30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

ÖZGƏ ATINA MİNƏN TEZ DÜŞƏR, BƏS ÖZGƏ PALTARI GEYƏN?

Bakının kirayə paltar mağazalarında kriminal olaylar da baş verir

- Sizin yerinizi dəyişdirəcəm. Bezmişəm bu söz-söhbətdən. - Mənlik deyil. Heç kəs burda mənə hədə-qorxu gələ bilməz. Gətirdiyim fasonu satacam. Gör heç dəxli var? - Sən o fasonu as, gör gününü. Gör mən sənin “toçka”nı başına uçururam, ya yox?

İçəri girən kimi “razborka” ab-havası vurur bizi. Səslər qarışır, hirsdən pörtmüş sifətlər, dalaşanları ayırmaq istəyən mühafizə xidmətinin  əməkdaşları... Öz aləmimizdə rahat bir yerə gəlmişik - Bakının “Laçın” Univermağına. Univermağın kirayə paltarlar şöbəsinə girib maraqlanmaq istəyirik ki, görəsən, insanlar son illər kirayə paltarlara niyə bu qədər maraq göstərir, bunun mənfi-müsbət tərəfləri nədir və sair. Amma bu qalmaqal bir anda bütün planlarımızı alt-üst edir.
Yuxarıdakı  gərgin dialoq şöbənin iki satıcısı və mühafiə xidməti əməkdaşı arasında baş verir. Öyrənirik ki, sən demə, bu bazarın da sərt qaydaları varmış. Şöbədəki satıcılardan biri digərinin şöbəsindəki ən “bərkgedən” paltarın eynisindən  alaraq, asıb yuxarıdan. Bu da istər-istəməz satıcılar arasında narazılıq  yaradıb...

“Bəzi ”bəylər" toyda qırmızı dəst də geyinir"

Nəsə, biz əslində bura mübahisə həll etməyə və ya mübahisəni işıqlandırmağa gəlməmişik. Məqsədimiz insanların şad günlərində işlərini yüngülləşdirən bir xidmət növünün, kirayə paltar bazarının vəziyyətini araşdırmaqdır. Öncə kişi geyimlərindən başlayaq. Əslində çoxlarına elə gəlir ki, kirayə paltarlardan ancaq bəzənib-düzənmək həvəskarı olan qadınlar faydalanır. Halbuki kişilərin də “kirayəçi”lərə zaman-zaman işi düşür.
Budur, boy-boy düzülmüş kişi kostyumları: ağ, qara, dama-dama, hətta qırmızı... İlahi, doğrudanmı qırmızı kostyum geyinən kişilər də var Azərbaycanda? Satıcı Füzuli danışır ki, bir-iki dəfə bu rəngdə kostyum kirayələyən olub: “Hərənin bir zövqü var da... Bəzən qız toyunda gəlinin istəyinə və geydiyi paltara uyğun olaraq, bəylər qırmızı rəngi tərcih edə bilər”.
Nəsə, qırmızı kostyumla bu qədər... Müsahibimizin sözlərinə görə, bu kostyumları əsasən bəylər kirayələyir: “İndi yay olduğu üçün çox az adam kostyum aparır. Bəylər ağ köynək, qara şalvar geyməyə üstünlük verir. Kimdi istidən bişə-bişə kostyum geyən? İndi ən çox ağ,  süd rəngli kostyumlar kirayələnir. Qara rəngə o qədər də meyl yoxdur. Biz də istənilən rəngdə kostyum götürürük. Qışda bəy də, onun bütün kişi qohumları da gəlib kostyum götürürlər”.
“Kostyumu götürüb 2 saat geyir, sonra üstünə ləkə salıb, dava salanlar da var”
Müsahibimiz alverdən şikayətlənir. Deyir ki, kişilərin kirayə kostyum bazarında yay ayları “ölü” dönəm sayılır: “Odu ki, indi ancaq yemək və dükanın  icarə pulunu  çıxara bilirik. Kostyumların icarə  qiyməti 20-30 manat arasıdır. Kostyumları 3 günlüyə vermirik. Bir gün gəlib aparır, səhəri gün geyinir, üçüncü gün isə qaytarır. Bizə dəxli yoxdu ki, bəy onu bir saat geyinib, ya 5 saat. Bu, qiymətə təsir etmir”.
Kostyuma hər hansı bir səbəbə görə xələl gətirən müştərilərdən kompensasiya tələb olunub-olmamasına gəlincə, satıcı özündən daha çox müştərini müdafiə xətti tutur: “Müştəri neyləsin? Toya gedir, siqaret külü kostyuma düşür, xarab eləyir və ya nəsə ləkə düşür. Özündən asılı olmaya da bilər. 280 manata aldığım kostyumu 40 manata 4-5 dəfə kirayə  verəndən sonra pulunu  çıxarıram. Yeri gəlmişkən, deyim ki, kostyumları köynəklə birgə kirayə verə bilirik. Amma imkan olmayanda yalnız kostyumu verirəm. Kostyumun kirayəsi onun qiymətindən asılıdır. Məsələn, 80 manatlıq kostyumu 20,  280 manatlıq kostyumu isə 40 manata kirayə veririk. O ki qaldı ziyanın ödənilməsinə, bunu insanların vicdanına buraxmışam. Elə adam var ki, siqaretlə yandırıb gətirib pulunu verir. Eləsi var ki, deyir ki, bu kostyum geyinilmək üçündür”.
Amma “ÇP”lər bununla yekunlaşmır. Müsahibimizin müştəriləri arasında “at işləməz” yolları bilənlər də olub. Tutaq ki, müştəri axşam saat 6-da qatılacağı toyda geyinməkçün saat 5 radələrində mağazaya gəlir. Bəyəndiyi kostyumu götürür, iki saat toyda “şellənir”, sonra isə üstünə ləkə töküb gəlir Füzuli bəyin üstünə: “Qışqır-bağır salır ki, bu nə kostyumdu mənə vermisən? Evə getmişəm, məlum olub ki, üstündə ləkə varmış. Mən bunu toya necə geyinim? Verdiyi pulu geri alır, üstəlik də bizi söyüb gedir. Əslində mən də yaxşı bilirəm ki, çıxardığı hoqqadır. Amma neyləyəsən ki, hər bunun kimisi ilə davaya, əlbəyaxaya çıxsam, gərək alver etməyim. Zəmanə pisdir, insanlar da bir-birini aldatmağın bütün yollarını öyrəniblər”.

