 |
Proje
TANINMIŞ SİYASƏTÇİLƏRİN İLK İŞ YERLƏRİ «YENİ MÜSAVAT»da
Siyasət dünyasının həkimi, suvaqçısı, fəhləsi, jurnalisti...
|
Biz onları böyük siyasət meydanında tanımışıq. Özlərini bizə odlu-alovlu çıxışları, müsahibələri, bəyanatları ilə təqdim ediblər. Bir az keçib, görmüşük partiya yaradıblar, mitinqlərdə polislərlə kəllə-kəlləyə gəlirlər, ölkə gündəmini dəyişdirməyə çalışırlar və sair. Bəs həmişəmi belə olub? O məşhur ifadəylə desək, dünyaya siyasətçi kimi gəlməyiblər ki... Onların da orta statistik Azərbaycan insanı kimi adi iş yerləri olub, səhər işə, axşam evə gəliblər, ayın sonunda cüzi maaş alıb, onu evin qayğıları arasında bölüşdürməyə çalışıblar. Aralarında müdir danlağı eşidənlər də olub, nümunəvi işçi olanlar da. Ona görə də çoxları həmin günləri xatırlayarkən üzündə xoş bir təbəssüm yaranır. Axı atalar öz sözünü yaxşı deyib - ötən günə gün çatmaz... Bir sözlə, onların da bir məsləyi var, həmin sahə üzrə təhsil alıb, çörək qazanıblar. Bu həftə sonunda sizi siyasətçilərin siyasətdən əvvəlki iş yerləri ilə tanış edəcəyik. Əmin olun, mənzərə ilgincdir: siyasət arenasının həkimi də var, elmi işçisi də, məhkəmə-tibb eksperti də, jurnalisti də, fəhləsi də, suvaqçısı da... Hərəsi də öz peşəsindən bir cür zövq alıb. İcazənizlə, özləri danışsın, siz oxuyun.
Eks «meyityaran» Sərdar Cəlaloğlu: «Bu işə görə vaxtından əvvəl saçlarım ağardı»
Öncə ən orijinal məslək yiyəsindən - ADP sədri Sərdar Cəlaloğludan başlayaq. Media və siyasət arenasına bəlli olduğu kimi, Sərdar bəy ixtisasca həkimdir, Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Amma ixtisaslaşma keçərək, məhkəmə-tibb eksperti məsləyinə yiyələnib. Sözügedən sahə üzrə 17 il işləyib - 1978-1990-cı illərdə. S.Cəlaloğlu deyir ki, bu, ən ağır və ziyanlı peşələrdən sayılır. Çünki adi həkimlik deyil: «Bir çox adamlar bu peşənin dalınca getmirlər. Ziyanlı peşə olduğuna görə sovet hökuməti dövründə başqa həkimlərə nisbətən qat-qat artıq əməkhaqqı alırdıq. Gördüyüm hadisələr özümə mənəvi travma vurub. Tutaq, evdə oturursunuz, dəvət edirlər, gedirsiniz ki, 5 qardaş, 1 bacı ölüb. Bu faciəni yaşamağın, onun şahidi olmağın özü böyük dərddir. Məsələn, bir qadının oğlu həlak olmuşdu. Ona demişdilər ki, oğlu xəstələnib. Amma »morq"un qabağında ona həqiqəti bildirdilər. Hadisənin şokundan qaynını şillələmək istəyirdi. Hiss etdim ki, o qadın ağlını itirdi, qaynını vururdu ki, niyə deyirsən. Sonra özünü itirib Allahı söyürdü". S.Cəlaloğlu deyir ki, əvvəl