30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

«VOSMOY BAZARI» 7 YERƏ PARÇALANIB

Ərazidə ayrı-ayrı adamlara məxsus obyektlər fəaliyyət göstərir

Uzun illərdir ki, «Xalqlar dostluğu» metro stansiyasının yaxınlığında yerləşən «Vosmoy bazarı» ətrafında müəmmalı hadisələr baş verir. Xeyli vaxtdır müxtəlif qüvvələr bu obyektə sahib olmaq uğrunda mübarizə aparırlar. Bazara sahiblik uğrunda mübarizə 2005-ci ildən sonra daha da alovlanıb. Bunun səbəbi onunla əlaqələndirilir ki, ticarət mərkəzi sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin yaxınlarından birinə məxsus olub. Nazirin həbsindən sonra isə obyekti onun əlindən almağa çalışırlar.

Apardığımız araşdırmalar zamanı bazarla bağlı maraqlı məlumatlar əldə etmişik. Bizə bəlli olub ki, «Vosmoy  bazarı» hazırda bir yox, bir neçə adama məxsusdur. Belə ki, bu ərazi müxtəlif adamlar arasında bölüşdürülüb və hərəsinin ayrıca adı var. Bazar adamlarının dili ilə desək, bura  «altı otdeldən» ibarətdir. Birinci bölüm «göyərti bazarı» adlanır. Burada ancaq göy-göyərti və az sayda meyvə satanlar gözə dəyir. Onun ardınca isə tərəvəz və bostan məhsullarının satışı bazarı gəlir.

Sahibkarlar bir-birilərinin bazarına girmirlər!

Buradaca qeyd edək ki, bazarların rəhbərləri arasında olan razılaşmaya görə, hər bölümdə ancaq eyni çeşiddən olan məhsullar satılır. Yəni tərəvəz bazarında bostan məhsullarının satışı mümkün deyil. Başqa sözlə desək, sahibkarlar bir-birilərinin bazarına girmirlər. Üçüncü bölüm isə topdansatış bazarıdır. Belə ki, rayonlardan Bakıya kənd təsərrüfatı malları gətirən şəxslər mallarını pərakəndə deyil, topdan satmalıdırlar. Bunun üçün onlara ayrıca yer ayrılıb və bu bazar da ayrıca fəaliyyət göstərir. Topdansatış bazarında diqqətimizi cəlb edən o oldu ki, burada alver edənlər pərakəndə satış bazarından təxminən 20-30 faiz ucuz qiymətə mal təklif edirlər. Lakin təəssüf ki, alıcılar bu qiymət endirimindən yararlana bilmirlər. Çünki həmin hissədə çəki ilə az miqdarda meyvə-tərəvəz satışına qadağa var. Yəni burada məhsulları yalnız qutu ilə, yaxud da bir maşını tamamilə boşaltmaq şərti ilə satmağa icazə var.
Bazarın lap arxa hissəsində isə «İran bazarı» adlanan bölüm var. Satıcıların deməsinə görə, burada bir neçə ildir ki, əsasən İrandan və digər xarici ölkələrdən gətirilən mallar satılıb. Lakin son iki ayda həmin bazarın fəaliyyəti zəifləyib. Nədənsə, xaricdən mal gətirilməsi dayandırılıb. Bir çox satıcılar bunu yerli malların yetişməsi və meyvə-tərəvəzin bol olması ilə əlaqələndirdilər. «İran bazarı»nda alver tamamilə zəiflədiyi üçün orada hazırda qarpız-yemiş satışı ilə məşğul olan ticarətçilər çalışır. Satıcılar bildirdilər ki, «İran bazarı» əsasən payız və qış aylarında işləyir. Çünki yerli mallar qurtarır, xaricdən gətirilən meyvə-tərəvəzin satışı üçün şərait yaranır...

3 manata ət!

