|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Kimsə yanlış anlamasın, Amerika və onun dilbər guşəsi Cənubi Karolinanın özəllik və gözəlliklərindən bəhs edərək yazdığım yazılarda heç nəyi idealizə etmirəm. O qeydlərdə bir misqal şişirtmə yoxdur. Bəzən ərki ötən dostlar deyir ki, səfər qeydlərini oxuyanda adam bu ölkədən getmək istəyir. Amma mənim məqsədim kimisə ölkədən getməyə, ölkə dəyişdirməyə təşviq etmək deyil. Bunları ona görə yazıram ki, artıq bəzi şeyləri - ədaləti, səliqə-sahmanı, qanun-qaydalara hörməti, insaf-mürvəti bu ölkəyə gətirmək lazımdır. Yoxsa ki, bahalı maşınlar, əla supermarketlər, modern texnologiyalar Amerikada olduğu kimi bu ölkədə də var. Karolinalı həmkarlarımızla - yerli jurnalistlərlə görüşərkən bunun əyani şahidi olduq. Biz qəzeti necə çıxarırıqsa, onlar da elə çıxarır, biz planlaşdırmanı necə aparırıqsa, onlar da eynilə aparırlar. Eyni cür kompüterlərdə, eyni proqramlarda işləyirik. Karolinalı həmkarlarımızla görüşlər
“Nyuspleks” adlanan telekanalın geniş, az-qala futbol meydançası boyda olan redaksiyasında cəmi 7-8 adam gözümüzə dəydi. Qu desən, qulaq tutulası bir yer idi. Telekanalın rəhbəri - boy-buxunundan ABŞ-ın eks-prezidenti Ronald Reyqana bənzəyən Rendi Kavington bizi mehribanlıqla qarşıladı. Biz buradakı iş şəraiti ilə tanış olduq. Telekanal təmsilçisi bizə müasir jurnalistikanın dəyişməkdə olan tələblərindən, forma və metodlarından danışdı. O, əminliklə bildirirdi ki, yaxın gələcəkdə görüntülü və yazılı medianın konturları çulğaşacaq, yeni bir media növü əmələ gələcək. Bu, görüntülü xəbər hazırlamaq və onu İnternetlə dünyaya yaymaq metodudur. Biz çox asanlıqla bu metodu öyrəndik. Artıq yarım saatdan sonra qrupumuzun üzvləri xüsusi proqram vasitəsilə hər hansı bir mövzuda görüntülü, səsli - musiqi fonu, şəkillər qalereyası və videosüjet tərkibli xəbər hazırlamağı bacarırdı. Telekanalın rəhbəri işimizdən çox məmnun qalmışdı.
Bu xanədən olan görüşlərin hamısının üstündə bircə-bircə dayanmaq çox vaxt aparar, ona görə də ümumiləşdirmələrə keçirəm. Keçmiş qəzetindən çox tiraj yığmış blogger İqtisadi böhranın vurduğu yazarlardan biri də gündəlik “Steyt” (“Ştat”) qəzetinin redaktoru və müəllifi Bred Uorten olub. O, işlədiyi qəzetdə ən çox maaş alan 3-4 adamdan biri imiş. Rəhbərlik hesab edib ki, onu və bir neçə çox qazanan yazarları işdən kənarlaşdırmaqla xeyli paraya qənaət edə bilər. Ona görə də Bred Uortenin 6 aylıq maaşını (təxminən 100 min dollar) kompensasiya şəklində verərək onunla vidalaşıblar. Amma görün, Uorten nə edib? Adamın bloqu varmış, başlayıb öz bloqunda yazılar yazmağa, kimlər üçünsə məsləhətçilik etməyə. Bir müddətdən sonra o, vəziyyətdən çıxa bilib. İndi bu şəxsin bloqunun ziyarətçiləri 110-130 min arasındadır - “Steyt” qəzetinin oxucularından çox. Onun bloquna reklam da verirlər. Bred Uorten pis-yaxşı para da qazanır, ən əsası nüfuzunu qoruyub saxlaya bilir. Onun sözü Karolinada sanballı sayılır. Biz onunla uğur qazanmış blogger qismində görüşdük.
