 |
Proje
SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ 2010-06-01 Əməkdaşımız Tiflisdə restorandan çıxan Gürcüstan prezidenti ilə rastlaşdı
|
Mayın 26-da Gürcüstanın müstəqillik günü ilə əlaqədar paytaxt Tiflisdə olduq. Bundan öncəki səfərlərimiz Borçalının hüdudlarında məhdudlaşırdı. Səfər müddətimiz qısa olsa da, xeyli maraqlı faktlarla rastlaşdıq. Öncə qeyd edək ki, Gürcüstan Cənubi Qafqazda ən demokratik ölkə hesab olunur. Qanunlar işlədiyi ölkədə korrupsiyanın səviyyəsi demək olar ki, sıfıra enib. Tiflis həm də əsrin əvvəllərində Cənubi Qafqazın mədəniyyət mərkəzi olub. Əsrin əvvəllərində Azərbaycanın müstəqilliyinin məhz burda elan olunması da təsadüfi deyil. Tiflisdə olarkən əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Fətəli xan Xoyski, Həsənbəy Ağayevin Botanika bağında yerləşən məzarlarını ziyarət etdik. Xatırladaq ki. F.Xoyski 1920-ci ildə Tiflisdə erməni quldurları tərəfindən qətlə yetirilib. Kiçik xiyabanda 11 qəbir var. M.F.Axundovun, M.Ş.Vazehin də məzarları burdadır. 1996-ci ildə Şəmkir ictimaiyyətinin adından Cümhuriyyət qurucularının xatirəsinə abidə də qoyulub. Şota Rustavelli küçəsində Pionerlər evi kimi tanınan binada Azərbaycanın istiqlaliyyət bəyannaməsi oxunub. Təxminən 200 metr uzunluğunda olan ikimərtəbəli binanı parlamentin binası ilə bir küçə ayırır. Tiflisdə yaşayan azərbaycanlılar Ş.Rustavelli küçəsini Tiflisin “torqovı”sı adlandırırlar.
Niyə Şeytanbazarı?
Ortacala, Şeytanbazar, Qala, Meydan Tiflisin tanınan, eləcə də azərbaycanlıların yaşadığı məhəllələr kimi məşhurdur.
Şeytanbazarı məhəlləsinin isə bir zamanlar həqiqətən də şeytan yuvası olduğunu deyirlər. Vaxtilə adam öldürənlərin, cib soyanların, var-yoxunu qumarda uduzanların burda yaşadığı deyilir. Bu səbəbdən də məhəlləyə el arasında Şeytanbazarı adı verilib. Nisbətən yüksəklikdə Narınqala yerləşir. Qala bürclərinin əksəriyyəti dağılıb. Meydan məhəlləsindəki hamam Şərq üslubunda tikilib. Bu hamam həm də kükürdlü hamam kimi tanınır. Maraqlısı odur ki, hamamın yalnız bir hissəsi fəaliyyət göstərir. Onun arxa tərəfində isə park yerləşir.
Prezident və dostları 200 xəngəl yeyir
Parkın arxa tərəfində “Tiflis Veranda” restoranı yerləşir. Parkın bağbanının sözlərinə görə, Gürcüstan prezidenti Mixail Saakaşvili ətrafındakı adamlarla tez-tez bu restorana gürcü xəngəli yeməyə gəlir. O bildirdi ki, restoran işçiləri nəyin sifariş veriləcəyini əzbər bilirlər. Deyilənə görə, Saakaşvili də daxil olmaqla, 6 nəfərlik heyət bir oturuma 200 gürcü xəngəli yeyir. Tam təsadüf nəticəsində Gürcüstan prezidentini mühafizəçiləri ilə birlikdə həmin restorandan çıxdığını gördük. Maraqlısı o idi ki, prezidentin həmin ərazidə olduğu heç nə ilə hiss edilmirdi. Nə yollar kəsilmişdi, nə əhali parkdan uzaqlaşdırılmışdı. Halbuki parkla restoranın arasındakı məsafə heç on metr də yoxdur. Prezident restorandan çıxarkən heç qabağına qaçan da olmadı.