“Bizim kişilər orta boyludur”

Kirayə verdiyi kostyumları Türkiyədən gətirdiyini deyən Füzulu ölçülərdən narazılıq edir: “44, 46, 48 ölçülü kostyumlar daha çox geyinilir. 50, 52, 54 ölçü isə ”işləmir". Amma bunu bizə dəst  verirlər deyə, hamısını götürməyə məcbur oluruq. Bizim kişilər əsasən 42- 46 ölçülü kostyum geyinirlər".
Yaxşı, bəs bu boy-boy düzülmüş kostyumlar neçə vaxtdan bir təmizlənir, səliqə-sahmana salınır? Füzuli “”ximçistka"lar sağ olsun" deyir. Dediyinə inansaq, hər “kirayənişin” paltarı gətirəndən sonra dükan sahibi onu kimyəvi təmizləməyə aparır: “Kostyum təmiz olmasa, onu kim geyinəcək?”
“Özgə geyiminin düşər-düşməzi olur” kimi deyimlər xalq arasında populyarlıq qazanıb. Maraqlıdır, kirayə paltar bazarına müraciət edənlərin belə tərəddüdü olurmu? Füzuli: “İndi insanlar belə şeylərə inanmır. Bu saat camaat ancaq cibinə inanır. İndi hardadır ki, qız evi oğlana 500 manatlıq kostyum alsın, oğlan evi gəlinliyə 1000 manat xərcləsin?”

“Qadınlar açıq gecə geyimlərinə üstünlük verir”

Bu isə qadınların “ucuz və sərfəli” şəkildə toya hazırlandıqları şöbə - yəni kirayə qadın paltarı şöbəsi. Sevil adlı satıcı qadınların daha çox açıq geyimlərə üstünlük verdiyini deyir: “İndi yaydır, ona görə əlvan rənglər istəyirlər, qış olanda qara rəngdə paltar axtarırlar. İndi kök qadınlar arıq, arıq qadınlar kök görünmək istəyirlər, ona uyğun geyim seçirlər”. Toya, ziyafətə paltar məsələsini neçəyə “həll etmək” sualına gəlincə, satıcı qiymətləri sadalayır: “Ən aşağısı 10 manat, yuxarısı 50 manatdan normal toy paltarı əldə edə bilərsiniz”.  Satıcı deyir ki, hər istifadədən sonra paltarı evə aparıb yuyur: "Elə paltarlar olur ki, kimyəvi təmizliyə veririk. Amma daha çox evdə yuyuruq. Bəzən müştəri aparıb özü yuyur. Paltara nəsə ləkə düşsə, ya da cırılsa müştəridən kompensasiya tələb etmirik. Onun əvəzində ləkəni yuyur, cırıq olan yeri isə paltardan kəsib götürürük".
Paltarın maya dəyərini çıxarmağın alverdən asılı olduğunu deyən Sevil xanım bəzən onun pulunu aylarla çıxara bilmədiklərini deyir: “Varlının pulu var, gedib gözəl paltarları satın alır. Bura gələnlər əsasən kasıblardır. Paltarın maya dəyərinə gəldikdə, elə olur ki, 1 ilə onun maya dəyərini çıxara bilmirik”.
Sən demə, bu bazarda uşaq paltarı da kirayə verilir. 2 manatdan başlayan uşaq paltarları həm oğlan, həm də qız uşaqları üçün nəzərdə tutulub. Kirayə bazarın digər atributların biri də ayaqqabıdır. Burada 4 manatdan başlayaraq müxtəlif tipli ayaqqabılar kirayə verilir.

