 |
Proje
SAMUXDA ŞƏRAB ZAVODUNU 7 MİN DOLLARA NECƏ ÖZƏLLƏŞDİRDİLƏR
Qarayeri sovxozunun direktoru torpaqları qohumlarına paylayıb, klubu şadlıq evinə çevirib, inzibati binanı isə həyat yoldaşına verib
|
Azərbaycanda kolxoz və sovxozların özəlləşdirilməsi zamanı baş verənləri məzhəkə adlandırmamaq qeyri-mümkündür. Analoqu olmayan məmləkətimizdə analoqu olmayan aqrar islahat kompaniyası həyata keçirildi. İcra başçıları, rayon prokurorları, polis rəisləri kolxoz-sovxoz rəhbərləri ilə əlbir olaraq əhaliyə çatmalı olan əmlakı mənimsədi. Bir sözlə, islahat aparılan kolxoz-sovxozların əmlakından aşağıdan yuxarıya qədər bütün məmur ordusuna pay çatdı. Əmlaksız qalan isə ömrünü tarlalarda çürüdən Azərbaycan kəndlisi oldu. Talan edilən belə sovxozlardan biri də Samux rayonundakı Qarayeri sovxozudur. SSRİ dönəmində Azərbaycanın ən varlı sovxozlarından biri olan Qarayeri sovxozunun 2 şərab zavodu, 1875 hektar torpaq sahəsi, xeyli inzibati binaları, kənd təsərrüfatı texnikası və aqreqatları olub. Aqrar islahatdan sonra isə şərab zavodları dağıdılıb, texnika ayrı-ayrı şəxslərə satılıb və üzüm sahələri qırılıb. İndi üzüm sahələrinin yerində yonca əkilir. Qarayeri sovxozunda aqrar islahat bir necə il əvvəl başa çatsa da məhkəmə çəkişmələri hələ də davam edir. Redaksiyamıza müraciət edən kənd sakinləri əmlak və torpaq paylarını hələ də ala bilmədiklərini söylədilər. Qarayeri kənd sakinləri baş verən çoxsaylı qanun pozuntuları ilə yerindəcə tanış olmaq üçün bizi kəndlərinə dəvət etdilər.
Milyonçu sovxoz direktorunun əməlləri
Qarayeri sovxozu sovet vaxtı Kamal Kazımov adına Üzüm İstehsalı və Emalı Müəssisəsi adlandırılıb. 1997-ci ildə Rasim Məmmədov adlı biri ölkənin ən varlı sovxozuna direktor təyin edilir. Həmin ildən etibarən sovxoz ləğv edilərək Yerli Aqrar İslahat Komissiyası (YAİK) yaradılır. Və təbii ki, R.Məmmədov YAİK-in sədri «seçilir». Bundan sonra Qarayeri camaatının qara günləri başlayır. R.Məmmədov vəzifəsindən sui-istifadə edərək sovxozun əmlakını və yüzlərlə hektar torpaq sahəsini yaxın qohumlarının adına özəlləşdirir. Yerli sakinlərin verdiyi məlumata görə, R.Məmmədov sovxozun 23 hektarını həyat yoldaşı Tamella Məmmədovaya, 20 hektarını qardaşı oğlu Ramiz Məmmədova, 35 hektarını isə kürəkəninə verib.
