 |
Proje
HAMININ PREZİDENTİ OLAN SAAKAŞVİLİNİN ÖLKƏSİNDƏN SƏFƏR QEYDLƏRİ 2010-03-28 Gürcüstan indi Qafqazın Avropasına bənzəyir, son illərdəki dəyişikliklərdən həm gürcülər, həm də azərbaycanlılar razıdır
|
“Borçalı” İctimai Cəmiyyətinin təşkilatçılığı ilə Gürcüstana baş tutan səfərimiz çərçivəsində Novruz bayramını bu ölkədə yaşayan soydaşlarımızla birgə qeyd etdik. Daha sonra Gürcüstanda azərbaycanlıların yaşadığı bölgələrdə olduq. İlk baxışdan Saakaşvili hakimiyyəti dövründə Gürcüstanda xeyli müsbət dəyişikliklərin baş verdiyi müşahidə olunur. İndi Qafqazdan daha çox Avropanı xatırladan Gürcüstanda insanlar daha azad və firavan yaşayırlar. Gürcüstanın hazırkı hakimiyyəti azərbaycanlıların da problemlərini həll edir. Elə soydaşlarımız da Saakaşvilidən və hakimiyyətindən razıdırlar. Lakin hələ də bir sıra problemlər həll edilməyib.
Bir körpünün iki üzü - biri Şərq, digəri Qərb
Problemlərə keçməzdən öncə qeyd edək ki, Gürcüstan Azərbaycan kimi zəngin təbii ehtiyatlara malik ölkə deyil. Gürcüstan əsasən mineral sular, turizm və tranzit kəmərlərdən gələn gəlirlərlə dolanır. Ölkədə vəziyyətin necə olduğunu bilmək üçün gömrük keçid məntəqəsində bir az vaxt keçirmək kifayətdir. Gürcüstan məntəqəsi texnologiyanın ən son imkanlarından istifadə etdiyi halda Azərbaycanın yoxlanış məntəqəsi hələ də ibtidai formada işləyir. Gürcüstan məntəqəsindən 10 dəqiqəyə keçmək mümkündür. Azərbaycan tərəfdə minimum yarım saat gözləməlisən. Sərhəddən maşınla keçirsənsə, vəziyyət müşkülə dönür. İki ölkənin sərhədində yerləşən və 900 illik tarixi olan “Qırmızı körpü” hələ də bərpa edilməyib. Xatırladaq ki, körpü tağlarından birinin tavanı iki il öncə çöküb. Tarixi abidənin üstündə diametri 6-7 metr olan çala əmələ gəlib. Azərbaycan rəsmiləri bərpa işlərinin aparılmamasını körpünün sərhəddə yerləşməsi və məsələnin iki ölkənin Xarici İşlər Nazirliyi səviyyəsinə həlli ilə bağlayırlar. Gürcüstan ərazisinə daxil olanda diqqətimizi bir məqam da cəlb etdi. Yol boyu prezidentin şəkilləri yox, hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi üçün nəzərdə tutulan lövhələr vurulub. Lövhələrdə təlim və döyüş səhnələri əks olunub. Maraqlı məqamlardan biri ilə Marneulidə rastlaşdıq. Qadağan olunan ərazidə saxlanan maşın evakuasiya olunmadı. Polis maşın sahibini səslədi. Sürücü gəlib maşınını həmin ərazidən uzaqlaşdırdı. Evakuatorun “əməyi”ndən istifadəyə ehtiyac olmadı. Gürcüstanda bütün strukturlarda qaynar xətt yaradılıb. Rüşvət götürməkdə adı hallanan şəxsin işi araşdırılır, fakt təsdiqlənsə, qanunu pozan şəxs dərhal vəzifəsindən azad edilir. Əsrin əvvəllərindən Qafqazın mədəniyyət mərkəzi hesab olunan Tiflis elə də böyük şəhər deyil. Bakıdan fərqli olaraq yeni tikilən binalar şəhərin arxitekturasına uyğunlaşdırılır.
“Saakaşvilidən razıyıq”
Gürcülər kimi azərbaycanlılar da Gürcüstanın hazırkı prezidentindən razılıq edirlər. Saakaşvili Gürcüstanın müstəqillik illərindən yaxın dövrlərə qədər mövcud olan mənfi eyforiyanı aradan qaldırmağa müvəffəq olub. Soydaşlarımız Marneulidə Novruz bayramına qatılan Saakaşvilini məcburən alqışlamırdı. Biz orada ölkənin vətəndaşları tərəfindən həqiqətən sevilən prezident gördük. Qonşu ölkənin obyektiv və subyektiv səbəblərdən doğan problemləri də var. Ölkədə işçi qüvvəsi çox, iş yerləri isə qat-qat azdır. Bu səbəbdən də ölkədən kənara gedən əmək miqrantlarının sayı çoxalıb. Rusiya ilə müharibədən sonra Azərbaycana miqrasiya axını çoxalmağa başladı. “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli bizimlə söhbətində artıq xeyli miqrantın Gürcüstana, tarixi ata-baba yurdlarına geri döndüyünü, bu prosesin daha da sürətlənəcəyini bildirdi. Kvemo-Kartli qubernatorunun müavini Hüseyn Yusifov isə işsizlik probleminin həllini əslən azərbaycanlı olan imkanlı şəxslərin onların yaşadıqları ərazilərə sərmayə qoymalarında görür. Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Şövqi Mehdizadə qəzetimizə açıqlamasında bildirdi ki, azərbaycanlıların işsizlik probleminə dinamikada baxmaq lazımdır: “İrəliləyişlər var. Artıq Gürcüstanda 25-ə yaxın şirkətimiz fəaliyyət göstərir. Onların da bir çox əməkdaşı azərbaycanlılardır. Gürcüstanda işsizlik problemini milli məsələyə bağlamaq düzgün deyil. Azərbaycanlıların işsizlik səviyyəsi ümumi Gürcüstan statistikasına yaxındır. Yeni açılan və açılması planlaşdırılan müəssisələr də var”. Ş.Mehdizadə onu da bildirdi ki, 25 şirkətdən 4-5-i azərbaycanlıların kompakt yaşadığı ərazilərdə fəaliyyət göstərir.
