23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

2012-02-09

Şəxsi bayrağı və ailəsinin şəxsi möhürü olan tək qadın - kraliça II Yelizaveta

Düz 60 il əvvəl, fevralın 8-də vəliəhd Yelizaveta kraliça kimi and içdi. 25 yaşlı gənc o vaxt əri ilə Keniyada səyahətdə idi. “Treetops” paytaxt Nayrobidən 165 km kənardakı Milli Parkda yerləşirdi. Onlar ağacın başında mehmanxana nömrəsinə çevrilmiş otaqda qalırdılar. Yelizaveta oradan yaxınlıqdakı nohura su içməyə və “palçıq vannası qəbul etməyə” gələn filləri coşqu ilə lentə alırdı...

Ağaca vəliəhd kimi çıxdı, düşəndə kraliça idi

Britaniyalı ovçu Cim Korbett lazım olan vaxt, lazım olan yerdə olub. O, hotelin qeydiyyat kitabına belə yazıb: “Dünya tarixində ilk dəfə belə bir hadisə qeydə alınıb. Gənc bir qız ağaca vəliəhd kimi çıxdı, səhərisi gün isə o, yerə enəndə artıq kraliça idi”.
Tarixçilər qeyd edir ki, xərçəng xəstəsi olan kralın ölümünə hazırlıq görülmüşdü. Ona görə də bu xəbər heç kəsi heyrətləndirmədi. Rəsmi kanallar bir-biri ilə əlaqə saxlayıb dedilər ki, “Hayd Park Corner”. Bu isə o demək idi ki, VI Georq dünyasını dəyişib.
12 yaşlı məktəbli o günləri belə xatırlayır: “Biz rəsm dərsində idik. Gördük ki, Britaniya bayrağı yarıya qədər qaldırıldı. Biz maraqlanmağa başladıq ki, görəsən, kim ölüb. Uşaqlardan kimsə dedi ki, yəqin şirlər Yelizavetanı Afrikada parçalayıblar. Ancaq az sonra bizə xəbər verdilər ki, kral keçinib. Buna təəssüf etsək də sevinirdik ki, onun yerinə gözəl bir xanım bizim kraliçamız olacaq...”
Yelizaveta Aleksandra Mariya Vindzor 21 aprel, 1926-cı ildə Londonda doğulub. O, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının, həmçinin Millətlər Birliyinin (keçmiş Britaniya müstəmləkələri-red.) sədri və ora daxil olan 15 dövlətin kraliçasıdır. Fici Respublikasının Ali Başçısı, Anqlikan Kilsəsinin başçısı, Böyük Britaniya Silahlı Qüvvələrinin Ali Baş Komandanı, polkovnik, Men adalarının lordu...
Taxt-taca 6 fevral, 1952-ci ildə sahib olub, yəni 60 ildir ki, hakimiyyətdədir. 64 il Dumanlı Albiona rəhbərlik etmiş Böyük Britaniyanın tarixi kraliçası Viktoriyanın göstəricisini yeniləmək üçün o, 2015-ci ilə qədər taxtda qalmalıdır.

