 |
Proje
OLİQARXLAR DƏNİZİ DƏ VƏTƏNDAŞLARA ÇOX GÖRÜR 2010-07-23 Xəzər sahilləri pirat-məmurlar arasında bölüşdürülüb, ayaq basmağa yer də qalmayıb Hövsan, Şıx, Novxanı və digər çimərliklərdəki çətirləri “göyərçin damları” əvəzləyib
|
Bu gedişlə məmləkətin dilbər guşələri kimi Xəzər sahilləri də sadə azərbaycanlılar üçün əlçatmaz məkana çevriləcək. Çünki sıravi vətəndaşların aylıq məvacibi Quba, Qax, Lənkəran, Nabranda istirahət üçün yetərli deyil. Sözügedən istirahət zonalarının hotellərində bir gün dincəlmək hətta Antalya, Bodrumdan da baha başa gəlir. Bu halda ümid isə təbii ki, dəniz sahillərində havayı istirahətə qalır. Xəzər sahilləri isə pirat-məmurlar arasında bölüşdürülüb. Zibil içində üzən çimərliklər, od tutan qiymətlər və üfunətdən təcrid villalar... Dəhşətli istilərdən dənizə üz tutan oxucularımızın əksəriyyəti də çimərliklərdən şikayətçidirlər. Onların dediyinə görə, Pirşağı, Şıx, Hövsan və başqa çimərliklərdə kölgələnmək üçün qoyulan çətirləri göyərçin damına bənzər evciklər tutub. Pirşağıda Qızılqum çimərliyində kölgəlik yerlərin qiyməti isə 5-10 manat, geyinib-soyunma yerindən istifadə 20 qəpikdir. Yarım litrlik adi su 60-70 qəpiyə satılır. Bir sözlə, dəniz sahilində heç bir xidmət olmadığı halda kölgəliklər əhaliyə pulla satılır. Hətta Hövsanda avtodayanacaqlar çimərliyin içinə girib. Müxtəlif musiqilər qulaq batırır.
Analoji vəziyyət Novxanı çimərliyində də hökm sürür. Ötən gün adıçəkilən çimərlikdən reportaj hazırlamaq qərarına gəldik. Qeyd edək ki, buna qədər Novxanı bağları artıq biznesmen-məmurlar tərəfindən alınmışdı. İndi buranın çimərliyində bir qarış ərazi də qoymayıblar. Sahil boyu uzanan kafelər, diskobarlar sərhədlərə ayrılıb. Çimərliyin geniş ərazisini “AQUA-Park” və “Barbados” istirahət mərkəzləri daha çox zəbt edib. Burda eyni zamanda digər çoxsaylı kafe-restoranlar fəaliyyət göstərir. Çimərliyə vətəndaş girməzdən öncə onun avtomobilinə görə pul alınır. Dayanacağa gələn avtomobillər 1-2 manat ödəyirlər. Bu baxımdan ərazidə maşın saxlamağa yer qalmayıb, hamısı pulludur. Hərçənd kafe sahibləri iddia edirlər ki, dəniz sahilində istirahətə gələnlərdən pul yığmırlar.
Çimərlikdəki çətirlərdən, qamış otaqlardan istifadə haqqı 10 manatdan az deyil. Novxanı çimərliyi zibillik içində üzür. Burda natəmizlik girişdən başlayır və axıra qədər davam edir. Kənarda qalaq-qalaq toplanmış plastik qablar az sonra yandırılır və ərazini zəhərli tüstü bürüyür. Bütün bunların isə Novxanıda imkanlı şəxslərin tikdirdiyi villa, malikanələrə zərrə qədər də təsiri yoxdur. Qumun üzərində qarpız qabıqlarına, müxtəlif məişət tullantılarına artıq hər çimərlik mövsümündə rast gəlmək adiləşib. Sahildə bir zibil qutusu da yoxdur. Zibilin daşınması ilə məşğul olan hansısa təşkilatdan söhbət də getmir. Halbuki çimərlik zonaları il ərzində məmurlara milyonlarla manat gəlir verir. Bununla belə, insanlar istirahət əhval-ruhiyyələrini pozmurlar. İsti çörək və başqa qidalar alıb, çimərliyə yollanırlar...
***
Çimərliyə gələnlər çoxdur. Amma burda kafe, restoranların təmir işləri yekunlaşmayıb. Əsasən, axşam saatlarında Novxanı çimərliyində “vur çatlasın” başlayır. Gənclər ərazidəki diskotekalara axışırlar. Burda ürəyin istəyən qədər əyləncə mərkəzi, restoranlar və hotellər var. Qiymətlər də xidmətə uyğundur. Sahil boyunca əlavə hotel, kafe və diskoların inşası davam edir. Onların gələn ilə hazır olacağı ehtimal olunur. Qeyd edək ki, adətən sahildən 50-60 metr aralı qadağan işarələri qoyulardı. Bu dəfə həmin işarəyə rast gəlmədik. Suda xilasetmə xidmətinin isə yalnız bir kateri var idi. Rüstəm adlı xilasedici deyir ki, bu mövsüm Novxanıda boğulma halları baş verməyib: “Ancaq bir neçə nəfəri xilas etmişik. Daim nəzarət edirik. Sadəcə, vətəndaşın özünüqoruma instinkti olmalıdır. Elə insanlar var ki, üzə bilmir. Yenə də öz həyatı ilə risk edir”.
Xilasedicilərə əməkhaqlarını istirahət mərkəzlərinin sahibləri ödəyir. Qayıqların əksəriyyəti də sahibkarlara məxsusdur. Kafelərdəki qiymətləri isə obyekt sahibləri müəyyənləşdirmir. Satıcılar deyir ki, çimərlikdəki obyektlərin sahibləri heç də orta sahibkarlar deyil. Onlara da göstəriş vəzifəli şəxslərdən gəlir: “Obyektlərin əsl sahibləri yüksək vəzifələrdə çalışan adamlardır. Müdirlərimiz də həmin obyektləri od qiymətinə icarəyə götürüb işlədir. Əlavə olaraq vergi orqanlarına, polisə, sanitar həkimlərə haqq verilir. Keçən il sahibkarların çoxu ziyanla işlədi”. Əldə etdiyimiz məlumata görə, Pirşağı, Novxanı və Hövsan çimərlikləri fövqəladə hallar naziri Kəmaləddin Heydərov və prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov arasında bölünüb. Hazırda burada hər iki məmura məxsus bahalı hotel və restoranlar xidmət göstərir. Çimərliyə gələn vətəndaşlarla da söhbətləşdik. Kamil Miriyev adlı respondentimiz digər çimərliklərlə müqayisədə buranı qənaətbəxş hesab edir: “Şıx, Hövsan bərbad vəziyyətdədir. Burda isə həm şərait, həm də qiymətlər münasibdir. Ancaq girişdə və sahildə antisanitariyadır. Bu qədər xərc çəkib kafe açırlar. Amma zibilliyin daşınması üçün bir maşın təşkil etmirlər”. P.S. Çimərlikdən geri qayıdırıq və bir nəticəyə gəlirik - bizim əslində adicə çimərlik mədəniyyətimiz də yoxdur. Dünən dəniz çox dalğalı idi. Ləpələr sahilə yaxınlaşdıqca məişət tullantılarını özü ilə çəkib dənizin ortasına aparırdı... Emil SALAMOĞLU 1921 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|