 |
Proje
BAKI DƏMİR YOLU VAĞZALINDA BİR GECƏ
Şimaldakı terror dalğası buradan Rusiyaya sərnişin axınını kəskin azaldıb
|
Son günlər Azərbaycanın şimal sərhədləri yaxınlığında baş verən terror aktları bu istiqamətdəki sərnişin və yük daşımalarına ciddi təsir edib. Bu kimi hadisələrin dəmiryolu nəqliyyatının işinə təsir edib-etməməsini öyrənmək və vağzaldakı durumla bağlı məlumat almaq üçün axşam saatlarında Bakı dəmir yolu vağzalına baş çəkdik. Qeyd edək ki, havaların isti keçdiyi və xüsusilə bütün sahələrdə passivliyin hiss olunduğu avqust ayında qatarla səyahət etmək istəyənlərin sayı hədsiz dərəcədə azalıb. Bunu söhbət zamanı vağzalın xəzinədarı Mətanət xanım da təsdiqlədi. Onun sözlərinə görə, ölkə daxilində hərəkət edən qatarların çoxu yay rejiminə keçib: “Yayda bu nəqliyyat növündən istifadə edənlər hədsiz dərəcədə azalır. Axşam saatlarında bilet satışı isə demək olar ki, olmur. Bütün bunların səbəbi sərnişinlərin daha çevik nəqliyyat vasitələrinə üstünlük verməsidir”. Xəzinədar həmçinin qeyd etdi ki, son günlər şimal sərhədlərində baş verən terror olayları bu istiqamətdə bilet satışının aşağı düşməsinə səbəb olub: “Qafqaz şəhərlərindən yalnız Mahaçqalaya bilet satışı normaldır”. Həmsöhbətim bunu Azərbaycandan həmin istiqamətdə ticarət edən vətəndaşların çox olması ilə əlaqələndirdi.
Bilet satışı bölümündən ayrılıb qatarların dayandığı platformaya yaxınlaşırıq. Saatlar 22:25 göstərməsinə baxmayaraq hələ də platformanın girişində duran arabaçılar müştəri gözləyirlər. Onlara yaxınlaşıb söhbət edirik. Dörd ilə yaxındır çörək pulunu vağzalda yük daşımaqla çıxaran Afət günə beş manatı güclə qazandığını söylədi: “Yay girən kimi bizim də bazarımız ölür. Özü də indi özünə əziyyət verən və cibini düşünən çoxdur. Bir-iki yüklü adam görən kimi qabağına qaçırıq”. Fotokameranı çıxarıb müsahibimin şəklini çəkmək istəyirəm, ancaq o, üzünü cəld çevirərək obyektivdən qaçır. Bunun səbəbini soruşuram və maraqlı cavab alıram: “Sən Allah, çəkmə. Deyəcəklər ki, müxalifət qəzetinə müsahibə vermisən. Qoymayacaqlar işləyim burda”. Başqa bir arabaçı isə şərtlə danışmağa razılıq verdi. Adının İsmixan olduğunu deyən arabaçı Qazaxdan Bakıya çörəkpulu qazanmaq dalınca gəlib və vağzalın daimi sakinlərindəndir. İsmixan rayonda ailə saxlamağın çox çətin olduğunu söylədi. O, Bakıya təzəcə gəldiyini, ancaq belə getsə, rayona qayıdacağını söylədi: “Burda günə 2-3 manat güclə qazanırıq. Əsasən Dərbənd bazarına gedən alverçilərin yüklərini daşıyırıq”. Çəkisindən asılı olmayaraq bir yükə 30 qəpik aldığını deyən İsmixan gündəlik qazancının 2 manatını araba kirayəsinə verdiyini bildirdi.