Vəliəhd taksi sürücüsü

Gələcək kraliça xoş əhval-ruhiyyəli atmosferdə böyüyüb. İton kollecinin vitse-rektoru olmuş Henri Martendən konstitusiya tarixinə dair dərs alıb. Dayəsi ilə danışmaq üçün fransız dilini öyrənib. Mükəmməl şəxsi təhsil alsa da II Dünya müharibəsində könüllü kimi hərbi taksi sürücüsü işləyib. Çünki kral ailəsi ölkənin müdafiəsində birbaşa iştirak etməli idi.
13 yaşında Yelizaveta Dortmut hərbi-dəniz məktəbinin kadeti, kraliça Viktoriyanın kötücəsi, şahzadə Andrey Qreçeskinin oğlu Filip Mauntbettenlə tanış olur. 1947-ci ildə onunla ailə həyatı qurur və Filip Edinburq hersoqu titulunu alır. Onların dörd övladı vardır: şahzadə Çarlz, şahzadə Anna, şahzadə Endrü və şahzadə Eduard.
Kraliça bütün baş nazirlərlə diplomatik münasibətlər saxlayıb. Bununla belə, Marqaret Tetçerin hakimiyyəti dövründə onunla bir qədər gərgin münasibətləri var idi. Tetçerin “kralsayağı” idarəetməsi ona bir qədər xoş gəlmirdi. Onlar arasında hökumətin Cənubi Afrika Respublikasının o dövrdəki aparteid siyasətini müdafiə etməsi məsələsində fikir ayrılığı var idi. II Yelizaveta hesab edirdi ki, Tetçerin CAR rəhbərliyini müdafiə etməsi Böyük Britaniyanın bu siyasəti bəyənməyən Afrika ölkələrinə təsirini azalda bilər. Bütün bu fikir ayrılığına baxmayaraq, Tetçer sonradan kraliçaya lentə çəkilmiş halda öz xoş sözlərini yazıb göndərdi. Sonradan özü ilə Tetçer arasında narazılıq olması fikrini təkzib edən Yelizaveta baş nazir Con Meycorun dövründə Tetçeri iki dövlət mükafatı - “Millətlər Birliyi qarşısında xidmətlərə görə ordeni” və “Bantlı orden”lə təltif etdi. O, həmçinin Tetçerin 70 və 80 illik yubileyində də iştirak etdi.

Kraliçanın övladları boşanma sırasında

1992-ci il II Yelizaveta üçün ağır il oldu. Kraliçanın ailəsinin nüfuzuna şahzadə Çarlzın, şahzadə Annanın və şahzadə Endrünün ailələrindəki söz-söhbət və hər üçünün boşanma prosesləri ciddi təsir etdi. Həmçinin böyük yanğın Vindzor sarayının bir hissəsini məhv etdi. Onun şahzadə Diananın 1997-ci ilin avqustunda faciəli ölümünə sakit yanaşması və beş gün milli matəm günlərində kral ailəsinin saraydan kənara çıxmaması britaniyalıların əksəriyyətinin xoşuna gəlmədi. Ailə ictimaiyyət qarşısına Diananın dəfnindən bir gün əvvəl çıxdı, bununla belə, Britaniya mətbuatının kəskin tənqidinə məruz qaldı.
Buna baxmayaraq, Yelizavetanın ictimai rəydəki nüfuzu yenə də böyükdür. Onun taxta çıxmasının gümüş və qızıl yubileyləri 1977-ci və 2002-ci illərdə həm Böyük Britaniyada, həm də dünyada təntənə ilə qeyd edilib. Hazırda kraliçanın 60 illik yubileyi bütün dünyanın diqqət mərkəzindədir.

Əmisi taxt-tacı bir arvada qurban verib

Yelizaveta digər kişi vəliəhd olmadığından atasından sonra ikinci vəliəhd olur. Ancaq həmin il əmisi aristokrat nəslindən olmayan və boşanmış hersoginya Uollis Simpsonla ailə qurmaq istədiyinə görə ölkədə konstitusiya böhranı baş verir. Hökumətin və Anqlikan kilsəsinin təkidli mövqeyindən sonra əmisi evliliyə üstünlük verərək taxt-tacdan imtina edir. Yelizavetanın atası kral elan edilir, onun özü isə vəliəhd olaraq Ülyahəzrət Şahzadə Yelizaveta titulu alır.
1939-cu ildə Yelizavetanın valideynləri Kanada və ABŞ-a rəsmi səfər edirlər. Yelizaveta valideynlərinin 1927-ci ildə Avstraliya və Yeni Zelandiyaya etdiyi səfərdəki kimi Londonda qalır. Kral olan atası hesab edir ki, o, səfərlər üçün hələ çox kiçikdir. Yelizaveta valideynlərini göz yaşları ilə yola salmışdı. Londonda qalan Yelizaveta valideynləri ilə yazışaraq əlaqə saxlayırdı. 18 may tarixində valideynləri onun üçün birinci kral transatlantik telefon xətti çəkdirirlər.
Müharibənin qurtarması xəbərindən sonra Yelizaveta bacısı Marqarita ilə birlikdə London küçələrinə çıxaraq sevinən izdihama qoşulur. Sonradan o, azsaylı müsahibələrindən birində deyir: “Biz valideynlərimizdən, kənardan bilinmədən, insanlara baxmağa icazə istədik. Eyni zamanda qorxurduq ki, bizi tanıyarlar. Xatırlayıram ki, tanımadığımız insanların əllərindən tutaraq Uaytholl küçəsi ilə gedirdik. Sevinc hissi bizi bürümüşdü”.