Körpüsü və məktəbi olmayan kənd
Azərbaycanlıların kompakt yaşadığı Kaspi rayonunun Çxiciri kənd orta məktəbinin müəllimi Cambul Məmmədli rayonda 15 məktəb olduğunu, buna baxmayaraq Çxiciri kənd məktəbində Azərbaycan dilində 40 nəfərlik fakültativ kurs açıldığını söylədi. Əsas problemlərdən biri də kəndlərdə məktəb çatışmazlığıdır. Haqqında danışdığımız rayonun Xidiskuri kəndində nə orta məktəb, nə də uşaq bağçası var. Uşaqlar təhsil almaq üçün qonşu Saqadagiano kənd məktəbinə getmək məcburiyyətində qalırlar. Valideynlər deyir ki, uşaqlarını Kürün o biri tayında yerləşən gürcü məktəbinə özləri aparıb-gətirirlər. Çünki çayın üzərindən keçən körpü qatarların keçidi üçün nəzərdə tutulur. Valideynlər uşaqlarının ya Kürə düşüb boğulacaqlarından, ya qatarın altında qalıb öləcəklərindən qorxurlar.
Kəndlərin tarixi adları bərpa ediləcək
Kənd və rayon adlarının dəyişdirilməsinə gəlincə isə Ş.Mehdizadə dedi ki, gürcü dilində yer adları hələ parlamentdə təsdiq olunmayıb: “90-cı illərin əvvəllərində qərarlar inzibati qaydada qəbul olunub. Yəqin bu problem də həllini tapacaq. Ötən il Göyarxı kənd sakinləri özləri problemlərinin arxasınca düşdü. Özləri niyyətli olmasaydılar, yəqin ki, heç kəs onlara kömək edə bilməzdi”. Gürcüstan səfərimiz zamanı Marneulinin İmir kəndində məscid açıldı və sakinlərin istifadəsinə verildi. Əvvəlki il isə Göyarxı kəndində məscid açılıb. Amma ötən il sentyabrın 15-dən Faxralı kənd məscidi ətrafında yaranana qalmaqal hələ də səngimir. Məsciddə təmir işləri hələ də yarımçıq qalıb. Ş.Mehdizadə məscidlə bağlı sənədləşmə işlərinin başa çatmaq üzrə olduğunu bildirdi. O, Gürcüstanın da düşmənlərinin olduğunu, onların Gürcüstana hər zaman ən böyük dəstək göstərən azərbaycanlıları narazı salmağa çalışdıqlarını qeyd etdi. Ş.Mehdizadə Gürcüstanda sivil cəmiyyət təşkilatlarının fəaliyyətinə də toxundu və dedi ki, azərbaycanlıların yaratdığı QHT-lər yüzlərlədir. Amma onların 50-si sabit fəaliyyət göstərir: “Bu təşkilatlar arasında 10 ictimai birlik çox fəaldır. Amma həmin QHT-lər Gürcüstanda yaşayan azərbaycanlıların tam potensialını əks etdirmir”.
Ağ Təhlə kəndi Kür suları altında
Qardabaninin Ağ Təhlə kəndi isə daha təhlükəli problemlə üz-üzə qalıb. Kənd Kür çayının daşqınlarına məruz qalıb. Sakinlərlə söhbət zamanı məlum oldu ki, bəzi işbazlar çınqıl əldə etmək məqsədilə kənd yaxınlığında Kürün yatağını dəyişdiriblər. Çayın sonrakı yatağı isə necə gəldi qazılıb. Çay axdıqca torpaqları yuyub. Kəndlilərin sözlərinə görə, çayın suyu artanda bir gecədə 6-7 metrlik torpaq sahəsi yuyulur. Kənd sakini Rantik Əmirxanov dedi ki, problemin qarşısını almaq üçün lazımı tədbirlər görülmür. Sakinlər çayın düz sahilində olan dəmir qapıları troslarla evlərə bağlayıblar. Amma çay öz işini görməkdə davam edir. Aidiyyəti qurumlar tədbir görməsə Kür çayı kəndi məhv edəcək. Leyla İLQAR 1289 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|