 |
Proje
İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) 2012-01-07 Bilirdik ki, xalq Mütəllibovun Hacı Əbdül libasında qayıtmasına dözməyəcək...
|
... Rusdilli əhalidən bir neçə nəfər qətlə yetirilir ki, rus qoşunlarının müdaxiləsi üçün bəhanə olsun. Mənbə iddia edirdi ki, plan Ayaz Mütəllibovla razılaşdırılıb və Yaqub Məmmədovun da ümumi xəbəri var. Rusiya kəşfiyyat orqanlarının yardım etdiyi bu planın yaxın bir neçə gündə həyata keçiriləcəyi bildirilirdi. (əvvəli ötən saylarımızda)
Yaqub Məmmədovun 14 may çevrilişində iştirakı və rolu ayrıca təhqiqat və araşdırma mövzusudur. İcraiyyə Komitəsinin 11 may tarixli fövqəladə toplantısında AXC sədrinin verdiyi informasiyanın əsas hissəsinin mətnindən də göründüyü kimi, bu bilgilər Türkiyə mənbələrindən gəlirdi. Lakin məlum idi ki, həmin gün onun həm də Ali Sovetin sədri və prezident səlahiyyətlərini icra edən Y. Məmmədovla da görüşü müəyyən edilmişdi. Görüş baş tutmuşdu və orda Y.Məmmədovdan başqa respublika baş prokuroru Murad Babayev də iştirak etmişdi. Sözün doğrusu, indi AXC sədrinin 11 mayda malik olduğu və toplantıda səsləndirdiyi informasiyaların hansı hissəsinin Y. Məmmədov və M. Babayevlə görüşdən aldığını söyləmək çətindir. Toplantıda Əbülfəz bəy bu barədə danışmadı . Ali Sovetin sessiyasının çağırılması haqqında qərar qəbul edilməmişdən əvvəl A. Mütəllibovun prezident iqamətgahında Y. Məmmədovla görüşdüyü, həmin görüşdə A. Mütəllibovun prezidentliyə qayıtmaq barədə Y. Məmmədovla müzakirə aparması, Yaqub Məmmədovun yalnız 11 mayda buna razılıq verməsi haqqında informasiyalar da sonralar üzə çıxdı. Bu barədə ilk olaraq Mütəllibov xatirələrində yazıb. Orada o, 14 may ərəfəsində Yaqub Məmmədovdan dönə - dönə sessiya çağırmasını istədiyini bildirib. Mütəllibovun dediklərindən belə məlum olur ki, Yaqub Məmmədov müqavimət göstərib. “Yaqub Məmmədov razılaşmır, indiki anda məsləhət deyil, deyib dururdu”. Y. Məmmədovun Mütəllibovla görüşləri barədə AXC sədrini məlumatlandırıb məlumatlandırmadığını da bilmirəm. Məndə yaranan təəssürat belədir ki, məlumatlandırmayıb. Əgər məlumatlandırmayıbsa, nədən? Məlum deyil. Əgər prezident səlahiyyətini icra edən şəxs kimi rəsmən və ya yarı rəsmi AXC-yə müraciət etsəydi biz qısa bir müddətdə Ali Sovetin qarşısını mütəllibovçulardan təmizləyə bilərdik. Görünür, bu addımı atmaqdan çəkinmək üçün Yaqub Məmmədovun ciddi əsasları olub. Bizim bilmədiklərimiz var. Fakt odur ki, çevriliş planının arxasındakı həqiqi güclərlə hesablaşmağı bizimlə hesablaşmaqdan daha üstün sayıb. Nə üçün? Həmin qüvvələr kim olub? Y. Məmmədovla Mütəllibovdan başqa kimlər əlaqə saxlayıb təsir edib ki geri çəkilməyə üstünlük verib? Mətbuatda və bəzi müxalifətçilərin çıxışlarında V. P. Polyaniçkonun Bakıda olması, Y. Məmmədov və Mütəllibovla görüşləri, toplantıları barədə informasiyalar gedirdi. Lakin Polyaniçkonu görən olmamışdı və əgər Mütəllibovun xatirələrinə inansaq, o, hər halda, mayın 17- də axşam saat 