Bundan əlavə, R.Məmmədov kənd klubunu öz adına özəlləşdirib. Klub hazırda şadlıq evi kimi fəaliyyət göstərir. R.Məmmədov bələdiyyə sədri seçildikdən sonra sovxoza məxsus inzibati binanı həyat yoldaşının adına sənədləşdirib. O, sovxozun üzüm bağlarının suvarılması üçün nəzərdə tutulan süni suvarma sisteminin 120 millimetr diametri olan 1600 metr uzunluğunda dəmir boruları, 39 kilometr uzunluğunda azbest boruları, 10 kilometr uzunluğunda 50 mm dəmir boruları sataraq mənimsəyib. Qarayeri camaatı sovxoz direktorunu 10 hektar palıd və qoz meşəliyini satmaqda və sovxoza məxsus dükan və yeməkxanalara sahib çıxmaqda ittiham edir. Yerli sakinlərin sözlərinə görə, R.Məmmədov sovxoza məxsus 2 ədəd «MTZ-80» markalı traktoru, 1 ədəd «Niva» markalı kombaynı, «T-150» markalı əkin traktorunu, 700 ton tutumu olan soyuducunu, mal tövlələrini və qoyun yataqlarını naməlum şəxslərə sataraq mənimsəyib. R.Məmmədov sovxoza məxsus şərab emalı zavodlarından birini atasının adına sənədləşdirərək ələ keçirib. Digər şərab zavodu isə icarəyə verilmək adı altında dağıdılıb. Biz Qarayeridə olanda camaat danışırdı ki, R.Məmmədov bələdiyyə sədri seçiləndən sonra da qanunsuz əməllərindən əl çəkməyib. Yerli sakinlər həyətyanı torpaq sahəsi ala bilmədikləri halda bələdiyyə sədri qızlarının, özünün, həyat yoldaşının, anasının adına 10 həyətyanı sahə alıb. Qanunsuz həyətyanı sahələrinin əldə edilməsi məsələsi əhalinin narazılığına səbəb olub. Sakinlər məsələ ilə bağlı məhkəməyə müraciət edib. R.Məmmədov məhkəməyə saxta sənəd təqdim edərək qızlarının adına olan torpaq sahələrinin 1995-ci ildə Xanlar Rayon Xalq Deputatları Sovetinin qərarı ilə verildiyini açıqlayıb. Halbuki həmin dövrdə R.Məmmədovun övladları 3-5 yaşlarında olub. Azyaşlı uşaqlar üçün isə qanunla həyətyanı torpaq sahəsi verilmir. Bir sovxozun az qala bütün əmlakına sahib çıxan R.Məmmədov qısa müddət ərzində milyonçuya çevrilib. Yerli sakinlərin sözlərinə görə, R.Məmmədovun milyonları onu məsuliyyətdən azad edir. Belə ki, R.Məmmədovun qanunsuz əməllərindən edilən şikayətlərə məhəl qoyulmur.
Sədrin öz atasına 7 min dollara satdığı zavod və...
Qarayeri kəndində olarkən sakinlər bizə 1886-cı ildə alman Forer qardaşları tərəfindən inşa edilən şərab zavodunu göstərdilər. Forer qardaşları Qarayeri kəndində üzüm bağları saldırıb. Qardaşlar üzüm yığımı və şərab istehsalı zamanında Qarayeri kəndində qalıblar. O dövrdə zavodda istehsal olunan şərab Avropada satılıb. Qarayeri şərabı dəfələrlə Avropada keçirilən şərab festivallarının qızıl mükafatına layiq görülüb. Bolşevik inqilabından sonra zavodun alman sahibləri Azərbaycanı tərk edib. Yerli sakinlərin sözlərinə görə, şərab zavodunun çox unikal zirzəmisi var. 10 metr dərinliyi olan zirzəmi qırmızı kərpiclə hörülüb. Bir zamanlar zirzəmidə palıd çəlləklər olub. Sakinlərin sözlərinə görə, R.Məmmədov YAİK sədri olduğu dövrdə şərab zavodunu atası Rəhim Məmmədova cəmi 7 min dollara satıb. Zavoda məxsus 100 ədəddən artıq Polşada istehsal olunan 12 tonluq alüminium, 50 tonluq 10 ədəd 200 tonluq 15 ədəd dəmir cənlər sökülərək satılıb. Şərab zavodunun zirzəmisində olan qədim palıd çəlləklər parket sexlərinə satılıb. Sakinlərin sözlərinə görə, zavod satılarkən qiymətləndirilməyib. Bundan əlavə, zavodun anbarlarında olan çaxır və konyak spirti mənimsənilib. Qədim şərab zavodunun dağıldıqdan sonra bölgədə üzümçülük də məhv edilib. Belə ki, Qarayeri şərab zavodlarında ətraf kolxoz və sovxozların da üzümü emal edilib. Zavodlar sıradan çıxandan sonra əhali üzüm bağlarını qırmalı olub. Sovxozun digər şərab zavodunun da əmlakı talan edilib. Qarayeri kəndində olarkən almanlar tərəfindən inşa edilən zavoda girə bilmədik. Zavod özəl mülkiyyət olduğundan kənar adamı içəri buraxmadılar. Lakin bir necə hektar ərazisi olan şərab zavodunun təkcə divarlarının qiymətinin 7 min dollardan qat-qat baha olduğunu görmək elə də çətin deyildi. Kəndin mərkəzində yerləşən zavodun divarları bişmiş kərpicdən hörülüb və həqiqətən də Qarayeriyə xüsusi gözəllik verir. Digər şərab zavodunda olarkən 1 saylı şərab zavodunun yalnız bir necə binasının qaldığını müşahidə etdik.