“O dələduz mənim 400-500 manatlıq malımı oğurlayıb qaçdı”

Amma söhbəti heç də moda ab-havasında davam etdirə bilmirik. Neyçün ki, az keçmədən bu bazara da dələduzların dadandığı və satıcıları böyük miqdarda ziyana saldıqları da məlum olur. Mahirə adlı satıcı danışır ki, iyulun 5-də Aytən adlı qadın ona filmlərdə belə görmədiyi şəkildə “atıb”: “Bu qadın məndən başqa 7 nəfər satıcının da başına eyni oyunu açıb. Demək, bu Aytən mənə Naxçıvandan gəldiyini, imkanı olmadığını, bütün qohum-əqrəbasına toyda geyinmələri üçün paltar lazım olduğunu dedi. Özünün vəsiqəsini  qoydu. Bizdə kirayə paltarlar vəsiqə ilə verilir. 6 dəst paltar, 3 dəst komplekt, 1 qolbağı alıb apardı. Ən çox məndən mal apardı. O gedən getdi”. Bundan sonra satıcı onun axtarışına başlayıb: “Dedi ki, bir günə gətirəcəm. Biz onun şəxsiyyət vəsiqəsindəki ünvana yollandıq. Dedilər ki, burda belə qadın yaşamır, şəxsiyyət vəsiqəsini itirib. Naxçivanskidə yaşayırdı, indi də Günəşliyə köçüb. 24 -cü  polis bölməsinə  müraciət etdik. Ancaq arxasınca düşmədik. İndi bilmirik nə edək? Bəlkə sizin qəzetdə şəkli çıxsa, utanıb dələduzluq etdiyini anlayar?”
Mahirə xanımın bu şikayətini aldanan digər satıcılar da eşidib, yaxınlaşırlar. Məlum olur ki, hərəsinin dükanından bir-iki paltar götürüb: “Siz onun şəklini dərc edib, utandırsanız, elə bilin ki, böyük bir savab iş görmüsüz”.

Saçı da kirayə, gəlinliyi də...

Yuxarıda yazdığım kimi, bu bazarda hər şeyi kirayə götürmək olar. Məsələn, saç şinyonlarını. Satıcıdan öyrənirik ki, şinyonların kirayəsi 5-10 manat arasında “tərəddüd edir”: “Yayda alver yoxdur. Hamı istirahətdədir. Biz şinyonları özümüz yuyub dərmanlayırıq”.
Gəlinliklər olan bölmənin satıcıları da yayda alverin zəif getdiyini təsdiqləyirlər: “Paltardan asılı olaraq qiymətlər müəyyən olunur. Sözsüz ki, təzə alınan paltarlar ilk istifadəyə daha baha kirayə verilir. Toylar azaldığına və iqtisadi böhrana görə biz də məcbur oluruq qiymətləri aşağı salaq. Modeldən asılı olaraq 100 manatdan 250 manata qədər kirayə veririk.  70 manata da kirayə götürmək olar. Yəni qiymətlər hər kəsin cibinə görədir. Gəlinliklərin üzərində çantası və “karona” da verilir".
Onu da qeyd edək ki, bütün satıcılar bazarda havasızlıqdan narazıdırlar: “Ondan yazın ki, bütün günü burada bişirik. Bizə imkan yaratsınlar”.

Adil Qeybulla: “Eyni paltarı geyən adamlardan bir-birinə virus keçə bilər”

Professor Adil Qeybulla hesab edir ki, kirayə götürülən  paltarlar gigiyena normalarına cavab verməlidir: “İstənilən halda kirayə götürülən zaman virus embrionları üst geyimlərindən insandan-insana keçə bilər. Ona görə də bu paltarlar xüsusi üsullarla təmizlənməlidir”.
Onun sözlərinə görə, kirayə bazarlara daxil olan paltarların keyfiyyəti də şübhəlidir: “Həmin parçalar insan sağlamlığı üçün təhlükəli hesab olunur. Belə mallar kirayə bazarına daxil olur. Ona görə insanlar diqqət etməlidirlər. Bu paltarları geyən ayrı-ayrı adamlardan bir-birinə virusların, bakteriyaların keçməsi ehtimalı var. Çox çirkli, rəngi dəyişmiş paltarlardan istifadə etmək məqsədəuyğun deyil”.
Professorun  sözlərinə görə, kirayədə dövriyyədə olan Türkiyədən, Çindən gətirilən paltarların keyfiyyəti istənilən səviyyədə deyil.

Nailə RÖVŞƏNQIZI

1266 dəfə baxılıb

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

[12.04.2010] - ULU ÖNDƏRİ YETİŞDİRƏN KƏND - NOVXANI...

[05.04.2010] - QƏDİM ROMALILARIN KƏNDİ - RAMANA

[29.03.2010] - YESENİNİN İRAN BİLDİYİ KƏND - MƏRDƏKAN

[28.03.2010] - HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ

[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI

ARXIV

Yeni MÜSAVAT © 2008