 |
Proje
İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) 2012-01-23 AXC rəhbərliyi Heydər Əliyev tərəfdarları ilə müzakirələr aparırdı... “Mitinqin gedişində İsgəndər Həmidov Milli Şuranın iclasından DİN-ə gəldi və onunla binaya daxil olub, nazirin kabinetinə qalxdıq”
|
Ölkədəki qüvvələr nisbəti və əliyevçilərin aksiyaya səfərbər edə biləcəkləri potensial haqqında məlumatlarımıza və analizlərimizə şübhə etməsəm də, 26 aprel saat 15-ə qədərki müddətdə heç həyəcanlanmadığımı da deyə bilmərəm. 26 apreldə saat 15-ə bir saat qalmışdan Arif Hacıyev, Qurban Məmmədov və mən Arif bəyin Moskva mehmanxanasındakı xidməti nömrəsindən Ali Sovet qarşısındakı meydanı müşahidə etməyə başladıq... (əvvəli ötən saylarımızda)
Saat 15-ə yaxın artıq bütün Heydər Əliyevçi qvardiya meydanda idi. Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Fərəməz Maqsudov, Səfyar Musayev, Məzdək Hüseynov, Qabil Hüseynli, Ramiz Rzayev, Budaq Budaqov, Cəlal Əliyev, Lahutu, Ramiz Rzayev, Rəsul Quliyev, Babək Hüseynoğlu və digərləri. Xəlil Rza, Xalid Əlimirzəyev də iştirakçılar arasında idi. Bizim üzdən tanıdığımız və yaddaşımda qalan şəxslər bunlardır. Saat 16-ya yaxın artıq məlum idi ki, gələnlər gəlib. Və meydanda bütün polislər, mülki geyimli xüsusi xidmət əməkdaşları, jurnalistlər, sadəcə, yoldan keçənlərlə birlikdə cəmi 800-1000 adam vardı! Titullu, nomenklatur elm xadimlərinin və yaradıcı ziyalıların mətbuatda dərc olunmuş müraciətindən, 25 apreldə Hacıbala Abutalıbovun dövlət televiziyasına çıxarılıb əsas xəbərlər proqramından çağırış etməsindən, Yaqub Məmmədova istinadən 65 yaş senzinin ləqv ediləcəyi xəbərinin yayılmasından sonra Heydər Əliyev tərəfdarları tələblərinə dəstək mitinqinə 600- 800 adam toplaya bilmişdilər! Məsələ aydın idi. Mitinqin sonunu gözləmədən Arif bəy Milli Şuranın iclasına, Qurbanla mən qərargaha yollandıq. Lakin az sonra Milli Şuradan xəbər gəldi ki, Ali Sovet rəhbərliyi səhəri gün, yəni aprelin 27-də fövqəladə sessiya toplamaq barədə məsələ qaldırıb. Milli Şurada müzakrələrin nəticəsini gözləməyərək Ali Sovetin Rəyasət Heyəti adından artıq belə bir qərarın olduğu bildirilib. Nə müzakirə ediləcəyi barədə suallara cavab olaraq deyilib ki, seçkilərlə bağlı yaranmış vəziyyətin müzakirəsi gündəliyə çıxarılacaq. Aydın idi ki, rəsmi iqtidar tarana gedib, 27 aprel sessiyasında seçkilərin dayandırılması haqqında qərar almaq istəyir. AXC rəhbərliyi bu ərəfədəki son iki gündə H. Əliyev tərəfdarları ilə müzakirələr aparıb onları inandırmağa çalışmışdı ki, Yaqub Məmmədov və ətrafı H. Əliyevə namizədlik yolunu açmayacaq. Yaqub Məmmədov istəsə belə, Ali Sovetdəki qüvvələr nisbəti buna imkan vermir. Ali Sovet deputatlarının çoxu H. Əliyevin hakimiyyətə qayıtmasından cindən qorxan kimi qorxurlar. Sessiyanın çağırılması yalnız onunla nəticələnə bilər ki, seçkilər təxirə salına bilər, AXC isə buna yol verməyəcək. Onların diqqəti mütəllibovçuların fəallaşmasına cəlb edilmişdi. Lakin müzakirələrdə aydın olmuşdu ki, bu adamların ən azı məlumatlıları Ali Sovetin sessiyası məsələsinin nə ilə nəticələnəcəyini bizdən də yaxşı