23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

2012-01-24

Murtuz müəllim həyəcanlı şəkildə “Cəbhə hara baxır”, dedi...
“Naxçıvan şəhərində Ali Məclisin qarşısında Nemət Pənahlının atasının rəhbərlik etdiyi “Məscid nümayəndələrinin” təşkilatçılığı ilə keçirilən mitinqdə AXC-nin Heydər Əliyevə işləmək imkanı vermədiyi bəyan edildi...”

... 27 apreldə AXC rəhbərliyinin tövsiyəsinə uyğun olaraq “Azadlıq” qəzetinin əməkdaşları Naxçıvanla əlaqə saxlayıb H.Əliyevdən müsahibə aldılar. Həmin gün Azadlıq meydanındakı mitinqdə İ. Qəmbərin çıxışında AXC- nin H. Əliyev tərəfdarlarının hərəkətlərinə siyasi qiyməti ifadə edilmişdi. “Rəsmi hakimiyyətin sessiya çağırıb seçkiləri ləğv etmək və bəzi siyasi qüvvələrin qeyri-legitim dövlət şurası yaratmaq cəhdlərinin qarşısı alınmışdır. Konstitusiyadakı yaş senzi nomenklatura tərəfindən seçkiləri təxirə salmaq üçün bəhanədir. Bu bəhanəni aradan qaldırmaq üçün AXC Milli Şuranın növbəti iclasında yaş senzinin ləğv edilməsi məsələsini qaldıracaqdır”.

(əvvəli ötən saylarımızda)