onların fəaliyyəti Ədliyyə Nazirliyinin nəzdində olub və istintaqın düzgün aparılmasına yardım funksiyasını daşıyıb. Dediyinə görə, dostları onun həkimlikdən getməsini böyük itki adlandırır: «Mən ümumiyyətlə, özümü kardioloq olmaq üçün hazırlamışdım. Yüksək səviyyədə oxumuşdum. Ən yaxın dostlarım da indi deyir ki, sənin həkimlikdən getməyin böyük itkidir. Tibbi biliklərim geniş idi, intuisiyam, analitik qabiliyyətim vardı. Eyni xamanda, xəstəyə xoş aura yaradırdım. Kəndimizdə, ətraf kəndlərdəki insanları da müalicə edirdim. Qonşular deyirdi ki, hətta sənin resept yazmağınla sağalıram». S.Cəlaloğlunun ilk iş yeri Naxçıvanda Məhkəmə Tibbi Ekspertiza Bürosu olub. Dediyinə görə, həmin vaxt bütün respublika üzrə bu məsləyin cəmi 50-60 daşıyıcısı olub. Amma o, heç vaxt eks məsləyinə qayıtmağı arzulamayıb: «Bəziləri məni sərt, əzazil kimi tanısa da, içdən emosionalam. Gördüklərim, eşitdiklərim pis təsir edir. Çoxlu dostlarım var ki, bu sənəti qoyub, yarımçıq gediblər. Bu işdə işləmək üçün bir qədər laqeyd olmaq tələb olunur. Mən də onları etməyi bacarmırdım. Faciəni görüb, onu özüm yaşayırdım. Buna görə də saçlarım vaxtından əvvəl ağardı. Məhkəmə tibbi ekspert seçdiyim sənət olmadığına görə o sənətə qayıtmaq arzum yoxdur. Yəni, orda öhdəlik kimi işləmişəm. Bir növ zorən təbib idim».
Jurnalist Arif Hacılı: «Müsahibə almaq daha çətindir, nəinki müsahib olmaq»
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə keçmişdə bizim kolleqamız olub, yəni, qələm əhlidir. Aşağı siniflərdə oxuyarkən jurnalist olmaq arzusuna düşən Arif bəy həmin dövrün qayda-qanunlarına görə minimum iki il həmin sahə üzrə çalışmalı olub: «Sonra isə bir çox yaşıdlarımın təəccübünə baxmayaraq, həmin fakültəyə daxil oldum. Jurnalist kimi ilk məqaləmi 1976-cı ildə yazmışam. O vaxt 14 yaşım vardı və həmin məqalə Zaqatala mətbuatında çap olunmuşdu. İlk yazılarım Arif Hacıyev imzası ilə işıq üzü görürdü. Zaqatalanın »Qırmızı Bayraq" qəzetində, «Azərbaycan Gəncləri», «Molodyoj Azerbaydjana» qəzetlərində, «Elm» jurnalında çoxlu sayda məqalələrlə çıxış etmişəm. Amma müxtəlif yazılarım gizli imzayla dərc edilib. Zaman gələcək o yazıların mənə məxsus olduğu üzə çıxacaq". A.Hacılı fəaliyyəti dövründə bir neçə dəfə müsahibə alsa da, onları xatırlamır. Dediyinə görə, müsahibə almaq müsahib olmaqdan daha çətindir: «Amma 29-30 yaşlarımdan etibarən Azərbaycan cəmiyyətində müsahibə verən şəxsə çevrildim. Azərbaycan cəmiyyəti də məni belə tanıyır artıq».
