 |
Proje
İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) 2012-01-05 Mütəllibovun gizli görüşünün lent yazısı AXC rəhbərliyinə çatdırıldı...
|
...1992-ci ilin 11 mayı axşam saat 10-da Əbülfəz Elçibəy mənə telefonla AXC rəhbərliyini fövqəladə toplantıya yığmaq göstərişini verdi. Toplantı gecə saat 11 radələrində baş tutdu. Toplantıda Elçibəy məlumat verdi ki, dəqiqliyi şübhə doğurmayan informasiyaya görə, mayın 14-də Ali Sovetin sessiyası çağırılacaq, sessiyada Xocalı Komissiyasının məlumatı məsələsi qoyulacaq, Ayaz Mütəllibovun günahsızlığı elan olunaraq 6 mart 1992-ci il sessiyasının qərarları ləğv ediləcək; Mütəllibovun prezidentliyi bərpa olunacaq; elə sessiyanın gedişində daha fəal şəkildə etiraz etmələri ehtimal olunan Demblok deputatlarından Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan biri sessiyanın iclasında silahlı şəxslər tərəfindən öldürüləcək, seçki dayandırılacaq, ölkədə fövqəladə vəziyyət elan ediləcək və AXC - yə qarşı terror başlanacaq, böyük qan töküləcək... AXC rəhbərliyinə təklif edilirdi ki, onlar və ailə üzvləri Türkiyə səfirliyindən sığınacaq istəsinlər və ora sığınsınlar. .. Bundan əlavə, müxalifət mühacirətdə hökumət yaratmaq barədə düşünərsə və bu istiqamətdə yardım göstərilməsi istənilərsə mümkün variantlar nəzərdən keçirilə bilər...
(əvvəli ötən saylarımızda)
Çevriliş, o cümlədən Mütəllibovun hakimiyyətə qaytarılması formasında çevriliş xəbəri özlüyündə yeni deyildi. 24 mart sesiyası ərəfəsində sessiya zamanı silahlı çevriliş olacağı və Mütəllibovun qaytarılacağı barədə söz-söhbət yayıldı və mətbuatda əks olundu. İlk dəfə bu mövzi hələ prezident seçkiləri elan edilməmişdən və AXC seçkilərdə iştirak haqqında qərar qəbul etdikdən əvvəl, 21 martda Hacı Mailin rəhbərliyi ilə bir neçə yüz adamın Azadlıq meydanında keçirdikləri mitinqdə meydana çıxdı. Həmin mitinqə rəhbərlik və fəallıq edənlərin MTN -lə və onun şefi İlhüseyn Hüseynovla əlaqələrinin olması haqqında dəqiq məlumatlar olduğundan o vaxt AXC- də bu söz - söhbətlərin və hərəkətlərin əsas hədəfinin Mütəllibovun qaytarılması yox, 24 martda keçiriləcək Ali Sovetin sessiyasında prezidentlik institutunun ləğvi, hakimiyyətin Milli Şuraya verilməsi və AXC- nin iştirakı ilə koalisyon hökumət yaradılmasının qarşısının alınması üçün edilən təzyiq hesab edildi. Hadisələr bu versiyanın təsdiqi istiqamətində cərəyan edirdi. Hacı Mail və tərəfdarları növbəti mitinqi martın 24- nə təyin etdi. AXC və Bakı və Kəndlər Birliyi xalqa xüsusi müraciət edərək mitinqə çıxmamağa çağırdı. Nəticədə həmin gün mitinq alınmadı. Lakin arasında silahlılar olan 100-ə yaxın adam Ali Sovetin qarşısına toplandı. Ali Sovetin sessiyasının iclasında Hacı Əbdül 6 mart mövzusunu gündəliyə gətirməyə cəhd etdi: “Ayın 5-6-dan həm bayırdan, həm də içəridən edilən blokadadan hələ də baş aça bilmirəm. Bu heç bir qanuna yerləşmir, gəlin onu qanuniləşdirək”. İclasda milli təhlükəsizlik naziri İlhüseyn Hüseynovun təhrikçi və davakar mövqeyi diqqəti cəlb etdi. O, İsgəndər Həmidovun sıradan bir replikasından sonra onun deputatlıqdan məhrum edilməsi məsələsini qaldırdı və “mənim müxalifəti diz çökdürməyə qüvvəm var” bəyanatını verdi. Lakin hakimiyyətin Milli Şuraya verilməsi, prezident institutunun ləğvi barədə təkliflər keçmədikdən və yeni prezident seçkiləri təyin olunduqdan, AXC ilə koalisyon hökumət məsələsi gündəlikdən çıxdıqdan sonra İ.Hüseynov təkilfinin səsə qoyulmasında israr etmədi. Əminliklə söyləmək olar ki, martın 24-25-də Ali Sovet Mütəllibovun qaytarılmasına nəinki hazır deyildi, hətta buna ciddi yanaşan da yox idi. Bunu ondan da görmək olar ki, sonralar Mütəllibov planının aktiv icraçılarından olan Araz Əlizadə o sessiyada “prezident devrilib, hökumət yoxdur” söyləyərək yeni prezident seçkilərinin zəruri olduğu mövqeyindən çıxış edirdi.
