03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

“YENİ MÜSAVAT”ın ƏMƏKDAŞLARI QUL BAZARINDA BİR GÜN “QUL OLDU”

“Fəhlə gərək işləsin, qara çörəyi dişləsin” deyən müxbirlərimiz iş tapdı, bir maşın daşı daşıyıb 12 manat qazandı

Paytaxtdakı qul bazarlarının ard-arda bağlanması barədə xəbərlər dolaşmaqdadır. Bir müddət əvvəl Bakının ən böyük qul bazarında - “Xalqlar dostluğu” körpüsünün yanında işsizlərin yığışdığı məkanda polislərlə günəmuzd iş axtaranlar arasında insident baş verdi. Elə bu səbəbdən də rayon rəhbərliyinin göstərişi ilə həmin qul bazarı bir günün içində yığışdırıldı. Yüzlərlə işsiz başqa bazarlara üz tutmaq məcburiyyətində qaldı. Bir neçə gün əvvəl isə redaksiyamıza paytaxtın ən böyük və qədim qul bazarlarından sayılan Zabrat qəsəbəsindəki “bazar”ın bağlanacağı barədə xəbər daxil olub.

Məsələni yerindəcə araşdırmaq üçün həmin bazara üz tutduq. Bir neçə saatlığa qələmi əlcəklərə dəyişib qul bazarında fəhləlik etmək qərarına gəldik.

7 saylı marşrutda ördək əhvalatı

Öncə “Əzizbəyov” metrosundan 7 saylı marşrut avtobusuna minib üz tuturuq Zabrat qəsəbəsinə. Avtobusda olduqca maraqlı bir hadisənin şahidi oluruq. Əlində ağır çantaları olan yaşlı bir arvad avtobusa minir. Görünüşündən bazar alverçilərinə oxşayan bu xanım yerində oturar-oturmaz sürücüyə gecikməsini irad tutur. O da öz növbəsində tıxaclardan gileylənir.
Alverçi qadının torbalarından gələn ördək qaqıltısı bütün avtobusu bürüyür. Ördəklərin səs-küyündən narahat olan sərnişinlər isə qadına irad tutmağa başlayırlar. Qadınla onun yanında əyləşən bir kişi arasında mübahisə yaranır:

- Ay xanım, ictimai nəqliyyatda heyvan aparmaq olar? Baş-qulağımız getdi ki...

- A, neyləyim bəs? Beş-altı ördəyə görə taksi tutum?

- Bəs nə?! Tutmalısan da. Ördəklərinin səsi camaatın səsinə qarışıb baş-qulağımızı aparır.

- Camaat da danışır də. Onların səsi ilə ördəklərin səsi arasında fərq var bəyəm?

- Ay xala, sənin üçün fərqi yoxdursa, bu camaat üçün fərqi var. Belə də şey olar? Camaatla ördək arasında fərq qoymursan.

- A kişi, mənimlə nə çənə-boğaz vurursan? Satmağa aparıram də. Bəyəm heyvanın dili-ağzı var ki, başa salım sakit dursun?
Qadının bu sözlərindən sonra digər sərnişinlər və sürücü uca səslə gülməyə başladılar. Beləcə, Zabrat dairəsində qul bazarının yanında alverçi qadın da bizimlə birgə avtobusdan düşdü. Bu zaman bütün bu mübahisələrə reaksiya verməyən sürücü arvaddan ördəklərə görə də gediş haqqını istədi. Qadın buna etiraz etdikdə isə sürücü arvada istehza ilə belə dedi: “Nə oldu? Bayaqdan adamla ördəyə fərq qoymurdun. İndi isə ördəyin gediş haqqını vermək istəmirsən”.