Və 76889 saylı cinayət işi
Bizimlə görüşən kənd sakinləri Natiq Rəhimov, Həsrət Dadaşov, İsmayıl Bağırov və başqaları R.Məmmədovun əməlləri barədə məhkəmələrə və Baş Prokurorluğa müraciət etdiklərini söylədilər. Sakinlər deyir ki, rayon məhkəməsi, Gəncə Apelyasiya Məhkəməsi, Daşkəsən Rayon Məhkəməsi və Ali Məhkəmənin mülki işlər üzrə məhkəmə kollegiyası R.Məmmədovu müdafiə edib: «Azərbaycan məhkəmələri cinayətə göz yumub. Məsələ ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəyik». Qarayeri camaatının deməsinə görə, baş prokuror Zakir Qaralov kənddə baş verən qanunsuzluqlarla bağlı cinayət işi qaldırıb. Qarayeri bələdiyyəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Samux rayon şöbəsinin vəzifəli şəxslər barədə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə 76889 saylı cinayət işi başlayıb. Cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, daha sonra Samux Rayon Prokurorluğuna tapşırılıb. Cinayət işini Samux Rayon Prokurorluğunun böyük müstəntiqi Kənan Ələsgərov araşdırıb. Birtərəfli qaydada aparılan araşdırmanın sonunda cinayət işinə xitam verilib. Sakinlər bizə cinayət isinin xitam edilməsi barədə qərarın surətini təqdim etdilər. Müstəntiq qəbul etdiyi qərarda bir sıra qaranlıq məqamların üstündən sükutla keçib. Belə ki, istintaq zamanı sübut olunub ki, R.Məmmədov bələdiyyə torpaqlarından 23 hektarını həyat yoldaşı Tamella Məmmədovaya, 20 hektarı qardaşı oğlu Ramiz Məmmədova, 35 hektarını isə kürəkəninə satıb. Amma müstəntiq bir ailənin hektarlarla torpaq sahəsinə sahib çıxmasına nədənsə əhəmiyyət verməyib. Bələdiyyə torpaqlarının qısa müddətdə satılması qanunsuzdur. Digər tərəfdən, Tamella Məmmədovanın istintaqa ifadəsi nədənsə nəzərə alınmayıb. O, ifadəsində 23 hektar torpağı guya 1988-ci ildə aldığını bildirib. Həmin torpaq sahəsində ferma tikdirdiklərini qeyd edib. Halbuki 1988-ci ildə Azərbaycanda sovet hakimiyyəti mövcud idi və xüsusi mülkiyyət qadağan edilmişdi. Hər hansı bir vətəndaşın 23 hektar torpaq sahəsinə və şəxsi fermaya sahib olması mümkünsüz idi. Lakin istintaqa təqdim edilən digər sənəddə həmin torpaq sahəsinin Qarayeri bələdiyyəsinin 23 iyul 2003-cü il tarixli 09 saylı qərarı ilə satıldığı göstərilir. İstintaq sənədlərində 487 hektar torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsinə də haqq qazandırılıb. İstintaq zamanı ifadə verən R.Məmmədov şərab zavodunun atasına satılması faktını təsdiq edib. O, ifadəsində şərab zavodunu «Qara Çanaq» firmasına satdığını və əldə olunan gəlirin əmək haqlarına ödənildiyini qeyd edib. Lakin müstəntiq zavodun neçəyə satılmasını araşdırmayıb. Ümumiyyətlə, cinayət işi ilə tanış olanda istintaqın obyektiv aparılmadığı ilk baxışda hiss edilir. Yerli sakinlər isə 1886-cı ildə istifadəyə verilən zavodun cəmi 7 min dollara satıldığını iddia edir. Hökumət orqanları xalqa inanmır. O, düz desə də... Əfqan MUXTARLI, Bakı - Qarayeri - Bakı 663 dəfə baxılıb
|
[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR [24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR [23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ [18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR [02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ [23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR [14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR [12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI [10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR [08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ [26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB [08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR [01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ [24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ [21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ [15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR... [08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR [23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR” [19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI [16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ ARXIV
|