Stomatoloq Zəlimxan Məmmədli: «Təəssüf edirəm ki, cərrah olmadım»
KXCP Ali Məclisinin üzvü Zəlimxan Məmmədli də eks və hazırkı həkimlərdəndir. 1981-ci ildə Tibb İnstitutunun stomatologiya fakültəsini fərqlənmə diplomuyla bitirib. Siyasətlə məşğul olmasına baxmayaraq, əsl peşəsindən əl çəkməyib və bu gün də diş həkimi kimi fəaliyyətini davam etdirir. Mətbuata və bizə verdiyi müsahibələrdə də bildirir ki, bu sənətə gəlişi təsadüf olmayıb: «Böyük qardaşım Əhməd Texniki Universitetə daxil oldu və Bakıda qalırdı. Bizdə də »böyük hara getdi, qoşun da ora gedir" kompleksi var. Məndən böyük o biri qardaşım da Texniki Universitetə girdi. Ancaq mənim özümün həyatımda elə bir özəlliklər baş verib ki, tibb sahəsini seçmək içəridən gələn bir ağrı olub. Vaxtilə ağır bir qəza hadisəsi baş verib və mən həkimlərin fədakarlığını görmüşəm. O vaxtdan məndə həkim-cərrah olmaq istəyi baş qaldırıb. 3 il konkursdan keçə bilmədim. Dədəm pul gətirirdi, mən də geri qaytarırdım ki, öz başımla girəcəm. Bu, mənim prinsipim idi ki, hökmən daxil olacam. 3-cü il böyük qardaşım stomatologiya fakültəsini seçməyimi məsləhət bildi. Bundan sonra seçimimi dəyişdim. Stomatologiyanı çox sevirəm, eyni zamanda, təəssüf edirəm ki, cərrah olmadım". Z.Məmmədli pasiyentlərin ağız boşluğuna biganəliyindən narazıdır. Deyir ki, insanların 90 faizində mövcud olan bu laqeydliyi bir həkim kimi sındıra bilir: «Xəstələri inandıra bilirəm ki, təbəssüm, sevgi ağız boşluğundan yaranır. Dad ordadır, söz ordan çıxır. Zahirən gözəl olan insan gülən kimi dişləri əyri-üyrüdürsə artıq birtəhər görünür».
Keçmiş fəhlə Pənah Hüseyn: «O qədər aydan-ulduzdan danışırdım ki, prorab işə gəlməməyim üçün yalvarırdı»
Millət vəkili Pənah Hüseynin ilk iş yeri isə yaşadığı kəndin məktəbi olub. 17 yaşlı Pənah bəy həmin vaxt məktəbin tikintisində fəhlə kimi çalışıb: «Pul yığırdım ki, hazırlıq görüb Baykalamura yola düşüm, alınmadı. Ondan əvvəl əsgər olmaq istəmişdim və Vyetnamda Amerika imperializminə qarşı vuruşmaq üçün ərizə də yazmışdım. Yaşa görə qəbul eləmədilər. Nəsə, həmin vaxt düz 4 ay orda fəhlə işlədim. Məvacibim 60 manat, iş rejimim isə 8 saat idi». Amma P.Hüseyn elə o vaxt da mübahisəyə, müzakirəyə meylli olduğundan ilk iş həyatı qalmaqallarsız ötüşməyib: «O qədər aydan-ulduzdan, siyasətdən - kommunizmdən, kapitalizimdən danışdım ki, prorab yalvardı ki, işə gəlmə, sənin »staj"ını özüm yazıram. Amma deyim ki, o günlərdən ötrü əsla darıxmıram. Çünki mən fəhlə olub qalmaq istəmirdim". Fəhləlikdən zövq almasa da, işini vicdanla gördüyünü xatırladan müsahibimiz rəhbərliklə ən böyük mübahisələrinin də elə məvacib üstündə olduğunu deyir. Onun sözlərinə görə, işlədiyi qədər məvacib almadığını düşündüyü üçün prorabla ulduzları barışmayıb: «Onun bir arqumenti vardı ki, filan işçi səndən az işləsə də, stajı çoxdur, sənsə cavansan. Mənsə bu ədalətsizliyi qəbul etmirdim».
