09 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

“ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ...”

2009-09-14

Təlim müəllimi İlyas Kərimli: “Akademik Cəlal Əliyevin qızı, Zeynəb Xanlarovanın oğlanları, Mətanət İsgəndərli mənim tələbələrim olub”
“Sürət ölülərini dərsdən qovuram”

Dünyanın avtomobil şəhəri adlanan Los-Ancelesdə maşınların sayı insanların sayını üstələyib. Amma deyəsən, bir müddət sonra eyni fikri Bakı haqqında da söyləmək mümkün olacaq. Ona görə ki, son illər paytaxtda maşınların sayı əhəmiyyətli dərəcədə artıb. Maraqlı məqamlardan biri də sürücülər arasında qadınlara daha tez-tez rast gəlinməsidir. Kişilər tərəfindən qısqanclıqla qarşılansa da, onların sükan arxasında əks cinsin nümayəndələrinə nisbətən daha təmkinli olduğu deyilir. Hərçənd qadın sürücülər arasında da sürəti xoşlayanlar yox deyil. Amma baş verən qəza hallarının statistikasına nəzər salsaq, qadınların çox az hallarda qaydaları pozduğuna əmin olarıq...

***

Bakının “Gənclik” metrostansiyası yaxınlığında üzərində “Təlim” sözü yazılan maşınları, yəqin ki, çoxunuz görmüsünüz. Hər gün sürücülük məktəbinə müraciət edən yüzlərlə tələbə onların təlim süzgəcindən keçir. “Tələbəyə ən çox onun müəllimi bələd olur” deyib onlara yaxınlaşırıq. Həmsöhbətimiz isə ən stajlı müəllimlərdən olan İlyas Kərimlidir:

- Nə vaxtdan təlim keçməklə məşğulsunuz?

- 30 ilə yaxındır ki, tələbələrə təlim keçirəm. Əvvəllər yerimiz Azadlıq meydanında idi. Gənclik metrostansiyası tikilməmişdən əvvəl buralar boş idi. “Əzizbəyov” metrosunun yanında və Ukrayna dairəsində də təlim maşınlarımız var. Amma onların əksəriyyəti burdadır.

- İş yeriniz haradır?

- Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin müəllimiyəm. Bu cəmiyyət dövlətin sərəncamındadır. Amma burda özəl məktəblərin maşınları da var.

- Bəs imtahanlar necə keçirilir?

- İmtahan günü Respublika Dövlət Yol Polisinin maşınlarından növbətçi təyin edirlər. Maşını verib özümüz kənarda dururuq. Onların nümayəndəsi oturur tələbənin yanında. İmtahan götürür.

- Belə çıxır ki, həmin gün tək tələbəniz yox, həm də siz imtahana çəkilirsiniz?

- Əlbəttə. Biz öyrətdiklərimiz tələbələrin məsuliyyətini daşıyırıq. Tələbə imtahan verə bilmirsə, deməli, biz onu öyrədə bilməmişik.

- İndi maşın sürməyə daha çox kimlər meyillidir, oğlanlar, yoxsa qızlar?

- Əvvəllər tək-tək qızlar maşın sürməyi öyrənərdilər. İndi qadınların elə bir axını yaranıb ki... Onların sayı kişilərdən çoxdur. Məsələn, mənim tələbələrimin 7 nəfəri qadındır. Bizi internetdən də tapmaq olur. Bu yaxınlarda Amerikada oxuyan iki tələbəmiz gəlmişdi. Orda iki il oxuyublar, amma sürücülükdən imtahan verə bilməyiblər. Burda təlim keçəndən sonra gedib imtahan verə biliblər. Özü də Amerikada polis tələbələrə maşını şəhərdə sürdürür. Daha bizimkilər kimi “ploşadka”da yox. Xaricilər bizə “tupoy” kimi baxırlar. Amerikada həmin tələbələrdən qısa müddətdə maşın sürməyi necə öyrəndiklərini soruşanda deyiblər ki, Bakıda öyrəniblər.

- Qadınlar, yoxsa kişilər məsuliyyətli olurlar?

- Qadınlar daha çox məsuliyyətlidirlər. Qadın gecə yatanda da öyrəndiklərini təkrarlayır. Amma kişilər gəlir biz az öyrənir, “prokrutka” edir, nə bilim nə edir?! Qadın belə şeylər eləmir axı. Qadınlara deyirsən “Ay qızım, belə eləmək lazımdır. Deyir ”baş üstə" (sükanı tərsinə tutaraq). Bir də görürsən sükanı gah belə tuturlar, gah elə. Sükanı tutmaq, qapını açmaq qaydası var. Eləsi var, qapını elə açır ki, yanından gələn maşın qapının altında qalır. Amma qadın onu eləmir. Biz maşınla davranmaq və sürücülük mədəniyyətini təkmilləşdirmişik.

- Bəs, hansı cinsin nümayəndələri sürətə daha çox meyillidir?

- Qadınlar arasında sürət sevənlər nadir hallarda olur. Eləsi də olur ki, çıxır qazın üstünə daha onu saxlaya bilmirsən (gülür). Amma oğlan uşaqlarının 70-80 faizi sürət sevir. Sözümə baxmayan sürət ölülərini dərsdən qovuram.

- Tanınmışlar arasında tələbələriniz olubmu?

- Çoox... Akademik Məmməd Məmmədov, Cəlal Əliyevin qızı İzzət xanım, Zeynəb Xanlarovanın oğlanları - Ramin və Ramal, Mətanət İsgəndərli. Onun qızı ilə oğlu...

