23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

2012-01-22

“Heydər Əliyev 1992-ci ildə seçkilərə qatılmaq niyyətində deyildi...”
“1992-ci ilin 26 aprelində Arif Hacıyevin “Moskva” mehmanxanasındakı otağından Ali Sovetin qarşısındakı meydana baxırdıq...”

...Aprelin 19-da Heydər Əliyev Naxçıvan Ali Məclisində onun seçkilərə qatılması, bunun üçün şərait yaradılması tələbi ilə təşkil olunan mitinqin nümayəndələrini qəbul etdi. Namizədlərə müəyyən edilmiş 65 yaş senzinə və axırıncı 5 ildə Azərbaycanda yaşamaq tələbinə etiraz edənlərə dedi: “Bunları mən həll etmirəm. Bunlar burda həll olunmur. Gedin dərdinizi Bakıda anladın”. Bu, kütləvi aksiyaların Bakıya keçirilməsi haqda göstəriş idi. Artıq 20 apreldə Şahbuz nümayəndələri Əliyevçi qərargahlardan biri kimi fəaliyyət göstərən “Əlincə” xeyriyyə cəmiyyətinin yığıncağında iştirak edirdi.

(əvvəli ötən saylarımızda)

Yığıncaqda prezident seçkilərinə münasibət və konstitusiyanın yuxarı yaş həddi ilə əlaqədar müvafiq maddəsi müzakirə edildi. Cəmiyyətin sədr müavini Əli Nağıyev 65-dən yuxarı yaş senzinin tətbiq edən konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndinin mövcud olduğu bir şəraitdə prezident seçkiləri oyunu ilə məşğul olmağı cinayət adlandırdı. Şahbuz rayon seçki dairəsi nümayəndələri A.Həziyev və T.Quliyev müvafiq maddənin ləğv edilməsini tələb etdi. “Əlincə” cəmiyyəti İH üzvü Murtuz Ələsgərov dedi ki, bu barədə qərar qəbul edib Ali Sovetə təqdim etməliyik. Ali Sovetə konstitusiyanın 121-ci maddəsinin 2-ci hissəsinin ləğvi ilə bağlı müraciət qəbul edildi. Ali Sovetin qarşısında piketlər keçirilməsinə qərar verildi.
Konstitusiyanın ləğvi tələb edilən 121-ci maddəsinin 2-ci hissəsinə görə, 65 yaşdan yuxarı şəxs prezidentliyə namizəd ola bilməzdi. Maddənin H.Əliyevə görə yazılması iddiaları inandırıcı görünür. Lakin tarixi həqiqət naminə deyək ki, bu maddə Azərbaycan konstitusiyasına Qorbaçovun 1990-cı ilin dekabrında SSRİ prezidenti haqqında qanundan köçürülmüşdü. H.Əliyevin namizədliyinə maneə sayılan prezident seçkiləri haqqında qanunda namizədliyin verilə bilməsi üçün son 5 ildə ölkədə daimi yaşamaq tələbi sayılırdı. Lakin bu tipli norma müxtəlif variasiyalarda bir sıra demokratik ölkələrdə mövcud olan norma idi və formal baxımdan buna etiraz etmək elə də əsaslı görünmürdü. Bir sıra ekspertlərə görə, bu maddənin tətbiqi H.Əliyevin və Ermənistandan qaçqın düşmüş şəxslərin namizədliyi üçün ciddi maneə yaratmırdı. Problem SSRİ və Azərbaycan Respublikası arasında hüquqi varisliyə istinad olunaraq vətəndaşlıq haqqında qanuna şərh verilmə formasında həll edilə bilərdi.
