03 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

KİRAYƏLƏRDƏ QOCALAN GƏNC AİLƏLƏR

Rütubətli, kasıb daxmalarda körpələr xəstə, böyüklər dərdli, həyat isə solğun olur...

Balaca bir oğlan paslı və böyük darvazanın qarşısında oyuncaq maşınına daş yığır. Onun soyuq havada daş yığması səbəbsiz deyil: “Ev tikəcəm”. Bu balaca oğlan paytaxtın minlərlə, on minlərlə kirayənişin sakinlərindən biridir. Bunu isə anası Natəvanla söhbət etdikdən sonra bilirəm. Şamil adlı cocuq kirayə qaldıqları həyətin yaxınlığında ucalan çoxmərtəbəli binaya baxıb tikəcəyi evin də elə o boyda olacağını bildirir. Paytaxtda ucaldılan göydələnlərə neçə-neçə insan Şamil kimi ümidlə yox, həsədlə baxır. Biz də həmin insanlardan bir neçəsinin yaşadığı kirayə məhəllədə olub oradakı həyatla maraqlandıq.

Uşaqlar kirayələrdə xəstəlik tapır

Səliqəsiz, bir tərəfi sökülmüş daş hasar, alçaq və dar daxmalar, taxta parçalarından qalanmış soba, qapısı açıq hisli hamam... Həyətə girəndə ilk gözə dəyən budur. Yaxınlaşıb evin sahibini soruşuruq. Məlum olur ki, burada hamı kirayənişindir. Başıpapaqlılar isə çörək qazanmaq üçün səhər tezdən evdən çıxıb gecə yarısı qayıdır. Burada neçə-neçə ailə iç-içə yaşamağa məcburdur. Gəlişimizin səbəbini bilən qadınlar bir qədər çəkinirlər. Ya ev sahiblərindən, ya da ərlərindən qorxub şəkil çəkdirməyə də razılıq vermirlər. Amma “Kirayədə yaşamaq necədir” sualına cavab verməyə bilmirlər. “Hərəmiz bir yerdən gəlmişik. Buraya Ağdaşdan da, Şəkidən də, Qubadan da gələnlər var. Hamını ehtiyac gətirib bura, başqa heç nə” - söhbətə Şamilin anası başlayır.
“Yaşadığımız ev rütubətli və qaranlıqdır. Evə gün işığı düşmür. 9 və 10 yaşlı iki  uşağımın indidən revmatizmi var. Qazancımız da iynə-dərmana gedir” - 29 yaşlı Fəridə kirayədə yaşamağın çətinliklərindən danışır. Deyir ki, ailə qurduğu 10 ilin 7-si kirayədə keçib: “Əvvəl Ağsuda yaşayırdıq, kiçik evimiz vardı. Amma rayonda iş yoxdur, buna görə Bakıya gəlməyi qərara aldıq. İndi ərim çörək sexində işləyir, özüm isə hələ də iş axtarıram”.
Fəridənin sözlərinə görə, kirayə qaldığı və o qədər də böyük olmayan həyətdə nə az, nə çox - 12 ailə yaşayır: “Hamısı da kiçik və nəm otaqlarda. Qışda divarlardan su axır. Evlərin döşəməsi yoxdur, torpağın üstünə köhnə linoleum salınıb. Divarlarda gecələr ilbizlər gəzir, döşəmədən siçanlar çıxır. Belə evdə uşaq böyütmək mümkün deyil. Amma biz məcburuq. Ayda da 120 manat kirayə pulu veririk. ”Xozeyin" hər il qışda ev pulunu artırır. Bütün ayı həyəcan işində keçiririk ki, gələn ay ev pulunu necə verəcəyik. Ömrümüz beləcə keçir".
Fəridə deyir ki, kirayə qalmağın çətinlikləri bununla bitmir. Kirayənişinlər saatlarla hamam, paltar yuyub-asmaq üçün növbəyə durur, hətta yemək bişirmək üçün də növbə tutmalı olurlar. Həyətdə yemək bişirmək növbəsi tez-tez davaya da səbəb olur: “İki gözlü qazda dörd ailə yemək bişirməlidir. Axşamlar tez-tez bunun üstündə mübahisə olur. Qaz o qədər azdır ki, saatlarla yeməyin bişməsini gözləyirik. Ev sahibinə şikayətlənəndə isə deyir ki, kimin ürəyi istəmir, gedə bilər”.

