 |
Proje
“ELƏ OLUB Kİ, İKİ GÜN AC QALMIŞIQ”
Əməkdaşlarımız tələbə yataqxanasında olub, onların həyatının çətinliklərini araşdırıblar
|
...Ağasif və Vüsal Azərbaycan Dövlət Neft Akademiyasının tələbə yataqxanasında darısqal otaqda yaşayırlar. Bu iki gənc tələbə həyatında üzləşdiyi çətinliklərə baxmayaraq, olduqca nikbindirlər. Elə biz də bazar günü onların qonağı olub, bir günümüzü onlarla keçirib tələbə həyatının indiki mənzərəsini oxucuya çatdırmağa çalışdıq. Əvvəlcədən zəngləşib, gələcəyimizi söylədiyimizdən həmsöhbətimiz və bələdçimiz olacaq tələbələr bəzi işlərini təxirə salmışdılar. Yataqxananın qarşısında bizi qarşılayan Ağasif komendatı zorla yola gətirdiyini söylədi. Onun sözlərinə görə, qaldığı yataqxanaya yad adamları buraxmırlar. Ağasif nəzarətçilərə yaxınlaşaraq bizi qohumları kimi təqdim etdi və şəxsiyyət vəsiqəmizi alan nəzarətçi içəri keçməyimizə icazə verdi. Söhbət zamanı öyrənirik ki, qaçqın və məcburi köçkünlərin də yaşadığı yataqxananın bəzi mərtəbələrində tələbələr qalır. Dar və qaranlıq dəhlizdən keçərək ikinci mərtəbəyə qalxırıq. Qapıda bizi Ağasifin otaq yoldaşı Vüsal qarşılayır. “Mübahisəli mürəbbə seçimi”
Yerimizi yenicə rahatlamışdıq ki, Vüsal bizə çay süzür. Ağasif şkafı açaraq bir-iki mürəbbə bankası çıxardaraq hansı ilə çay içmək istədiyimizi soruşur. Elə mübahisə də burdan yaranır. Mən üzüm mürəbbəsini , həmkarım Türkan isə israrla çiyələk mürəbbəsi ilə çay içmək istədiyini söyləyir. Kiçik mübahisəmizə isə bayaqdan bizi sakitcə izləyən Vüsal son qoyur. Hər iki mürəbbə bankasının ağzını açan Vüsal dəmlədiyi pürrəngi çayı bizə doğru uzadır. Çay içə-içə söhbətə başlayırıq. Vüsal bu il tələbə adını qazanıb. O, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyur. Otaq yoldaşı Ağasif isə ondan fərqli olaraq bu il axırıncı kursdadır. O Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsini bitirir. İstirahət günlərini necə keçirdiklərini soruşuruq. Ağasif stolun üstündə yığılmış kitabları göstərək “istirahət edə bilirik ki?” deyir: “Qış imtahanlarına hazırlaşdığımız üçün boş vaxtımız əsasən bazar günü olur. Amma bazar günü üçün də planımız var. Xarici dil öyrənirik və idmanla məşğul oluruq”. Hər iki tələbəyə ünvanladığımız “tələbə həyatı çətindirmi” sualına 4 ildir bu həyatın müxtəlif çətinliklərini artıq arxada qoyan Ağasif cavab verdi : “Birinci kursda qohumumun evində qalırdım. Dərsdən gələn kimi isti yeməyim hazır olurdu. O zamanlar çox da çətinliyim olmurdu. Amma sonradan, uşaqlarla birgə yataqxanaya köçdükdən sonra burda tələbə həyatının çətinliyini hiss etməyə başladım”. Ağasif deyir ki, tələbəlik dövründə üzləşdiyi problemlər qarşısında heç vaxt əyilməyib, sınmayıb: “Bizim həyatımız çətinliklərlə doludur. Mən bir əngəli aşıramsa, özümdə inam hissi yaranır ki, qarşıma çıxacaq növbəti çətinliyi də dəf edə bilərəm. Məsələn, bir gün ac qalıramsa və bunu heç kəsə bildirmirəmsə, deməli, mən səhəri gün 2 gün də ac qala bilərəm. Və yaxud bir gün qaranlıqda qalıramsa, yemək bişirə bilmirəmsə, nəsə bir əziyyət çəkirəmsə, səhəri gün özümü daha da əzmli hiss edirəm. Özü-özümə deyirəm ki, həyatın daha bir sınağından keçdim. Ümumiyyətlə, insan üzləşdiyi problemlər qarşısında çaşmamalı, ətrafa aqressiv olmamalıdır. Biz tələbələr gələcəyə ümidlə baxmalıyıq. İndi çəkdiyimiz əziyyətin gələcəkdə bəhrəsini görəcəyimizə inanmalıyıq”. Laçın rayonundan olan Ağasif müvəqqəti olaraq Bərdə rayonunda məskunlaşdıqlarını söylədi. Əynindəki hərbi köynəyi heç bir zaman çıxarmadığını söyləyən Ağasif “Dədə Qorqud” filmindən sitat gətirir: “Filmdə Alp Aruz deyir ki, bu qılınc Qazanın başını kəsməyincə qınına girməyəcək. Eyni ilə bu köynək də Qarabağ alınmayınca əynimdən çıxmayacaq”.
