30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

FAYTONLAR “GƏLİN MAŞINI” BAZARINDA LİMUZİNLƏRİ SIXIŞDIRIR

Bakı qızları ağ gəlinlik geyən kimi nostaljiyə qapılır

Həyətimizə ilk dəfə limuzin gələndə qonşuların heyrətlə pəncərədən o “uzun, ağ gəlin maşın”ına zillənmiş baxışlarını hələ də unutmuram. Təxminən 1995-96-cı illər idi. Onda “inomarka”lar şəhərdə təzə-təzə şütüməyə başlayırdı. Limuzinlər isə adda-budda gözə dəyirdi. Bütün qız anaları övladlarını məhz bu “bəyaz xarüqə”də gəlin köçürmək, oğlan anaları isə qız qapısına limuzinlə getmək arzusunda idi. Həmin illərdə dəbdəbəli toyların əsas atributlarından biri də ağ limuzinlər idi.

Amma ötən 10 ildə çox şey dəyişib. Artıq limuzinlər bəy-gəlin üçün o qədər də böyük dəbdəbə sayılmır. İndi kiçik, üstüaçıq, şıq maşınlar daha populyardır. Nə sağdışa ehtiyac var, nə də soldışa. Bəy özü oturur sükanın arxasında, gəlini də böyründə. Xüsusən də yay aylarında “avtoş”lar sayağı şütüyürlər şəhərin içində.
XXI əsrin bu toy atributu ilə daha yaxından tanış olmaq üçün biz də “Xalqlar dostluğu” metrosunun girişindəki gəlin maşınlarının sahibləri ilə söhbətləşdik. Kölgədə oturub müştəri gözləyirlər. Həftənin cümə günləri onlar üçün ən işlək gündür. Çünki qarşıdan gələn şənbə-bazar toy bazarında şıdırğı günlər sayılır. Bu isə onların bazarına təsirsiz ötüşmür.

“Vaxt vardı bir gündə üç toyu yola verirdik”

Ondan başlayaq ki, şəhərdə cəmi bir neçə yerdə bu cür maşınları kirayələmək olar: “Gənclik”, “Xalqlar dostluğu” və “20 Yanvar” metrolarının həndəvərində. Hər bazarın öz müştərisi, öz maşınları var. Sahibkarların sözlərinə inansaq, artıq kirayə toy maşınları arasında limuzinlər adda-budda tapılır. Çünki nə şəhərin nəqliyyatı, nə də insanların zövqü buna cavab vermir.
Elşən Məmmədov 1988-ci ildən bu işlə məşğul olduğunu deyir. O illərdə ki, oğlan evi qız qapısına “Çayka” markalı maşınla getməyi böyük şərəf sayardı. Dediyinə görə, illər sonra “Çayka”nı “Mercedes-600", daha sonra isə limuzin əvəzlədi. İndi yenidən gənclər nostalji əhval-ruhiyyədə "Çayka"ya qayıtmaq istəyir: “Amma neyləyəsən ki, indi həmin maşınları tapmaq mümkün deyil. Cavanlar artıq gəlinlik paltarlarını da 70-ci illərə uyğunlaşdırıblar, saç düzümlərini də. Qalıb bircə maşınlar. Bəzi yerlərdə "Çayka"lar var, amma nəsə bizdə yoxdur".
Müsahibimizin sözlərinə görə, vaxt vardı cütlüklər limuzindən ötrü bir ay öncədən növbəyə yazılırdılar. O vaxt onların kirayə məbləği də “ceyran belində” idi. Elşən bəyin sözlərinə inansaq, elə gün olurdu ki, bir limuzinin 3 müştərisi çıxırdı. Onlar da hər üç toyu yola verirdilər: “Düzdür, toyun birində gəlini gecikdirirdik, o birində 6-ya qalmış çatdırırdıq. Amma vaxtın əhəmiyyəti yox idi. Onlar üçün əhəmiyyətli olanı şadlıq sarayına məhz bu maşında getmək, video çəkəndə isə bu maşından yerə düşmək idi”.
Məlum olur ki, 90-cı illərin ortalarında daha çox varlı adamlar limuzinə üstünlük verirdisə, indi heç orta təbəqə də bu maşının xidmətindən istifadə etmir. Söhbətə digər sürücü Hikmət Əliyev də qoşulur: “İndi çox adam bu maşınları bəyənmir. Onlar üçün bu, adiləşib. Daha çox balaca maşınları - "Kraysler"ləri, kabriolet modelli maşınları bəyənirlər".

