12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

2010-05-08

Buranın sakinlərini yandıran tək şey naxələf züryət dərdidir
Əməkdaşımızın kimsəsizlər evində eşitdiyi urəkdağlayan hekayətlər

Yaxşı qocalıq keçirmək də bir səadətdir. Özcə evində övladlarının, doğmalarının qayğısı, nəvazişi ilə, nəvə-nəticə sevgisi ilə əhatə olunan ağsaqqal-ağbirçək həyatı yaşamaq, ömrü öz isti ocağında rahat başa vurmaq... - həyatını ailəsinə, balalarına həsr edən hər bir ata-ananın ən böyük arzusudur bəlkə də. Qocalar zatən bundan artığını da istəmir. Amma bu arzu bəzən gənclik kimi əlçatmaz-ünyetməz olur...

Belə deyim var: “Qocalığına uşaqlıqdan hazırlaş”. Həqiqətən də belədir. Hər kəs həyatını gərək elə yaşaya, övladlarını gərək elə tərbiyə edə ki, sonradan bunun şirin meyvələrini dada bilsin. Söz yox ki, bəzən tale də insanla amansız oyun oynayır, qarşısına naxələf övlad çıxarır. Baxırsan ki, gözünün də yağını oğul-uşağına yedirən, onların hər əziyyətinə qatlaşan, tərbiyəli yetişməsinə çalışan bir valideyn də sonda yaramaz övlad müsibəti ilə üzləşir. Bu gün bütün ömrünü övladı yolunda şam kimi əritsə də atılmış, evdən qovulmuş atalar, analar var.
Belə binəsib insanlarla söhbətləşmək, dərdlərini dinləmək üçün Bilgəhdəki müharibə və əmək əlilləri pansionata, qısaca desək, qocalar evinə üz tutduq. Qocalar evinin direktoru Bəhruz Almədətov bizə öncə pansionatın şəraiti tanış olmağı məsləhət bildi. Məmnuniyyətlə razılaşdıq. Bəhruz müəllimin təklifi yerinə düşmüşdü. Buradakı şəraiti görmədən yazmaq düzgün olmazdı. Burada fərqli bir mənzərə ilə qarşılaşdıq. Qocaların rahat yaşaması üçün burada hər şərait var. Otaqlar geniş, təmiz, səliqəlidir. Hər otaq televizorla təchiz olunub. Ən əsası isə burada şəfqətli və nəzakətli xidmət personal var - qocalara övladlarından görmədiyi qayğı və diqqəti göstərən tibb bacıları. Qocalar evinin sakinləri öz uşaqlarından narazı olsa da onların qayğısına qalan pansionat işçilərindən çox razılıq edirdi. İnsafən, o fədakar insanlar bu minnətdarlığa layiqdir.

“Övladlığa götürdüyüm uşaq məni evimdən küçəyə atdı”

İxtisasca həkim olan Hürriyyə Əliyeva 5 nəvəsi və gəlini olduğu halda qocalar evində yaşamağa məcbur qalıb: “Bir neçə il əvvələ qədər Semaşko xəstəxanasında rentgenoloq işləyirdim. Çox yaxşı ailəm var idi. Həyat yoldaşım və oğlumla bir yerdə yaşayırdım. Oğlum və həyat yoldaşım vəfat edəndən sonra gəlinim məni saxlamadı, mən də ona yük olmamaq üçün bura gəldim. Bura ilk dəfə gələndə baş həkim məni tanıdı. Axı o, bizim xəstəxanaya təcrübəyə gəlirdi. Məni burada çox yaxşı qarşıladılar. Tibb bacıları sağ olsun, bizə yaxşı baxırlar. Həkim yoldaşlarım əvvəllər məni ziyarətə gəlirdi. İki aydır gəlmirlər. Yəqin havalar soyuq keçirdi, ona görə. Yəqin bundan sonra gələrlər. Burada heç darıxmırıq, düzü, darıxmağa vaxtımız da olmur. Çox adam bizi ziyarət edir, hədiyyələr gətirir. Boş vaxtlarımda kitab və qəzet oxuyuram, Ən çox ”Oxu məni" qəzetini alıram. Orada maraqlı şerlər olur".
Söhbət əsnasında öyrəndik ki, Hürriyyə nənə gəlinini uşaqlıqdan özü saxlayıb: “Bir gün işə gedəndə gördüm ki, xəstəxananın qabağında balaca bir qız uşağı oturub. Yazığım gəldi, maraqlananda öyrəndim ki, ailəsi onu atıb. Ləzgi idi və Azərbaycan dilində bilmirdi. Bir müddət evimdə saxlayandan sonra adını və soyadını dəyişdirib övladlığa götürdüm. Adını Xatirə qoydum. Məktəbi bitirəndən sonra işə düzəltdim. Həmin vaxtlarda öz oğlum da böyümüşdü və evlənmək istəyirdi. Bir gün gəlib mənə dedi ki, məni evləndirəcəksənsə, Xatirə ilə evləndir. Evdə narazılıqlar çox oldu. Amma hər kəsi razı saldım. Evləndilər, beş uşaqları oldu. Elə o vaxtlarda həyat yoldaşım öldü. 6 otaqlı evimdə gəlinimlə birgə yaşayırdım. Müəyyən vaxt sonra gəlinim mənimlə dalaşmağa başladı. Oğlum ayrılmaq istəsə də mən icazə vermədim. Sonra oğlum rəhmətə getdi. Oğlumdan sonra gəlin heç mənə baxmadı. Gördüm ki, söz-söhbət çoxalır, mən də sənədlərimi düzəldib, gəlib burada yaşadım. Bura gəldiyim gündən bəri qızım deyə saxladığım gəlin bir dəfə də olsun məni görməyə gəlməyib”.