Qatar platformasında tez-tez hərəkət edən və vağzala yaxınlaşan qatarlar barəsində anonslar səslənir. Gözləmə məntəqəsindəki skamyada əyləşən Zahidə xanım uzun illərdir Moskvada yaşayan qardaşını qarşılmağa gəldiyini söylədi: “On il bundan əvvəl qardaşım Moskvaya işləməyə getmişdi. ”Çerkizov" bazarı bağlanandan sonra işsiz qalan qardaşım Bakıya qayıtmağa qərar verib. Gecə olmasına baxmayaraq, onu qarşılamağa gəlmişəm". Söhbət zamanı Tümen şəhəri istiqamətində hərəkət edən qatarın yarım saat sonra platformadan yola düşəcəyi ilə əlaqədar anons səsləndi. Nəzarətçidən icazə alaraq vaqona daxil olub yola düşəcək sərnişinlərlə qısa söhbət edirik. Yevlax sakini Telman imkansızlıqdan qatarla getdiyini söylədi və əlavə etdi ki, kupelər həddindən artıq narahatdır: “Mən Tümendə bazarların birində alverlə məşğulam. Neçə ildir ki, qatardan istifadə edirəm. Çoxları bu nəqliyyat növünə ucuz və təhlükəsiz olduğuna görə üstünlük verir, ancaq mən ucuz olduğuna görə neçə illərdir qatardan istifadə edirəm. Kupelər isə həddindən artıq narahatdır. Üstəlik, yay aylarında burda vəziyyət dözülməz olur”. Xatırladaq ki, bir qədər əvvəl minlərlə azərbaycanlının çalışdığı iş adamı Telman İsmayılova məxsus “Çerkizov” bazarının bağlanması nəticəsində soydaşlarımız işsiz qalıb. Avqustun 18-də Moskva meriyası tərəfindən bazarda yerləşən ticarət pavlionlarının sökülməsinə başlanılıb. Ancaq paytaxt hakimiyyəti bazar ərazisini avqustun sonunadək təmizləyəcəkləri, satıcıların isə digər bazarlarda yerlərlə təmin olunacağı barədə verdiyi vədə əməl etməyib... Fürsət tapıb maşinistlə də söhbətləşdik. 15 ildir dəmiryolu vağzalında maşinist vəzifəsində çalışan Həsən İbadov dəmiryolçuların əməkhaqlarının həddindən artıq aşağı olduğunu söylədi: “Neçə illərdir işləyirəm, amma indiyə kimi aylıq əməkhaqqımı vaxtında aldığım yadıma gəlmir. Ayda 200 manatla dolanmaq olar?” Söhbət zamanı qatarın hərəkət edəcəyi barədə anons səslənir və söhbətimiz yarımçıq qalır. Maşinistə uğurlu yol arzulayıb platformadan ayrılırıq. Vağzalda isə gecə həyatı davam edir. Giriş qapısının yanında səyyar satıcıların öz yerlərini tutduqlarının şahidi oluruq. Fərahim İLQAROĞLU 1058 dəfə baxılıb
|
[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI [08.03.2010] - MÜXBİRİMİZ ŞƏHƏRİN MƏRKƏZİNDƏ GÜL SATDI [04.03.2010] - XARİCDƏN GƏTİRİLƏN AĞACLAR XƏSTƏLİK YAYIR [01.03.2010] - TARİXİN SİRR ÜZÜ - ƏMİRCAN KƏNDİ [28.02.2010] - BAKI KİNOTEATRLARI ÇAYXANAYA VƏ OYUN ZALLARINA ÇEVRİLİB [27.02.2010] - MÜXBIRİMİZ “CİNLƏR DİYARINDA” [24.02.2010] - ERMƏNİ VƏHŞİLİYİNİ TABLOYA KÖÇÜRƏN RƏSSAM [29.01.2010] - FALÇI 40 MANATA MÜXBİRİMİZİN BƏXTİNİ AÇDI [18.01.2010] - “HAMAMIN İÇİNDƏ, İÇİNDƏ VƏ ÇÖLÜNDƏ...” [23.12.2009] - KİRAYƏLƏRDƏ QOCALAN GƏNC AİLƏLƏR [07.12.2009] - “ELƏ OLUB Kİ, İKİ GÜN AC QALMIŞIQ” [21.11.2009] - ŞƏHVƏT VƏ ŞƏRAB QOXULU BAKI GECƏLƏRİ [04.10.2009] - PARTİYALAR YAN-YANA... [24.09.2009] - SONBEŞİYİ OLMAYAN EV [14.09.2009] - “ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ...” [07.09.2009] - “YENİ MÜSAVAT”ın ƏMƏKDAŞLARI QUL BAZARINDA BİR GÜN “QUL OLDU” [02.09.2009] - PARTİYA QƏRARGAHLARINDA NİSBİ SAKİTLİKDİR [22.08.2009] - TANINMIŞ SİYASƏTÇİLƏRİN İLK İŞ YERLƏRİ «YENİ MÜSAVAT»da [21.08.2009] - BAKI DƏMİR YOLU VAĞZALINDA BİR GECƏ [15.08.2009] - QIZIM, SƏNİ ƏRƏ VERİM... ÖZÜ DƏ İQTİDAR AİLƏSİNƏ... ARXIV
|