 |
Proje
“HAMAMIN İÇİNDƏ, İÇİNDƏ VƏ ÇÖLÜNDƏ...”
Əməkdaşımız paytaxtın ən qədim və məşhur təmizlik məkanlarında gördüklərindən yazır
|
Hamamın ilk dəfə harada yaranması haqda məlumat yoxdur. Ancaq bəzi tarixi mənbələrdə bu mədəniyyətin qədim sivilizasiyadan qaynaqlandığı, konkret olaraq şumerlərdən gəldiyi qeyd olunur. Belə ki, tarixi məxəzlərə inansaq, şumer kralı Bilqamusun yuyunması üçün xüsusi bir məkan ayrılıbmış. “Hamam” sözünün hərfi mənasına gəldikdə isə bu söz “isitmək” anlamına gəlir. Azərbaycanda məşhur “O olmasın, bu olsun” filminə baxmayan çətin tapılar. Bu kinoya hər dəfə baxanda istər-istəməz Məşədi İbadın bəy kimi hamama getməsi epizodu həm tamaşaçını güldürür, həm də milli adət-ənənələrimizi özündə əks etdirir. Baxmayaraq ki, paytaxtımız dünyanın ən çirkli şəhəri elan olunub, azərbaycanlılar təmizlik sevən xalqdır. Azərbaycanlılar gigiyenik qaydalara əməl etməyi, hamama getməyi heç vaxt unutmurlar. Kimsə öz evində, kimsə ictimai hamamlarda çimməyə üstünlük verir.
Onu da qeyd edək ki, Azərbaycanda hələ sovet dönəmində xeyli sayda ictimai hamam fəaliyyət göstərib. Hamam eyni zamanda bir mədəniyyət rəmzidir. Və təkcə bu da deyil. Bir az da dərinə gedəndə görürük ki, hamam kultuna bağlılıq azərbaycanlıların təkcə sanitar-gigiyenik tələbatının ödənilməsi vasitəsi demək olmayıb da daha geniş sosial dəyər kəsb edir. Yəni hamam azərbaycanlılardan ötrü həm də bir kommunikasiya, xəbərləşmə mərkəzi, istirahət məkanıdır. Azərbaycan hamamları özünün sanitar-gigiyenik funksiyaları ilə yanaşı tarixən məhəllə sakinlərinin toplaşıb yeni xəbərləri müzakirə etdikləri, boş vaxtlarını keçirdikləri ictimai yer olub. Kişilər həftə sonunu burada keçirməyi, çay içə-içə nərd oynamağı, qəlyan tüstülətməyi, olub-bitənlərdən danışmağı, hətta zaman-zaman ictimai-siyasi mövzuları dartışmağı çox xoşlayıblar. XIX əsrin sonları-XX əsrin əvvəllərində qışda ictimai hamamlarda ədəbi-bədii məclislərin qurulması haqda da məlumatlar var. Şairlər, qəzəlxanlar, meyxanaçılar bəzən şəhər hamamlarının çayxanalarında yığışıb öz yeni əsərlərini burada bir-birinə oxuyar, müzakirələr apararmış. Qadınlar da ictimai hamamların xidmətindən heç vaxt vaz keçməyib. İctimai hamamlar onlardan ötrü əla söhbətləşmə məkanı, hətta dedi-qodu və qeybətlə rahatca məşğul olmağın mümkün olduğu sevimli bir yer olub. Evləndirməli oğlu olan qadınların şəhər hamamlarında özünə gəlin gözaltı etməsi, yaxud oğluna nişanladığı qızda hansısa fiziki qüsurun olub-olmadığını öyrənməsi də xalqımızın məişət tarixində özünə yer alan detallardır. Bunlar şəhər hamamlarının düşünüldüyündən də böyük sosial funksiyaya malik olduğunu göstərir. İndi həmin hamamlar ya yoxdur, tarixdə qalıb, ya da özəlləşdirilərək şəxsi mülkə çevrilib və tamam fərqli assosiasiya verən sauna kimi fəaliyyət göstərir. Bununla belə nə yaxşı ki, öz ilkin funksiyasını qoruyub saxlayan klassik hamamlar hələ də var. Azərbaycanlıların əksəriyyətinin evində hamam olsa da ictimai hamamxanalara gedənlər bu gün də az deyil. Biz də Bakının məşhur klassik hamamlarına baş çəkib onların necə deyərlər, “içində və çölündə” baş verənlərlə maraqlandıq.
Hamama qadınla gedəndə nikah sənədi tələb olunur?