Bahalıqdan uzaq ölkə
Gürcüstanda bahaçılıq da yoxdu. Ərzaq mallarından tutmuş mənzillərin qiymətinə qədər hər şey Azərbaycanda olduğundan qat-qat ucuzdur. Maraqlananda məlum oldu ki, Tiflisin mərkəzindən nisbətən kənarda 18000 dollara ikiotaqlı ev almaq olar. Halbuki Bakında normal ölçülü ikiotaqlı evlərin qiymətini 40000 dollardan aşağı təsəvvür etmək çox çətindi. Kəskin fərq un məmulatları və digər ərzaq məhsullarının da qiymətində özünü göstərir.
Müxalifətin siyasi oyunları
Gürcüstan siyasi cəhətdən nisbətən sakit görünsə də, əslində siyasi səhnədə əməlli-başlı oyunlar gedir. Hazırkı Gürcüstan müxalifəti hakimiyyətdə olan Vahid Milli Hərəkat Partiyasını nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxır. Gürcüstan vətəndaşları ilə söhbət zamanı məlum oldu ki, Rusiya dolayısı ilə həmin partiyalara əməlli-başlı maliyyə vəsaiti buraxır. Buna baxmayaraq, kifayət qədər pulu olan müxalifət partiyalarının sosial dayaqları o qədər də güclü deyil.
“Tsotne Qamsaxurdiyaya azadlıq!”
Şəhər Şurasının üzərinə gürcü dilində yazılan şüarlar diqqətimizi cəlb etdi. Nə anlama gəldiyini soruşanda dedilər ki, binanın divarına “Tsotne Qamsaxurdiyaya azadlıq!” yazılıb. Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Zviad Qamsaxurdiyanın oğlu Rusiyaya casusluq etməkdə günahlandırılaraq ona 9,5 il həbs cəzası verilib. Bu şüarı Qamsaxurdiya tərəfdarlarının yazdığı aydındır. Üstəlik, Şəhər Şurasının binasına yazılan şüarın hələ də pozulmadığını görəndə təəccübümüzü gizlədə bilmədik. Təsəvvür edin, oxşar mənzərəni Bakıda müşahidə etmək mümkündürmu?
Azərbaycan teatrına gürcü rəhbərlik edir
Məlumdur ki, Tiflis həm də zəngin mədəniyyət mərkəzidir. Amma bu şəhərdə fəaliyyət göstərən Azərbaycan teatrının gününə baxanda, adamda başqa qənaət yaranır. Qorqosali - 1 ünvanında yerləşən Heydər Əliyev adına Tiflis Dövlət Dram Teatrının səhnəsinə neçə ildir ki, aktyor ayağı dəymir. Teatrın direktoru Qoça Qapanadze ilə görüşə bilmədik. Suallarımızı onun müavini Namiq Valehoğlu cavablandırdı. O bizi teatrın vəziyyəti ilə tanış etdi. Teatrın binasında iki ildir ki, təmir işləri aparılır. Bina həqiqətən də bərbad vəziyyətdədir. Bundan başqa, binanın 20 faizi 19 gürcü ailəsi tərəfindən özəlləşdirilib. N.Valehoğlunun sözlərinə görə, beş il öncə Gürcüstan prezidenti binanın tam olaraq teatra verilməsi haqda sərəncam verib. Amma sərəncama əməl edilmir. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən isə bildirilib ki, binanın təmiri üçün maliyyə vəsaiti ayrılıb. Tam təmir üçün 19 ailə binadan çıxarılmalıdır. N.Valehoğlu bildirdi ki, teatrda 13 aktyor fəaliyyət göstərir: “Bina təmirə dayandığından başqa teatr binalarında tamaşa göstərirlər. Bununla da ildə 2-3 əsər səhnələşdirmək olur. Tiflisdəki erməni teatrına Ermənistandan da maliyyə dəstəyi verilir. Üstəlik, orda bütün heyət ermənilərdən ibarətdir”. Beləcə, Gürcüstana olan daha bir səfərimizi başa çatdırdıq. Leyla İLQAR, Baki-Tiflis -Bakı 3221 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|