Kirayə evlər vərəm ocağıdır

30 yaşlı Mənzurə də üç uşağı ilə 10 ildir kirayələrdədir: “10 ildə altı kirayə dəyişmişik. Evlənəndə ümid edirdik ki, tezliklə ev ala bilərik, amma illər ötdükcə bunun mümkün olmadığını anladıq. Ərim lift ustasıdır, qazancı kirayə puluna və ailənin yeməyinə güclə çatır. Uşaqların əyin-başına baxanda utanıram, amma yeniləməyə də imkan yoxdur. Məktəbdən də hər həftə müxtəlif səbəblərlə pul istəyirlər. Uşaqlar pul aparmayanda müəllimə təhqir edir. Pulsuzluqdan biz də, uşaqlar da bezib. Elə Lənkərandan da pulsuzluqdan gəlib kirayələrə sığındıq”.
45 yaşlı Aytəkin xanımın ailəsi isə artıq gənc ailə deyil, başqa sözlə, kirayədə qocalır. O, 20 ildir kirayələrdə sürünür. Özünün süpürgəçi qazancı və işıq idarəsində işləyən ərinin maaşı heç yeganə övladının müalicəsinə də çatmır: “15 ildir ailəliyəm. 13 yaşlı qızım soyuq kirayələrdə xəstəlik tapıb. Ev sahibləri kirayənişinlərə heyvan kimi yanaşır, evlərdə heç bir şərait yaratmır. Rayonda heyvanlar üçün tikilən tövlələr kirayə qaldığım evdən daha yaxşıdır. İşıq xətləri qırıq-qırıqdır, yağış olanda evin divarlarına toxunanda adamı tok vurur. Təkcə evdə yox, hamamda da bizi tok vurur, işığı yandırırıq, silkələyir, suyu açırıq, vintlər tok keçirir, əlimizi yuyanda da tok silkələyir. Qorxa-qorxa yaşayırıq. Burada hər günümüz təhlükədir”.
Aytəkin xanım deyir əri altı aydır ki, maaş almır, ailə ancaq onun süpürgəsinin ümidinə qalıb.
Kirayənişinlər bildirir ki, qışda evlər hədsiz soyuq olduğundan onlar məcbur olub evi spirallı plitələrlə qızdırırlar. Bu isə ayın sonunda ailələrin böyük məbləğdə işıq pulu verməsi ilə nəticələnir: “Amma tok plitəsi işlətməyə məcburuq, yoxsa evdə nəfəs almaq mümkün deyil. Hər səhər yuxudan duranda böyrəyimizin sancması, sinəmizin tutulması adi hala çevrilib. Uşaqlarımız da bütün qış boyu xəstələnir, bronxlarında, ciyərlərində problemlər olur. Buradakı evlər vərəm ocağıdır”.
Kirayənişinlər məhəlləsində bir mənzildə 6-7 gənc də yaşayır. Qonşuların sözlərinə görə, onların çoxu ailəli olsa da həyat yoldaşlarını və uşaqlarını rayonda qoyub paytaxta qazanc dalınca gəliblər: “Onlar burada fəhləlik edir. Elələri var, ildə bir dəfə ailəsinin yanına gedir. Eləsi də var ki, yaşı 35-40-a çatsa da hələ evlənə bilməyib”.