İlk müştəri simic çıxdı

Beləcə, biz qul bazarına, alverçi qadın isə yaxınlıqdakı mal bazarına üz tuturuq. Səhər saatları olduğuna görə Zabrat dairəsindəki qul bazarında xeyli iş axtaran toplaşmışdı. Onların arasına qarışıb özümüzü iş axtaran kimi aparırıq. Bazardakılar bir-birini yaxşı tanıdıqları üçün hər kəs bizə təəccüblə baxır.
Çox keçmir ki, yolun kənarında bir maşın dayanır. İçi biz qarışıq bütün fəhlələr maşını mühasirəyə alırıq. Lakin sürücü ilə sövdələşməyə macal tapmırıq. Stajlı fəhlələr cəld maşının salonuna əyləşib sürücünün təklif etdiyi işlə maraqlanırlar. Onun dediklərindən belə məlum olur ki, Buzovnadakı tikintiyə iki fəhlə lazımdır. İşə görə 25 manata razı olmayan digərləri kimi biz də çox məyus halda geri qayıdırıq.
Bu məqamda öz-özünə deyinən yaşlı bir kişiyə yaxınlaşıb söhbət eləməyə başlayırıq. Adının Əhməd olduğunu deyən Zabrat sakini 16 ilə yaxındır ki, bura gəldiyini və günəmuzd işlədiyini söylədi. Onun sözlərinə görə, əvvəllər Keşlə Maşınqayırma Zavodunda işləyib. Lakin 90-cı illərin əvvəllərində digər istehsal müəssisələri kimi onun işlədiyi zavod da bağlanıb. Yaşının çoxluğu işləmək üçün üz tutduğu çox qapıları üzünə bağlayıb.
Təxminən 55-60 yaşlarında olan Əhməd dayı bizə qul bazarındakı işin incəliklərindən xeyli danışır. Onun sözlərinə görə, iş tapmaq üçün bir az dilli və fərasətli olmalısan: “A bala, bilin ki, bu dünyada fəhlə oldunsa, günün qaradır. Bura fəhlə dalınca gələnlər də bizə xeyir vermək istəyənlər yox, yumurtadan yun qırxmaq istəyinə düşənlərdir. Belə başa düşürəm ki, bura birinci gəlişinizdir. Mən 16 ilə yaxındır ki, ailəmi buralara gəlməklə dolandırıram. Kasıbın evində də işləmişəm, harınlamış rəisin evində də. Elə vaxt olub ki, günlərlə işləmişəm, amma pulumu verməyiblər. Buralarda sizə bir az çətin olacaq”.

“Adə, 10 manata da hambal olar?!”

Söhbətimizin bu yerində yolun kənarında daha bir maşın dayanır. “Xozeyin” Ramana qəsəbəsində quyu qazmağa fəhlə lazım olduğunu bildirir. Nə qədər pul verəcəkləri ilə maraqlanırıq. Maraqlı məqamlardan biri də o olur ki, sürücü iş barədə məlumat verməmiş iş axtaranlar maşına doluşur. Lakin məlum olur ki, kanalizasiya quyusunu qazmağa iki fəhlə lazımdır. Sürücü bizə kanalizasiya quyusu qazmağa görə 10 manat təklif edir. Lakin heç kim bu məbləğlə razılaşmır. Torbaya qoyub qoltuğuna vurduğu köhnə iş paltarı ilə gəzib müştəri axtaran 23-25 yaşlı qarabuğdayı, qayışbaldır, əzələli bir gənc isə istehza dolu zarafatından da qalmır: “Adə, 10 manata da hambal olar?!”
Oxşar hal bir daha təkrarlanır və biz yenidən məyus halda səkinin kənarındakı kölgəliyə qayıdırıq.
Orada olarkən öyrənirik ki, günəmuzd işçilər əsasən yeni tikilən evlərdə işləyirlər. İşə onun həcminə və ağır-yüngüllüyünə görə qiymət qoyulur. Bazarın daimi sakinlərinin sözlərinə görə, ən baha işi qaynaqçılar, ən ucuz işi isə fəhlələr görürlər.
Hər yerdə olduğu kimi burada da dəllallara rast gəlmək mümkündür. Söhbətləşdiyimiz Seyid adlı şəxs belə dəllal işbazların yaratdığı briqadalarda günlük əməkhaqqının həddən artıq az olduğunu söylədi: “Özümüz iş tapanda daha yaxşı olur. Çünki ”kliyent"lə istədiyimiz məbləğdə sövdələşə bilirik. Bəzən olur ki, iş tapa bilməyəndə bazar işbazlarının briqadalarında işləməyə məcbur oluruq. Belə hallar adətən qışda, iş qəhətə çıxanda olur".

Ura, iş tapdıq, Maştağaya usta köməkçisi gedirik...

