12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

“DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

2010-05-15

“Qaraçı məhəlləsi”nin də yazılmamış qanunları var
“Allah Bakıdakılara dəyməsin, onlar da bizə”

- Sizin nəyinizi oğurlayıblar?
Heç nəyimi. Gərək nəsə oğurlasınlar ki, axtarım?
- Əlbəttə, yoxsa nə işiniz olacaq ki, onlarla? Yəqin falda aldadıblar, hə?
- Heç nə etməyiblər. Sadəcə işim var, axtarıram.

Ev-ev, məhəllə-məhəllə qaraçı sorağına düşdüyüm dəqiqələrdə yuxarıda yazdığım dialoq tez-tez təkrarlanır. Yerli əhali heç kəsin onları səbəbsiz axtarmadığını düşünür. Hər nə qədər inkar etsələr də, artıq Bakı əhli buranı Biləcəri qəsəbəsinin “Qaraçılar məhəlləsi” kimi tanıyır. Doğrudur, öz evlərində yox, kirayədə qalırlar, amma məhəlləni özününküləşdirməyi bacarıblar. Hər qapıdan olmasa da, iki evdən birindən balaca, qara-qara qızlar, üst-başı çirkli oğlanlar çıxır küçəyə. Amma hər qapını döyənə “salam” verirlərmi? Bu haqda bir qədər sonra...
Arayış olaraq deyim ki, qaraçılar daha çox Bakının Biləcəri, Xutor, Alatava qəsəbələrində, eləcə də “Nizami” metrostansiyası yaxınlığındakı həyət evlərdə yaşayırlar. Bina evlərində onlara kirayə mənzil verən olmur. Heç özləri də dörd divara sığmırlar.
Tarix, ədəbiyyat, kino... onlara bəs deyincə səxavətli davranıb. Romantik, azad, sənətçi ruhlu insanlar. Radikal qərarlar, özgür həyat tərzi, qeyri-adi davranışlar. Sadaladığım pəncərələrdən onlar bu cür görünürlər. Kriminal dünyanın pəncərəsinə nəzər salanda isə qarşımıza fala baxmaq adı ilə evləri qarət edən, dilənçilik üçün uşağını şikəst edən dələduz sifəti boylanır. Hansı daha doğru mənzərədir deyə soruşsanız, məncə, hər ikisi. Amma əsas odur ki, bütün bunlarla yanaşı, onlar müstəntiq kimi çoxbilmiş, bir sözlə “şeytana papış geydirənlərdəndir...”

“Ərimə siqaret pulu versəm, sevindiyindən göyə hoppanar”

“De görüm kameranı pencəyinin döş cibinə qoymusan? O düymə kimi olur ey, onlardan”. 28 yaşlı qaraçı Günayın həyətə girəndən 2 dəqiqə sonra verdiyi sual belə idi. Nə illah edirəmsə, qəzetdən gəldiyimi, kamerayla işim olmadığını anlada bilmirəm. Nəhayət, son çarə olaraq, pencəyi çıxarıb ona verir, üzərimdə “təhlükəli” heç nə olmadığına inandırandan sonra nisbətən səmimi söhbətə başlaya bilirik. 5 aylıq oğlu Elcanın paltarlarını sərə-sərə başlayır söhbətə. Diqqətimi uşağın paltarları çəkir - səliqəli və bahalı. “Niyə də pis geyindirməliyəm balamı? Kimin balasından əskikdir? Hamı uşağına görə özünü öldürür, biz də eləcə”.
28 yaşlı Günayın 3 uşağı var, 2-siYevlaxda yaşayan ərinin yanında, balaca Elcan isə özü ilə yaşayır. 14 yaşında ərə gedib, özü kimi qaraçıya: “Hami kimi ərə getdim. Ərimlə yaşıdıq. İşləmir, heç Bakının səmtini də tanımır. Mən 10 gündən bir gedirəm, qazandıqlarımla o biri uşaqlara yemək-içmək alıb qayıdıram”.
“Demək bütün qaraçı arvadlar kimi sən də ərini saxlayırsan, hə” soruşuram, əyri-əyri üzümə baxır: “Bizdə elə şey yoxdu. Aldığım ancaq özümə, evin kirayəsinə, uşaqlara çatır. Ərimə siqaret pulu versəm sevindiyindən göyə hoppanar”.