Eks suvaqçı İqbal Ağazadə: «Partiyanın indiki qərargahında vaxtilə suvaqçı işləmişəm»
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə də P.Hüseynin eks məsləkdaşlarındandır. Elə qəzetimizə verdiyi müsahibəsində İ.Ağazadə bildirib ki, hazırda rəhbərlik etdiyi partiyanın mərkəzi qərargahının yerləşdiyi binanın qonşuluğunda fəhlə işləyib. Belə ki, qərargahın qonşuluğunda İqbal bəyin böyük qardaşının evi olub. Həmin binanın qonşuluğundakı 9 mərtəbəli bina isə millət vəkilinin ilk iş yeri olub: «Mən həmin binada fəhlə işləmişəm. 86-cı ildə tikilib qurtardı, mən hərbi xidmətə getdim, bir il sonra istismara verildi. İndi bizim partiyanın qərargahı olan yerdə isə suvaqçı işləmişəm. 85-ci ildə institutda konkursa düşmüşdüm. Staj tələb olunduğundan burda 2 ilə yaxın işlədim. Vaxtilə oranın suvağını mən vurmuşam. SSRİ-nin vaxtında müxtəlif briqadalar gəlirdi. Ukraynadan bir Tanya vardı, çox gözəl suvaqçıydı və sürətli işləyirdi. Cavan bir qız idi. Onunla bir yerdə suvaqçı işləyirdik». İ.Ağazadə keçmiş peşəsini hələ də unutmur. Dediyinə görə, indinin özündə suvaq da vura bilir, daş da qoya bilir: «Evdə bu kimi işləri özüm edirəm. Hətta yeri düşəndə elektrik işlərini ofisdə də özüm edirəm. Özü də mən işığı söndürmədən birbaşa işləyirəm». Son söz: Bax, bu da bizim bəzi siyasətçilərin ilk «çörək ağac»ları barədə qısaca arayış. Yaşımız çatmadığından kimin hansı sahədə daha uğurlu olduğunu deyə bilmərik. Amma onlar bu gün bu sorğuda göstərdikləri səmimiyyətə görə ən azı bizdən yüksək xal qazandılar. Digər tərəfdən, siyasətə jurnalistikadan, tikintidən, «morq»dan gəlməkdə heç bir qəbahət yoxdu. Əsas odu ki, siyasətdə əsl SİYASƏT adamı olasan. Sevinc TELMANQIZI 2931 dəfə baxılıb
|
[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI [08.03.2010] - MÜXBİRİMİZ ŞƏHƏRİN MƏRKƏZİNDƏ GÜL SATDI [04.03.2010] - XARİCDƏN GƏTİRİLƏN AĞACLAR XƏSTƏLİK YAYIR [01.03.2010] - TARİXİN SİRR ÜZÜ - ƏMİRCAN KƏNDİ [28.02.2010] - BAKI KİNOTEATRLARI ÇAYXANAYA VƏ OYUN ZALLARINA ÇEVRİLİB [27.02.2010] - MÜXBIRİMİZ “CİNLƏR DİYARINDA” [24.02.2010] - ERMƏNİ VƏHŞİLİYİNİ TABLOYA KÖÇÜRƏN RƏSSAM [29.01.2010] - FALÇI 40 MANATA MÜXBİRİMİZİN BƏXTİNİ AÇDI [18.01.2010] - “HAMAMIN İÇİNDƏ, İÇİNDƏ VƏ ÇÖLÜNDƏ...” [23.12.2009] - KİRAYƏLƏRDƏ QOCALAN GƏNC AİLƏLƏR [07.12.2009] - “ELƏ OLUB Kİ, İKİ GÜN AC QALMIŞIQ” [21.11.2009] - ŞƏHVƏT VƏ ŞƏRAB QOXULU BAKI GECƏLƏRİ [04.10.2009] - PARTİYALAR YAN-YANA... [24.09.2009] - SONBEŞİYİ OLMAYAN EV [14.09.2009] - “ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ...” [07.09.2009] - “YENİ MÜSAVAT”ın ƏMƏKDAŞLARI QUL BAZARINDA BİR GÜN “QUL OLDU” [02.09.2009] - PARTİYA QƏRARGAHLARINDA NİSBİ SAKİTLİKDİR [22.08.2009] - TANINMIŞ SİYASƏTÇİLƏRİN İLK İŞ YERLƏRİ «YENİ MÜSAVAT»da [21.08.2009] - BAKI DƏMİR YOLU VAĞZALINDA BİR GECƏ [15.08.2009] - QIZIM, SƏNİ ƏRƏ VERİM... ÖZÜ DƏ İQTİDAR AİLƏSİNƏ... ARXIV
|