Bir daha yolun kənarına yaxınlaşıb bəxtimizi sınayırıq. Xeyli gözləsək də heç nə alınmır. Yolun əks tərəfindəki çayxanaya getmək istəyərkən tale üzümüzə gülür. Qarşımızda dayanan maşının sürücüsü Maştağadakı tikiliyə usta köməkçisi lazım olduğunu deyir. “Fürsət bu fürsətdir” deyib işverənlə razılaşırıq. O, bizə bir maşın daşı daşımalı və ustaya kömək etməli olduğumuzu söyləyir. Təzə olduğumuza görə sürücü ilə qiymət danışmaq yadımızdan çıxır. Bizim üçün prosesin özü daha maraqlıdır, nəinki pul.
20 dəqiqədən sonra işləyəcəyimiz yerə çatırıq. Qulam adlı Maştağa sakini bizə həyətdə yığılan daşları daşıyaraq ustaya verməyimizi tapşırır və əlavə edir ki, nahar vaxtı yeməyimizi də verəcək. Qollarımızı çırmalayıb işə girişirik. İş bizə asan görüksə də çox keçmir ki, əldən düşdüyümüzü hiss edirik. Bir az istirahət etmək üçün işə ara veririk. Amma bu hal deyəsən, ustanın xoşuna gəlmir: “A kişi, gəlin daşıyın qurtarın, işimiz-gücümüz var. İşləyə bilmirdinizsə, niyə gəlirdiniz?”
Usta Şakir bir az deyinəndən sonra o da işə ara verib bizimlə söhbətə qoşulur. İki ildir ustalıq edən Şakirlə söhbət zamanı öyrənirik ki, o, hazırda məhkumdur. Lakin komendatura tipli cəza çəkmə müəssisəsində cəzasını çəkdiyinə görə işləmək məcburiyyətindədir: “Novxanıda fəhləm damdan yıxılıb o dünyalıq oldu. Məni günahkar çıxarıb tutdular. Arvad-uşaq qaldı Allahın ümidinə. Sağ olsun yaxşı adamlar, vəziyyətimi başa düşüb aylıq 100 manata məni işləməyə buraxırlar. Qalanını da ailəmə xərcləyirəm”.
Usta ilə söhbətdən sonra işə qaldığımız yerdən davam edirik. Elə vaxt olur ki, redaksiya üçün darıxırıq. Hətta bəzi məqamlarda işi yarımçıq qoyub getmək istəyirik. Amma projeni uğurla başa çatdırmaq üçün bütün çətinliklərə dözürük.

“Xozeyin”in evində nahar

Günorta olduğundan ev sahibi bizi nahara səsləyir. Həyətdə tut ağacının altında naharımızı edirik. Usta Şakir ev sahibi eşitməsin deyə asta səslə bizə bunları nəql edir: “Elə vaxt olub ki, varlı-hallı birinin evində işləmişəm, amma bir stəkan su da verməyib. Görürsünüz də, kasıb belədir, nəyi var üzdədir”.
Nahardan sonra haydı, iş başına. Artıq işin yarısını görüb qurtarmışdıq. Arada telefonu işə nəzarət edən ev sahibinin qohumuna verib şəklimizi çəkməsini xahiş edirik. Düzdür, bizim bu istəyimiz bir az təəccüblə qarşılanır. Lakin onları başa salırıq ki, bu, bizim birinci işimizdir və istəyirik ki, bir xatirə kimi qalsın.
Beləcə, bir neçə saatlıq işimizi tamamlayırıq. Ev sahibi pulumuzu verib bizə geri qayıtmaq üçün yolu başa salır. Darvazadan çıxandan sonra baxırıq ki, bir maşın daş daşıdığımıza görə hərəmizə 12 manat verib.
...Avtobusa minib redaksiyaya bu yazını yazmağa qayıdanda yorğunluqdan danışmağa da halımız yox idi. Qul bazarının daimi sakinlərinin dilində əzbər olan bir bənd şeiri deyib gülümsünürdük:

Fəhlə nədir, bağ nədir?
Banka-banka yağ nədir?
Fəhlə gərək işləsin,
Qara çörəyi dişləsin...

Elşən QƏDİMOV, Fərahim İLQAROĞLU

1672 dəfə baxılıb

[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR

[24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR

[23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ

[18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR

[02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

ARXIV

Yeni MÜSAVAT © 2008