Əvvəlcə onu qeyd edək ki, əvvəllər hamama kişi-qadın birgə gələndə onlardan nikah kağızı tələb olunurdu. Ancaq bu qayda hazırda deyəsən, ləğv olunub. İlk olaraq 1886-cı ildə inşa olunan və bu gün də istifadə edilən “Təzəbəy hamamı” tarixi memarlıq kompleksinə yollandıq. O, ən qədim hamamlardan biridir. Bura köhnə Bakının əsas kişi hamamlarından olub. Sütunları və günbəzi olan hamamda bir neçə hücrə inşa edilib. Həmin otaqlar ayrı-ayrılıqda paltarların soyunması, onların saxlanılması, çimmək üçün nəzərdə tutulub.
“Təzəbəy hamamı”nda yüksək səviyyəli, komfort şərait yaradılıb. Hamamın əsas salonunda çiməndən sonra müştərilərə mürəbbəli çay təklif olunur. Bir çaynik çay, yanında da mürəbbə 5 manatdır. Qiymətlər isə digər hamamlara nisbətən bir qədər yüksəkdir. Çimmək 17 manat, kisələnmək isə 14 manatdır. Pedikürün qiyməti 14-16 manat, manikür isə 12-14 manat arasında dəyişir. Hamamda masaj xidmətinin ayrıca qiymətləri var. Qadın masajçı 20 manat, kişi masaj xidmətçisinin qiyməti isə 16 manatdır. Bundan əlavə, “təzə bəy” otağından istifadə üçün 60 manatından keçməlisən. Hamamda xidmətlər bununla yekunlaşmır. Bal və yağla masaj ayrı-ayrılıqda 6 manata başa gəlir. Ayaqqabılarını təmizlətmək istəyən müştəri bunun üçün 3 manat verir.
“Təzəbəy hamamı” müştəri sarıdan heç vaxt gileylənə bilməz, burada həmişə müştəri bolluğu müşahidə olunur. Hamama gələnlərin ardı-arası kəsilmir. Müştərilər də buradakı xidmətlərdən razılıq edirlər. Bu məkanda çalışan Samir bəy məşhur adamların hamama gəlmədiyini söyləyir: “Məşhurların milyonları var. Onlar villalarına dağ suyu çəkdirib çimirlər. Ancaq tanıdığım şəxslərdən bura təkcə professor Ziyad Məmmədovun tez-tez gəldiyini deyə bilərəm”. Sözügedən hamamda sanitar-gigiyenik qaydalara əməl olunmasına da söz ola bilməz. Hamamda istifadə olunacaq ləvazimatlar təmiz şəkildə təqdim olunur. Lakin içəridə divardan asılmış süngə, kisə, dəsmal və digər hamam müxəlləfatı satlıqdır. Bunların müştərilərə satıldığını xidmətçi Vasif bəydən öyrəndik.
“Bəs mənim bir abbasım noldu, Məşədi?”
Metronun “Nizami” stansiyası yaxınlığında iki hamam fəaliyyət göstərir. “Axund” hamamında qiymətlər “Təzəbəy hamamı”ndan ucuzluq baxımdan fərqlənir. Hamamın girişində divara vurulmuş xəbərdarlıq ismarışı göz deşir: “Hamamda 3 saatdan artıq çimən şəxs əlavə pul ödəməlidir”. Adıçəkilən hamam 1870-ci ildə Axund adlı şəxs tərəfindən tikdirilib. Təşkilatçı Əfqan Sadıqov hamam işində mənfəətin az olduğunu deyir: “Şəhərsalmaya nəzər yetirsəniz, Bakıda çoxlu hamam görəcəksiniz. Hamam müsəlmanlar olan yerdə fəaliyyət göstərməlidir. Çünki hamam müsəlmanların istirahət məkanı sayılır. Bizim hamam əvvəllər kommunal təsərrüfat idarəsinin balansında idi. Hazırda bütün xərcləri artıq öz gəlirlərimiz hesabına ödəyirik. İşçilərin maaşı normaldır. Qışda vəziyyətimiz pis olmur. Ancaq bir sıra kommunal problemlərimiz var ki, tam həllini tapmayıb. Özüm vaxtilə ”Bakı-Axşam" qəzetində çalışmışam, indi burada işləyirəm. Yay aylarında müflis oluruq. Ticarət obyektləri kimi bizdə də müştəri qıtlığı yaranır. Yayda alverimiz ölür. Üstəlik hamamın bütün resurslarını özümüz ödəyirik". “Axund” hamamında çimmək 8 manatdır. Kisələnmək 6, masaj isə 8 manatdan aşağı deyil. Kisəçi Əsəd bu işlə 24 ildir məşğul olduğunu deyir: “Çörəyim buradan çıxır. Günə 8-10 manat qazancım olur. Müdiriyyətin verdiyi maaşla dolanmaq çətindir. Ayda 200 manatla yaşamaq olmur”. Əsəd bu peşəni seçməsini atasının yolunu davam etdirmək istəyi ilə bağlayır. Zarafatından qalmayan Əsəd özünü “Məşədi İbad”ın hambalına oxşadır: “Görürsən də, qardaş, arıq adamam. Kisəçilik qədim sənətdir. Fiziki cəhətdən güc tələb etdiyinə görə bu işlə kök adamlar məşğul ola bilməz. Elə imkanlı müştərilər olur ki, çıxarıb 2-3 manat hörmət edirlər”. Hamama hər ay gigiyena-epidemiologiya şöbəsindən yoxlama gəlir. Hər 6 aydan bir qurumun baş idarəsindən yekun yoxlamalar aparılır. Hamamın aylıq icarə haqqı 2000-3000 manatdır.
