 |
Proje
İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) 2012-01-20 Tarixin qatlarında gizlənmiş iki mübhəm fakt...
|
...AXC- nin mütəllibovçuların aksiyalarına dözümlü münasibətinin ən ciddi səbəblərindən biri o idi ki, həmin ərəfədə Cəbhənin H. Əliyev və tərəfdarları ilə münasibətləri kəskin şəkildə gərginləşmişdi... (əvvəli ötən saylarımızda)
AXC - Heydər Əliyev gərginliyi aprelin 23- də AXC Ali Məclisinin sessiyasının iclasında baş verən olayla üzə çıxdı və açıq müstəviyə keçdi.... Müzakirələr zamanı sessiya iclasında iştirak edən Naxçıvan Ali Sovetinin deputatı Səməd Hüseynov AXC Naxçıvan Vilayət şöbəsinin sədri A. Rəhimova istinad edərək qeyd etdi ki, H. Əliyev Naxçıvan Ali Məclisinin sessiyasında respublikanın bu ağır günündə Ə. Elçibəyin prezident seçilməsinin məqsədəuyğun olduğunu bildirib. S. Hüseynovun bu məlumatı “Azadlıq” qəzetinin 24 aprel tarixli sayında dərc edildi. Lakin bu xəbər dərc olunduqdan elə ertəsi gün H. Əliyevin aparatı tərəfindən rəsmən və kobud şəkildə təkzib olundu. Respublika mətbuatı 25 apreldə Naxçıvan Ali Məclisinin şöbə müdiri Babayevə istinadən bildirdi ki, “Naxçıvan Ali Məclisi sessiyasında prezidentliyə namizədlər haqqında heç bir söhbət getməyib. Naxçıvan MR Ali Məclisinin deputatı S. Hüseynovun AXC AM- da verdiyi məlumat tamamilə əsassız və böhtan xarakterlidir”. H.Əliyevin rəsmi apratının, əslində özünün AXC Məclisi sessiyasında səslənmiş informasiyaya bu şəkildə kobud reaksiyası həmin günlərdə prezident seçkiləri ətrafında yaranmış vəziyyətlə bağlı idi. Həmin dövrdə H. Əliyevdə və tərəfdarlarında belə bir ümid yaranmışdı ki, prezident seçkisi kampaniyasının mühüm bir mərhələsinin, namizədlərin qeydə alınması mərhələsinin faktiki olaraq başa çatmasına baxmayaraq seçkiləri dayandırmaq və H. Əliyevin Dövlət Şurası yaratmaq ideyasını həyata keçirmək mümkün olacaqdır. Ümid ondan irəli gəlirdi ki, bir tərəfdən bu istiqamətdə apardıqları işin nəticələri məhz aprelin 3- cü ongünlüyündə ən yüksək nöqtəyə çata bilmişdi. Digər tərəfdən, onlar gözlənilmədən ən yüksək səviyyədə, Yaqub Məmmədovun şəxsində rəsmi hakimiyyətdən dəstək vədləri almağa başlamışdılar. Mahiyyətcə H. Əliyevin hakimiyyətə qayıtması demək olan Dövlət Şurası layihəsi 24 martda Ali Sovetin sessiyasında prezident seçkiləri təyin olunduqdan, hətta AXC- nin seçkilərə qatılma qərarı verildikdən və Elçibəy namizəd kimi irəli sürüldükdən sonra da artan intensivliklə davam etdirilirdi. Martın 27- də Ramiz Rzayevin təşəbbüsçülüyü və Rəsul Quliyevin yardımı ilə Kinematoqrafçılar İttifaqının adından Dövlət Şurasının yaradılmasına çağırış açıqlandı. Yenə həmin günlərdə əksəriyyəti AXC- ni dəstəkləyən Demokratik Qüvvələr Birliyi adından M. Ələsgərovun və X. Əlimirzəyevin imzası ilə seçkilərin dayandırılması və Dövlət Şurasının yaradılmasını dəstəkləyən bəyanat yayıldı. 