 |
Proje
PARTİYA QƏRARGAHLARINDA NİSBİ SAKİTLİKDİR
YAP-ın sədr müavini “Yeni Müsavat”a ismarış göndərdi, Ümid sədri qərargahda tapılmadı, Sərdar Cəlaloğlu kitablarından danışdı
|
Bu gün ölkənin siyasi həyatında müşahidə olunan durğunluq belə təəssürat yaradıb ki, partiyalar heç bir işlə məşğul olmur, hərə bir kənara çəkilib. Əslində beş il əvvəllə müqayisədə doğrudan da bu gün siyasi gündəm ölgünləşib, cəmiyyətdə partiyalara, onların fəaliyyətinə münasibət dəyişib. Yay fəsli artıq yerini payıza verməyə hazırlaşır. İlin sonunda bələdiyyə seçkiləri olacaq. Demək, partiyalar da hərəkətə gələcək, qərargahlar yenidən “qaynar nöqtələrə”çevriləcək. Hələliksə... Müsavatda sakitlik, YAP-da sabitlikdir
Öncə təbii ki,ölkənin ən güclü siyasi təşkilatı kimi nüfuzunu qoruyan Müsavat Partiyasının qərargahında olduq.Əvvəllər xeyli səs-küylü olan partiya qərargahında tam sakitlik hökm sürürdü."Yeni Müsavat"ın redaksiyası buradan köçəndən sonra birinci mərtəbədə də partiyanın təşkilati işçilərinə otaqlar ayrılıb,amma hələ ki,qapıları bağlıdir.İkinci mərtəbədəki təşkilat şöbəsinə məxsus otaqda da heç kimi, tapa bilmədik. Müsavatın Gənclər Təşkilatının da qapısı bağlı idi. Burada işləyən xanımlardan öyrəndik ki, gənclər istirahətə gediblər. Həmişə olduğu kimi, partiya başqanı İsa Qəmbərin kabinetinin girişində hərəkətlilik var idi. Öyrəndik ki, İsa Qəmbərin yanında ənənəvi birinci gün toplantısı- Divanın iclası keçirilir.Bu səbəbdən ev yiyəsi ilə görüşümüz alınmadı və üz tutduq ölkənin hakim partyasının qərargahına.
Yeni Azərbaycan Partiyasının qərargahının qapısının ağzında əyləşən polisə özümüzü təqdim edib reportaj hazırlamaq istəyimizi dedik. Nəzarətçi polis bizi çox böyük nəzakətlə qarşılayıb, “Mübariz müəllim buradadır, onunla görüşmək istəyirsinizmi” deyə soruşdu. Açığı, bu təklifi gözləmədiyimizdən təəccübümüzü gizlətməyib “Mübariz Qurbanlını deyirsiniz”soruşduq. Polis -"hə də, deputatı deyirəm" deyə bildirir. Biz isə bir ağızdan "əlbəttə “ deyə cavab veririk. Polis telefonla uzun müddətdir qəzetimizə danışmağı özünə qadağan edən YAP sədrinin müavini Mübariz müəllimə zəng edərək ""Yeni Müsavat"ın müxbirləri sizinlə görüşmək istəyir" deyə bildirir. Telefonu yerə qoyduqdan sonra isə özü də təəccüblə (harada görünüb ki,partiyanın sədr müavini müxbirlə danışmaq üçün mətbuat xidmətindən izn alsın) deyir: "Mübariz müəllim deyir ki, mətbuat xidmətindən icazə alsınlar sonra gəlsinlər". Ümid qalır Ümidə deyib yol alırıq İqbal Agazadənin partiyasının qərargahına.