“Gəlin maşını” bazarına zəngin adamlar və məmurlar da gəlir

Varlılar limuzindən daha çox qonaq qarşılamaq, hansısa məclisə getmək üçün istifadə edir. Dövlət adamları arasında da bu maşınları bəyənib onların xidmətindən istifadə edənlər var. Müsahiblərim konkret ad çəkmək istəmədi. Amma məlum oldu ki, bura hərdənbir siyasilərimizin də yolu düşür. Bəzən kimsə gəlib deyir ki, xaricdən qonaqlarımız gələcək, onları limuzinlə qarşılamaq və şəhərdə gəzintiyə çıxarmaq istəyirəm.
Maşın sahibləri deyir ki, artıq insanların limuzin xidmətindən imtina etməsinin digər ciddi səbəbi də Bakı yollarıdır. Tıxaclar, dar küçələr, göydələnlərin zəbt etdiyi səkilər... “Bu yollarda adi "Zapı"da hərəkət etməkdə çətinlik çəkir, onda qala o uzunluqdakı limuzinlər" - deyən müsahiblərimin sözlərinə görə, limuzinə oturan cütlük toya ən tezi saat 20:30-da çata bilər. Bu isə toy iştirakçılarına hörmətsizlikdən başqa bir şey deyil.
“Şevrolet” markalı maşınları kirayə verən sahibkarlar sükan arxasına özü oturmaq istəyən bəydən öncə sürücülük vəsiqəsi tələb edir. Çünki onun bu maşını Bakının basırıq küçələrində rahat sürə bilməsi üçün vəsiqə şərtdir. Yol polisləri nə toya baxandır, nə də gəlinin göz yaşına. Həmin dəqiqə aparıb maşını cərimə meydançasına, bəyi isə polisə sala bilərlər: “Bəy maşın sürə bilmirsə, ona sürücü veririk”.
Elə gəlirik mətləbin, yəni kirayə məbləğinin üstünə. Bakının bu bərkgedən maşınlarında gəlin aparmaq neçəyə başa gəlir? Sürücülərdən öyrənirik ki, üstüaçıq maşınların (kabriolet) kirayə məbləği 80 manatdır, “Mercedes-600" isə 40 manat. Bazarda tələbat yüksək olan vaxt sürücülər saatla işləyirdi, indi isə günlə. E.Məmmədov deyir ki, maşını saat 4-də kirayələyir, axşam gətirib qaytarırlar: "Çox adam toydan sonra gəlini qohumlarının xarici maşını ilə evə aparır. Elə evindən götürür, aparıb qoyur toyxanaya və maşını qaytarır. Bəzən maşını nisyə aparanlar da olur. Deyir, toydan pul yığılsın, gətirib verəcəyəm. Eləsi də var, deyir ki, əhd eləmişəm, mütləq gəlini bu maşında gətirməliyəm. Ona görə də bizə artıq pul verir".

“İndi bəylə gəlinə bir damcı da hörmət qalmayıb”

Amma gəlin maşını sürücülərini Bakı küçələrində gənc “avtoşlar” bezdirir. Onlar danışır ki, bu dələduzlar limuzinləri qəsdən sıxmağa, çaşdırmağa çalışırlar: “Camaatı incitməkdən zövq alırlar. Biz də həyəcan keçiririk ki, bu basabasda birdən xəta törədərik, peşmançılıq olar. Çünki üzərimizə düşən əsas vəzifə bəylə gəlini restorana sağ-salamat çatdırmaqdır. Azərbaycanda bəylə gəlinə bir damcı da hörmət olunmur. Heç kəs fikirləşmir ki, bu cütlüyün mindiyi maşına hörmət edək, yol verək. Ona görə ki, biri harasa tələsir, o biri acıqla yol vermir. Daha demirlər ki, bu gənclər də evlənməyə, ailə qurmağa tələsir. O iki gəncin xoşbəxt olması, qanlarını qaraltmamaq üçün hamı hörmət etməlidir. Axı bu gün onların həyatında əlamətdar gündür”.<%1>
Vaxtilə toy maşınları daha dəbdəbəli görünsün deyə onun pəncərələrinə plyonka və ya pərdə taxardılar. Artıq buna da icazə verilmir. Müsahiblərimin sözlərinə görə, bu, çox vaxt ailə həyatı quran gəncləri narazı salır: “Bəy istəyir ki, burada pərdə və ya qara şüşə olsun, qıraqdakılar maşının içini görməsinlər. Polislər də başa düşməlidir də. Guya bəylə gəlin limuzində terrorçuluq edəcək?”

