30 iyul 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

PARTİYALAR YAN-YANA...

Müxbirimiz Fazil Mustafanın və Fuad Əliyevin firqələrinin bir-birinə qonşu olan ofislərində gördüklərindən yazır

Bu gün ölkənin siyasi həyatında müşahidə olunan durğunluq öz yerini bələdiyyə seçkiləri öncəsi mübahisələrə, fikir ayrılıqlarına verib. Yay aylarında belə təəssürat yaranmışdı ki, partiyalar heç bir işlə məşğul olmur, hərə bir kənara çəkilib. Amma yaxınlaşan bələdiyyə seçkiləri artıq partiyaları da hərəkətə gətirib, qərargahlar yenidən «qaynar qazanlar»a çevrilməyə başlayıb. Ötən dəfə ölkənin ən nüfuzlu 5 siyasi partiyasının qərargahından reportaj hazırlamışdıq. Bu dəfə isə redaksiyamızın bir addımlığında yerləşən və bizə qonşu olan partiyaları gəzib onların nə işlə məşğul olduqlarını öyrənmək qərarına gəldik.

Qeyd edək ki, Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) və Böyük Quruluş Partiyası (BQP) bir neçə ay öncə metronun «Neftçilər» stansiyasının həndəvərində Əzim Əzimzadə küçəsinə köçüblər. Bu binada Ədalət Partiyası üçün də yer ayrılsa da təmir başa çatmadığından hələ ki İlyas İsmayılovun partiyası yeni binaya köçməyib.

Göyərçin, qırmızı rəng və ingilis dili kursu...