“Əvvəllər biz görüşlərə gedərdik, indi bizim yanımıza gəlirlər”
Partiya sədri İqbal Ağazadə işdə olmadığı üçün müavini Bəybala müəllimlə görüşürük. Bəybala müəllim 2003-cü ildən burda işlədiyini deyir: “ Qərargahda ictimai əsaslarla 15-20 nəfər çalışır. Qərargahın iş rejimi saat 10-da başlayır, 19-da bitir. Lazım olanda gecə 12-yə qədər də qalıb işləyirik”. Sədr müavini qərargaha çoxlu sayda şikayətçilərin gəldiyini və onlara müəyyən mənada köməklik olunduğunu dedi: “İqbal bəy hər şənbə günü Xətai rayonu üzrə şikayətçiləri özü qəbul edir. Seçicilərin hər hansı şikayəti varsa özümüz yazılı qəbul edirik.” Sədr müavini dedi ki,yay fəsli onların da işinə təsir edib. Amm hər üçüncü gün partiyanın müvafiq qurumlarının iclaslarının keçirildiyini deyən müsahibimiz qərargahlarının qonaqlı-qaralı oldugunu bildirdi:"AXCP, ADP sədrləri, Müsavat başqanı və digər nüfuzlu qonaqlarımız olur. Əvvəllər biz görüşlərə gedərdik, indi bizim yanımıza gəlirlər". Müavindən onu da öyrənirik ki, partiya sədri hələ də istirahətə çıxmayıb.
“Vaxtilə başımızın üstündə çardaq da olmayıb”
Növbəti getdiyimiz ünvan isə Klassik Xalq Cəbhəsi Partiyası oldu. Partiyanın giriş qapısının şəklini çəkəndə partiya üzvilərindən biri dərhal qapıya çıxıb - “icazəsiz şəkil çəkmək olmaz” deyir. “Yeni Müsavat”dan gəldiyimizi öyrənəndə isə içəri dəvət edir. Bizim orada olduğumuz vaxt qərargahda DUİ-nin toplantısı keçirilirdi.Toplantıdan sonra Mirmahmud Mirəlioğlu ilə görüşüb, partiyanın fəaliyyətilə bağlı söhbətləşdik. M.Mirəlioğlu dedi ki, KXCP-nin müxtəlif yerlərdə qərargahları olub: "Əbülfəz bəy vəfat etdikdən sonra Qadın Hüquqları Cəmiyyətində yerləşdik. Oradan çıxandan sonra da 6 ünvan dəyişmişik. Nəhayət, 2005-ci ilin martından burda məskunlaşmışıq. Amma ən doğma qərargah Xaqani 33 idi. Orada həm münasibətlər yaxşı idi, həm də Elçibəyin, Nəcəf Nəcəfovun ruhu var idi". M.Mirəlioğlu partiyanın maddi problemlərinin olduğunu söylədi: “Partiyanın problemləri ümumi problemlərdir. Bir, təhər ötüşdürürük. Burada istilik, soyutma sistemi problemdir. İşıqlarımız qışda tez-tez sönür. Sutka ərzində 1 dəfə su verilir. Bir sıra çatışmazlıqlar var. Kitabxanamızı düzəltmək istəyirik. Bu problemləri mərhələ-mərhələ aradan qaldıracağıq. Vaxtilə başımızın üstündə çardaq da olmayıb. Biz 5 il yarım ayrı-ayrı üzvlərin evlərində toplantılar keçirmişik. ”Siyasi partiyalar haqqında" qanun qəbul olunduqdan sonra ümid edirik ki, bu problemlər aradan qalxacaq". Qərargahda işləyənlərin sayının 4-5 nəfər olduğunu deyən M. Mirəlioğlu əksər işçilərin günortadan sonra gəldiyini bildirdi: "Səhər saatlarında günortaya qədər burda adam az olur. Axşama yaxın isə burada adam əlindən yer olmur". M. Mirəlioğlu bir həftə istirahət etdiyini dedi: “Azərbaycanda istirahət qəribə assosiasiya yaradır. 1 həftə rayonda oldum.Əgər buna istirahət demək mümkünsə...”