“Kürd qaraçılar vəhşi kimi olur - bizi onlarla qarışdırma”

O biri uşaqlarının niyə yanında olmamasına gəlincə, deyir ki, o ümumiyyətlə, uşağının dilənçilik etməsini istəmir. Elcan da ki, bir yaşına kimi onun yanında qalacaq, sonra yollayacaq Yevlaxa - qayınanasının, atasının yanına: “Məndən olsa, iki uşaq bəs idi - bir oğlan, bir qız. Amma ikinci uşağa qalanda aparata düşdüm, dedilər oğlandır. Onun dərdindən saxladım. Yoxsa indi hansı qaraçı çox uşaq saxlayır? İki, ən çoxu üç”.
“Doğrudanmı uşaqlarını diləndirən qaraçılardan deyilsən” sualıma isə sakitcə cavab verir: “O dediyin kürd qaraçılardır. Onlar vəhşi kimi olurlar, əllərindən nə pislik desən gəlir, özləri də başqa cür danışırlar. "Mesnı" Yevlax qaraçıları daha mədənidi".
Günaydan gündəlik qazancını soruşuram, cavabdan yayınır. Deyir ki, sərf eləməsə, burda qalmaz: “Allah Bakıdakılara dəyməsin, onlar da bizə”. Bəs dilənçilik, ona necə başlayıb? Dediyinə görə, hər şey ərə gedəndən sonra olub: “Ərə getdim, ərim də bütün qaraçı kişilər kimi işləmək istəmədi. Mən də məcbur oldum belə işləməyə”.
“İşləmək” sözünə istehza ilə yanaşdığımı görəndə isə tapança kimi açılır: “Bizdə arvadın zavod-dükanda işləməsinə pis baxırlar. Bu, daha təmiz işdir. Mən sizin arvadlardan daha çox əziyyət çəkirəm. Səhər bu tifillə birgə (5 aylıq oğıunu göstərir-S.T.) saat 8-də evdən çıxırıq, sonra da Əhmədli, Günəşli, bəzənsə Sumqayıta gedirik. Ta axsam 8-ə qədər. Səndən bir az əvvəl ayağımı qoymuşam içəri. İş deyil?”
Daha sonra danışır ki, kirayə qaldığı evdə daha üç qaraçı qadın yaşayır, uşaqları ilə birgə. Amma heç biri hələ işdən gəlməyib: “Onlar da mənim kimi. Hamı çörəyinin dərdindədir”.

Qaraçı olanda nə olar, onların da tarixi var

ARAYİŞ: Qaraçılar haqda məlumat ilk dəfə 1501-ci ildə qeydə alınıb. Bu köçəri xalqın orijinallığını və mədəniyyətini qorumaq məqsədilə 1971-ci ildə Londonda Qaraçıların beynəlxalq İttifaqı yaradıldı. Beynəlxalq Qaraçılar Günü isə 8 aprel 1971-ci ildə keçirilmiş konqresdə təsis olunub. Orta əsrlərdə Avropanın əksər ölkələrində qaraçılar əleyhinə qanun qəbul olunub, 16-cı əsrdə Britaniyada qaraçılara o halda yaşamağa icazə verilirdi ki, onlar öz milli həyat tərzlərindən əl çəksinlər. 1710-cu ildə Praqada İ İosif əmr verir ki, bütün qaraçı kişiləri asılsın. Bohemiyada onların sol qulaqlarını kəsirdilər. Belə kəskin ayrı-seçkilik Avropada aradan qalxıb, amma yenə də savadlı qaraçı üçün iş tapmaq hələ də problemdir.
Qaraçıların özlərinə məxsus elə adət-ənənələri vardır ki, bunlar heç bir xalqa xas deyil. Misal üçün, qaraçılar ən qədimdən (Şimali Pakistanda, Ərəbistanın şimal bölgələrində və Borçalıda) ailə qurarkən qızlar bir qayda olaraq yalnız qaraçı tayfasından olan oğlanlara ərə gedə bilərlər. Qaraçı oğlanları isə başqa millətin nümayəndəsi ilə təsadüfi hallarda evlənə bilərdi. Belə hallar çox az baş verə bilərdi. Qaraçılar ailə məsələsində qan qohumluğu əlamətlərini hər şeydən üstün tuturdu.