Kirayənişin Yelizaveta

Yelizaveta və Filip Danimarka kralı IX Kristian tərəfindən ikinci nəsil və Britaniya kraliçası Viktoriya tərəfdən üçüncü nəsil qohumdurlar. Kəbinə qədər Filip titulundakı yunan və Danimarka adlarından imtina edir və yunan pravoslav kilsəsindən Anqlikan kilsəsinə keçir. Həmçinin anasının soyadı ilə özünə leytenant Filip Mauntbatten adı götürür. Toya bir qədər qalmış ona Edinburq hersoqu titulu verilir və “Kral həzrətləri” adlandırılır.
Kəbinə qədər onların qarşılarına başqa problemlər də çıxmışdı. Filip imkanlı deyildi, digər millətdən idi və bacıları Almaniyada Hitlerin partiyasından olan alman zadəganlarına ərə getmişdilər. Sonradan dərc edilən məlumatlara görə, o dövrdə Yelizavetanın anası kəbinə etiraz edirmiş. Ancaq yaşlı vaxtlarında o, öz bioqraflarına Filipin əsl ingilis centlmeni olduğunu söyləyirmiş.
Toydan sonra gənc ailə 4 iyul, 1949-cu ilədək Vindzor sarayının yanında kirayə tutulmuş evdə qalır, sonra isə Londonda başqa yerə köçürlər.

Soyad davasında Çörçill barmağı

Yelizaveta taxt-taca çıxdıqdan sonra bəziləri fikirləşirdi ki, kral ailəsi Filipin soyadı ilə Mountbatten evi kimi tanınacaq. Çünki Yelizaveta ailə quranda ərinin soyadını götürmüşdü. Hətta Filip də kral ailəsinin Mauntbetten adlanacağını güman edirdi. Ancaq Yelizavetanın anası və baş nazir Uinston Çörçill Vindzorlar evi adının qalması təklifini müdafiə etdilər. Bu belə də oldu. Hersoq Filip sonradan şikayətlənirdi ki, o, ölkədə yeganə kişidir ki, uşaqları onun yox, yoldaşının soyadını daşıyır. Kraliça Mariyanın ölümündən və Çörçillin istefasından sonra, 1960-cı ildə Mauntbatten-Vindzor soyadı kraliçanın vəliəhd olmayan oğlanları üçün məqbul hesab edildi.
II Yelizaveta nadir hallarda müsahibə verdiyindən onun şəxsi hissləri haqqında məlumat azdır. Konstitusiyalı monarx olmasına baxmayaraq, o, siyasi mövqeyini heç vaxt bildirmir. Hiss edilir ki, o, vəzifə borcuna çox məsuliyyətlə yanaşır. Kütləvi informasiya vasitələrinin kraliçanın şəxsi həyatına 1980-ci illərdə böyük marağı bir sıra sensasiyalı materialların ortaya çıxmasına səbəb oldu. Onların heç də hamısı təsdiqini tapmırdı. “Sun” qəzetinin redaktoru Kelvin Makkenzi deyirdi: “Mənə bir bazar günü verin və bazar ertəsinə mən kral ailəsi haqqında material verim. Narahat olmayın, əsas xəbər deyil, xəbərdən sonrakı gərginlikdir”.
“Observer” qəzetinin köşə yazarı Donald Trelford isə 21 sentyabr, 1986-cı ildə yazırdı: “Kral ailəsi haqqında maraq doğuran o qədər material var ki, nəyin düz, nəyin səhv olduğunu müəyyən etmək çətindir”.
Kraliça həmişə tənqidə etiraz etmədiyini, ancaq bunu yumorla və yumşaq görmək istədiyini bildirir. Bir dəfə o, “VS” qəzetini müəllif hüquqlarını pozduğuna görə məhkəməyə verir. Qəzet onun Yeni il qabağı təbrik nitqini əldə edərək onu iki gün əvvəldən dərc etmişdi. Qəzet ona məhkəmə xərclərini ödəməyə və xeyriyyə işlərinə 200 min funt-sterlinq ayırmağa məcbur olur.