Növbəti bölüm «ət bazarıdır». Bura da tam başqa bir sahibkara aiddir. Obyektivlik naminə qeyd edək ki, «vosmoy bazarı»nda müşahidə apararkən ət bazarının satış hissəsində səliqə-səhman hiss olunurdu. Amma heyvanların kəsildiyi hissədə bunun tam əksini gördük. Burada üfunət iyindən baş çatlayırdı. Satıcılar bunun onlara aid olmadığını deyərək, məsuliyyəti bazarın sahibin üzərinə qoydular. Sahibkarı isə tapıb danışdırmaq mümkün olmadı. Onun hazırda bazarda olmadığını dedilər.
«Ət bazarı»nın qarşısında da acınacaqlı vəziyyətdir. Buradan mənşəyi bəlli olmayan ucuz ətlərin, iylənmiş içalatın qoxusundan keçmək belə mümkün deyil. Maraqlandıq, bəlli oldu ki, burada 3 manata, hətta səhər tezdən gəlsən 2 manata da ət almaq mümkündür. Amma bu nə ətidir, haradan gətirilir, bilən yoxdur. Bizə o da bəlli oldu ki, ucuz əti əsasən dönərxana işlədənlər alırlar. Bu ətləri satanların əllərində təbii ki, heç bir baytar yoxlamasına dair sənəd də yoxdur...
Beşinci bazarda isə geyim əşyaları satılır. Burada 1 manatdan tutmuş 30 manata qədər köynəklər, 3 manatdan 50 manata qədər şalvarlar, 5 manatdan 80 manata qədər ayaqqabılar satılır. Geyim bazarının örtülü hissəsində isə qiymətlər bir qədər bahadır. Amma şəhərin mərkəzi ilə müqayisədə burada qiymətlər xeyli ucuzdur. Aeroportda yerləşən bazarların bağlanması isə burada ticarəti daha da gücləndirib.
Burada qiyməti 1 manata olan qısaqol köynəklərin harada istehsal olunması ilə də maraqlandıq. Bəlli oldu ki, bunlar insan orqanizmi üçün təhlükəli olan sintetik materialdan hazırlanmış mallardır. Satıcılardan birinin deməsinə görə, bu köynəkləri zibilliklərdən yığılan kapron qabları təkrar emaldan keçirərək əldə edilən materialdan Bakıda fəaliyyət göstərən gizli sexlərdə hazırlayırlar. Bunun nə dərəcədə inandırıcı olub-olmaması barədə dəqiq bir söz deyə bilmərik. Amma bununla bağlı araşdırmalarımızı davam etdirəcəyik...  
Altıncı bazarda isə əsasən köhnə məişət əşyaları satılır. Burada sovetlər dönəmində istehsal olunmuş «Vesna-9" maqnitofonundan tutmuş, "Orsk" markalı işlənmiş soyuducuya, «Oka» tipli paltaryuyan maşına, köhnə «ptiminutka»lara qədər bütün məişət cihazlarını və onların detallarını tapmaq mümkündür. Bundan başqa, burada elektrik naqilləri, dəmir-dümür, daha nələrə rast gəlmək mümkündür. Bu əşyaları əsasən evindən çölə çıxarmaq istəyənlər gətirib çox ucuz qiymətə bazara təhvil verirlər.
Yeddinci bazar isə bir neçə gün öncə yanıb. Orada santexnika və tikinti malları satılır. Hazırda həmin bazarda alış-veriş bərpa edilib. Yanan hissədə isə təmir işləri aparılır.

«Arababaza»