Əvvəlcə ALDP-nin qərargahına baş çəkdik. Qapının üzərinə partiyanın emblemi vurulub, qırmızı rəngin fonunda da göyərçin şəkli... Partiyanın qərargahı kiçik otaqlardan ibarətdir. Dəhlizin divarlarına isə ötən ilki prezident seçkilərində partiya sədrinin fəaliyyətini əks etdirən şəkillər vurulub. Maraqlı məqamlardan biri də odur ki, ALDP sədi Fuad Əliyevin müavinlərinin oturduğu otaqların hamısının eyni dizayndadır.
Partiya sədrindən bunun səbəbini soruşsaq da Fuad bəydən tutarlı cavab ala bilmədik. Otaqların hamısında partiya sədrinin şəkilləri asılıb. Qərargahda 4 otaq var. Hazırda bu otaqların birindən mətbəx kimi istifadə olunur. Amma Fuad Əliyev deyir ki, gələn ilin yanvarından burada «Liberal demokrat» qəzeti yenidən çap olunacaq.
Daha sonra partiya sədrinin otağına keçib söhbətə başlayırıq. Fuad Əliyev deyir ki, bu qərargaha köçmələri elə də asan olmayıb: «10 ilə yaxın qərargah almaq üçün mübarizə apardıq. Bu yeri almaq istəyirdik. Ötən il prezident seçkisi ərəfəsində Əmlak Məsələləri Dövlət Komitəsini məhkəməyə verdik. Amma məhkəməni uduzduq. Bu prosesə beynəlxalq ictimaiyyətin də diqqətini cəlb etmişdik. Sonra buranı bizə verdilər. Bu, bizə dövlət tərəfindən 10 illiyimiz münasibətilə verilən hədiyyədir».
Partiya sədri deyir ki, indiki qərargaha qədər fərqli ünvanlarda məskunlaşıblar: «Xalçaçılıq Muzeyinin arxasında qərargahımız var idi. Amma 2000-ci ildəki zəlzələdən sonra həmin bina uçdu və sədrimiz orada həlak oldu. Ən uzun müddətə qaldığımız qərargah isə "Azneft" meydanının yaxınlığında idi. Ora partiyanın üzvü olan bir ağsaqqalın evi idi. O vaxt bizə təzyiqlər oldu və oradan çıxdıq".
Partiyanın öz mövqeyinin, fikirlərini cəmiyyətə necə çatdırmaq məsələsinə gədikdə isə Fuad Əliyev bunları dedi: «2003-cü ilin prezident seçkilərində Etibar Məmmədovu dəstəkləyirdik. O zaman biz orada qəzet də buraxırdıq. Adı da "Liberal demokrat" idi. Qəzet yalnız seçki dövründə nəşr olundu. Yanvar ayından qəzeti bərpa etmək istəyirik. Saytımıza gəldikdə isə o, mütəmadi olaraq yenilənir, elektron ünvanımız işləyir".
Fuad Əliyevdən ALDP-nin bələdiyyə seçkiləri ilə bağlı mövqeyini soruşduq. Partiya sədri deyir ki, seçkilərdə «Azad Azərbaycan» bloku kimi iştirak etmək planları var idi: «Bu ilin aprel ayında liberal yönlü 12 partiya ilə birgə "Azad Azərbaycan" blokunda birləşib bələdiyyə seçkilərinə qatılmaq istədik. 12 partiyadan 4-ü buna razılıq verdi. Amma sonda blok yaradılmadı. Buna görə də seçkilərə tək qatılmağı qərara aldıq".
Fuad ƏliyevALDP sədrinin sözlərinə görə, bu il qadınlar da daxil olmaqla seçkidə 1000 nəfər namizədlə iştirak edəcəklər.
Fuad Əliyev partiyanın rayon təşkilatlarının problemlərindən də danışdı. Onun sözlərinə görə, rayon təşkilatlarının sədrləri iclasları evlərində keçirməyə məcbur olurlar: «Mən ötən il prezident seçkilərinə qatılandan sonra partiyaya gələnlərin sayı artdı. 2008-ci ilə qədər isə bizim partiyaya çox az adam gəlirdi».
Onu da öyrəndik ki, ALDP qərargahında həftədə bir dəfə sədr və müavinləri toplanır. Həftəlik proqram yazılır və buna uyğun iclaslar keçirilir. Partiya daxilində Şəhid Ailələri Komitəsi, Gənclər Komitəsi, Qadınlar Şurası və Ağsaqqallar Şurası fəaliyyət göstərir. Sədr ən fəal təşkilatın Qadınlar Şurasının olduğunu deyir.
Fuad ƏliyevFuad Əliyevdən partiyanın emblemindəki rənglərin nə anlam daşıdığını soruşuruq. O, şkafdan nəsə götürüb vərəqləyir, sonra da qırmızı rəngin mübarizlik anlamına gəldiyini bildirir. Bunun ardınca isə söhbətin axarını dəyişib partiyada gördüyü işlərin daha birindən söz açır: «Bu ilin sentyabrından partiya aparatının işçilərinə ingilis dili dərsi keçirilir. Özüm onlara müəllim tutmuşam. İstəyirəm ki, bütün işçilərim ingilis dilində danışa bilsin».
Xatırladaq ki, Fuad Əliyev özü Dillər Universitetini bitirib və dediyinə görə, ingilis dilində sərbəst danışır. Dil kursları da yəqin buna görədir.

