06 sentyabr 2010
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

Bütün gecəni işləyib gündüzlər küçələrdə yatan bu zavallı insanlar “Yeni Müsavat”dan kömək istədilər

Yaxınlıqdakı kaset satışı məntəqəsində türk sənətçisi İsmayıl Yekin mahnısından qulaq tutulur. Ancaq sıra ilə düzülən arabaların üstünə sərələnmiş adamlar elə hərəkətsiz düşüb qalıb ki, bu mahnı onların yuxusuna çətin ki, haram qatsın. Əgər göydən yerə od ələnən bir vaxtda, “8-ci km” bazarının qarşısındakı küçədə gözlərinə yuxu gedirsə, səs-küy onlara neyləyə bilər?!

Bu dəfə paytaxt bazarlarından birinin arabaçılarından bəhs edəcəyik. Onların gün-güzəranı ilə maraqlanmaq istəyi ilə günorta, dəhşətli istinin yeri-göyü qarsıb-qarsaladığı bir vədədə bazara üz tutmuşduq. Bir kənarda yanaşı əyləşib çay içən iki nəfərə yaxınlaşıram. Məlum olur ki, buradakıların hamısı Ucardandır. 41 yaşın içində olsa da yaşından çox qoca görünən Xəlil Əhədov Bağmanbəkir kəndindən olduqlarını deyir. Nə az, nə çox - düz 5 ildir bazarda araba sürür: “Vəziyyət olduqca pis olduğundan bura gəlməyə məcbur oldum. İki uşağım var. Kiçik 8-də oxuyur, kənddədir. O birini isə özümlə gətirmişəm”.
Xəlil bunu deyib əli ilə yanındakı arabada taqətsiz halda uzanıb yuxuya gedən cılız, arıq yeniyetməni göstərir. Ancaq demə, Pərviz adlı bu uşağın 17 yaşı varmış. Sadəcə, səhhətindəki problemlər üzündən inkişaf edə bilməyib, yaşına uyğun görünmür. Üstəlik də yayın qızmarında, qışın soyuğunda araba sürməsi onu bu hala salıb. Ancaq atası deyir, sadəcə yay tətilində ona köməyə gəlib.
Pərvizdən daşıdığı yüklərə görə nə qədər pul aldığını soruşuram. “20, 30, uzağı 40 qəpik alıram” - deyir. Sonra da “elə də olur ki, yükü aparıram, heç pul da vermirlər, ya da az verirlər” deyir və əlavə də edir: “Bir də görürsən deyir get, bir azdan gələrsən pulunu verərəm. Gəlib görürəm yoxdur”.
Ata-oğuldan Bakıda qaldıqları evin harada olduğunu soruşanda aldığım cavabdan heyrətlənirəm: Xəlil Əhədov deyir:

- Elə burda, bazarda, arabaların üstündə yatırıq. Başqa çıxış yolumuz yoxdur. Özü də biz əsasən gecə işləyirik axı. Yük əsasən gecələr gəlir deyə yatmırıq. Saat 11-dək işləyirik, bir-iki saat dincimizi alandan sonra yeni yüklər gəlir, səhərə qədər daşıyırıq. Gündüzlər də iş olmadığından elə buralarda sərilib yatırıq. Yemək-içməyimiz də burdadır.

- Bu qədər işləməklə günə nə qədər qazanırsınız?

- 8-10 manat. Müştəri çox olsa, lap çox qazanarıq. Özü də araba çoxdur e.

- Bu bazarda nə qədər araba olar?

- Çoxdur. Elə bizim kənddən burada 300-ə yaxın arabaçı var.

- Bəs gündüz harada daldalanırsınız?