“İki gün ac qaldıq”
Ağasif dördillik tələbə həyatında başına gələn maraqlı bir hadisəni də danışdı: “Yadıma gəlir bir gün pulumuz qurtarmışdı. Yeməyə də heç nə yox idi. Nəsə otaq yoldaşım şkafda çoxdan qalmış ət konservi tapdı. Tarixinə baxdıq ki, istifadə müddəti çoxdan keçmişdi. Amma ac olduğumuzdan heç nə gözümüzə görünmürdü. Konservanı tavaya töküb isitdik. Bu arada necə oldusa ikimizə də birdən zəng gəldi və başımız telefonda söhbətə qarışdı. Bir də xəbər tutduq ki, yemək yanır. Tavanı tutmağa bir şey tapa bilmədiyimdən onu əlimlə odun üstündən kənara çəkməyə çalışdım. Qızmış tavanın qulpuna əlim yapışdı. Tava əlimdən sürüşüb, yemək də evlə bir oldu. O gün ac qaldıq. Səhəri günü də pul tapa bilmədik və beləcə iki gün ac yaşadıq”. Söhbətin bu məqamında səhərdən bizi diqqətlə dinləyən Vüsal yataqxanadakı dostlarından razılıq elədi: “Burda ”sənin-mənim" söhbəti olmur. Bir də görürsən birinin qəndi olmur, dəmləməyə çayı olmur və s. kömək edirik. Bizdə də olmayanda həmçinin yataqxana uşaqları bizə kömək edir". Vüsaldan öyrənirik ki, yataqxanadakı tələbələr arasında çox gözəl münasibət var: “Bu yaxınlarda otaq yoldaşımız bizi qardaşının toyuna çağırmışdı. Yığıldıq düz bir maşın getdik rayona toya. Gözəl də iştirak etdik. Biz bir ailə kimiyik burda”.
Ənənəvi tələbə yeməyi - kartof qızartması
Nahar vaxtı olduğundan yemək bişirmək lazım gəlir. Vüsal tez soyuducudan yağı çıxarır, Agasif isə torbadakı kartoflardan yaxşılarını seçərək soymağa başlayır. Ağasifin dediyinə görə, Vüsal hələ yemək bişirməyi öyrənməyib. Ona görə də otaqda yemək işlərinə o baxır: “Evdə nə tapsam, bişirirəm. Amma ənənəvi tələbə yeməyi olan kartof soyutması və qızartmasından o tərəfə keçə bilmirik. Dərsdən gəlirik, yorğun oluruq. Ona görə çalışırıq ki, tez başa gələn yemək bişirək. Kartof qızartması, sosiska və s. gündəlik yediyimiz yeməklərdəndir. Ev yeməklərini isə yalnız rayondan sovqat gələndə görürük. O gün bizim üçün əsl bayram olur”. Söhbət eləyə-eləyə kartofları soyan Ağasif onları tavada yağı əridən Vüsala ötürür.
Tələblərdən ayda təxminən nə qədər pul xərclədiklərini də soruşduq. Ağasifini sözlərinə görə, aylıq xərcləri müxtəlif olur. Onun sözlərinə görə, bəzən olub ki, bir ayları 300 manata başa gəlib: “Evdən sovqat gələndə o qədər də pul xərcləmirik. Bir ayı 200 manatla yola veririk. Amma tələbəyik də, dostlarla çıxırıq şəhərə gəzməyə, kafedə oturub çörək yeyirik. Onda məcbur olub 5-10 manat xərcləyirsən”. Təxminən 20 dəqiqədən sonra yenidən stol arxasında əyləşirik. Bu dəfə yemək yeməyə. Vüsal qızarmış kartof tavanını ortaya qoyur. Ağasif isə aldığı isti təndir çörəyini bizə uzadaraq kəsməyimizi istəyir. Ac olduğumuzdan yeməyə girişirik. Agasif deyir ki, hərdən yataqxanadakı uşaqlar ilə “nemesski” atışaraq qonaqlıq edirlər: “Kiminsə ad günü olanda bütün yataqxanadakı tələbələr bir yerə yığışıb ad gününü qeyd edirik. Bir balaca otağa 20 nəfər yığışırıq. Hər kəs boşqabını və stəkanını özü ilə gətirir. Gecəyarıyadək oturub söhbət edirik”. Tələbə yataqxanasında ciddi qayda-qanun olsa da, onlar bəzən bu qaydaları pozmağa məcbur qaldıqlarını söylədilər: “Elə vaxt olur ki, dostlarla şəhərə gəzməyə gedirik. Gec gəlib çıxırıq. Nəzarətçi qapını bağladığından içəri girə bilmirik. Məcbur oluruq balkon və pəncərə kimi alternativ yollarla içəri girək”.
***
Söhbətimizin elə bu məqamında yataqxananın nəzarətçisi gələrək bu gün iməcilik olacağını söyləyir və tapşırır ki, hərə öz otağını təmizləsin. Gözəl gün üçün Vüsal və Ağasifə təşəkkürümüzü bildirib, onlarla şəkil çəkdirib ayrılırıq... Fərahim İLQAROĞLU, Türkan TURAN 2248 dəfə baxılıb
|
[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR [24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR [23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ [18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR [02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ [23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR [14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR [12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI [10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR [08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ [26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB [08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR [01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ [24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ [21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ [15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR... [08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR [23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR” [19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI [16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ ARXIV
|