H. Əliyevin cavabı bu qiymətin və son günlərdə baş verənlərin onda yaratdığı ovqatı öyrənmək baxımından əhəmiyyətli idi: “Mən seçkilərə qarışmamışam və qarışmıram. Ona görə də heç kimi rəqib hesab etmirəm. Kim məni özünə rəqib sayırsa bu onun öz işidir. Ümumiyyətlə isə Naxçıvandan çıxmaq fikrim yoxdur. Çünki mən getsəm burda çox pis vəziyyət yarana bilər”. Bu cavab 28 apreldə mətbuatda dərc olundu.
Artıq aydın idi ki, Dövlət Şurası vasitəsilə hakimiyyətə gəlmə planı uğursuzluğa məruz qalmışdı. Lakin yaş senzi məhdudiyyətinin ləğvi və Dövlət Şurası yaradılması şüarları ilə Əliyev tərəfdarlarının azsaylı piketləri davam etdirildi. 27 apreldə Ali Sovet qarşısında 150 - 200 nəfər toplandı. 28 apreldə E. Məmmədovun bəzi tərəfdarlarının qatılması ilə sayı 300 - 400 nəfərə çatan mitinq keçirildi və saat 16 -da bu mitinq kalon şəklində, H. Əliyevin portretləri, “seçkilər dayandırılsın” şüarları ilə E. Məmmədovun Azadlıq meydanında keçirilən seçki mitinqinə yürüş edib, ora qatıldı.
29 apreldə Milli Şuranın iclasında İsa Qəmbər “demokratik dövlətçilik ənənələrinə zidd olması” əsası ilə namizədliyə yuxarı 65 yaş həddi qoyulması barədə maddənin ləğv edilməsini təklif etdi. Təklif səsə qoyuldu. Adbaad səsvermə keçirildi. Zalda xeyli deputat olsa da, səsvermədə cəmi 30 nəfər iştirak etdi. Zalda olan, lakin səsvermədə iştirak etməyən deputatlar haqqında tədbir görülməsi təklif edildi. Ziyad Səmədzadə “demokratiyadır”, dedi. Konstitusiya dəyişikliyi üçün 34 deputatın lehinə səsverməsi zəruri idi. Və məsələ qapandı.
Belə görünə bilərdi ki, bundan sonra əliyevçilərin Ali Sovet qarşısında aksiyaları inadla davam etdirməsi yalnız ətalətin və ya hikkənin nəticəsidir. Lakin məsələ heç də bu qədər sadə deyildi. Mayın 3- də Türkiyənin baş naziri S.Dəmirəlin başçılığı ilə nümayəndə heyətinin Bakıya səfəri gözlənilirdi. Əvvəlcə bu səfərin 27 apreldə olacağı deyilmişdi. H. Əliyevin tərəfdarları arasında belə bir əhval - ruhiyyə vardı ki, Süleyman Dəmirəl Bakıda olarkən Dövlət Şurası və prezidentliyə namizədlərə yaş məhdudiyyəti məsələsini Yaqub Məmmədov və AXC ilə müzakirə edəcəkdir və onlara bu məsələdə tövsiyələr verəcəkdir. Fakt odur ki, səfərə qədər aksiyaları davam etdirib, S.Dəmirəllə görüşmək tapşırığı almışdılar. Onların nümayəndələri, hər halda, Ali Sovetdə S. Dəmirəllə görüşə bildilər. Lakin dəqiq deyə bilərəm ki, S. Dəmirəl və onunla birlikdə Bakıya gələn Alparslan Türkeş AXC və Elçibəylə görüşlərdə bu mövzuya yaxından - uzaqdan toxunmadılar. Türkiyə nümayəndə heyətinin Bakı səfəri AXC- nin möhtəşəm qarşılama tədbirləri, Türkiyə səfirliyinin açılış mərasiminə on minləri toplaması, Azadlıq meydanında keçirilən yarımmilyonluq mitinqin təsiri altında keçdi. S. Dəmirəlin Cəbhə rəhbərliyi ilə görüş üçün AXC qərargahına gəlib danışıqlar aparması bunun nəticəsi idi.
Gözlənilənin əksinə olaraq Türkiyə nümayəndə heyətinin Bakı səfərindən sonra AXC - Heydər Əliyev qarşıdurması zəifləmək əvəzinə daha da kəskinləşdi. Yaş məhdudiyyətinin ləğvinin iqtidar deputatları tərəfindən sabotaj edilməsinə baxmayaraq, muxtar respublikada təbliğat başlandı ki, Milli Şurada prezident seçkiləri haqqında qanunda nəzərdə tutulan yaş həddinin ləğvinə AXC nümayəndələri imkan verməyib. Naxçıvan Ali Məclisinin Rəyasət Heyətinin iclasında AXC quldur dəstəsi adlandırıldı və Naxçıvanda ikihakimiyyətliliyə son qoymaq çağırışları səsləndirildi. AXC vilayət şöbəsinin Naxçıvan Müdafiə Komitəsi adlanan qurumun AR Müdafiə Nazirliyinə tabe edilməsi haqqında 26 noyabr tarixli tələbinə cavab olaraq Ali Məclisin Rəyasət Heyəti bütün silahlı dəstələrin həmin komitəyə tabe etdirilməsi tələbini qoydu. Qarşıdurma Naxçıvan MR müstəqil gömrük qanunun qəbulu ətrafındakı müzakirələrdə yeni vüsət aldı. Mayın 5- də Naxçıvanda hər iki tərəfin toqquşma təhlükəsi ilə müşahidə olunan əks mitinqlər keçirildi. Naxçıvan şəhərində Ali Məclisin qarşısında Nemət Pənahlının atasının rəhbərlik etdiyi “Məscid nümayəndələrinin” təşkilatçılığı ilə keçirilən mitinqdə “qara qüvvələrin, konkret olaraq AXC- nin Heydər Əliyevə işləmək imkanı vermədiyi bəyan edildi. Ali Məclisin və Nazirlər Kabinetinin buraxılmasını, muxtar respublikanın H. Əliyev tərəfindən təkbaşına idarə edilməsini, onun Azərbaycan prezidenti seçkilərində iştirakına şərait yaradılmasını tələb etdilər. Heydər Əliyev mitinqdə çıxış edib müdafiə üçün onlara minnətdarlığını bildirdi. Məscid nümayəndələrini dağılmağa çağırdı. Lazım gələndə özünün onlara müraciət edəcəyini dedi. Yenə mayın 5- də Naxçıvan şəhər mərkəzi meydanında AXC Vilayət şöbəsinin keçirdiyi mitinqdə çıxış edən Arif Rəhimoğlu və Acəf Quliyev isə Ali Məclis rəhbərliyini mafioz qrupların xarici şirkətlərlə birlikdə muxtar respublikanın sərvətlərini talan etməsinə himayəçilikdə ittiham etdi və bu barədəki faktları açıqladılar. AXC- yə qarşı Naxçıvanda aparılan ideoloji təxribatların köklərinin Moskva və İranla bağlı olduğunu bəyan etdilər. İnformasiyalar arasında erməni silahlı qüvvələrinin Naxçıvana hücuma keçdiyi bir zamanda Naxçıvan Müdafiə Komitəsinin sədri Elman Abbasov tərəfindən qərargah rəisinin Şuşaya ezam olunması və orda döyüşçülər arasında ”Azərbaycanda hakimiyyət davası gedir, bizə prezidentliyə namizədlərdən heç birisi lazım deyil, Respublikada Heydər Əliyev diktaturası qurulmalıdır" kimi fikirləri səsləndirməsi də keçirdi.
...Hacı Əbdülün üzdə rəhbərliyi altında Mütəllibovun prezidentliyə qaytarılması tələbi ilə Ali Sovet qarşısında aksiyalar başlananda situasiya bundan ibarət idi. Onun məhz 2 mayda, yəni Türkiyə nümayəndə heyətinin Bakıya gəlməyə başladığı gün 5 nəfər silahlı şəxslə dövlət televiziyasına basqın edib canlı efir tələb etməsi, əlbəttə, təsadüfi sayıla bilməzdi. 3 mayda, yəni rəsmi Türkiyə nümayəndə heyəti ilə mərasimlərin, görüşlərin, danışıqların getdiyi, brifinqlərin keçirildiyi gün dövlət televiziyasından Hacı Əbdülün seçkiləri dayandırmaq, Mütəllibovu prezidentliyə qaytarmaq tələbini əks etdirən, aksiyalara başladıqlarını elan edilən çıxışı efirə verildi. Həmin gün, S.Dəmirəl və Y. Məmmədovun Gülüstan sarayında danışıqların yekunlarına dair keçirdikləri mətbuat konfransında “Royter” əməkdaşı Yaqub Məmmədova “cənab Məmmədov, prezident seçkilərinin tam ləğv olunması və ya vaxtının uzadılması barədə şayiələr doğrudurmu”, sualını vermişdi. Y.Məmmədovun cavabı düşündürücü idi: “Belə bir söz- söhbət gedir. Amma belə bir qərar yoxdur. Şəxsən belə fikirdəyəm ki, ayın 7- də prezident seçkiləri keçirilsin. Rəsmi heç bir məlumat yoxdur. Xalq arasındakı söz-söhbətdir”.
4 mayda Hacı Əbdül bir qrup adamla Ali Sovetin qarşısındakı meydanı zəbt etdi. Meydanda çadır quruldu. Yekə bir samovar gətirildi. Mikrofonlar quraşdırıldı və Hacı Əbdülün prezident seçkilərinin dayandırılması, Ayaz Mütəllibovun prezidentliyə qaytarılması tələbilə fasiləsiz mitinq başlandı.
Saat 15-ə yaxın bir dəstə Əliyev tərəfdarı hər gün olduğu kimi, şüar və şəkillərlə meydana gəldi... Söyülmə, döyülmə, qovulma və qaçışma bir - birinə qarışdı.
Mən bu döyülmə, qovulma və qaçış səhnəsinin şəxsən şahidiyəm. Fiziki təzyiqə məruz qalmış Murtuz müəllimə və Xalid müəllimə teleteatrın yanında çata bilib maşına götürdük. Murtuz müəllimin həyəcanlı şəkildə “Cəbhə hara baxır”, sualının məntiqinə təəccüblənməkdən başqa bir şey qalmırdı...
5 mayda “Əlincə” cəmiyyəti qərargahından Ali Sovet qarşısında olmayan mitinqin təşkilat komitəsi adından “prezident seçkilərinin dayandırılması və antidemokratik yaş senzinin ləğvini qətiyyətlə tələb edən”, növbəti qətnamə yayıldı..
8-9 mayda mən və İsgəndər Həmidov demək olar ki, bütün müddəti Baş Qərargahda Şahin Musayevin kabineti və Cəbhənin qərargahı arasında gedib gəldik. Arif Hacılı və Qurban Məmmədov artıq Laçındaydılar və Şuşaya hərəkət etməli idilər. Arif bəy telefonla vəziyyətin bildiyimizdən pis olduğunu buldirdi. 9 mayda AXC sədri təşkilat xətti ilə bütün siyasi tədbirlərin dayandırılması haqqında əmr verdi...

(davamı var)

Pənah HÜSEYN

4685 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008