3 apreldə respublika mətbuatında Heydər Əliyevin, Fransanın katolik dairələrinə aid olduğu bilinən və frankmasonçuluğa qarşı mübarizə məqsədilə 1883- cü ildə Parisdə təsis olunmuş “Krua” qəzetində yayımlanan müsahibəsi haqqında informasiya getdi. Bu müsahibədə H. Əliyev Azərbaycan xalqı tələb etsə respublikaya rəhbərlik yükünü öz çiyinlərinə almağa hazır olduğunu, Bakı əhalisinin 99 faizinin ona məhəbbət bəslədiyini, Azərbaycan xalqının daha avantürist rəhbərlərə dözmədiyini bəyan edərək respublikanın MDB- yə üzvlüyünə və keçmiş sovet ordusunun məmləkətdə bundan sonra da qalmasına qəti etirazını bildirirdi. AXC Ağsaqqallar Şurasının üzvü Xalid Əlimirzəyev, faktiki olaraq təşkilatdan uzaqlaşdırılsa da, formal olaraq AXC üzvü kimi qalan Murtuz Ələsgərov, Qasım Qasımzadə Demokratik Qüvvələr Birliyi, Əlincə Cəmiyyəti, Beynəlxalq İnsan Hüquqlarını Müdafiə Təşkilatı, Lalə Şövkətin rəhbərlik etdiyi “İnsan hüquqları” hərəkatı bir qrup ziyalı adından və sair formalarda prezident seçkilərinin dayandırılması və Heydər Əliyevin rəhbərliyi ilə Dövlət Şurasının yaradılmasını tələb edən müraciətlərə imza yığır, təbliğat, təşviqat və təşkilatçılıq işi aparırdılar. Heydər Əliyev və tərəfdarlarının qəti şəkildə prezident seçkilərinin əleyhinə olmasına baxmayaraq, Naxçıvan Ali Məclisinin 7 aprel tarixli iclasında respublika prezident seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul edildi. Qərarın seçkiləri keçirməyin lehinə olması AXC Naxçıvan Vilayət Şöbəsinin və Cəbhəni təmsil edən deputatların güclü təzyiqi nəticəsində mümkün olmuşdu. Qeyd edim ki, Naxçıvan Vilayət şöbəsi AXC- nin 27 mart sessiyasına prezident seçkilərinə gedilməməsi mövqeyi və şöbənin 26 mart tarixli müvafiq qərarı ilə gəlmişdilər. Lakin AXC Məclisi seçkilərə getmək haqqında qərar qəbul etdikdən sonra Vilayət şöbəsi qərarına yenidən baxdı, seçkilərin keçirilməsi məsələsini Naxçıvan Ali Məclisində müzakirəsinə çıxardı və müsbət qərar qəbul edilməsinə nail oldu. Heydər Əliyev və tərəfdarları da “indiki ağır vəziyyətdə prezident seçkilərinin keçirilməsi anlaşılmazdır və bəyənilə bilməz”, qeydi ilə də olsa, bu qərarın qəbulu ilə barışmağa məcbur oldular. Cəbhəçilərin təzyiqindən əlavə, o məsələ də rol oynadı ki, 1991- ci ildə Naxçıvanda Azərbaycan prezidenti seçkiləri fövqəladə vəziyyət şəraitində keçirilməsi əsası ilə boykot edilmişdi və yeni şəraitdə rəsmi vilayət orqanları tərəfindən yenə boykot elan edilməsini hüquqi cəhətdən izah etmək asan olmazdı. H.Əliyev belə bir qərarın qəbul etdirilməsi ilə barışmadı və Dövlət Şurası yaratmaq kursunu sistemli şəkildə davam etdirirdi. Naxçıvanda seçkilərin dayandırılması, Heydər Əliyevin təmsil olunduğu Dövlət Şurası yaradılması, habelə Heydər Əliyevin prezident seçkilərində iştirak etməsi ilə bağlı şüarlarla aksiyalar, piket və mitinqlər təşkil olunmağa başladı. Aksiyalarda seçkilərdə iştirak etdiklərinə görə AXC və cəbhəçilər tənqid olunur, onların ünvanına ittihamlar səsləndirilirdi. Aprelin ortalarında