|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
...AXC-nin mütəllibovçuların aksiyalarına dözümlü münasibətinin ən ciddi səbəblərindən biri o idi ki, həmin ərəfədə cəbhənin H. Əliyev və tərəfdarları ilə münasibətləri kəskin şəkildə gərginləşmişdi. Gərginlik özünü 6 martdan dərhal sonra büruzə verdi. AXC Ali Məclisinin 8 mart sessiyasında Elçibəyin bəzi Naxçıvan cəbhəçilərini nəzərdə tutaraq onlara qarşı “əliyevçi cəbhə” ittihamını səsləndirməsi, sessiyanın iclasında bu məsələnin təhqiqi üçün xüsusi komissiya yaradılması təklifinin verilməsi Azərbaycanda hakimiyyət uğrunda AXC və H.Əliyev arasında mübarizənin başlanmasının əlaməti idi. Mütəllibovun istefası ilə AXC və H.Əliyevin hakimiyyət maraqları ilk dəfə birbaşa toqquşdu. H.Əliyev və tərəfdarları 6 martda yaranan hakimiyyət böhranı, hərbi uğursuzluqlar, Xocalı faciəsi və Şevardnadzenin Gürcüstanda iqtidara gəlişinin təsiri ilə formalaşan siyasi ortamdan ruhlanaraq Dövlət Şurası şəklində hakimiyyətə gəlmək planını işə saldı. Məncə, bu ideya ətrafında hərəkətlilik H.Əliyevin Bakıda hakimiyyətə gəlmək istiqamətində üçüncü açıq cəhdi idi. Birinci cəhd kimi onun 1991-ci ilin martında Ali Sovetin sessiyasındakı məşhur çıxışını hesab etmək olar. İkinci açıq cəhd yenə Ali Sovetdə, QKÇP-nin məğlubiyyətindən sonra keçirilən fövqəladə sessiyadakı çıxışı sayıla bilər. Lakin Əliyevin hər iki cəhdi o vaxt hakim elita tərəfindən dəstəklənmədi və o, Mütəllibov iqtidarı və mövcud Ali Sovet qaldıqca Bakıda hakimiyyətə gəlməyin özü üçün mümkünsüz olduğunu gördü. Əliyevin Azərbaycan hakimiyyətinə qayıtmağa Dövlət Şurası yaradılması formasındakı üçüncü cəhdi bu dəfə AXC-nin güclü müqaviməti ilə qarşılaşdı. Bu da AXC ilə Əliyevin hakimiyyət konsepsiyalarının antaqonist ziddiyyətlərindən irəli gəlirdi. AXC-nin prezident institutunun ləğvi və prezident seçkisinin keçirilməməsi tələbi və Dövlət Şurası ideyası bir-biri ilə müəyyən məqamlarda kəsişdiyindən bəzilərində belə təəssürat yaranırdı və ya yaradılırdı ki, bunlar mahiyyətcə eyni modellərdir. Halbuki bütün hakimiyyətin Milli Şuraya verilməsi, AXC-nin iştirakı ilə koalisyon hökumət formalaşdırılması və prezident idarəçiliyinin ləğvini nəzərdə tutan AXC strategiyası hakimiyyətin permanent olaraq demokratikləşdirilməsi və legitimləşdirilməsi konsepsiyasına əsaslanırdı. Bu strategiya sonda demokratik seçkilərlə AXC-nin şəxsində milli-demokratik qüvvələrin hakimiyyətə gəlməsinə hesablanmışdı. Dövlət Şurası ideyası isə, bunun tam əksinə, antidemokratik status-kvonun qorunub saxlanması, dövlətçilik ənənəsinin qırılması, geriyə gedilərək seçkisiz formalaşdırılan Dövlət Şurası şəklində hakimiyyətin legitimliyinin və demokratikliyinin daha da aşağı düşməsi, ölkədəki siyasi qüvvələr nisbətini adekvat əks etdirməyən diktatura hakimiyyətinin yaranması, xalq hərəkatının və yüz minlərlə cəbhəçinin fədakar mübarizəsi ilə AXC-nin əldə etdiyi siyasi mövqelərdən imtina edərək hakimiyyətin H.