anlayırlar. Onları konstitusiyada dəyişiklik edilməsə də, bu mərhələdə seçkinin dayandırılması tam qane edirdi. Bu baxımdan bir qrup yüksək titullu, nomenklatur elm xadimi və yaradıcı ziyalıların adından “Azərbaycan xalqına, AR Ali Sovetinə, Azərbaycan Xalq Cəbhəsinə və respublikanın bütün vətənpərvər qüvvələrinə” aprelin 23-də respublika mətbuatında dərc edilmiş müraciətinə qayıtmaq lazım gəlir. “Prezident seçkilərinin təxirə salınması və Dövlət Şurası yaradılmasının qətiyyətlə tələb edildiyi” müraciəti imzalayan 88 nəfər içərisində Anar, Ziya Bünyadov, İman Mustafayev, Rüstəm İbrahimbəyov, Maqsud İbrahimbəyov, Sabir Rüstəmxanlı, Həsən Turabov və daha bir neçə xalq içərisində nüfuza malik şəxslərin imzaları da getmişdi. İmza atanların bir çoxu fəal siyasi mövqe ifadə etmirdilər. Təşkilatçılar xahiş etmişdilər, onlar da imtina etməmişdi. AXC rəhbərliyinə informasiyalar daxil olmuşdu ki, imzalar yığılarkən Ə. Elçibəyin adından da istifadə olunub, deyiblər ki, güya AXC və Elçibəy də seçkilərin dayandırılmasına tərəfdardır. İmza toplanmasında Rəsul Quliyevin bəzi imza sahibləri ilə şəxsi dostluq və digər münasibətləri də mühüm rol oynamışdı. Prinsipcə, Dövlət Şurası və ya başqa adla icra hakimiyyəti yanında məşvərətçi orqanlar yaradıla bilərdi. Lakin H. Əliyev tərəfdarlarının istədikləri Dövlət Şurası tamamilə başqa bir şey olub, ölkənin konstitusion quruluşunun dəyişdirilməsini, prezidentin, parlamentin və nazirlər kabinetinin səlahiyyətlərinin həmin orqana verilməsini nəzərdə tuturdu. Hələ 24 martda prezidentlik institutunun ləğv edilməsi barədə AXC-nin təklifi müzakirə edilərkən aşkar olmuşdu ki, hətta Ali Sovetin sessiyasında Konstitusiya dəyişikliyi etməklə də bu qəbildən olan addımları həyata keçirmək mümkün deyil. Dövlət quruluşunun əsasları Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktından qaynaqlanırdı. Konstitusiya aktının 13-cü maddəsində hakimiyyətlər bölgüsü prinsipi təsbit edilmiş, icra hakimiyyətinin başçısı prezident elan olunmuşdu. Konstitusiya Aktı referendumdan keçmişdi. Yeni bir referenduma getmədən mövcud dövlət orqanlarını ləğv etmək, fəaliyyətini dayandırmaq, səlahiyyətlərini digər orqana vermək mümkün deyildi. Etiraf edilməlidir ki, bu cəhət AXC-nin 17 fevral Məclisində qəbul etdiyi prezident institunun ləğvini də nəzərdə tutan siyasi dəyişikliklər layihəsi hazırlanarkən gözdən qaçmış ciddi səhv olmuşdu. Açıq demək lazımdır ki, Ali Sovetin prezidentlik institutunun ləğv edilməsi tələbinin müzakirə edildiyi 24 mart sessiyasında bu arqument AXC təmsilçiləri üçün gözlənilməz olmuşdu. Bizimkilər buna hazırlaşmamışdılar. İş o yerə gəlib çatmışdı ki, cəbhəçi deputatların bir çoxu sessiyanın gedişindəcə prezidentlik institutunun ləğv edilməsini prezident seçkilərinin təxirə salınması tələbi ilə əvəz etməyə məcbur olmuşdular ki, bu da mövqelərdə məntiqiliyi və sistemliliyi xeyli aşağı salmışdı. Beləliklə, istər Dövlət Şurasının yaradılması, istərsə də yaş senzinin ləğvi, yaxud başqa bir əsasla Konstitusiyaya dəyişikliklər edilməsi seçkiləri dayandırmağa xidmət edirdi və Respublika