Aprelin 23-də, yəni qalmaqala səbəb olmuş informasiyanın verildiyi AXC sessiyası keçirilən gün H.Əliyevin namizədliyinə aid sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilmə üçün MSK-ya gətirildiyi barədə məlumat alındı. Artıq MSK sədrinin I müavini və katiblərindən biri AXC-nin təqdim etdiyi şəxslər idi. Onların verdiyi məlumata görə, Əliyevin namizədliyinə aid sənədlər qanunun tələblərinə uyğun deyildi. Bir sıra əskiklikləri vardı. Namizədin razılıq ərizəsi də yox idi və konstitusiyanın 121-ci maddəsinin 2-ci bəndi qüvvədə olduğuna görə ümumiyyətlə namizədliyə aid bütün sənədlər irəli sürülmə anından qanunsuz sayılırdı. Əslində baxılmaq üçün də qəbul edilə bilməzdi. Odur ki, sənədlər qəbul edilməmişdi. Nümayəndələrə deyilmişdi ki, ertəsi gün gəlsinlər. O da bildirildi ki, MSK-nın iqtidar tərəfindən təyin olunmuş üzvləri açıq-aşkar qanunsuz olsa da sənədlərin baxılma üçün qəbul edilməsində maraqlı görünürlər. AXC-ni təmsil edən MSK üzvlərinə tövsiyə edildi ki, bu məsələdə etirazçı mövqe tutmasınlar.
Özlüyndə 65 yaş senzi şübhəsiz ki, antidemokratik idi və bu səbəbdən AXC tərəfindən dəfələrlə tənqid olunmuşdu. Lakin bu normanın ləğvi məsələsinin artıq namizədlərin irəli sürülməsi müddəti rəsmən başa çatdıqdan sonra qaldırılmasını görməzlikdən gəlmək də mümkün deyildi. Bu sürədən sonra H.Əliyevin namizəd kimi prezident seçkilərinə qatılması yalnız konstitusiyada dəyişiklik edilməsi yolu ilə mümkün ola bilərdi. Dəyişiklik edilməsi isə seçkilərin dayandırılmasını labüd edirdi. AXC rəhbərliyinə bəlli idi ki, Əliyev 1992-ci ildə seçkilərə qatılmaq niyyətində deyildi, seçkilərdən qalib çıxıb-çıxmayacağını bilmirdi. Odur ki, birmənalı şəkildə daha etibarlı yol görünən Dövlət Şurası variantına üstünlük verir.
Birdən-birə və artıq namizəd göstərilməsi mərhələsi başa çatdıqdan sonra, seçkilərin dayandırılmasına səbəb olacağı aydın görünən konstitusiya dəyişikliyi məsələsinin gündəmə gətirilməsi kənar müşahidəçi üçün anlaşılmaz görünə bilərdi. Çünki bu tələbin gerçəkləşməsinə nail olmaq üçün nə uyğun siyasi ortam, nə də bu tələblə çıxış edənlərin yetərli gücü yox idi. İzah o ola bilərdi ki, bu tələb rəsmi hakimiyyət tərəfindən dəstəklənsin. Artıq məlum idi ki, AXC-nin seçkilərə qatılması və onun namizədi Elçibəyin qeyd-şərtsiz üstünlüyünün meydana çıxması iqtidar elitasında panikaya səbəb olmuş və vəziyyətdən çıxış yolunun seçkilərin dayandırılmasından ibarət olması ovqatı yaratmışdı. AXC rəhbərliyinə daxil olan informasiyalara görə, seçkilərin dayandırılmasına əsas verəcək məsələ kimi H.Əliyevin namizədliyi məsələsindən istifadə edilməsi ciddi müzakirə edilmişdi. Nəticədə Əliyev tərəfdarları ilə əlaqə qurulmuş və onlara Əliyevin namizədliyinin qeydə alınmasının mümkünlüyü barədə vədlər verilmişdi.