Əliyev və ətrafına peşkəş edilməsi demək idi. Dövlət Şurası ideyası erməni təcavüzünün və dərin sosial, siyasi böhranın çağırışlarına cavab ola biləcək optimal dövlət idarəçilik modeli kimi yox, sırf Əliyevin hakimiyyətə gəlməsi üçün ortaya atılmışdı. Bunu gizlətmirdilər və təsadüfi deyil ki, 1993-cü il qiyamından sonra artıq hakimiyyətdə olan Əliyev və ətrafı analoji təklifləri yaxına da buraxmadılar. AXC-də Cəbhənin 6 marta qədər irəli sürülən və 6 martdan sonra davam etdirilən siyasi kursunun gerçəkləşməməsini Yaqub Məmmədov və Həsən Həsənov hakimiyyətinin sabotajı, əldə edilmiş razılıqları pozması ilə bağlamaq mümkündür. Lakin bununla yanaşı, həm də H.Əliyevin yaranmış fürsətdən yararlanaraq hakimiyyət iddialarını ortaya qoyması, konkret olaraq Dövlət Şurası ideyasını gündəmə daşıması da vəziyyəti dəyişirdi. H.Əliyevin açıq şəkildə hakimiyyət iddiası ilə çıxış etməsi ona səbəb oldu ki, AXC bədxahları bütün baş verənləri Əliyevin hakimiyyətə gəlməsi üçün qurulmuş plan kimi təqdim etmək imkanı qazandı və buna qarşı yenidən toparlanıb təşkilatlanmağa başladı. Bu da AXC sıralarında Əliyevə və tərəfdarlarına münasibətdə əsəbiliyə və narazılığa səbəb olmaya bilməzdi. AXC seçkilərə qatılmaq haqda qərar qəbul edəndən və Elçibəyi namizəd göstərəndən sonra bütün əliyevçi mətbuat və təşkilatlar, yazarlar, şəxslər AXC-ni prezident seçkilərinə qoşulduğuna və Elçibəyi namizəd irəli sürdüyünə görə az qala, daha doğrusu, gerçəkdən milli xəyanətdə suçlamağa başladı. Cəbhəni bu riyakar kampaniyada qəzəbləndirən cəhətlərdən biri də o idi ki, eyni müəllif və şəxslər 25 martda Ali Sovetin sessiyasında AMİP deputatlarının prezident seçkilərinin lehinə səs verməsi və AMİP-in AXC-dən əvvəl seçkilərə qatılıb namizəd irəli sürməsi barədə heç bir kəlmə yazmır və danışmırdılar. Açıq demək lazımdır ki, bu, o vaxt AXC-nin seçkilərə qatılmaq məsələsinin müzakirə olunduğu tədbirlərdə səslənmiş, mətbuatda da yazılmışdı; əgər Etibar Məmmədov və AMİP prezident seçkilərinə qarşı 24 marta qədər və 24-25 martda AXC-ni dəstəkləsəydi və ya Ali Sovet prezident seçkilərinə getmək barədə qərar qəbul etdikdən sonra seçkiləri boykot etsəydi (yaxud belə bir çağırışla çıxış etsəydi), AXC Ali Məclisində seçkilərə getmək tərəfdarlarının istədikləri qərarı almaları olduqca çətin olacaqdı. Hətta ola bilsin, heç mümkün olmayacaqdı. Seçkiyə qoşulandan və ilk günlərdən namizədinin qələbə şansının müqayisəolunmaz dərəcədə yüksək olduğuna əmin olandan sonra AXC seçkilərin dayandırılmasını nəzərdə