7- də Moskvada idi və həmin vaxt V. Barannikovun bağında olan Mütəllibovun zəngi ilə onun yanına gəlibmiş. Mayın 7- 10 - da Azərbaycan MTN-in müavini T. Sultanovun RF Xarici Kəşfiyyat şefi Y. Primakovla görüşü, Yaqub Məmmədovun RF Milli təhlükəsizlik naziri V. P. Barannikovla telefon söhbəti barədə xarici xəbər agentliklərinin və radiolarının məlumatları da çevriliş planı kontekstində baxılırdı. AXC analitikləri situasiyanı və məlumatları təhlil edərək mütəllibovçuların Ali Sovet qarşısındakı mitinqinə müdaxilə etməmək yönündə rəy bildirdi. Mütəllibovçuların çevriliş cəhdlərinin AXC üçün təhlükəli olmadığı, əksinə, hadisələrin müəyyən inkişaf ssenarisində AXC-nin siyasi maraqlarına xidmət edə biləcəyi çıxarılan nəticələr sırasında idi. Açığı, bu paradoksal görünürdü və AXC rəhbərliyində olan bir sıra şəxslər tərəfindən başa düşülmürdü, yanlış sayılırdı və narahatlığa səbəb olmuşdu. Xüsusən Hacı Əbdülün dəstəsinin müxalifətdən olan deputatları faktiki girov götürdüyü və qətlə yetirməklə hədələdiyi gecə cəbhəçilərə müraciət edilərək onları Ali Sovetin qarşısına çağırmaq və Əbdülün dəstəsini zərərsizləşdirmək təkliflərinin qarşısı çətinliklə alındı. Mütəllibovçuların aksiyalarına müdaxilə etməmək mövqeyi onunla əsaslandırılırdı ki, əvvəla, çevriliş planı nə qədər real görünsə də icraya yönəldilməməsi variantı qalırdı. Əbdülün dəstəsinə müdaxilə planın yerinə yetirilməsinə təhrik ola bilərdi. İkincisi, seçkidə AXC namizədinin ən güclü rəqibi rəsmi hakimiyyətin namizədi olan Yaqub Məmmədov hesab olunurdu ki, mütəllibovçuların hərəkətləri iqtidarı və onun prezidentliyə namizədini iflic vəziyyətinə salıb, sıradan çıxarırdı. Digər tərəfdən, bizə məlumatlar daxil olurdu ki, əgər Hacı Əbdül variantı baş tutmasa rus qoşunlarının iştirakı ilə xalis hərbi çevriliş ssenarisi işə salına bilər. Burada da Müdafiə Nazirliyinin və Rəhim Qazıyevin adı keçirdi: mayın 7- də nə isə fövqəladə xəbər olacağı - Xankəndinin alınması - və ardınca Rəhim Qazıyevin və ya Rüfət Ağayevin hakimiyyətə gətiriləcəyi bildirilirdi. Xankəndinin alınacağı hissəsində ciddi baxılmasa da bu xəbər nəyinsə hazırlanmasının işarəti kimi qəbul edildi. Mayın əvvəllərində Yaqub Məmmədov R. Qazıyevin təşəbbüsü ilə Ə. Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov, İsgəndər Həmidov və Rəhim Qazıyevin iştirakı ilə qeyri rəsmi görüş keçirdi. Burada Rəhim Qazıyev seçkilərin dayandırılmasını təklif etmişdi. Görüşdə E. Məmmədov və Yaqub Məmmədov onunla həmrəy olmuşdular. Bizimkilərin etirazlarından sonra Etibar Məmmədov kinayəli şəkildə demişdi ki, Əbülfəz Elçibəy seçkilərsiz prezident təyin olunsun və komandası ilə bu vəziyyətdən çıxa bilirsə çıxsın. Mayın 5- də Şadman Hüseynov Milli Şurada seçkilərin dayandırılması və Gəncədə fövqəladə sessiyanın çağırılması təklifi ilə çıxış etdi. Mayın əvvəlində Qarabağ istiqamətindəki könüllü dəstə komandirlərinin bir qrupuna o vaxt bizim yaxşı tanımadığımız Surət Hüseynovu