12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

MÜXBIRİMİZ “CİNLƏR DİYARINDA”

2010-02-27

Sirli məxluqlar haqda bilmədiklərimiz və onlardan qorunmaq üsulları

“Deyirlər, oğlumu cin tutub. Nə qədər həkimlərə aparmışam, xeyri yoxdur. Bəlkə onun bədənindən cini çıxarmaqda köməklik edəsiniz?” 40-45 yaşlı qadın ziyarətgahın alaqaranlıq hücrəsində oturan qadına yalvarır. Hücrədə oturan qara paltarlı və qara örpəkli qadın isə ona bildirir ki, bunun üçün ancaq həftənin beşinci günləri gəlmək lazımdır. “Cümə günü oğlunuzu da gətirin, ona baxıb nə etmək və neçə gün ziyarətgaha gəlmək lazım olduğunu deyəcəm” deyə qadın əlavə edir. Kömək üçün ziyarətgaha gələn qadın hücrədəki qəbrin ətrafında üç dəfə dövrə vurub gedir. Bura Mərdəkandakı “Pir Həsən” ziyarətgahıdır.

Cindən qurtulmaq üçün çoxları çildağa üz tutur

Paytaxt sakinləri bədnəzəri dəf etmək, qorxu və stressin qarşısını almaq üçün iki kənddəki - Mərdəkan və Maştağadakı çildağa üz tuturlar. İnsanların çoxusu hələ də inanır ki, çildağ şər qüvvələrin insana yaxınlaşmasının və qorxunun qarşısını alır. “Pir Həsən” ziyarətgahında kiçik hücrədə yanına gələnləri müalicə edən çildağçı qadın bizimlə söhbətində bildirir ki, insanın bədənindən həmzatı da çıxara bilir.
Onun yanına gələn cavan gəlin isə bədnəzərdən qorunmaq üçün pənah gətirdiyini söyləyir. Çildağçı onu dinlədikdən sonra kiçik mavi şamı yandırır, közərən şamı qadının alnına vurur. Daha sonra şamı onun bədəninin müxtəlif yerlərinə - boynuna, qollarına və ayaqlarına vuran çildağçı astadan nə isə oxuyur. Sonra da deyir: “Çalış üç dəfə çildağa gələsən. Qorxuluğun böyükdür, çox qorxmusan”. O, gənc qadından etdiklərinin müqabilində pul istəmir, qadın özü hücrənin ortasındakı Pir Həsənin qəbrinin ətrafına fırlanır və bir manat qoyub hücrədən çıxır. Çildağçı həmzatı bədəndən çıxarmaq üçün etdiyi ayinin bədnəzərdən qorunmaq üçün etdiyi ayindən bir qədər fərqli olduğunu söyləyir.

Quranda cinlərin mövcudluğu barədə bir neçə surə var

Dini ekspertlər isə dini kitablarda cinlərin mövcudluğu barədə fikirlərin olduğunu vurğulayırlar. İslam dininin müqəddəs kitabı olan “Qurani-Kərim”də bir neçə surədə cinlə bağlı fikirlər işlədilib. Dini ekspert Elşad Mirinin sözlərinə görə, “Zariyət” surəsində Allahın cinləri və insanları ona ibadət, qulluq etmək üçün yaratdığı deyilir: “Bu da onu göstərir ki, insanlardan əvvəl cinlər mövcud olub. "Bəqərə" surəsində isə bildirilir ki, Allah mələklərə yer üzündə insan yaradacağını bildirəndə mələklər “Yer üzündə fitnə-fəsad törədəcək, qan axıdacaq bir məxluqmu yaradacaqsan?” deyə soruşurlar. İslam alıimləri isə mələklərin insanlar barədə haradan məlumatlı olması barədə belə fikir yürüdürlər ki, insandan əvvəl cinlər yaşayıblar və onlar öz aralarında qan töküblər. Bu səbəbdən mələklər onlardan xəbərdardırlar. Cinlə bağlı fikirlər “Səba” surəsində də var. Süleyman peyğəmbərdən bəhs olunan “Nəml” surəsində cinlərdən usta kimi də istifadə edildiyi, cinlərin daşları hörməsi, yonması bildirilir. Bundan başqa, “Qurani-Kərim”də “Cin” surəsi var. 72-ci surədir. Surə 28 ayədən ibarətdir. Surədə bir dəstə cinin öz aralarında olan söhbəti peyğəmbərimizə bildirilir. Cinlər bir yerdən keçəndə peyğəmbərimizin yanına gəlirlər, onu dinləyəndən sonra müsəlman olurlar. Gedib müsəlmançılığı tayfalarının arasında yaymağa başlayırlar".
E.Mirinin sözlərinə görə, İslam hüququnda cinlər gözəgörünməyən məxluqlar kimi göstərilirlər: “Biz onları görə bilmirik, ancaq onlar bizi görə bilirlər. Cinlər də Allaha ibadət etməklə cavabdehlik daşıyırlar. Onların da yaxşısı, pisi olur, müsəlmanı, kafiri, yəhudisi olur. Cinlər də evlənib çoxalırlar, qidalanmaları var. Peyğəmbərə də müraciət edəndə deyirlər ki, "Rəsul fəqəleyn", yəni insanların, həm də cinlərin peyğəmbəri".
İnsanın bədəninə cin girməsi, insanı cin tutması məsələsinə gəldikdə isə, E.Miri deyir ki, bununla bağlı dindarlar arasında fikirlər səslənir: “Məsələn, deyirlər ki, xəstə bir insanı həkimə aparırlar, müayinə, çekap etdirirlər və görürlər ki, onda heç bir xəstəlik təzahürü yoxdur. Onda belə bir nəticəyə gəlirlər ki, cin insanın bədəninə girib”. O qeyd edir ki, cini insanın bədənindən çıxarmaq üçün onun yanında Quran oxunmalıdır: “Bu zaman cin dözə bilmir, çıxıb qaçır. Cindən qorunmaq üçün insanlar həmişə təmiz, qüsullu gəzməli, ibadətlə məşğul olmalı, Quran oxumalıdırlar. Bu, onları şərlərdən quruyur, uzaqlaşdırır. Cinlər insanlara mənfi təsir edirlər. Ona görə də "Qurani-Kərim"i oxumaq insanarı şər qüvvələrdən qoruyur". Ekspert vurğulayır ki, cini insandan uzaqlaşdırmaq üçün indinin özündə də xüsusi insanlar var: “Söhbət şarlatanlardan getmir. Bunu xüsusi peşə halına gətirən insanlar var.
Cinlərlə bağlı insanlar, cindarlar isə əslində cinlərin əlində oyuncaq olanlardır. Cinlər onları ələ salmaq üçün istifadə edirlər".