tutan bütün çağırış, təklif və hərəkətləri özünə qarşı düşmənçilik və çevriliş cəhdi kimi qəbul edirdi. Bu baxımdan Əliyev tərəfdarlarının seçkilərin dayandırılması və Dövlət Şurasının yaradılması istiqamətində davam edən hərəkətlərinə də eyni münasibət bəslənirdi. AXC-Əliyev gərginliyi aprelin 23-də AXC Ali Məclisinin sessiyasının iclasında baş verən olayla üzə çıxdı və açıq müstəviyə keçdi. AXC MNTK-sı sessiyanın gündəliyinə Tamerlan Qarayevin, Təhmasib Novruzovun və Ramiz Rzayevin AXC-dən xaric edilmələri barədə məsələ çıxardı. T.Qarayev AXC-dən rəsmən Elçibəyin namizədliyinin irəli sürülməsinə baxmayaraq öz namizədliyini irəli sürmüşdü. Onun seçki ilə əlaqədar keçirdiyi tədbirlərdə və verdiyi açıqlama və müsahibələrdə AXC əleyhinə olduğu aydın görünürdü. T.Novruzov açıq şəkildə digər partiyanın namizədi Etibar Məmmədovu dəstəkləyirdi. AXC Ağsaqqallar Şurasının üzvü Ramiz Rzayev H.Əliyevin iştirakı ilə Dövlət Şurası yaradılması barədə müraciətlərə imza toplanmasının bizə məlum olan əsas təşkilatçılarından biri idi; eyni zamanda E.Məmmədovun seçki qərargahında və onun seçki kampaniyasında fəal iştirak edirdi. MNTK onların bu hərəkətlərini AXC-nin siyasətinə kəskin zidd fəaliyyət kimi dəyərləndirir və AXC Nizamnaməsinin müvafiq tələbinə uyğun olaraq təşkilatdan xaric olunmalarını təklif edirdi. Müzakirələr zamanı sessiyada iştirak edən Naxçıvan Ali Sovetinin deputatı Səməd Hüseynov Naxçıvanda H.Əliyevin nüfuzunun yüksək olduğunu, lakin onun namizədliyi qeydə alınmazsa, əhalinin əksəriyyətinin Elçibəyə səs verəcəklərini dedi. O, AXC Naxçıvan vilayət şöbəsinin sədri A.Rəhimova istinad edərək dedi ki, H.Əliyev Naxçıvan Ali Məclisinin sessiyasında respublikanın bu ağır günündə Elçibəyin prezident seçilməsinin məqsədəuyğun olduğunu bildirib. S.Hüseynovun bu məlumatı “Azadlıq” qəzetinin 24 aprel tarixli sayında dərc edildi. Lakin bu xəbər dərc olunandan elə ertəsi gün H.Əliyevin aparatı tərəfindən rəsmən və kobud şəkildə təkzib olundu. Ölkə mətbuatı 25 apreldə Naxçıvan Ali Məclisinin şöbə müdiri Babayevə istinadən bildirirdi: “Naxçıvan Ali Məclisi sessiyasında ölkə prezidenti seçkiləri ilə bağlı qərar qəbul edilərkən qeyd olunub ki, indiki ağır vəziyyətdə prezident seçkilərinin keçirilməsi anlaşılmazdır və bəyənilə bilməz. Lakin bu barədə Azərbaycan Respublikası Ali Sovetinin 25 mart, 1992-ci il tarixli qərarı nəzərə alınaraq seçkilər keçirmək haqda qərar qəbul edilib. O sessiyada prezidentliyə namizədlər haqda heç bir söhbət getməyib. Naxçıvan MR Ali Məclisinin deputatı S.Hüseynovun AXC Ali Məclisində verdiyi məlumat tamamilə əsassız və böhtan xarakterlidir”.
Pənah HÜSEYN 5116 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” |
| Yeni MÜSAVAT © 2008 |
|