“Bir də görürsən bank maşını əlimizdən aldı”

Bakı limuzinlərini niyə təzələmirlər? Yəqin ki, televizorda bu maşınların son modelini görmüsünüz. Sürücülər deyir ki, zavodda istehsal olunan axırıncı model limuzinin qiyməti 180-190 min dollardır. Onu Azərbaycana gətirmək üçün 240-250 min dollar xərcləmək lazım gəlir. Bu da sahibkara heç cür sərf etmir.
Maraqlıdır, sahibkarlar bir maşının pulunu neçə vaxta çıxara bilir? E.Məmmədov deyir ki, buradakıların əksəriyyəti maşınları bank vasitəsilə kredit alıb: “Bizim üçün ən ölü aylar may ayı, bir də orucluq və Məhərrəmlik aylarıdır. İlin təxminən 4 ayını məcburi məzuniyyətə çıxırıq. Həmin vaxtlar heç bura gəlmirik, 8 ay boyunca qazandıqlarımızı yeyirik”.
Müsahiblərim deyir ki, ay ərzində 300 manat qazansalar, bunu böyük gəlir sayırlar. Çünki indi yalan olmasın, hər ailədə, onun qohum-əqrəbasında gəlin aparmağa layiq bahalı “inomarka” var: “Qohumlarından xahiş edir, bəylə gəlini maşınla aparırlar. Ona görə də zərbə bizə dəyir. Bəzən elə olur ki, bankın kreditini ödəyə bilmirik. Bizdə elə sahibkarlar var ki, aylıq krediti ödəyə bilmədiyi üçün bank maşınını əlindən alıb. Neyləsin, qapı-qapı gəzib camaata yalvara bilmərik axı...”
Bu arada kirayə toy maşınına qədimi faytonlar rəqib çıxıb. Müsahiblərim danışır ki, tıxaclar camaatı bezdirdiyindən və keçmişə bir nostalgiya yaşandığından insanlar keçmiş ənənələri təkrarlamaq həvəsində olurlar.
“Amma nə bilmək olar ki, 5 il sonra yenə limuzinlər dəbə minəcək, ya yox”. Bu da onların son təsəllisi...

Elə qızlar var, deyir maşın ağ olmasa, gəlin köçmərəm

Bu bazardakı maşınlar rəngbərəngdir. Ağı da var, qırmızısı da, qarası da, hətta sarısı da. Amma ən populyar rəng ağla qırmızıdır. Elşən bəy deyir ki, bəzən gənc cütlük maşın bəyənməyə gələndə aralarında mübahisə düşür: “Qız deyir, maşın mütləq ağ olmalıdır, əks halda düşər-düşməzi olar. Qırmızını müasirliyə, fərqliliyə meylli gənclər daha çox seçir. Kimin ki, imkanı zəifdir, onlar qara rəngli "Mercedes-600"lə kifayətlənir".

***

Bax belə... Uşaq vaxtı dilimizin əzbəri olan bir mahnı vardı:

“Pobeda-mobeda bilmərəm,
“Moskviç”ə minmərəm,
“Zim” qapıya gəlməsə,
Ər evinə getmərəm".

Günün reallığına uyğun olaraq bu məşhur mahnının sözləri də dəyişib. Artıq müasir Bakı qızları nəinki “Zim”i, heç “Mercedes”i, limuzini də bəyənmir. Belə getsə, onlar üçün göydən kosmik gəmi sifariş ediləcək...

Sevinc TELMANQIZI

1320 dəfə baxılıb

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

[12.04.2010] - ULU ÖNDƏRİ YETİŞDİRƏN KƏND - NOVXANI...

[05.04.2010] - QƏDİM ROMALILARIN KƏNDİ - RAMANA

[29.03.2010] - YESENİNİN İRAN BİLDİYİ KƏND - MƏRDƏKAN

[28.03.2010] - HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ

[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI

ARXIV

Yeni MÜSAVAT © 2008