Bizdə o vaxtkı rəsmi hakimiyyətin AXC-yə qarşı Əliyev kartından istifadə edilməsinin müzakirələrinin təfərrüatları barədə də məlumatlar var idi. Bəzi məsləhətçilər Yaqub Məmmədovu inandırırdı ki, Əliyevin gerçəkdən seçkiyə qatılması AXC namizədinin gücünü zəiflədəcək. Eyni zamanda AXC-nin dəstəyi olmadan Əliyevin və ya hər hansı digər namizədin qələbəsi qeyri-mümkündür; odur ki, H.Əliyevin namizədliyinin qeydə alınması avtomatik olaraq hakimiyyət namizədinin, yəni Y.Məmmədovun qələbə şansını artıracaq. Başqa bir qrup məsləhətçilərə görə isə Əliyevin namizədliyinin qeydə alınmasına getmək lazım olmayacaq, sadəcə bu məsələni əsas gətirərək seçkiləri dayandırmaq və ya qeyri müəyyən müddətədək təxirə salmaq və vəziyyəti dəyişdirmək lazımdır. İnformasiya və təhlillər göstərirdi ki, Əliyev istənilən halda 1992-ci ildə seçkilərə qatılmaq niyyətindən daşınmayıb. Lakin seçki kampaniyasının sonuna doğru keçən hər bir gün Dövlət Şurasının yaradılma perspektivini azaldırdı. Odur ki, Əliyev çox böyük ehtimalla Y.Məmmədovun ətrafının hesablarını yaxşı anlamasına baxmayaraq seçkilərin dayandırılması və ya təxirə salınması naminə onun namizədlik məsələsindən bəhanə kimi istifadə edilməsinə etiraz etmədi, əksinə, buna rəvac verdi.
Aprelin 23-də seçkilərin dayandırılmasına hesablanmış ciddi hazırlıqlardan biri dövriyyəyə buraxıldı. Mətbuatda bir qrup yüksək titullu, nomenklatur elm xadimi və yaradıcı ziyalıların adından “Azərbaycan xalqına, AR Ali Sovetinə, Azərbaycan Xalq Cəbhəsinə və respublikanın bütün vətənpərvər qüvvələrinə” müraciət dərc olundu. Müraciətdə “prezident seçkilərinin təxirə salınması və Dövlət Şurası yaradılması” qətiyyətlə tələb edilirdi. Aprelin 24-də H.Əliyevin namizədlik sənədlərini gətirmiş Şahbuz rayon nümayəndələri ilə birlikdə Ali Sovetin qarşısına Bakıda H.Əliyevin lehinə ilk kütləvi aksiyanın iştirakçıları da gəldi. Aksiyaya cəmi 30-40 nəfər toplandı. Lakin bu 30-40 adamın nümayəndələri dərhal Ali Sovetin rəhbərliyi tərəfindən qəbul edildi. Piketdə elan olundu ki, aksiyalar H.Əliyev prezident seçkilərinə buraxılana qədər hər gün saat 15-də davam etdiriləcək. 25 apreldə sayı artaraq 100-150-yə çatan piketçilərin nümayəndələrini şəxsən Ali Sovetin sədri Y.Məmmədov qəbul etdi. Aksiyada xüsusi fəallıq edən Hacıbala Abutalıbov görüşdən sonra piketçilərə bildirdi ki, Y.Məmmədov onlara Ali Sovetin sessiyasını çağırıb 65 yaş senzinin ləğv edəcəyini vəd edib. Abutalıbov o gün dövlət televiziyasının əsas axşam xəbərləri proqramına buraxıldı və bütün xalqı 26 apreldə Ali Sovetin qarşısına mitinqə çağırdı. Ölkədəki qüvvələr nisbəti və əliyevçilərin aksiyaya səfərbər edə biləcəkləri potensial haqda məlumat və analizlərimizə şübhə etməsəm də 26 aprel saat 15-ə qədərki müddətdə heç həyəcanlanmadığımı da deyə bilmərəm. 26 apreldə saat 15-ə bir saat qalmışdan Arif Hacıyev, Qurban Məmmədov və mən Arif bəyin “Moskva” mehmanxanasındakı xidməti nömrəsindən Ali Sovet qarşısındakı meydanı müşahidə etməyə başladıq...

(ardı növbəti sayımızda)

Pənah HÜSEYN

2998 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008