daha bir neçə ay hakimiyyət qeyri-müəyyənliyi şəraitində qalmağa məhkum olunurdu. Daha real ssenari isə o idi ki, seçkilər dayandırılır, Dövlət Şurası isə yaradılmır və ya yaradıla bilmir. Seçkilərin dayandırılması ilə razılaşmayan AXC ilə rəsmi hakimiyyətin kəskin qarşıdurması başlanır, siyasi böhran dərinləşib xaosa, vətəndaş müharibəsinə keçir. İstisna deyi ki, xaos və vətəndaş müharibəsi Dövlət Şurası planlarının sonrakı mərhələdə gerçəkləşməsi üçün yaradılmalı olan şərtlərdən biri kimi nəzərdə tutulurdu. Belə bir vəziyyətin Ermənistan qarşısında Azərbaycanın hərbi və beynəlxalq mövqelərini ciddi şəkildə qeyri-bərabər vəziyyətə düşurəcəyi Dövlər Şurasının yaradılması layihəsinin yönəticilərini narahat etmirdi. Vəziyyəti dəyərləndirərək AXC rəhbərliyi hərəkətə keçdi. 26 apreldə AXC Naxçıvan Vilayət Şöbəsinin Məclisində Naxçıvan Dövlət Müdafiə Komitəsinin təcili olaraq AR Müdafiə Nazirliyinə tabe etdirilməsi Naxçıvan Ali Sovetindən tələb olundu. Aydın idi ki, bu tələb Heydər Əliyevə siyasi təzyiq xarakteri daşıyırdı. 26 apreldə axşam, Ali Sovetin Rəyasət Heyətinin aprelin 27-də saat 10-da sessiya çağırması barədə qərar qəbul etdiyi xəbəri alındıqdan sonra AXC rəhbərliyi Bakıda fövqəladə addımlar atdı. Tahir Əliyevin Daxili İşlər Naziri vəzifəsindən azad edilməsinə etiraz aksiyası formasında bir neçə min AXC üzvü, qaranlıq düşməsinə baxmayaraq, DİN binası qarşına çağırıldı. Mitinqin gedişində İsgəndər Həmidov Milli Şuranın iclasından DİN-ə gəldi və onunla binaya daxil olub, nazirin kabinetinə qalxdıq. Bundan bir qədər sonra televiziyadan Ali Sovet sədrinin T. Əliyevin nazir vəzifəsindən azad olunması barədə fərmanın icrasının dayandırılması haqqında əks-fərmanı oxundu. Daha sonra televiziyada rəsmi informasiya getdi ki, aprelin 27-də saat 10-a Ali Sovetin fövqəladə sessiyası çağırılır. Bir qədər sonra İsa Qəmbər televiziyada canlı efirə çıxdı və AXC- nin aprelin 27-də saat 17-yə Azadlıq meydanına təyin olunmuş ilk seçki mitinqinin səhər saat 10-da Ali Sovetin qarşısındakı meydana keçirildiyini elan etdi. Ali Sovetin rəhbərliyi yenidən toplandı. Televiziyada canlı efirdə gedən Moskva xəbərlər proqramı kəsildi və sərhəd rayonundan olan deputatların xahişi ilə sessiyanın qeyri-müəyyən müddətə təxirə salındığı bildirildi. Aprelin 27-də soyuq və küləkli havaya baxmayaraq, səhər saat 10- da Ali Sovetin qarşısına 10 mindən artıq adam toplanmışdı. Gələnlərə təşəkkür edildi və mitinqin əvvəlki yeri və vaxtının bərpa edildiyi elan olundu. Saat 17-də Azadlıq meydanında 50 mindən çox adamın iştirak etdiyi mitinqdə İsa Qəmbər Ali Sovetin sessiyasının demokratik qüvvələrin təzyiqi ilə təxirə salınmasını qələbə kimi qiymətləndirdi. 27 apreldə AXC rəhbərliyinin tovsiyəsinə uyğun olaraq “Azadlıq” qəzetinin əməkdaşları Naxçıvanla əlaqə saxlayıb H. Əliyevdən müsahibə aldılar....
(ardı sabahkı sayımızda) Pənah HÜSEYN 3831 dəfə baxılıb
|
[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT... [14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR” [09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” ARXIV
|