Heydər Əliyevin hakimiyyətə gətirilməsinə hesablanan planın AXC -ni narahat edən digər ciddi xarici aktyorları meydana çıxdı. Aprelin 16- da BDU- da, kim tərəfindən dəvət edildiyi məlum olmayan, Türkiyə Baş Bakanlığının hüquq müşaviri kimi təqdim olunan doktor Akman Akyürekin respublika mətbuatında Azərbaycanda prezident seçkiləri ilə bağlı müsahibəsi dərc olundu. Akman Akyürək xüsusi olaraq verilən suala cavabında bildirdi ki, 65 yaş həddi qeyri-demokratikdir, prezident seçkiləri haqqında qanunda ölkədə beş illik yaşama senzinin qəbul edilməsi də konstitusiyaya ziddir və dəyişdirilməlidir. AXC sədrinə Türkiyə mənbələrindən verilən məlumata görə, həmin dövrdə Naxçıvanda H. Əliyevin yanında görünməyə başlayan A. Akyürek sadə müşavir deyildi. Bunu o fakt da sübut edir ki, 1997- ci ildə Türkiyə Böyük Millət Məclisinin Susurluq məruzəçisi olan bu adam sui - qəsd hesab edilən qəza nəticəsində öldürüldü. Bundan sonra Türkiyə mediasında kimsə tərəfindən təkzib olunmayan informasiyalar yayıldı ki, A. Akyürek Türkiyə dərin dövlətini yönləndirən beynəlxalq güc mərkəzlərinə xidmət edir və həmin dairələrin Türkiyə MİT- i (Milli İstihbarat Təşkilatı) daxilində təsir adamıdır. Bütün bunlar da onu göstərir ki, 1992-ci ildə həmin zat haqqında AXC sədri Elçibəyə verilən məlumatlar nə dərəcədə həqiqət imiş. A.Akyürekin müsahibəsi dərc olunan günlərdə Şahbuz rayonundan H. Əliyevin prezidentliyə namizədliyi irəli sürüldü və imzalar toplanmağa başladı. H. Əliyevin namizədliyinin irəli sürülməsi ciddi yenilik idi. Çünki bu, prezident seçkilərinin keçirilməsinin və bu seçkilərdə iştirakın milli mənafelərə zidd olması, milli xəyanət olması haqqında o istiqamətdən gələn təbliğatla və Dövlət Şurası konsepsiyası ilə daban- dabana zidd gəlirdi. Hər kəsə məlum olurdu ki, prezident seçkilərinin keçirilməsi əleyhinə aparılan kampaniya artıq iflas olub. Təcrübəli siyasətçi olan Heydər Əliyev də bunu görməyə bilməzdi. O, namizədliyinin irəli sürülməsinə, lehinə imzalar toplanmasına etiraz etmədi. Eyni zamanda seçkilərə qatılmaq barədə yazılı ərizə də yazmadı, heç bir mövqe bildirmədi. Lakin aprelin 19-da, bu dəfə heç şübhəsiz, onun razılığı ilə Heydər Əliyevin seçkilərə qatılması, bunun üçün şərait yaradılması tələbi ilə təşkil olunan mitinqin nümayəndələrini qəbul etdi. Onun namizədliyini istəyən, bunun üçün namizədlərə müəyyən edilmiş 65 yaş senzinə və axırıncı 5 ildə Azərbaycanda yaşamaq tələbinə etiraz edənlərə dedi: “Bunları mən həll etmirəm. Bunlar burda həll olunmur. Gedin, dərdinizi Bakıda anladın”. Bu, kütləvi aksiyaların Bakıya keçirilməsi haqqında göstəriş idi. Artıq 20 apreldə Şahbuz nümayəndələri Heydər Əliyevçi qərargahlardan biri kimi fəaliyyət göstərən “Əlincə” xeyriyyə cəmiyyətinin prezident seçkilərinə münasibətin müzakirə edildiyi yığıncağında iştirak edirdilər...
(ardı var) Pənah HÜSEYN 3069 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” ARXIV
|