“Yeganə oğlumdan 30 ildir bir xəbər yoxdur”

Əhməd Məmmədov 12 ildir qocalar evinin sakinidir və həyatda on baxacaq heç kəsi yoxdur: “Gəncliyimdə sürücü işləmişəm. Suraxanı rayonunda evim var idi. Gənc ikən evlənmişdim, iki oğlum oldu. Müharibə vaxtı oğlanlarımdan biri Qarabağ uğrunda müharibəyə getdi, elə orada da şəhid oldu. Oğlumdan sonra həyat yoldaşımı maşın qəzasında itirdim. O biri oğlum da işləmək üçün Moskvaya getmişdi. 30 ildir gedib. Hələ də bir xəbər yoxdur. Müharibədən sonra qaçqınlar evimi almasın deyə onu satıb gəldim bura. Bura çox rahatdır, 12 ildir burada yaşayıram. Buradakı şəraitdən, baxıcılardan çox razıyam. Vaxtında yeməyimizi hazırlayırlar, buradakı yeməyi istəməsək, özümüz üçün yemək bişiririk. Bütün qohumlarım məni görməyə gəlir”.
Rahilə Ələkbərova qardaşlarına evdə narahatçılıq yaratdığı üçün qocalar evinə göndərilib: “7 ildir ki, burada yaşayıram. Qarabağ müharibəsindən sonra məcburi köçkünlərin hamısı Bakıya gəldi, biz də gəldik. Cəbrayıldan gəlmişik. Qismət olmadı, mən də heç vaxt ailə qurmadım. Qardaşlarımla bir yerdə yaşayırdım. Bakıya gələndə bizi bir evə yerləşdirdilər. Qardaşım uşaqları və ailəsi ilə bir yerdə yaşadığı üçün mən narahatçılıq yaradırdım. Hər kəs qərara gəldi ki, mən bura gəlim”.
Rahilə nənə ilə söhbət etdiyimiz otaqdakı çarpayıda səssiz uzanan bir yaşlı kişi diqqətimizi çəkir. Rahilə nənə marağımızı anlayır: “Biz 7 ildir bir otaqda qalırıq. Ağır xəstədir, qaraciyərindəki ağrılardan əziyyət çəkir. Bir oğlu var. Bir dəfə gəlib apardı ki, atam xəstədir, atama özüm baxacağam. Amma 3-4 gün sonra qaytarıb gətirdi, baxmadı. O gündən sonra ona mən baxıram. Hər gün yemək verib əynini dəyişdirirəm. Hətta üzünü də mən qırxıram. Allah ona da, bizə də kömək olsun”.

“Şəklimi qəzetə verməyin, oğlumu işdən çıxararlar”