- Onlar arasında ən yaxşı tələbəniz kim olub?

- Zeynəb Xanlarovanın uşaqları. Oğlan olmaqlarına baxmayaraq, çox tərbiyəli uşaqlar idi.

- Tələbələrinizin sizi “işə” salan vaxtları olubmu?

- Bu bizdən asılıdır. Bir də görürsən soruşurlar ki, məgər təlim maşınlarını da saxlayırlar? Tələbənin “prava”sı yoxdur. Onlara görə bizi cəzalandırırlar. Bizi tənbeh edib deyirlər ki, ay müəllim, tələbəni belə öyrədirlər?

- Təlim keçmək üçün meydan genişdirmi?

- Bax bu məsələdə əziyyət çəkirik. Motordromda yerimiz, öz dairəmiz var idi. Sonra oranı plana salıb əlimizdən aldılar. Ya da Dərnəgülə gedirik, orada təzə yol açılıb. Burada parkın içində sürürük. Bir sözlə yerimiz pərakəndədir. Bura dayanacaqdır. Tələbə gələndə boş yerdə sürürük. Pis vəziyyətdədir. Avtobuslar yerləşdiriləndən sonra bura çox darısqal olub. Futbol olanda bizi buradan çıxarırlar. Meydanı boşaldırlar. O gün biz boş qalırıq, dərslər keçirilmir.

- Dərs qiymətləri neçədir?

- (Konkret qiymət demir) Pulu məktəbə keçirirlər. O pulun müqabilində biz həm maaş alırıq, həm də maşını təmir edirik.

- Bəs sizin müəlliminiz kim olub?

- Mən “avtoşkola”nı Rusiyada qurtarmışam. Anadan olandan 10-12 yaşımda evdə maşın olub, onu bir az qabağa, bir az arxaya verirdim. Yaşım çatanda sürücü məktəbinə getdim. Vəsiqəni alanda artıq maşın sürməyi mükəmməl bilirdim.

- Sovet dövründə necə işləyirdiniz?

- Bütün keçmiş sovet respublikalarının içərisində DOSAAF (Orduya, Donanmaya Könüllü Yardım Cəmiyyəti - red.) 2, ya 3 respublikada qalıb. Adını dəyişib Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti qoyduq. Bax belə bir idarə yarandı. Bizim rəhbərliyin əlaqələri olduğundan buranı saxladı, yoxsa tamam məhv olub gedirdi. Bazamızı çox yerdə əlimizdən aldılar. Çətinliklərimiz yarandı. İndi generalımız rəhmətə gedib, hazırda bizə polkovnik rəhbərlik edir. Avtomobil sürücüləri ilə yanaşı, paraşütdən tullananlar, təyyarə sürücüləri də hazırlayırıq. Bizim Balakəndəki bazamızda 3 təyyarəmiz var. Güzdəkdə köhnə bazamız var idi, oranı indi təmir etməyə başlamışıq. Orada sürətli maşın sürmək üçün yerlər tikiləcək.

- Nə qədər maaş alırsınız?

- (Konkret rəqəm açıqlamır). Dolanırıq da... Hamı necə, biz də elə.

- Özəl sürücülük məktəbləri barədə nə düşünürsünüz?

- Onlar 90-cı illərdən burada dayanmağa başlayıblar. Onların əsas bazası yoxdur. Özəl maşını rəsmiləşdirirlər, bunun ardınca isə məktəb açırlar. Əsas dövlət səviyyəsində olan təşkilat bizimkidir.

- Təlim zamanı başınıza maraqlı hadisələr gəlib?

- Vallah elə olmayıb ki, maşını vuraq. Biz o qədər yavaş-yavaş sürdürürük ki. Heç bir hadisə ola bilməz.

- Tələbələrinizi çətinə salmağı xoşlayırsınızmı? Məsələn, onlara tıxacda sürməyi öyrədirsinizmi?

- Ay sağ ol (razılıqla). Elə olur ki, mən özüm pik saatlarda aparıb tələbəmi tıxacın içinə salıram. Əgər maşını sürməyi bacaran adamdırsa, burada heç bir problem olmayacaq. Tıxacda sürət yoxdur, minimal sürətlə gedirsən. Qıraqdan bilməyən adam baxanda elə bilir ki, tıxacda maşın sürmək çətindir. Amma bacaran adam bunun da öhdəsindən gələ bilir. Mən öz tələbələrimə gecələr sürməyi də öyrədirəm. Deyirəm ki, istəyirsənsə, öyrən. Bunu biz özümüz təklif edirik.

- Nə zamana qədər işləmək fikriniz var?

- Bu işə öyrəşmişəm. Gedib evdə oturmaq istəmirəm. Gələn də yaşlı təlimçi axtarır. Peşəkar təlimçilərdən isə 3-4 nəfər qala, ya qalmaya. DOSAAF-ın əsasını qoyanlardan yalnız biz qalmışıq.

- Necə sizin tələbəniz olmaq olar?

- Öncə məktəbə pul köçürmək lazımdır. Tələbələrimizi proqram əsasında hazırlayırıq. Burda hər gün bir təlim keçirik. Tələbə maşını idarə etməyi öyrənəndən sonra o, istənilən yerdə maşın sürə bilər...
Beləcə söhbət yekunlaşır. Ümid edək ki, yaxın zamanlarda bizim də yolumuz İlyas müəllimin təlim kurslarından keçəcək və onun öyünə biləcəyi tələbələrdən olacağıq.

Nailə RÖVŞƏNQIZI, Leyla İLQAR

2071 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008