Ev pulunu hərə bir yolla qazanır

Qonşu qadınlar məhəllədə olan qapılardan birini göstərib daha bir ailənin acınacaqlı yaşayışından söhbət açdı. Onların dediklərinə görə, bu kiçik evdə yaşayan qadın çörəkpulu qazanmaq üçün bəzən sutkalarla işləməli olur. Dilarənin 30 yaşı və 5 yaşlı bir qızı var. Əri altı aydır işləmək üçün Rusiyaya gedib. Amma indiyədək evə bir qəpik də pul göndərməyib. Dilarə ev pulunu və cəmi bir ay sonra dünyaya gələcək növbəti uşağının həkim pulunu düzəltmək üçün gecə-gündüz işləyir. Günün 12 saatını bir çörək sexində, digər 12 saatını isə yaxınlıqda yerləşən digər sexdə işləyir. Onunla eyni sexdə işləyən Gülafət deyir ki, Dilarə işdə xəmiryoğuran qazanlara söykənib mürgüləyir və bəzən günlərlə bütün sutkanı işləyir, evə gələ bilmir: “Dilarə bir ay sonra ana olacaq, amma bu vəziyyətdə də bütün günü işləyir. Bilir ki, bu, onun səhhətinə ziyandır, amma məcburdur. Uşağına isə qonşuların yazığı gəldiyindən hər gün biri baxır”.
İki il əvvəl ailə quran Samirə isə cəmi 7 aydır ki, kirayə yaşayır: “Əvvəl rayonda yaşamışıq. Biz evlənəndən bir ay sonra yoldaşım Bakıya işləməyə gəldi, bir neçə qonşumuzla birgə kirayə tutmuşdular. Evə 5-6 aydan bir gəlirdi. Sonra qərara aldıq ki, hər ikimiz Bakıya gələk. Amma indi kirayəni tək verməkdə çətinlik çəkirik. Ərim günəmuzd fəhləlik edir, bəzən günlərlə iş tapa bilmir. Artıq üç aylıq bir qızımız da var. Otağımız isə soyuqdur, uşaq tez-tez xəstələnir. Üç ayda üç dəfə həkimə aparmışam. O, dünyaya gələndən sonra çarpayını ona vermişik, özümüz yerə kiçik döşəklər salıb yatırıq”.
Qadın üç aylıq Çiçəyin şəklini çəkməyimə etiraz etmir. Onu anasının bükdüyü qalın adyalın arasından çıxarırıq, uşaq üşüyür və qaş-qabağını töküb baxır. Həyətdə balaca Çiçəkdən başqa uşaqdan-böyüyə hamı kirayə qalmasından utanır, hətta uşaqlar da.
Məhəllədə pulsuzluqdan bədənini ucuz qiymətə satan qadınlar da var. Aytəkin xanım deyir ki, onlarla bir həyətdə yaşayan Sevda (ad şərtidir-red.) və qızı bir neçə il kafedə qabyuyan işləyiblər: “Qazancları çox olmurdu, sonra Hədiyyənin əri də öldü və o, başqa yolla pul qazanmaq istədi. İndi pis qazanmır, kirayə pulunu da vaxtlı-vaxtında verir. Pulsuzluqdan belələri ilə bir yerdə yaşamalı olmuşuq”.
Biz həyətdə olanda təxminən 50-52 yaşlı Sevdanın bəzənib evdən çıxdığını gördük.
Bu həyətdə insanlar ümidsizdir, nəinki nə vaxtsa normal yaşayışları, kiçik evləri olacağına, hətta sabahın açılacağına belə ümidləri yoxdur. Təkcə xəstələnə-xəstələnə böyüyən uşaqlardan başqa. Onlar həm ümidli, həm də arzularla doludurlar. 9 yaşlı Elnur deyir ki, böyüyəndə ev alacaq, aldığı evin çoxlu böyük otaqları olacaq. O, ən böyük otağı da anasına verəcək ki, sevinsin: “Anam hər dəfə ev sahibi pul istəyəndə kədərlənir, atam isə utanır”.
5 yaşlı Şamilin anası Natəvan isə deyir ki, balaca yaşadıqları evin onların olmadığını bu yaxınlarda qonşu uşaqlardan öyrənib: “Tez-tez soruşur ki, bizim öz evimiz niyə yoxdur. Adamın öz evi də soyuq olur?” Balaca Şamil özü isə deyir ki, böyüyəndə özü ev tikəcək. Üst-üstə yığdığı kiçik kubikləri göstərib yekə daşları da beləcə yığıb böyük ev tikəcəyini söyləyir: “İstəyirəm böyük evimiz olsun, həm də isti. Bu evdə üşüyürəm. Anam söz verib ki, evimiz olsa, mənə çoxlu qardaş da alacaq, dostlarımın hamısının qardaşı var”.

R.RƏFİYEVA

1649 dəfə baxılıb

[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR

[24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR

[23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ

[18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR

[02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

[16.04.2010] - BAKIDA İT DÖYÜŞÜ ÇEMPİONATI KEÇİRİLDİ

ARXIV

Yeni MÜSAVAT © 2008