|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Qızlar, minəcəksinizsə, qatarı saxlatdırım, keçiddən keçin”. Metronun "Əzizbəyov" stansiyasının qabağında, qan-tərə batıb, qaça-qaça elektrik qatar dayanacağına tərəf yönəlirik. Bəs qatar saat 18.20-də hərəkət etməliydi, niyə belə tez tərpənir? Amma bu nazik təklifə “yox” deməyib (zarafat deyil, bizimçün hansısa “QAZel” yox, qosqoca qatar saxlatdırılıb-S.T), keçidə düşür, 2 dəqiqə sonra isə qatara çatırıq. O da nə? Qatarın bütün qapıları bağlı, maşinistinkindən başqa. “Bura minin, növbəti dayanacaqda düşüb içəri keçərsiniz”. Maşinistin kabinəsinə keçər-keçməz qatar “götürülür”. Bizə jest edən maşinist köməkçisi isə deyir ki, qatarın "Əzizbəyov" dayanacağından çıxacağı vaxtı ötürdüyümüz üçün kabinədə bir stansiyalıq “cəza” çəkməliyik. Sonrası Allah kərimdi, yəni, vaqona keçəcəyik. Təcrübəsiz və məlumatsız jurnalistlər üçün bundan böyük nə jest ola bilər? Maşinist səninçün qosqoca qatar saxlatdırıb, əks halda, elə ordaca quzu kimi boynunu büküb qala bilərdin. Çünki bu günlük bu, həmin istiqamətə gedən sonuncu qatarmış... Amma az keçmədən bu “xeyirxahlığın” səbəbini öyrənirik. Maşinist köməkçisi deyir ki, yolpulunu onlara verməliyik. Nə qədər? “20 qəpik bəsdir”. Bir qədər səxavət nümayiş etdirib, iki nəfərə 50 qəpik ödəyir və qalığı istəmirik. Və elə ordaca bizə eşitdirirlər ki, “vaqona keçəndə nəbadə yol pulu verəsiniz ha, deyin ki, maşinistə ödəmişik”. Amma bu anons rahatladıcı olmur, çünki cəmi iki saniyədən sonra öyrənirik ki, yanlış qatara minmişik. Bu, Bakı bağlarına yox, Sumqayıta tərəf hərəkət edirmiş. Bizim gözlədiyimiz qatarsa elə bildiyimiz saatda, yəni, 18.20-də "Əzizbəyov" stansiyasından çıxırmış. Maşinistlər bilet nəzarətçiləri ilə yola getmir
Nəsə, növbəti dayanacaqda salona keçir və yerimizi rahlayırıq. Bir neçə stansiya Sumqayıt sakinlərinin dərd-sərini dinləməyin nəyi pisdir? Ziyanın yarısından da qayıtmaq olar, iki stansiya sonra - Sabunçuda düşüb, Bakı kəndlərinin sakinləriylə yol yoldaşı olmaq şansımız hələ ki, qalır. Dəqiqə bir, qol bir! Maşinist köməkçisinin verdiyi vədin yanlış olduğu elə ilk saniyədə bilinir. Bilet nəzarətçiləri gəlib yolpulu istəyəndə “biz maşinistə vermişik” cavabımız aləmi bir-birinə qatır. Nəzarətçi qadın: “O pulun bizə heç bir aidiyyəti yoxdur. Gecikmisiz, cərimə ödəmisiniz də. Amma yolpulunu mütləq verməlisiniz. Onsuz da camaat 10 qəpiyi verincə canı çıxır. Bu da təzə bəhanədi”. “Səhər xlor, axşam xlor, az qalıram yatanda da xlorla çimim”
20 qəpiyə görə çıxardığımız “şivən”dən sonra yol yoldaşlarımla danışmağa başlayıram. Əksəriyyəti xlorsatan qadınlardır. Sumqayıtdan gətirdikləri xlorları Bakıda “əridirlər”. Bizi müdafiə edən 54 yaşlı Güləsər adlı qadın deyir ki, hər gün elektrik qatarına minir. Dediyinə görə, Sumqayıta getməkçün avtobuslara 50 qəpik ödəmək lazımdır: “Amma bu qatar sərf edir - cəmi 10 qəpik. Özü də avtobusa minəndə gərək sürücüyə də xahiş-minnət edəsən ki, xlor bidonlarına içəridə yer eləsin. Maşallah, indi Sumqayıta getməkçün gərək avtovağzala qədər yol ölçəsən. Ən yaxşısı budu, amma hərdən bu ”biletçi"lərin dava-dalaşı olmaya da". “Kasıbın bir elektrik qatarı var, onu da elə kasıbın gününə salıblar”