- Elə burada.
X.Əhədov deyir, səhhəti payızda-qışda işləməyə imkan vermədiyindən ancaq yaz-yay aylarında işləyir: “Bununla da dolanmaq mümkün deyil. Arabaçıların da sayı artır”.
Atası oğlu sarıdan bir narahatçılığını da dilə gətirdi: “Düzü, oxutmağa pulum yoxdur. Dedim bir az işləsəydim, bəlkə əsgərlikdən qurtara bilərdim. Xəstədir də bu. Qıcolma keçirir, sinəsində qabarma var. Düzdür, həkimlər xəstə olduğunu yazıblar. Ürək qüsuru var, bir də ki, anadangəlmə baş hissəsində çatlaq kimi yer var. Həkimlər belə desə də qorxuram ki, birdən götürüb əsgər aparalar”.
Həmsöhbətim deyir ki, yığdığı pulu ayda bir dəfə ailəsinə aparıb yenidən iş yerinə gəlir: “Mən gedincə dükandan nisyə ayın-oyun alırlar, qayıdanda ödəyirəm. Amma borcum çoxdur. Haradasa bir ”şirvan paçkasın"dan (200 manat demək istəyir-müəl.) çoxdur. Həm də yoldaşım bərk xəstələnmişdi, ciyərləri ağrıyırdı, aparıb nisyə dərman-zad götürdüm".
Bayaqdan arabasının dəmirini köksünə sıxıb yumşaq yorğan-döşəkdə yatırmış kimi mürgü vuran İlham Süleymanov da nəhayət ki, yoldaşlarının uca səslə çağırmasından sonra ayılır. Bir aya yaxındır bu işdə çalışır. Cibində nə qədər pulunun olması ilə maraqlanıram. Cavabında “indi pulum yoxdur. Olanını da əmim oğluna vermişəm” deyir. Məbləği ilə maraqlananda isə 10 manat olduğunu bildirir. Gələndən ailəsinə 100 manat göndərə bilib: “Dədəm Moskvada sürücülük edir. Anam və bacılarım evdədir”.
Əlavə edir ki, sənədləri qaydasında olmadığı üçün atası ilə birgə gedə bilməyib.
Ətrafdakı arabaçılardan da bizə yaxınlaşan olur. Bəziləri söhbətə qoşulur, bəziləri də “əşi, qəzetdə yazılmaqla nə dəyişəcək e” deyib uzaqlaşır.
“Ən böyük arzum budur ki, ev-eşiyim olsun. 24 yaşım var, ailəmlə Suraxanıda kirayədə qalıram. Günə 5-10 manat qazanıram, o da ancaq çörəyimizə çatır. Kirayəni birtəhər verirəm”. Bunu da İlham deyir.
Arabanı isə icarəyə günü 2 manata götürürmüşlər. İşə yeni başlayan şəxs şəxsiyyət vəsiqəsini verib arabanı götürür. Tanışlıq varsa, vəsiqəyə lüzum olmur. Gənc arabaçılardan biri müdaxilə edib deyir ki, elə günlər olur, heç arabanın icarə haqqını da çıxara bilmirlər: “Bir də görürsən ki, iş olmur, kimdənsə borc eləyib çörək alırsan”.
Bir başqası ah çəkib “Qardaş, bu bazarda ən aşağı vəzifə arabaçılıqdır. Qiymət verən yoxdur” söyləyir.
Məlum olur ki, arabaçıların ən kiçiyinin 15, ən yaşlısının isə 70 yaşı var. Orta yaşlı arabaçı “kolxoz vaxtı yenə işləməyə yer var idi” deyir və işsizlikdən gileylənir. Bir başqası isə əlini yelləyib “millətin 10 faizi yaxşı yaşayır, 90 faizi kasıbçılıq içində batıb” deyir.
Bir həmsöhbətim 1992-ci ildən - 14 yaşından bazarda olduğunu, digəri isə 1996-cı ildən araba çəkdiyini deyir və bir müddət bazarın ən stajlı arabaçının kimliyi istiqamətində müzakirə gedir.
Arabaçı həmkəndlilərini görməyə gələn Seymur Behbudovun isə vəziyyəti meyvə satdığından nisbətən yaxşıdır. Deyir 7 il Rusiyada yaşadıqdan sonra işləri düz getmədiyi üçün geri dönüb.
Söhbət hərlənib-fırlanıb əslən Ucar rayonundan olan nəqliyyat naziri Ziya Məmmədovdan düşür. Sözü də elə özləri - ucarlılar salır. Onlardan nazirdən kömək istəyib-istəmədiklərini soruşuram. Eyni anda iki nəfər dilənir:
- Bizə nə kömək edəcək?! Ancaq öz kəndinə, Qazıqumlağa yaxşı baxır.
Məlum olur ki, nəqliyyat naziri heç rayonun iri kəndlərinə yol da çəkdirməyib:
- Bizim Bağman Bərşad kəndində 7 min təsərrüfat, 10 mindən çox əhali var. Yolunu heç tankla da getmək olmaz. Müsüslüdən dönürsən, 22 km-lik yolu neçə saata gedib çıxırsan. Aran yoludur, dağı yox, dərəsi yox. Taksi tutub gedirsən, kənd yoluna çatanda geri qayıdır ki, getmirəm, bu yol maşını dağıdır. Bizim həmyerlimiz olan Ziya Məmmədov maşın qalmadı ölkəyə gətirməyə. Ancaq bu boyda kəndə bir avtobus ayırmayıb. Özü də o boyda kənddə xəstəxana, həkim yoxdur. Bir nəfər xəstələnəndə, ya kimsə bıçaqlananda, ölməlidir. Bir sözlə, baxımsızlıqdır. Cavanlar hamısı kəndi tərk edib. Anam xəstə idi, gedib 400 manatlıq iynə-dərman aldım. Bu pul da mənim iki aylıq qazancımdır. 6 nəfərlik ailə üzvü dövlətdən cəmi 47 “şirvan” pul alır.
Seymur 2001-ci ildə həyat yoldaşını itirib üç uşaqla ağır vəziyyətdə yaşayan bacısı İradə Behbudovanın durumundan da danışıb kömək istəyir. Deyir, uşaqlar artıq yeniyetmə olduqlarından pensiyanı da kəsiblər: “Köhnə evləri var idi, uçub dağıldı. Bələdiyyəyə müraciət etsək də faydası olmadı. Heç sosial yardım da vermirlər. Əslində bizim kəndin 90 faizinə yardım düşür. Ancaq varlılar alır, kasıblar yox. Kimin ki, əli yuxarılara çatır, gedir yardım düzəldir”.
Söhbəti başa vurub ayrılanda arabaçılardan biri “bura bax e, qardaş, indi bizə bir kömək eləyə biləcəksən, ya yox” deyə soruşur. Cavab verməyə çətinlik çəkirəm. Bir belə sərvəti olan bu məmləkət cavabsız suallar, sualsız cavablar ölkəsidir...