“ADP-də şikayətçiləri daha çox sözlə yola salırıq”
ADP qərargahında partiya sədri Sərdar Cəlaloğlunu tapmadıq və onun birinci müavini Həsrət Rüstəmovla görüşdük. Həsrət bəy avqustun 1-dən partiyanın istirahət rejiminə keçdiyini söylədi: “Sentyabrın 1-də (yazı bir gün əvvəl hazırlanıb-red.) məzuniyyətdən sonra ilk iclasımız olacaq. Buraya rayon təşkilat sədrlərini də dəvət etmişik. Bələdiyyə seçkiləri ilə bağlı namizədləri hazırlamaq barədə məlumatlar alacağıq. Bu qərargah bizə Elçibəyin vaxtında 25 illiyə icarəyə verilib. 2 il öncə işıq pulu borcumuz yaranmışdı. Onda da 3 min manata yaxın borcumuzu dostlarımızın köməyi ilə verdik. Müqavilədə göstərilib ki, kommunal borclar ödənilməlidir. Biz müqavilənin şərtlərinə əməl edirik. Hər ay 500 manata yaxın binanın xərcləri var. Qaldı ki, üzvlük haqqına, Bakı şəhər təşkilatlarından üzvlük haqqı toplayırıq. İanələrlə partiyanı saxlamağa çalışırıq. Üzvlük haqqı isə bizdə 50 qəpikdir. Amma elə üzvlərimiz var ki, könüllü şəkildə 10 manat ödəyirlər”. Həsrət bəy partiya qərargahına çoxlu sayda şikayətçilərin gəldiyini deyir: “Şikayətçilər birbaşa Sərdar bəyin yanına gəlirlər. Düzünü deyim ki, daha çox onları sözlə yola salırıq. Bəzən çalışırıq kömək edək, elə adam olur ki, bilmir ki, şikayəti hara etsin. Onda ona kömək edirik”. Həsrət bəylə bir qədər söhbətləşdikdən sonra Sərdar bəy də gəlib çıxır. Bundan sonra söhbətimiz Sərdar bəyin otağında çay süfrəsi arxasında davam edir. Öncə Sərdar bəyin yay tətilinə gedib-getməməsi ilə maraqlanırıq: “Mənim üçün istirahət fəaliyyət formasını dəyişmək deməkdir. Bu 3 ayda mən iki kitab yazmışam. Bəlkə də ağla gələn bir şey deyil. Biri fəlsəfi şüurun əmələ gəlməsi ilə bağlıdır. Mən vəhşi təbiətdə daha çox istirahət etmək istəyirəm. Bu yay çox yaxşı dincəlmişəm. Bütün günü kitab yazmışam. Yeni enerji ilə işə başlamışam”. S.Cəlaloğlu bu qərargahın onun üçün çox əziz olduğunu dedi: “1992-ci ildən burada məskunlaşmışıq. Biz bu qərargahı alarkən bura böyük xarabalıq idi. 7-8 il təmirlə məşğul olmuşuq. O zaman ”Hürriyyət" qəzetinin redaksiyasına yığışmışdıq. Onda zarafatla deyirdik ki, bu binanı bizə ona görə veriblər ki, siyasətlə məşğul olmayaq. Müxalifətdə bizim zal qədər böyük zalı olan qərargah yoxdur. Bu zal bizim siyasi tariximizin güzgüsüdür". ADP-nin məşhur çayxanasına Sərdar bəyin özü də tez-tez düşüb işçilərlə söhbətləşir: “Almanlar pivə barlarında formalaşdığı kimi bizim xalq da çayxanada formalaşıb. Çayxana neytral yerdir. Fikir mübadiləsi etmək üçün, cəmiyyət üçün məqbul olan bir yerdir. Sərbəst toplaşmaq qanunu hələ ki, çayxanalara aid edilmir. Amma orada tribuna yoxdur ki, çıxış edə biləsən”. Zülfiyyə SAKİTQIZI, Nailə RÖVŞƏNQIZI 612 dəfə baxılıb
|
[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR [24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR [23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ [18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR [02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ [23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR [14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR [12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI [10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR [08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ [26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB [08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR [01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ [24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ [21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ [15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR... [08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR [23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR” [19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI [16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ ARXIV
|