Söhbətə, osmanlı türkləri demiş, qulaq müsafiri olan təqaüdçü Mirzə dayı da deyilənləri təsdiqləyir. Deyir ki, kasıbın bir nəqliyyat növü qalıb - o da elektrik qatarıdır: “Onu da elə kasıbın gününə salıblar. Vaxtilə tramvayımız, trolleybusumuz vardı, onları xətdən götürdülər. Təkcə qalıb bu qatar. Heç olmasa burda hərdən pul vermədən gedə bilirik. Elə olur ki, nəvələri də götürüb gəlirsən şəhərə. Avtobusa minsən, ən azı 3 manat xərcin çıxır. Burda isə 30-40 qəpiklə mənzilbaşına çatmaq olur. Amma adamı incidirlər. O boyda Sumqayıt camaatını sutka ərzində cəmi iki dəfə mənzilbaşına çatdırırlar”. “Qatarda gedəndə nə ”probka" görür, nə sürücünün söyüşünü eşidir, nə də ayaq üstə qalırsan"
Bu da Sabunçu. Sumqayıt sakinləri ilə az-çox söhbətləşib, Sabunçuda düşür və Bakı bağlarına gedən qatarı gözləməyə başlayırıq. Şəkildə gördüyünüz cavan oğlan - Fəqan da bizimlə birgə gözləyir. Dediyinə görə, o da sonuncu dayanacağa - Buzovnaya qədər getməlidir: “Burdan bağa 40 dəqiqəyə çatıram. Yolda ”probka" yox, sürücünün söyüşünü eşitmək yox. Ayaq üstə də qalmırsan, yer tapırsan oturmağa. Üstəlik, qatarla 10 dəqiqə daha tez çatıram, nəinki avtobusla. Bunun nəyi pisdir ki?" Keçmiş maşinist tumsatan olub - “kasıbınkı yaydır, camaat sokdan içir, biz də pul qazanırıq” İçəri keçir, yerimizi rahlayır və bu dəfə ədəb-ərkanla yolpulumuzu ödəyirik. Bu da səyyar satıcılar. Onlar da içəri girən kimi var-gəl etməyə başlayırlar. Tum, peçenye, meyvə şirəsi, çubuq - canın nə istəyirsə... Şəkildə gördüyünüz Vera xanım da həmin satıcılardandır. Dediyinə görə, vaxtilə dəmiryol işçisi olub. Sonra Sovetlər dağılıb, onu da işdən çıxarıblar. Başlayıb alverə - öncə metronun qabağında, son 10 ildə isə qatarda. Müsahibim hər nə qədər “metistəm” deyib, milliyyətini gizlətmək istəsə də, danışıq ləhcəsindən düşmən millətin nümayəndəsi olması dərhal hiss olunurdu. Həm də satdıqlarından bir neçə “nüsxə” almamış danışığa razılaşmadı - mənşəyi bəlli olmayan Vitafru şirəsi, Piknik peçenyesi və bir qutu tum... Rüşvətini alandan sonra deyir ki, hələlik, qatarda alver etdiyinə görə onu heç kim incitmir: “Mən bura axşamlar gəlirəm. Minirəm Sabunçudan, gedirəm ta Buzovnaya qədər, sonra da "obratnı". Günün axırına qədər az-çox alver edirəm. Yayda alver daha güclü olur - camaat meyvə şirəsini çox alır. Kasıbınkı yaydı, qoy hamı susasın, mən pul qazanım. Özü də mən bunları bütün gün buzun içində saxlayıram ki, camaata sərin satım. Bazarım xod gedəndə günə 3 manat da qazandığım olur. Pensiyam da var - 60 manat. Ərim yox, uşaqlar Rusetdə(?-S.T), pis-yaxşı dolanıram da, neynim?" Qatarda dilənçinin bazarı “xod” getmir Az keçmədən ictimai nəqliyyatın vazkeçilməzlərindən olan dilənçi də görünməyə başlayır. 