“Şəbi hicran, yanar canım...”
“Axund” hamamından bir qədər irəlidə “Şə-bi” adlı hamam fəaliyyət göstərir. İçəridə buxar əlindən göz-gözü görmür. Masajdan çıxan müştərilər çay içir. Qiymətləri müştərilərin cibinə uyğun hesab etmək olar. Çimmək 8, kisələnmək 7, saç və üz qırxdırmaq bir yerdə 10, bir çaynik çay 3 manatdır. Yəni bir günlük hamam istirahəti təqribən 30 manata başa gəlir. Burada da müştərilərə vaxtla bağlı xəbərdarlıq olunur. Çimib çıxandan sonra müştərilərə çay, qəlyan təklif edilir. Qapının girişindəki elan isə xüsusi diqqət çəkir: “Hamama özünüzlə heç bir dəsmal, ”maçalka", sabun və bu kimi ləvazimatlar gətirməyin". Xidmətçi Seymurun sözlərinə görə, hamamın adının “Şə-bi” olması Füzulinin məşhur qəzəli ilə bağlıdır. Amma niyə məhz Füzuli? Nə isə, həmişə təmizlikdə... Emil SALAMOĞLU 2158 dəfə baxılıb
|
[08.03.2010] - MÜXBİRİMİZ ŞƏHƏRİN MƏRKƏZİNDƏ GÜL SATDI [04.03.2010] - XARİCDƏN GƏTİRİLƏN AĞACLAR XƏSTƏLİK YAYIR [01.03.2010] - TARİXİN SİRR ÜZÜ - ƏMİRCAN KƏNDİ [28.02.2010] - BAKI KİNOTEATRLARI ÇAYXANAYA VƏ OYUN ZALLARINA ÇEVRİLİB [27.02.2010] - MÜXBIRİMİZ “CİNLƏR DİYARINDA” [24.02.2010] - ERMƏNİ VƏHŞİLİYİNİ TABLOYA KÖÇÜRƏN RƏSSAM [29.01.2010] - FALÇI 40 MANATA MÜXBİRİMİZİN BƏXTİNİ AÇDI [18.01.2010] - “HAMAMIN İÇİNDƏ, İÇİNDƏ VƏ ÇÖLÜNDƏ...” [23.12.2009] - KİRAYƏLƏRDƏ QOCALAN GƏNC AİLƏLƏR [07.12.2009] - “ELƏ OLUB Kİ, İKİ GÜN AC QALMIŞIQ” [21.11.2009] - ŞƏHVƏT VƏ ŞƏRAB QOXULU BAKI GECƏLƏRİ [04.10.2009] - PARTİYALAR YAN-YANA... [24.09.2009] - SONBEŞİYİ OLMAYAN EV [14.09.2009] - “ASTA SÜR MAŞINI, AMANDI, SÜRÜCÜ...” [07.09.2009] - “YENİ MÜSAVAT”ın ƏMƏKDAŞLARI QUL BAZARINDA BİR GÜN “QUL OLDU” [02.09.2009] - PARTİYA QƏRARGAHLARINDA NİSBİ SAKİTLİKDİR [22.08.2009] - TANINMIŞ SİYASƏTÇİLƏRİN İLK İŞ YERLƏRİ «YENİ MÜSAVAT»da [21.08.2009] - BAKI DƏMİR YOLU VAĞZALINDA BİR GECƏ [15.08.2009] - QIZIM, SƏNİ ƏRƏ VERİM... ÖZÜ DƏ İQTİDAR AİLƏSİNƏ... [01.08.2009] - FAYTONLAR “GƏLİN MAŞINI” BAZARINDA LİMUZİNLƏRİ SIXIŞDIRIR ARXIV
|