməməyə çağırdı. AXC ümid edilirdi ki, 24 mart sessiyasında irəli sürülən tələblərin yerinə yetirilməsi (hakimiyyətin Milli Şuraya verilməsi, prezidentliyin ləğvi) ehtimalı var və mitinq təyin etmədi. Həqiqətən də aralarında silahlı şəxslər olmaqla 100-ə yaxın adam Ali Sovetin qarşısında toplandı. 24-25 martda Hacı Əbdül sessiyada 6 mart qərarlarına yenidən baxmağı təklif etdi. Araz Əlizadə 6 martı dövlət çevrilişi adlandırdı və prezident seçkilərinin keçirilməsinin zəruri saydı. Sessiyaya prezident seçkilərinin keçirilməməsi barədə layihə vermiş 94 deputat imzalarını geri çəkdi. H.Həsənov və tərəfdarları tam şəkildə prezidentliyin saxlanması mövqeyinə keçdi. Hətta onunla əlaqə saxladıqları məlum olan iki müxalifətçi deputat da AXC-nin mövqeyinin əleyhinə səs verdi. AXC-nin təqdim etdiyi qərar təklifinə cəmi 23 deputat səs verdi! Bu, bir tərəfdən, 23 martdan AXC ilə koalisiya haqqında protokol imzalamış hökumətin etibarlılığının, digər tərəfdən isə H.Əliyevin o anda iqtidar daxilində malik olduğu gücün konkret göstəricisi idi. AXC daxilində və xaricində bir çoxları gözləyirdi ki, Cəbhə dərhal tərəfdarlarına müraciət edərək kütləvi aksiyalara başlayacaq, bu dəfə də Yaqub Məmmədov və H.Həsənovun istefasını qoyub öz əvvəlki tələblərində israr edəcək. Lakin Ali Sovetin 25 mart qərarından dərhal sonra ilk anonsu 8 martda AXC Ali Məclisində verilən, AXC Analitik Mərkəzində işlənib hazırlanmış və “İsa Qəmbərov konsepsiyası”na əsaslanan plan elan olundu və reallaşdırılmağa başladı. “İsa Qəmbərov konsepsiyası” termini yazılı mediada ilk dəfə olaraq Bahəddin Həziyevin “Azadlıq” qəzetinin 31 mart tarixli sayında “AXC-nin səhvləri onun daxilindəki avtoritarizm meyllərindən doğur” məqaləsində işlənmişdi. O, bu konsepsiyanı aşağıdakı kimi formulə etmişdi: “Qarabağ məsələsini həll edə bilməyən hər bir hakimiyyət müvəqqətidir. Azərbaycanda siyasi qarşıdurma aradan qaldırılmasa, Qarabağ düyününün açılması mümkün olmayacaq. Bu zərurətin nəticəsi kimi AXC üzvləri arasında ”İsa Qəmbərov konsepsiyası" kimi məşhur olan və hakimiyyəti qansız, dinc yolla demokratikləşdirməyi nəzərdə tutan ideya meydana çıxıb..." 26 martda İsa Qəmbər mətbuata verdiyi müsahibədə prezident üsul-idarəsini saxlamaq və yeni prezident seçkilərini keçirmək qərarını Ali Sovet rəhbərliyinin çox kobud səhvi adlandırdı və bildirdi ki, “vəziyyətdən çıxış yolu AXC-nin seçkilərə getməsi və Elçibəyin namizədliyinin irəli sürülməsindən ibarətdir. Əbülfəz bəy Cəbhənin üzvüdür və onun qərarına tabe olmalıdır”. Bir gün sonra bu mövqe onun AXC Ali Məclisinin 27 martda keçirilən sessiyasında daha qəti şəkildə ifadə olundu: “Mütləq prezident seçkilərində iştirak etməliyik, Elçibəyi mütləq namizəd verməliyik. Elçibəy mütləq prezident olmalıdır. Çünki siyasi hakimiyyəti ələ almadan Azərbaycanın heç bir problemini həll edə bilməyəcəyik. Müxalifətçi əhval-ruhiyyədən əl çəkib bu ağır gündə məsuliyyəti boynumuza götürməliyik. Seçkidə bizə qarşı hansı üsullarla mübarizə aparılacaqsa, o üsullarla da cavab verməliyik”. AXC-nin prezident seçkilərinə qoşulması və Elçibəyin namizədliyinin irəli sürülməsinin Heydər Əliyevin planı olduğu və bu planın onun Cəbhə daxilindəki adamlarının Azərbaycan cəmiyyətini H.Əliyevin hakimiyyətə gəlişinə hazırlamaq məqsədilə işə salmaları “nəzəriyyəsini” yuxarıda təhlil etdik. Lakin bəlkə bu, H.Əliyevin planı olmayıbsa da 1993-cü ilin iyununda və ondan sonra baş verənlər əsas götürülsə, səhv, yanlış plan, qərar strategiya olub...
(ardı var) Pənah HÜSEYN 4847 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” ARXIV
|