Qaraçılar pullarını dollara çevirir, sonra da sələmçiyə ağız açırlar

Biz söhbət edərkən qapını orta yaşlı qaraçı olmayan bir qadın zərblə açır. Günaydan o biri otaq yoldaşlarını soruşur. Məlum olur ki, məhəllənin məşhur sələmçisi olan bu xala vədə tamamlansa da, hələ qaraçılardan pulunun faizini ala bilmir. Söhbət əsnasında öyrənirəm ki, dilənçi qaraçılar yığdıqlarını dollara çevirib, yığmağa meyllidirlər. Dolanışıq üçünsə çox vaxt sələmə pul götürürlər. Onu qaytarmaları isə bax belə, zülmə çevrilir.
Sələmçinin hay-həşiri həyəti bürüyür, aləm dəyir bir-birinə. Mən də məcburən başqa bir qaraçı həyatına bələd olmaq üçün qonşu evlərə gedirəm. Burda da mənzərə fərqli deyil. Axşam saat 9 radələrində, qadın qaraçılar “işdən” təzə gəlib, kişilərsə yorğan-döşəyin içində uzanıblar. 47 yaşlı Aybəniz isə bu məhəllənin ən məşhur qaraçılarındandır. Bələdçilərimin dediyinə inansaq, hətta polis də ondan qorxur. Özü də o Günayın pislədiyi kürd qaraçılardandır. Saçlarını səliqə ilə qara çalmasının altına salıb. Qabaq dişləri isə par-par parıldayır.

Qaraçı Aybəniz: “Qonşum qızının ayağını qızmış dəmirlə döyüb şikəst elədi ki, dilənsin”

“Dilənçilik hara, bu dişlər hara” soruşuram, gülür: “Narahat olma, titandır, qızıl deyil. Haradadır məndə o bəxt?”
Bəxt deyəndə yəqin o da işə-gücə yaramayan ərini, fala baxmaq, dilənməklə keçən ağır gününü nəzərdə tutur. Bütün qaraçı həmcinsləri kimi o da elə 12 yaşında ərə gedib, 4 uşağı var, qızları ərdə, oğlanları evlidir: “Hamısı dədə-baba işi ilə məşğuldu. Bizdə adətlər sizinki kimi deyil. Qızlar ərə getməmiş qaş almırlar, qayınana, qayınatanın yanında səsimizi də çıxarmırıq. Böyüyün yanında başıaçıq, topuğu açıq gəzmək günahdı. Axşam evə pulsuz gəldi yoxdu. Ərin bir dediyini iki eləyənin günü yumruq-şilləylə keçir”.
Amma Aybəniz də deyir ki, uşaqlarını şikəst edib dilənçiliyə qoşanlardan onların arasında yoxdu: “Elələri Yevlaxda-zadda olur, vəhşifason. Bizim oralarda qonşular var, qızlarının ayaqlarını qızmış dəmirlə döyüb şikəst edirlər. Daha çox qızları özü də. Çünki qıza camaatın yazığı daha çox gəlir. Biz tərəfdə oxumaq da yoxdu. Kim öz "xod"una oxuyub-yazmaq öyrəndisə, böyük işdi. Özü də yazdı-yazmadı, nə fərqi var? Əsas odu, bilsin ovcuna nə qədər pul qoyublar".

“Bakılıların falına baxmaq asandır”

Aybəniz polislə münasibətlərindən danışmağa qorxur. Deyir, diləndiyi, fala baxdığı yerdə hər şey yaxşıdır. “Yaxşı, yəni, necə?” soruşuram, sağ əlinin iki barmağını bir-birinə sürtüb, “özün başa düşdün də” deyir. Məlum olur ki, qaraçılar da polisin dilini bilirlər artıq. Sadəcə, hərdənbir yerli polis idarəsindən gəlib onları hansısa oğurluğa, şikayətə görə axtarırlar: “Məsələni çox tez düzəldirik, qanqaraçılıq olmur. Şəhərdə də heç kimdən qorxmuram. Hər tərəf millətdir. Birini deyəcəklər, beşini eşidəcəklər”.
Yevlaxda ikimərtəbəli evi olan Aybənizdən nə vaxta qədər burda qalacağını soruşuram. “Ölənə kimi. Gedib orda neyləyim? Yevlax camaatı adama baxandı ki? Burdakıların ayağının tozuna qurban olum, bir az yalvaran kimi ürəkləri yumşalır, adamı dolandırırlar. Dilənməsəm, ürəyim partlayar”.
Qaraçı qadın danışır ki, indi qaraçı falına inananların da sayı artıb: “Əvvəl daha az inanırdılar. İndi yolda dilxor gəzən birini görən kimi yaxınlaşırsan, fala baxdırmağa razılaşır”.
Aybənizdən fala necə baxdığını soruşuram, öncə sirr vermək istəmir, sonra çözülür dili: “İndi əksəriyyətin dərdi birdi. Cavan qızlar oğlan dərdindən, yaşlılar isə dolanışıqdan əziyyət çəkir. Üzünə baxan kimi bilirsən də. Bir-iki yaxşı söz deyirsən, onun da kefi açılır, sənin də cibinə pul gedir. Nəyi pisdir ?”