Qardaşı evində rahatlıq tapmayanlardan biri də Xalidə Abbasovadır. Xalidə xalanın dediyinə görə, onu baldızı saxlamayıb: “Atam öz dövrünün çox yaxşı adamlarından biri olub. Ad Neftçi Qurban idi. Cavan vaxtı ailə qurmuşdum, bir uşağım var idi. Sonra öldü. Mən də ayrılıb qardaşımın evinə getdim. Elə bil mənim bəxtimdə idi, qardaşım da öldü. Sonra qardaşımın arvadı məni yola vermədi, atamın evini satdı, özünə iki mərtəbəli ev aldı, məni də evdən çıxardı. İnandığım tək şey var ki, qardaşım arvadı da əvvəl-axır bura gələcək. Çünki onun uşaqları da ona baxmayacaq. O günü səbirsizliklə gözləyirəm. Yaxşı ki, bura var. Burda hər şey yaxşıdır, evimiz qədər rahatdır. Hər şeylə təmin olunuruq”.
100 yaşlı Xədicə nənə üç uşağı olduğu halda qocalar evində yaşayır: “İki oğlum, bir qızım var. Onları böyütdüm, oxutdum, evləndirdim. Böyük oğlumu Sumqayıtda bir idarəyə müdir göndərdilər. Kiçik oğlum da işləyir. Böyük oğlum gəlməsə də kiçik oğlum həftədə bir dəfə məni görməyə gəlir, yemək gətirir. Böyük oğlum sonuncu dəfə məni bura qoyanda gəlib. Mən cavan olanda yaxşı imkanımız vardı. Evimizdə qulluqçu işləyirdi. Ona görə də heç vaxt yemək bişirməyi bilməmişəm. Pulu bu gün də tanımıram. Oğlum bura hər gələndə mənə 1 manat verir. Mən onun nə qədər olduğunu bilməsəm də narazılıq edirlər ki, 1 manat nəyə çatar. Oğlum da deyir ki, hələ sənə 1 manat da çoxdur. Mənim uşaqlarım da belədir də, nə deyim?! Yenə də Allah onları xoşbəxt eləsin, mən qocalmışam. Amma sizdən bir xahişim var, şəklimi qəzetə verməyin. Tanıyan olsa, oğlumu işdən çıxararlar”.
Qocalar evinə yenicə gəlmiş Əsgər Tağıyev övladlarından onu qocalar evinə göndərdikləri üçün çox narazıdır: “Bir oğlum, bir qızım var. Oğlum Moskvada, qızım Bakıda yaşayır. Oğlum mənimlə əsla maraqlanmır, bəlkə heç yadına da düşmürəm. Qızım isə bəzən yanıma gəlir. Məni bura uşaqlar gətirməyib, özüm gəlmişəm. Guya gəlməyib, neyləyəcəkdim ki?! Onsuz da mənə baxan yox idi. Buna görə də uşaqlarımdan çox narazıyam. Hər kəs evləndi, mənim yanımdan ayrıldı, heç biri mənə baxmadı. İndi onlar istəsə də mən onların yanına getmərəm. Hər kəsdən qəlbim qırılıb. Burada bizə yaşı baxırlar. Heç kəsə ehtiyacım yoxdur”.

Qocalar evində evlənənlər də var

Pansionatın sakinləri övladları, yaxınları tərəfindən tərk edilib evdən, ailədən uzaqlaşdırılsalar da həyat sevgilərini itirməyiblər. Yalnızlıqlarını unutmaq, həyata yenidən bağlanmaq üçün orada ailə həyatı quranlar da var. İlyas İsgəndərovla Sevda Dadaşova kimi. Sevda xanım qocalar evinə gələnədək ərə getməyibmiş. Yanında qalacaq heç kəsi olmadığı üçün bura gəlib. İlyas baba da 15 ildir ki, qocalar evinin sakinidir. 6 uşağı var. Boş vaxtlarında öz həyatı ilə bağlı şerlər yazır. Acı həyatını bizə də şerlərlə danışdı: “Bəzən oturub düşünürəm ki, həyatda üstümə düşən hər bir işi görmüşəm. 6 övlad böyütdüm. Düşünürdüm ki, oğlum dayağımdır, qızım da baş tacım. Nə biləydim ki, uşaqlarım mənə qarşı belə nankor olacaq. Biri döydü, biri söydü, biri öldürərəm dedi. Bilmədim hara gedim, dərdimi hara deyim. Həyat yoldaşım da məni istəmədi, məhkəməyə verdi, ev istədi. Sonda evim yoldaşım və uşaqlarım arasında bölündü. Oğlum da məni göndərdi ki, get, qardaşının yanında ol. Nə qədər onlara dil-ağız elədimsə, məni dinləmədilər. Qeyrətsiz oğuldan heç kəsə xeyir gəlmir. İndi qocalar evindəyəm, özüm də yaman gileyliyəm. Həmişə düşünürəm ki, günahım nədir ki, mən burada yaşayıram. Nə uşaqlarımın qayğısını, nə də gəlinlərimin qulluğunu görmək mənə qismət olmadı. Bilirəm ki, sonda kimsəsizlər qəbiristanlığında basdırılacağam”.
Qocalar evinin sakinləri ilə sağollaşıb çıxarkən Əhməd baba bizə yaxınlaşdı. Qısıq səslə mənə tərəf gəlib əlindəki kağızı uzadaraq dedi: “Qızım, al bu duanı, Məkkədən gətirmişdim. Evinizdə əziz bir yerdə saxla. Sənə işlərində və həyatında kömək olsun”.
Elə sizə də, atalar, analar...

Şahnaz NOVRUZQIZI

2606 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008