Xəsislik “kraliçası”

II Yelizaveta 2008-ci ilin mayında Türkiyəyə səfəri zamanı Anıtqəbir Kompleksində yazıb: “Mustafa Kamal Atatürkə ehtiram bildirmək mənim üçün böyük şərəfdir. O, Birləşmiş Krallığın son dərəcə dəyərli dostu və çağdaş tariximizin böyük şəxsiyyətlərindən biridir”.
Yelizaveta 600-dən çox xeyriyyə cəmiyyətinin hamisidir. İstirahətinin əsas maraq dairəsi atlar və itlərlə olmaqdır. O, saya palto geyməyi və başına dekorativ şlyapalar qoymağı xoşlayır. Bu geyim onu kütlə arasında həmişə fərqləndirir.
Kral ailəsinin istifadəsində olan mülk və qiymətli əşyalar xalqın mülkiyyəti hesab edilir və satıla, hədiyyə edilə bilməz.
II Yelizaveta və oğlu şahzadə Çarlz 2009-cu ildə mülklərinin kirayəsindən 2 milyon dollar qazanıblar. Kirayə verilən mülklər arasında Şotlandiya və digər bölgələrdəki qəsrlər də var. Bu qəsrlərin kirayəsindən kraliça 750 min dollar gəlir əldə edib. Şahzadə Çarlz isə İngiltərənin qərbindəki bağ evlərinin kirayəsindən 1,2 milyon dollar qazanıb. İstənilən şəxs kirayə haqqını öncədən ödəməklə qəsrlərdən birini və ya bağ evlərini kirayə götürə bilir. II Yelizaveta və Çarlz xeyli maliyyə vəsaiti qazansalar da qənaətcil şəxslər kimi tanınırlar. Məsələn, kraliçanın Bukinhem sarayındakı yorğan-döşəyinin illərlə dəyişmədiyi, Edinburq hersoqu olan ərinin isə 1950-ci illərdən qalma kostyumu geyindiyi bildirilir.

Futbolçu arvadına uduzan kraliça

Kraliça 59 il taxtda əyləşən III Georqu da bu il geridə buraxdı. Böyük Britaniyanın tarixi kraliçası Viktoriyanın göstəricisini yeniləmək üçün Yelizaveta 2015-ci ilə qədər taxtda qalmalıdır. Viktoriya 64 il Dumanlı Albiona rəhbərlik edib.
2010-cu ilin oktyabrında Böyük Britaniyanın “Milli Jurnal Şirkəti” (“National Magazine Company”) tərəfindən jurnal redaktorları arasında keçirilən rəy sorğusunda iştirak edənlərin fikrincə, ölkənin ən nüfuzlu qadınları siyahısında II Yelizaveta, Harri Potter haqqında əsərlərin müəllifi, yazıçı Coan Roulinq və futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhemdən sonra üçüncü pillədə qərarlaşır. Buna baxmayaraq, o, rəsmən şəxsi bayrağı və ailəsinin şəxsi möhürü olan tək qadındır...

Elbəyi HƏSƏNLİ

11679 dəfə baxılıb

Xəbəri paylaş

[09.05.2012] - NAZİRLƏRİN DƏ NƏZİR VERDİYİ OCAQDA BİR SAAT...

[14.04.2012] - “BAKININ MƏRKƏZİ KARNAVALI XATIRLADIR”

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

ARXIV

Yeni MÜSAVAT © 2008