Qaraçılar qonşuların gözündə - “qaraçı onlar deyil ey, bizik”

Aybənizin dili açılmışkən, daha çox danışmağa cəhd edirəm. Bu yerdə qaraqabaq əri həyətə girib, göz-qaş işarəsi ilə onu bayıra çağırır. Az keçmədən dilxor qayıdan müsahibim deyir ki, mənim getməyim məsləhətdi: “Sənə görə kişidən şillə-təpik yemək istəmirəm”.
Qaraçıların özü ilə bu qədər. Çünki demək olar ki, hər evdə eyni mənzərədir. Zəhmli qaraçı kişiləri və onlardan qorxan, “zəhmətkeş” qadınları. Maraqlıdır, bəs qaraçı qonşusu olmaq necədir? Onlarla bir məhəllədə yaşamağın çətinliyi varmı?
Qonşular ağızdolusu onların “üstü təzək, altı bəzək” həyatlarından danışır. Şərti adı Natəvan olan ev sahibi danışır ki, qaraçıların yemək süfrəsi dillərə dastandır: “Ömür billah mağaza toyuğu-əti yeməzlər. Heyvanı gözlərinin qabağında kəsdirib elə alırlar. Toyuğu da onun kimi. Mənim oğlum Yevlaxda əsgərlikdə olanda bunların evlərinə gedib. Deyir, mama, ikimərtəbəli evləri, təmiz yundan yorğan-döşəkləri var. Bir qonaq qabağına çıxmaqları var, gəl görəsən. Hər axşam samovar çayları tüstülənir, süfrələrində hər şey olur. Bizim nəsil-nəcabətimizi silkələsən, onların birindəki qədər pulumuz çıxmaz. Daha çox qızıl alıb saxlayırlar. 3-4 il əvvəl bunların bir toy kasetinə baxdım, bizim evlər onlarınınkının yanında toyuq damıdır. Ona görə deyirəm ki, əsl qaraçı bizik, onlar yox”.
Müsahiblərim danışır ki, pulları çox olsa da, qaraçıların niyyətləri pisdi: “Onlar dilənməyə su içmək, nəfəs almaq kimi baxırlar, yoxsa ölərlər. Eləsi var, qucağında uşaqla qapı-qapı gəzib camaatı aldadır ki, guya neçə ildir uşağı olmurmuş, əhd edib ki, uşağı olsa, dilənsin. Neçəsi bu adla ev soyub. Bizim qadınların məktəbdə-xəstəxanada işləməsinə bunlar pis baxırlar. Deyirlər, qadına ayıbdır. Məhəllədəki saç ustasından soruş, gör, ayda neçə dəfə onun yanına qaraçı arvadlar gəlir, neçə dəfə bizimkilər”.
Çoxuşaqlılığa gəlincə, qonşular deyir ki, yerli qaraçıların tez evlənməsi əsgərlikdən yayınmaq üçündür: “13-14 yaşında evlənir, sonra iki-üç uşaqları olur. Belə də əsgərliyə də getmirlər”.
Və son: Qaraçı məhəlləsindən qaraçıların qara-qara baxışları altında ayrılıram. Heç yerə vətən deməyən, amma hər yeri özününkü hesab edən bu insanlar mənim üçün yenə də sirr olaraq qalır.
“...Bizlərə toxunulmaz dedilər. Qorxdular bizdən. Fərqliydik. Daha yoxsulduq. Daha özgürdük. Amma insandıq. Onlar kimi. Onlar bunun fərqində deyildi. Bizimlə çalışmaq, bizimlə yaşamaq, bizimlə danışmaq istəmədilər. Biz onların həyatlarını rəngləndirməyə çalışarkən onlar bizi şəhərlərinin ən unudulmuş köşələrinə atdılar. Yoxsulluq bitməyən bir lənət kimi üstümüzə çökdü. Çox acılar çəkdik, çox...”
Bu cümlələr isə qaraçılara aid bir türk saytından götürülüb. Maraqlı və təsirli. Hər şey bu qədər romantik olsa nə vardı ki? Hər şey yazılan kimi olsa kim onları şəhərin unudulmuş köşəsinə atardı? Bax əsas sual da elə budu.

Sevinc TELMANQIZI

1591 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008