Bazarın sol tərəfində isə «arababaza» var. Burada xeyli sayda yanaşı saxlanılmış araba var. Buranın da yiyəsi ayrıca bir şəxsdir. Arabaçılardan öyrəndik ki, onlar arabaya görə gündə 14 manat icarəhaqqı verirlər. Gün ərzində isə qazancları 15-20 manat arasında olur. Bəzən isə işləri «xod» gedəndə 30 manat da qazana bilirlər. Dəyib-dolaşanları isə yoxdur. Yəni onlardan nə sahə müvəkkili haqq istəyir, nə də bazarların sahibi. Sadəcə, arabanın icarə haqqını ver, «arababaza»nın sahibi özü hamını razı salacaq.
«Arababaza»nın yaxınlığında isə bazarın giriş-çıxış yolunun kənarında küçə ticarəti ilə məşğul olanlar çalışır. Burada hər dəqiqə dava düşür. Səbəb isə odur ki, küçə ticarətçiləri çəkidə insanları ağlasığmaz şəkildə aldadırlar. Məsələn, biz orada olarkən bir qadın ona 4 kilo adına 3 kilo kartof satılmasından hiddətlənərək satıcı ilə davaya çıxmışdı. Qadın aldığı malın az olmasından şübhələnərək onu başqa yerdə çəkdirib və 3 kq olduğunu bilincə geri qayıdıb. Satıcı isə iddia edirdi ki, qadın özü kartofların üstündən götürüb...
Maraqlıdır ki, bu «alıb-aldatma» prosesi və onun nəticəsində yaranan davalar polis əməkdaşlarının gözü önündə baş versə də, onlar bu səhnələri sakitcə seyr edirlər.
Nəhayət, bazarda müşahidə apararkən diqqətimizi cəlb edən bir məsələyə də toxunaq. Burada yanğından qorunmaq üçün heç bir normalara əməl edilmir. Bazarlarda gözümüzə yanğınsöndürmə cihazları dəymədi. Satıcılardan biri isə dedi ki, bazarın yaxınlığında su kranları olmadığından kiçik bir alov olanda onu söndürmək müşkülə çevrilir. Bəs su kranları niyə yoxdur? Hə, bu da maraqlı məsələdir. Buna «su və çayxana mafiyası» imkan vermir. Əgər bazarın ətrafında su kranları olsa, qablarda su satanların və çayxanaların işi getməz axı...

Cibgir problemi

«Vosmoy bazarı»na alış-verişə gələnlərin ən böyük problemi isə cibgirlərlə bağlıdır. Bunu da bizə satıcılardan biri dedi. Onun sözlərinə görə, bu həndəvərdə bir dəstə cibgir dolaşır: «Bəzən onlar satıcıların da ciblərini soyurlar. Onların arxasında da kimsə dayanır. Yoxsa işləyə bilməzlər axı. Bir də görürsən bir qadının çantasını qapıb qaçdılar. Yaxud da kiminsə cibini soyub aradan çıxırlar. Cin kimi 2-3 dəqiqəyə də yox olurlar. Bəzən polislər onları tuturlar. Amma nə olsun, bölmədən açıb buraxırlar».

Bazarın qarşısında bütün gün tıxac olur

Və sonda. «Vosmoy bazarı»nın qarşısında günün istənilən saatında avtomobil tıxacı olur. Müşahidələrimiz zamanı bəlli oldu ki, burada tıxac yaranmasının əsas səbəbi yolun dar olması və bazar istiqamətində işləyən avtobusların yolu kəsib sərnişin düşürüb-mindirməsi ilə əlaqədardır. 4 cərgəli yolun hamısında avtobuslar saymazyana şəkildə dayanırlar, sərnişin götürmək uğrunda mübarizə aparırlar. Nəticədə isə burada uzunmüddətli tıxaclar yaranır. Avtobusların çoxu isə Nəqliyyat Nazirliyinin rəhbərliyinə aid olduğundan ərazidə nəqliyyat müfəttişləri gözə dəymir. Onlar bazarların qarşısında səliqə-sahman yaratmaq əvəzinə, künc-bucaqda yük avtomobillərini və taksiləri «soymaqla» məşğul olurlar.

«Yeni Müsavat»ın Reportyor Qrupu

938 dəfə baxılıb

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

[12.04.2010] - ULU ÖNDƏRİ YETİŞDİRƏN KƏND - NOVXANI...

[05.04.2010] - QƏDİM ROMALILARIN KƏNDİ - RAMANA

[29.03.2010] - YESENİNİN İRAN BİLDİYİ KƏND - MƏRDƏKAN

[28.03.2010] - HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ

[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI

ARXIV

Yeni MÜSAVAT © 2008