10-12 yaşlı qızcığaz istinin də təsirindən dodağının altında mızıldana-mızıldana vaqonun içində var-gəl etməyə başlayır. Maştağa sakini Ənvər kişi deyir ki, bunların ağlı yoxdur, qatara minən elə bunların öz günündədi, dilənçi kimidi, kimdi pul verən? İnsafən düz deyirmiş, çünki müşahidələrim camaatın bu qızcığaza acımadığını göstərirdi. Təhlükəli anons - Suriya prezidenti dəmiryolunu “kəsib” Az keçmədən vaqonu təhlükəli bir anons başına götürür. Bilet nəzarətçilərindən biri deyir ki, qatar Buzovnaya qədər getməyəcək. Neyçün ki, Suriya prezidenti Bakıya gəldiyi üçün yolları bağlayıblar. Hətta dəmir yolunu da. Camaatın etiraz səsi də bir anda vaqonu başına götürür. “Hökumət pul qazanmaq üçün avtobusları xəttə buraxır” Maştağaya - xəstə anasını ziyarət etməyə gedən 37 yaşlı Təranə xanımsa deyir ki, indi o, məcburən, Bakı kəndlərinə getmək üçün 3 manat ödəyib taksiyə minməlidir: “Bəlkə heç mənim cibimdə 20 qəpikdən başqa pul yoxdur? Belə məsuliyyətsizlik olar? Bu millət elə avtobusda bir-birinin tər iyindən boğulub ölmək üçün yaranıb? Belə rahatçılıq bizə çoxdur? Öz ciblərinin dərdindən avtobusları buraxırlar xəttə. Amma dəmiryol xətti bunlara sərf etmir axı”. Nəzarətçi-kassir “biz 60 manatlıq planı nəylə ödəməliyik?” deyir Bu yerdə nəzarətçi-kassir də söhbətə qarışır. O da bizdən xahiş edir ki, eletrik qatarlarının sayının azaldılması ilə bağlı camaatın narazılığını qəzetdə çatdıraq: “Bax, camaat bildi ki, qatar axıra qədər getməyəcək, yolpulu vermir. Düz də eləyir. Amma biz də plan ödəməliyik. Ayda 60 manat planı öz cibimdən qoymalıyam? Qatarları artırsınlar ki, camaat da rahat nəfəs alsın, biz də”. “32 kəndin camaatına bu qədər hörmətsizlik olmaz!” “32 kəndin camaatına bu qədər hörmətsizliyin səbəbini bizə izah etsinlər” deyən Buzovna sakini Məmmədtağı kişi isə gün ərzində qatarların məhdud sayda hərəkətini hökumətin camaata sayğısızlığı ilə əlaqələndirir: “Vaxtıyla saatımızı da qatarların gedib-gəlmə saatına görə düzəldərdik. İndi şəkərbura kimi bayramdan-bayrama görünürlər. Avtobus mənim düz evimin qabağına getmir. Gərək toz-torpağa bulaşıb, neçə kilometr ayaqla gedim. Amma qatar düz evin qabağından keçir. Deməli, bizi nəzərə almaq lazım deyil hə? Əsas məmurlar, biznesmenlərdir ki, onların bağına gedən yol hamar olsa, bəsdi”. Sevinc TELMANQIZI 1351 dəfə baxılıb
|
[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR [14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR [12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI [10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR [08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ [26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB [08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR [01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ [24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ [21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ [15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR... [08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR [23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR” [19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI [16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ [12.04.2010] - ULU ÖNDƏRİ YETİŞDİRƏN KƏND - NOVXANI... [05.04.2010] - QƏDİM ROMALILARIN KƏNDİ - RAMANA [29.03.2010] - YESENİNİN İRAN BİLDİYİ KƏND - MƏRDƏKAN [28.03.2010] - HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ [15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI |
| Yeni MÜSAVAT © 2008 |
|