Hiss olunurdu ki, Uorten abırlı adamdır. O, bir konqresmenlə müsahibə aparırmış. Söhbətin axırında konqresmen cibindən çek kitabçası çıxararaq ona bloqda gedən reklamı üçün ödəmə çeki yazıb və bu zaman Uorten özünü naqolay durumda hiss edib. O, bu barədə danışanda biz dedik ki, bu, normaldır, indi o, həm bloqçu yazardır, həm də öz meneceridir. Uorten dedi ki, elə Amerikada da bu cür situasiyaları artıq “yeni normallıq” (nyu normal) adlandırırlar. Pulsuz paylanan qəzetin uğuru Ancaq “Fritayms” qəzeti böhrandan o qədər də əziyyət çəkməyib. Oxuculara pulsuz paylanan bu həftəlik qəzetin reklamları azalmayıb. Ona görə ki, onun reklamverənləri iri sindikatlar, holdinq və şirkətlər deyil, xırda müəssisələr, fiziki şəxslərdir. Mel Qıbsonun kıno çəkdiyi göldə
Biz çay qırağına getmişdik, ona görə də proqramın koordinatorları bizi bu dəfə gölə və dənizə aparmaq istədilər. Kolumbiyadan çıxıb okean qırağındakı Çarlston şəhərinə doğru istiqamət götürdük. Meşələrin ortasından çəkilmiş dörd zolaqlı hamar yolda təxminən iki saat getdik. Bizim maşını iri yük maşınları da keçirdi. Amma proqramın koordinatoru Enn tələsmirdi, arxada oturanlara da təhlükəsizlik kəməri bağlatdırmışdı və avtomobili özü bildiyi kimi sürürdü. O, haradansa tanınmış müğənnimiz Fatma Mehrəliyevanın diskini tapmışdı və bizə xoş gəlsin deyə onu oxudurdu. Azərbaycandan 10 min kilometr uzaqlarda, Karolina meşələrini yarıb keçən yollarda Fatma Mehrəliyevanın oxuduğu “Kəsmə şikəstə”, eləcə də “Olmaz, olmaz” mahnısı qəribə, çox hüznlü səslənirdi. Materiklə birləşib-ayrılan ada və çempion ağac
Atlantik okeanının yaxın sahilində Kiava adlanan bir ada var, gah materiklə birləşir, gah da aralanır. Yox, ada hərəkət etmir, sadəcə, su hərəkət edir, qabaranda adanın materiklə əlaqəsi körpü vasitəsi ilə olur. Su çəkiləndə isə adama elə gəlir ki, ada materiklə bitişikdir. Kiava adası kurort zonasıdır. Ada başdan-başa bahalı villa və kotteclərdən ibarətdir. Burada hər bir infrastruktur var. Hamar yollar, səliqəli cığırlar göz oxşayır. Biz okeana çimməyə getməzdən əvvəl adada yerləşən ən qocaman ağaca da baş çəkdik. Budaqları şaxələnərək yerə döşənmiş ağacın ətrafında çoxlu turist vardı. Bələdçimiz dedi ki, “çempion” adlanan ağacın yaşı barədə rəylər müxtəlifdir, bəziləri onun 400, bəziləri isə 1200 yaşı olduğunu düşünür. Bu yerdə biologiyadan baş çıxardığımı göstərərək dedim ki, ikinci versiya daha ağlabatandır, çünki ola bilməz ki, bu nəhənglikdə ağacın gövdəsində cəmi 400 halqa olsun, 1200-ə oxşayır. Hər halda, bu mübahisəyə ağac quruyandan sonra tam aydınlıq gələcək. Kəsilmiş kötüyə baxan adi adamlar da onun yaşını dəqiqliyi ilə biləcəklər. Çımərlık mövsümünü belə başladıq
“Açıq Dünya” proqramının təşkilatçılarının tövsiyəsi ilə Bakıdan apardığımız çimərlik paltarını geyinib, taxta cığırla okeana yaxınlaşdıq. Ağ sementə oxşayan narın qumlara ayaq basanda yadımıza təbii ki, Xəzər düşdü. Amma dərhal da qeyd etdik ki, Xəzərdə çimərlik mövsümü burdan azı 35-40 gün sonra başlayır. Üstəlik, Xəzərin qırağında bu qədər boş sahə görməzsən. Nə bir kafe, nə bir çayxana, nə də insanlara masa, günlük təklif edən işbazlar. Sadəcə, ağ və narın qum, uzanıb gedən sahil, yavaş-yavaş dərinləşən okean, bir də çimərlik mövsümünü başlamış müxtəlif rəngli insanlar - uşaqlar, qocalar, ailələr. Biz köpək balığından qorxaraq insanlar olan yerə yaxınlaşdıq, amma onlara qarışmadıq, bir kənarda lövbər saldıq. Su ilıq idi. Xəzərdə o cür su iyulda, avqustda olur. Hava isə o qədər də isti deyildi. Bir az ora-bura üzdük, ağzımıza okean suyu doldu və hiss etdik ki, Xəzərin suyu bu qədər duzlu deyil. Xalid KAZIMLI 951 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB |
| Yeni MÜSAVAT © 2008 |
|