Elşad PAŞASOY

792 dəfə baxılıb

[06.09.2010] - DOĞMA, QƏRİB “ŞANXAY”

[31.08.2010] - TÜRKİYƏDƏN GƏTİRİLMİŞ KÜRD FƏHLƏLƏRDƏN NARAZILIQ VAR

[24.08.2010] - MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR

[23.08.2010] - SUMQAYITDA ZAVODLARIN ƏKSƏRİYYƏTİ BAĞLANACAQ

[18.08.2010] - BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR

[02.08.2010] - MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ

[23.07.2010] - OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR

[14.07.2010] - ZOOPARKDAKI HEYVANLAR İSTİDƏN VƏ ACLIQDAN QIRILIR

[12.07.2010] - UNUDULMAQ ÜZRƏ OLAN PİRŞAĞI

[10.07.2010] - MÜXALİFƏT İSTİDƏ NECƏ SƏRİNLƏYİR

[08.07.2010] - ZİYA MƏMMƏDOVUN ARABAÇI HƏMYERLİLƏRİNİN HEKAYƏSİ

[26.06.2010] - İÇƏRİŞƏHƏRDƏ ABİDƏNİN YERİNDƏ İCTİMAİ TUALET AÇILIB

[08.06.2010] - PULLUSU PULSUZDAN FƏRQLƏNMƏYƏN ÇİMƏRLİKLƏR

[01.06.2010] - SAAKAŞVİLİ İLƏ XƏNGƏLXANADA TƏSADÜFİ GÖRÜŞ

[24.05.2010] - HAMBURQ - BİSMARKIN VƏ MİRZƏ SAKİTİN ŞƏHƏRİ

[21.05.2010] - MEL QİBSONUN KİNO ÇƏKDİYİ GÖLDƏ

[15.05.2010] - “DİLƏNMƏSƏM, ÜRƏYİM PARTLAYAR...

[08.05.2010] - ANASINI QOCALAR EVİNƏ QOYAN VƏZİFƏLİLƏR DƏ VAR

[23.04.2010] - ƏMİRCANDAKI “CANLI SVETOFOR”

[19.04.2010] - ABŞERON MEHİNİ FƏTH EDƏN KƏND - FATMAYI

ARXIV

Yeni MÜSAVAT © 2008