|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
... Günlərin bir günü tanınmış müxalifət lideri dəvət olunduğu toy məclisinə qatılır. Amma səhvən məclisin keçirildiyi şadlıq sarayının birinci yox, ikinci mərtəbəsindəki zala daxil olur. Təəccüblə də olsa, müxalifətçini qarşılayır, yer göstərib oturdurlar. Az keçmədən qonaqların bəziləri qorxa-qorxa zalı tərk etməyə başlayır. Bir çaxnaşma, bir panika... Məlum olur ki, liderin səhvən qatıldığı məclis iqtidar mənsublarından birinin övladına qurulubmuş, içəridəkilərin əksəriyyəti isə dövlət məmurlarıymış. Sonuncular müxalifət lideri ilə hətta eyni məclisdə olmanın yaradacağı fəsadı bildikləri üçün məkanı tərk etməyə üstünlük veriblər. Ta ki, vəziyyət aydınlaşana qədər... Belə hekayələr bəs deyincədir. Çünki burası Azərbaycan. Bu ölkədə iqtidar-müxalifət düşərgələri arasındakı siyasi gərginlik məişət səviyyəsinə qədər uzanır. Siyasi mövqelər şəxsi düşmənçiliyə çevrilir. Nəticədə əks düşərgələrdə təmsil olunan qohum-əqrəba bir-birindən üz döndərir, bir-birlərinin qapısını belə açmırlar. Qohumu müxalifətdə olan dövlət məmurları, hətta ən adi hökumət işçisi belə onunla toyda-yasda üz-üzə gələndə özünü görməməzliyə vurmağa üstünlük verir, «mənə hörmət etmək istəyirsənsə, toyuma-yasıma gəlmə, gəlmiş qədər varsan» kimi o məşhur məsəli təkrarlayır. Müxalifətçi qohumuna görə işdən çıxarılan nə qədər insan var, bilirsinizmi? Təbii ki, bu sadaladığım mənzərə böyük əksəriyyətin durumunu əks etdirir. Bəs əslində həmişəmi belədir? Azərbaycanın tanınmış müxalifətçiləri, müxalif yazarları, eləcə də iqtidar nümayəndələri belə situasiyalarla tez-tezmi üzləşirlər? Ümumiyyətlə, iqtidar nümayəndəsinin qapısına elçi gediblərmi, nikah gerçəkləşdirilibmi? Və hər şeydən əvvəl, belə nikahların baş tuta biləcəyinə inanırlarmı? Qohumluq faktları gizlədildi... Biz də üz vurmadıq Öncədən arayış kimi onu deyim ki, günlərdir, qarşı cəbhələr arasında baş tutan nikahların statistikası, bu nikahlar, ümumiyyətlə, qohumluqlar barədə məlumat toplamağa çalışsam da, səmimilik nümayiş etdirən olmadı. Böyük əksəriyyət ailəsində belə hal olduğu halda bunu inkar etdi və ya «mümkünsə bu barədə yazmayın» dedi. Biz də heç kəsin şəxsi həyatında yersiz gərginlik yaratmamaq üçün bildiyimiz faktları belə yazmadıq. Sadəcə, ümumi mənzərəni aydınlaşdırmağa çalışdıq. Mövzu yayğın olsa da, ortaya maraqlı fikirlər və tarixçələr çıxdı. Qabil Hüseynli: «Oğlum istəsə, iqtidar qapısına elçi gedərəm» Müsavat başqanının müavini Qabil Hüseynli öncə dedi ki, nə öz ailəsində, nə də qohum-qardaş arasında belə bir izdivac olmayıb. Onun sözlərinə görə, ailə-nikah məsələsi olduqca mürəkkəb, taleyüklü olduğu üçün hər kəs seçimini həssaslıqla, reallığı göz önünə alaraq gerçəkləşdirir: «Olsa-olsa müsavatçı müsavatçı ilə, uzaqbaşı yaxın partiyadaşı ilə ailə qurur». Sərdar Cəlaloğlu: «Xalam oğlunu mənə görə polisdən çıxardılar» ADP sədri Sərdar Cəlaloğlu da hesab edir ki, siyasət məişət səviyyəsinə endirilsə, öz mahiyyətini itirəcək və ziyanlı tendensiya yaranacaq. Ona görə də müsahibimiz hesab edir ki, qarşı cəbhələr arasında qohumluq əlaqələri də olmalıdır, dostluq münasibətləri də. Çünki ölkədə ictimai münasibətlərin yumşalmasının bir yolu da müxtəlif cəbhələrdəkilərin insani əlaqələrindən asılıdır: «Özümə gəlincə, hökumətdə işləyən qohumlarımız var, onlarla şəxsi münasibətləri hələ də saxlayıram. Mən siyasətin şəxsi münasibətlərə qoşulmasının qəti əleyhinəyəm. Siyasət mövqedir, pozisiyadır. İqtidar mənsubları ilə bir toyda iştirak etdiyim olmayıb. Amma tanış adamların yası düşəndə iştirak etmişəm və orda əks düşərgədən insanlarla qarşılaşmışam». Fəzail Ağamalı: «Müxalifətdəkilərlə aramızda böyük uçurum olduğuna görə onları övladlarımın toyuna çağırmadım» İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə öncə bu sayaq mövzulara səriştəsi çatmadığını əsas gətirərək, danışmaq istəmədi. Amma israrımızı nəzərə alıb dedi ki, müxalifət nümayəndələri, liderləri ilə bir toyda olmasa da, bir yasda iştirak etdiyi olub. Müsahibimiz burda heç bir problem görmədiyini, hər kəsin həmin məclislərə borcunu ödəmək üçün gəldiyini vurğuladı: «Hesab etmirəm ki, eyni məclisdə iştirak etdiklərinə görə onlara sonradan problem yaransın». Şahvələd Çobanoğlu: «Heç vaxt istəmərəm ki, övladım bizi rüşvətxor, yaltaq adamlarla qohum eləsin» Tanınmış yazar Şahvələd Çobanoğlu isə Azərbaycan cəmiyyətində bu problemin geniş yayıldığını dedi. Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlişi ərəfəsində qarşı cəbhələr arasında baş tutan nikah, nişan mərasimlərinin pozulması faktları baş verib: «Azərbaycan hakimiyyətini təmsil edənlər öz mövqelərini, qazanclarını saxlamaq, sədaqətlərini göstərmək üçün hər şeyə gedirlər. Şəxsən mən məhz bu səbəbdən ailəsi dağılmış adam tanıyıram və onunla söhbət etmişəm. Fərqli dünyagörüşləri mümkündür, amma bizim cəmiyyətdə həm də əxlaqların mübarizəsi gedir. İstənilən ideologiya, müxalifət və iqtidar barışa bilər, amma fərqli əxlaqlar barışmır. Bilməlisən ki, seçdiyin adamın ailəsi başqa cür düşünə bilər. Amma unutmaq olmaz ki, sən həmin adamın ailə üzvləri ilə qohumluq üçün evlənməmisən. Digər tərəfdən, insan doğru dünyagörüşünü, ictimai və əxlaqi dəyərləri heç nəyə qurban verməməlidir. Bu səni yaxşı qohuma çevrə bilər, amma bu səni insandan həşərata da çevirə bilər. Qohumluq ictimai dəyər deyil. İndi qohumluq bizim cəmiyyətə böyük ziyan vurur. İyrənc bir qohumbazlıq var bizim ölkədə». Zamin Hacı: «Yaxın bir qohumun toyunda fotoqraf kimi təqdim olundum» Qəzetimizin köşə yazarı Zamin Hacı da iqtidar nümayəndələri ilə müəyyən məqamlarda rastlaşdığını dedi. Amma müsahibimiz rastlaşmaq mümkün olan yerlərdən bir qayda olaraq, uzaq gəzdiyini söylədi: «Bilsəm ki, orda iqtidar nümayəndələri var, ora getmirəm. Mənfi enerji almaq istəmirəm. Onsuz da televiziyada və sair yerlərdə onları görürəm. Ona görə də "gözdən uzaq, könüldən iraq" olmalarını istəyirəm. Evlilik məsələsinə gəlincə, məncə, «məhəbbətin gözləri kordur» məsəlini unutmaq olmaz. Belə məsələlər iqtidar-müxalifətə baxmır. Tarixən düşmən xalqlar da bir-birilə evləniblər. Məşhur nağılda da var ki, div qurbağanı sevir. Divdən bu sevginin səbəbini soruşanda deyir ki, könül sevən göyçək olar". Tahir Kərimli: «Həm iqtidarın məclisində iştirak edirəm, həm də müxalifətin» Maraqlıdır, bəs hər iki cəbhədə təmsil olunanların durumu necədir? Vəhdət Partiyasının sədri Tahir Kərimli deyir ki, iqtidarla münasibətləri loyallaşandan artıq onların xeyir-şərində də iştirak edir: «Son bir ildə bir neçə məclis olub ki, orda iqtidar nümayəndələri ilə bir arada olmuşuq və münasibətlər yaranıb. Müxalifətlə də həmişəki kimi mehribanam». Azad İsazadə: «İqtidar-müxalifət ailələri arasındakı nikah daha güclü olur» Psixoloq Azad İsazadə isə bu sahədə vəziyyətin mürəkkəb olduğunu dedi. Onun sözlərinə görə, Azərbaycanda belə nikahlar var. Sadəcə, tərəflər siyasi pilləkənda aşağı təbəqədədirsə, belə nikahların başvermə şansı bir o qədər çoxdur. Yəni müsahibimiz sıravi müsavatçı ilə sıravi YAP-çı arasındakı nikahların mümkünlük faizinin yüksək olduğunu vurğuladı: «Bu təbəqə yuxarı qalxdıqca sosial problemlər də ortaya çıxır. Kök ondadır ki, tərəflər əks düşərgəni düşmən düşərgə kimi qəbul edir. «Müsavatçısansa, sən mənim qatı düşmənimsən» yanaşması bolşeviklərin sinif düşməni anlayışından irəli gəlir. Fərqli düşünürsənsə, düşmənsən. Sevinc TELMANQIZI 2591 dəfə baxılıb
|
[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR [24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR [23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ [18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR [02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ [23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR [14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR [12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI [10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR [08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ [26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB [08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR [01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ [24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ [21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ [15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR... [08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR [23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR” [19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI |
| Yeni MÜSAVAT © 2008 |
|