***
Aprelin üçüncü ongünlüyündən başlayaraq mətbuatda Mütəllibovun Hacı Əbdül, Araz Əlizadə, Rüfət Ağayevlə, habelə Abşeron kəndlərindən olan ayrı-ayrı şəxslərlə görüşləri haqqında məlumatlar yayıldı. Aprelin 25- də Mütəllibovun Şamaxı rayon mərkəzində, “Şirvan” xeyriyyə cəmiyyətinin təşkilatçılığı ilə ilk açıq görüşü oldu. O, görüşdə çıxış edərək bildirdi ki, martın 6-da onu istefaya getməyə zorla məcbur ediblər və o, istefa ərizəsinə ona görə qol çəkib ki, qan tökülməsin, vətəndaş müharibəsi başlamasın. Mütəllibovun ən böyük görüşü aprelin 29-da Hökməli kəndində baş tutdu. Həmin görüşün videolenti həmin gecə AXC rəhbərliyinə catdırılmışdı. Görüşdə 500 nəfərə qədər adam iştirak edib və Mütəllibov saat yarımdan çox nitq söyləyib. O, yenə hakimiyyətdən zorla kənarlaşdırıldığını qeyd edib və bunu Heydər Əliyev tərəfdarlarının əməlinin nəticəsi kimi qələmə verib. Tədbir həqiqətən olduğca rəngarəng idi. Hacı Əbdül, Hacı Mail, Hökməli Ramiz və Araz Əlizadənin, digərlərinin çıxışlarında Mütəllibovun hakimiyyətdən qeyri-qanuni uzaqlaşdırıldığı kimi fikirlər və onun dərhal vəzifəsinə bərpa edilməsi çağırışları sıx-sıx səslənir. Tədbirdə AXC üzvlərindən bir neçə nəfər də iştirak edirdi və AXC əleyhinə çıxışlara cəsarətli əks mövqelər qoyulurdu. Buna cavab olan çıxışçılar da deyirdilər ki, əgər Xalq Cəbhəsi Mütəllibovun qayıtmasına mane olarsa, Bakı kəndləri necə lazımdır elə cavab verəcəklər. Yenə həmin günlərdə Bakı və Kəndlər Birliyinin iclasında Hacı Mail, Hacı Əbdül, və Məlik kişi qarışıqlıq saldılar. Hacı Maili bu qurumun sədri etmək istədilər və qurumun məqsədinin də Mütəllibovun prezidentliyə qaytarılması olduğunu bəyanlamaq təşəbbüsü göstərdilər; bu barədə şayiələr yayıldı. Mayın 2- də Hacı Əbdül silahlı adamların müşayiəti ilə AzTV-dən birbaşa efir tələb etdi. Canlı efirə buraxılmasa da onun videolentə yazılmış çıxışı televiziya ilə verildi. Bu çıxışında o, Mütəllibovun hakimiyyətə qaytarılmasını tələb edirdi. Onu da qeyd etmək lazımdır ki, mütəllibovçuların keçirdiyi bu tədbirlərdə Mütəllibovun qaytarılması birbaşa Xocalı təhqiqatı ilə bağlanmır; lakin Xocalı faciəsinin Mütəllibovun istefasına nail olmaq üçün AXC tərəfindən törədildiyi sıx-sıx vurğulanırdı. Mayın 4-də Ali Sovetin binası qarşısında Hacı Əbdülün rəhbərliyi ilə Mütəllibovun hakimiyyətə qaytarılması tələbi ilə fasiləsiz mitinqlər başladı. Mayın 5-də Hacı Əbdül Milli Şurada fövqəladə sessiya çağırılmasını tələb etdi. Təklif səsə qoyulsa da lazımı səsi toplamadı. Bundan sonra Ali Sovet qarşısındakı mitinqçilər Ali Sovetin binasının giriş qapılarını bağladılar. Milli Şurada çıxış edən Şadman Hüseynov Gəncədə fövqəladə sessiya keçirməyi və seçkiləri dayandırmağı təklif etdi. Ümumiyyətlə, mayın əvvəllərindən başlayaraq Şuşanın işğalı ərəfəsində çevriliş barədə informasiyaların kəskin şəkildə intensivləşməsi müşahidə olunurdu. Bu informasiya axınında nəyin doğru, nəyin dezinformasiya olmasını dəqiqləşdirmək lazım gəlirdi. Belə ki, çevriliş barədə informasiyaların çevrilişi hazırlamaq istəyənlərin planlarına xidmət etdiyi, yoxsa onlara ifşa etdiyi barədə də fikir ayrılıqları vardı. Məsələn, Milli Şuranın 5 may iclasında Mütəllibova simpatiyası olduğu gizli olmayan Cümşüd Nuriyev Polyaniçkonun və Barannikovun adamlarının çevriliş hazırladığı və gömrükdə çevriliş üçün gətirilən 150 min dolların tutulduğu barədə məlumat verdi. 8 mayda AXC rəhbərliyinə 6 mayda daxil olmuş mətbuatda adının çəkilməsini istəməyən MTN əməkdaşının müraciəti dərc edildi (Həmin əməkdaş AXC rəhbərliyinə məlum idi). Müraciətdə deyilirdi: “Mütəllibovun hakimiyyətə geri qaytarılması planı hazırlanır. MTN-də bu planın iştirakçıları yuxarıda adlarını çəkdiyim şəxslər (Bakı şəhər idarəsinin rəisi, polkovnik Şamil Süleymanov, 2- ci idarənin rəisi, polkovnik Azad Abdullayev) və nazirin müavinləridir (Rafiq Sadıqov və Tofiq Sultanov). Mənbənin verdiyi məlumata görə, Hacı Əbdülün Ali Sovet qarşısındakı piketində müxalifəti silahlı münaqişəyə cəlb etmək üçün onlara təhqirlər yağdırılacaq, bu təxribat baş tutmazsa, əbdülçülərin piketində partlayış törədiləcək və bütün bunlar da silahlı hərəkətə keçməyə bəhanə olacaq...
(ardı var) Pənah HÜSEYN 4587 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” ARXIV
|