Böyük Quruluşun balaca ofisi

ALDP-nin qonşuluğunda «lövbər salan» digər siyasi təşkilat isə deputat Fazil Mustafanın rəhbərlik etdiyi Böyük Quruluş Partiyasıdır. Binanın üzərinə böyük hərflərlə «Böyük Quruluş Partiyası» sözləri yazıldığından burada partiya qərargahının yerləşdiyini dərhal bilmək olur. BQP bu binada 4 otağı icarəyə götürüb. Ofis zahirən darısqal görünməsə də böyük də deyil.
Partiyanın Ali Məclisinin sədri Əjdər Əliyev bu məkanın onların ilk qərargahı olduğunu deyir: «Partiyanın yerləşdiyi müvəqqəti ünvanlar olub. Qeydiyyata alınmamışdan əvvəl Xəqani küçəsində bir zirzəmidə fəaliyyət göstərirdik. Bundan başqa metronun »Nərimanov" və «28 may» stansiyalarının yaxınlığında da 3 otaqlı mənzildə məskunlaşıb fəaliyyət göstərmişik. Sonra Ədalət Partiyasının qərargahında yerləşmişdik. Bu ilin mart ayından buranı qərargah etmişik".
Fazil Mustafanın kabinetiPartiyada yalnız Əjdər Əliyevlə görüşə bildiyimizdən ondan sədrin və digər işçilərin harada olduğunu xəbər aldıq: «İş rejiminə uyğun həftə içi hər gün saat 10-dan axşama qədər işləyirik. Bir neçə işçimiz var. Amma partiyada heç kəsin olmaması qurultaya hazırlıqla bağlıdır. Bu ayın içində qurultay keçirəcəyik. Bununla əlaqədar hamı rayonlardadır. Hesabat konfransları keçirilir. Partiya sədri buna nəzarət edir».
Bəs görəsən, BQP bələdiyyə seçkilərinə necə hazırlaşır? Ali Məclisin sədri bələdiyyə seçkilərində təkbaşına iştirak edəcəklərini deyir: «Partiyanın may ayında qəbul etdiyi qərara əsasən seçkidə təkbaşına iştirak edəcəyik. Seçkiyə başqa partiyalarla birgə getmək təklifləri var idi. Amma partiyanın qərarı fərqli oldu».
Əjdər bəy partiya üzvlərinin sayının artdığını deyir: «Son olaraq Sumqayıt və Neftçala təşkilatlarımız yarandı. Qaradağ təşkilatımız möhkəmləndi. Təşkilatı yarandı. Gədəbəy təşkilatı yaranmaq üzrədir. Fərdi şəkildə də müraciət edənlər var».
Partiyanın özünüreklam vasitəsi sayılan internetin imkanlarından necə yararlandığını xəbər alırıq: «Elektron ünvanımız və saytımız var. Bir neçə ildir ki, fəaliyyət göstərir. Saytın fəaliyyətinə özümüz nəzarət edirik. Son zamanlar işlər ləng gedir. Bu da qurultay və seçkilərlə bağlıdır. Yaxın zamanlarda saytı yeniləməyi planlaşdırırıq. Qəzet çıxarmaq fikrimiz də var. Bu məsələ Ali Məclisin iclasında da müzakirəyə qoyulub. Amma hazırda gündəmdə yoxdur».
Partiyanın toplantılarına gəldikdə isə Əjdər Əliyev qurultaydan sonra Ali Məclisin nizamnaməyə əsasən ikinci səlahiyyətli orqan olduğunu bildirir: «Nizamnaməyə görə, Ali Məclis üç aydan bir toplanır. Siyasi Qurulun iclası isə əvvəllər hər həftənin şənbə günü olurdu. Amma indi müraciətləri nəzərə alıb çərşənbə gününə keçirmişik. Siyasi Qurulun 16 nəfər üzvü var».
Hazırda partiya üçün ayrılmış 3 otaqda təmir getdiyindən Siyasi Qurulun bütün toplantıları sədrin otağında keçirilir. Sonda Əjdər Əliyev hökumətlə bağlanan icarə müqaviləsinin vaxtının bitməsi ilə bağlı narahatlığını bildirdi: «Bu ərazinin təmir olunmasına icazə aldıq. 6 ay müddətində müqavilə imzalanır. İyul ayında müqavilənin müddəti bitib. Amma hələ də bizə cavab verilməyib. Fazil bəy bununla bağlı parlamentin son iclasında məsələ qaldırmışdı».

Nailə RÖVŞƏNQIZI

1569 dəfə baxılıb

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

[12.04.2010] - ULU ÖNDƏRİ YETİŞDİRƏN KƏND - NOVXANI...

[05.04.2010] - QƏDİM ROMALILARIN KƏNDİ - RAMANA

[29.03.2010] - YESENİNİN İRAN BİLDİYİ KƏND - MƏRDƏKAN

[28.03.2010] - HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ

[15.03.2010] - DÜNYANIN YEDDİ NEFT MAQNATINDAN BİRİNİN KƏNDİ - BALAXANI

ARXIV

Yeni MÜSAVAT © 2008