nümayəndə kimi seçdirildi və and içdirildi. Bu dəstələrin Bakıya yürüşü barədə söz - söhbətlər bizə çatdı. Beləliklə, mayın əvvəlində Heydər Əliyev, Yaqub Məmmədov, Etibar Məmmədov, mütəllibovçular, Müdafiə nazirliyi seçkilərin dayandırılması tələbində birləşmişdi. Belə bir vəziyyətdə hesab olundu ki, seçkilər üçün yaranmış təhlükələrin aradan qalxması və bu təhlükələri yaradan güclərin neytrallaşdırılması üçün Mütəllibovun hakimiyyətə qaytarılması cəhdinin reallaşmasından əlverişli şey ola bilməz. Bu cəhdin uzun müddət üçün uğur qazanacağı versiyası inandırıcı dəlilərlə birmənalı kənara qoyulurdu. Dəyişikliklərə köklənmiş və sosial, siyasi, hərbi böhran girdabında çabalayan Azərbaycan cəmiyyətinin cəmi iki ay əvvəl yola saldığı, nüfuzunu itirmiş və ölkənin düşdüyü vəziyyətdə nə isə edə biləcəyinə heç bir ümid olmayan Mütəllibovun Hacı Əbdül libasında qayıdışını həzm etməyəcəyi, müqaviməti dəstəkləyəcəyi inandırıcılıqla əsaslandırılırdı. Çevriliş cəhdi yüz minlərin hərəkətə gəlməsi üçün təkan olacaq və bütün əks -çevriliş hərəkətlərini legitimləşdirəcəkdi. Mütəllibovçu çevrilişin bütün digər qüvvələri qısa bir müddətə olsa belə, ümumi təhlükə qarşısında birləşdirəcəyi və bu birləşmənin AXC ətrafında olacağı arqumentləşdirilib, əsaslandırılırdı. Çünki həmin dövrdə çevrilişin silahlı gücünə qarşı yalnız AXC; həm də yüz minləri əhatə edəcək xalq müqavimətini ortaya qoymaq imkanına malik idi. Suallar vardı və qoyulurdu. Çevrilişi hazırlayanlar bünları görüb hesaba almırdımı? Söhbət Hacı Əbdüldən, hətta İlhüseyn Hüseynovdan, Mütəllibovdan getmirdi. Bu planın arxasında olduğu şübhə doğurmayan təcrübəli imperiya bunun avantüra olduğunu görmürdümü? Yəqin ki, onların da öz hesabı vardı. Yəqinliklə demək olar ki, Şuşanın işğalı, ermənilərin Laçın və Ağdama hücumunun yaradacağı ümummilli vahimə atmosferi bu hesablara daxil idi. Lakin ən böyük mərkəzlərin və kürəsəl güclərin də yanıldığı situasiyalar olur. Məncə, konkret halda AXC-nin insani, təşkilati, psixoloji, intellektual və silahlı gücü haqqında təsəvvürlərdə yanlışlığa yol vermişdilər və bizim 1988- ci ildən bəri bütün əvvəlki dövrdə daim kompromis, saziş, yarımçıq qələbələrə qane olmaq xəttimizdən əl çəkərək xalq inqilabı variantına, üsyan variantına gedəcəyimizi ehtimal etmirdilər. 14 may ərəfəsində hansı gücə malik olduğumuzu hamıdan yaxşı özümüz bilirdik. Siyasi iradə tələb olunurdu. AXC sədri Ə. Elçibəy bu iradəni ortaya qoydu. AXC 05- 14 may sürəcində hakimiyyət böhranının istiqamətləndirilməsi, idarə olunması və uğurlu həlli əməliyyatlarının, tam cəsarətlə deyirəm ki, dünya tarixində klassik nümunələrindən birini gerçəkləşdirirdi... AXC-nin mütəllibovçuların aksiyalarına dözümlü münasibətinin ən ciddi səbəblərindən biri o idi ki, həmin ərəfədə cəbhənin H. Əliyev və tərəfdarları ilə münasibətləri kəskin şəkildə gərginləşmişdi...
(Ardı var) Pənah HÜSEYN 2699 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” ARXIV
|