Cinlərlə bağlı məlumat bütün dinlərdə var

E.Miri qeyd edir ki, cinlərin mövcudluğu barədə fikirlər təkcə İslam dinində deyil, bütün dinlərdə var. Həmçinin, ondan qorunma yolları da bütün dini kitablarda göstərilib. Paytaxtdakı Provaslav kilsəsində də cindən qorxanlar bu məxluqdan uzaqlaşmaq üçün kömək axtarmağa gəlirlər. Keşişin qəbuluna düşmək üçün növbəyə düzülənlərin əksəriyyəti müsəlmanlardır. Keşişdən müxtəlif problemləri üçün kömək istəməyə gələnlərin arasında cindən uzaqlaşmaq istəyənlər də var. Keşiş isə kömək üçün qapısına gələnlərin başını dirəyin üstünə-köhnə cildli kitabın üstünə qoyur və dua edir. Keşiş qarşısındakı yaşlı qadının kürəyinə parça sərir, əlini tez-tez onun başına, kürəyinə vurur və dodağının altında nə isə oxuyur. Sonra kiçik süpürgəni dəmir camdakı “sehirli” suya batıraraq bir neçə dəfə qadının üstünə çiləyir. Daha sonra qadının başını sinəsinə sıxıb deyir: “Narahat olma, hər şey yaxşı olacaq”. Keşiş cini insandan uzaqlaşdırmaq üçün əlində tutduğu və zəncirdən asılan qabda nə isə yandırır və onun tüstüsünü dua oxuya-oxuya insanlara tərəf atır. Bu cür ayinlərdən sonra insanlar cindən yaxa qurtarırlar. Bunun üçün insanlar keşişə heç nə vermirlər, sadəcə kilsədəki şəkillərin qarşısında şam yandırırlar. Bir də, kilsənin yardım fonduna istəsələr, yardım edə bilərlər. Keşiş bunların heç biri ilə maraqlanmır.

Cini qorxutmaq üçün qab sındırırlar

Bakının Əhmədli qəsəbəsində yerləşən qəbiristanlıqda da cindən, bədnəzərdən qurtulmaq üçün insanların pənah apardığı bir qəbir var. “Baldı qəbri” deyilən yer ziyarətgah hesab edilir. Cin tutan adamı həftənin üçüncü, yaxud altıncı günləri bu qəbrin yanına gətirib onu qorxutmaq üçün qəflətən şüşə qab sındırırlar. Sonra isə qəbrin kənarına mismar vururlar. Daha sonra onun dırnaqlarını kəsib əllərini su ilə yuyurlar. Insanlar inanırlar ki, bura üç dəfə gəlib eyni şeyləri təkrar etsələr, cin insanın bədənindən çıxıb gedir.
Paytaxt sakinləri arasında da cin çıxartma ilə məşğul olanlar var. Onlardan biri olan Sahibə xala bəd ruhları, cinləri insanın bədənindən çıxarmaq üçün oddan istifadə edir. O, “xəstəni” yerə uzadıb, üstünü parça ilə örtür, daha sonra onun üstünə düz xətt formasında pambıq düzür. Sonra astadan deyir: “İnnidən, cinnidən, nədən qorxmusansa, odda yansın”. Və pambığı yandırır. Pambıq yanıb qurtardıqdan sonra isə cinin insandan uzaqlaşdığına əmin olur və dərindən nəfəs alır. O da etdiyinin müqabilində heç nə ummur.

R.RƏFİYEVA

832 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008