12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

MƏMURLARIN MÜHASİRƏSİNDƏ QALAN QƏSƏBƏ

2010-08-02

Türkandakı piri söküb yerində restoran tikmək istəyirlər

Bakı ətrafı qəsəbələrdəki problemlərlə bağlı “Yeni Müsavat”da dəfələrlə məlumatlar vermişik. Sakinlərin işsizlik, işıq, qaz, su kimi problemlərlə yanaşı ata-baba torpaqlarının məmurlar tərəfindən zəbt olunması ilə də tez-tez rastlaşırlar. Qəsəbələrin əksəriyyətinin dəniz kənarında yerləşdiyi üçün oliqarxlar həmin qəsəbələrə daha çox “hücum” edirlər. Belə qəsəbələrdən biri də Xəzər rayonunun Türkan qəsəbəsidir. Adıçəkilən qəsəbənin sakinlərinin redaksiyamıza etdikləri müraciətləri nəzərə alaraq, reportaj hazırlamaq üçün ora getdik.

Türkanlıların Ziya Məmmədovdan tələbi

Sakinlər ilk olaraq avtobus problemindən danışdılar. 11 min sakini olan Türkandan şəhər istiqamətində bir marşrut üzrə avtobuslar işləyir. Sakinlər bildirdilər ki, yalnız 101 saylı avtobus Türkandan metronun “Ulduz” stansiyasının yaxınlığına gedir: “Bütün sənədləşdirmə işlərimizlə bağlı aidiyyəti dövlət qurumları Mərdəkanda yerləşir. Amma Türkandan Mərdəkana avtobus işləmir. Dövlət idarələrinə getmək üçün çətinlik çəkirik. Mərdəkana gedib-gəlmək üçün ən azı 2 manat xərcləyirik. Saat 19-dan sonra isə avtobuslar işləmir. Axşamtərəfi qəsəbəyə qonaq gələnlər bu səbəbdən öz evlərinə qayıda bilmirlər. Nəqliyyat naziri Ziya Məmmədovdan tələb edirik ki, qəsəbənin avtobus problemini həll etsin. Türkandan Hövsana və Mərdəkana marşrut xətləri açdırsın”. Qəsəbənin girişində əkilmiş güllər və ağaclar baxımsızlıqdan quruyub. Amma bələdiyyə əməkdaşları onlara xidmət etmək adı ilə hər ay maaş alırlar. 

Məmurlar Mehriban Əliyevaya müraciət edən əlili məyus ediblər

1-cu qrup əlil İlqar Nadirov məmurların onun probleminə laqeyd yanaşmalarından şikayətləndi. İ.Nadirov bələdiyyə üzvlərinin və yerli məmurların rayonun deputatı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın göstərişinə əməl eləmədiklərini söylədi: “Ayaqlarım işləmir. Bu səbəbdən də ailəmi dolandıra bilmirəm. Qızım məktəblidir. Əlil olduğum üçün yalnız 50 manat pensiya alıram. Pinəçiliyi bacarsam da, işləmək üçün yerim yoxdur. Üç il öncə problemlərimlə bağlı deputatımız Mehriban xanıma müraciət etdim. Cavab gəldi ki, mənə ”OKA" avtomobili verilsin və pinəçi sexi tikilsin. Lakin bələdiyyə və icra hakimiyyətinin rəhbərliyi heç bir tədbir görmədilər. Bələdiyyə sədrinin müavini Hacı Sabir Səhirbəyoğlu deyir ki, get hara istəyirsən şikayət et, vəsait yoxdur. Ancaq prezidentdən və onun xanımından köməklik  gözləyirəm".

Poçt müdiri haqsızlıqlara qarşı çıxdığı üçün yatağa düşüb

Uzun müddət qəsəbədə baş mühasib və 56 saylı poçtun müdiri işləyən Məşədi Əhmədağa Əmirov isə haqsızlıqlara qarşı mübarizə apardığı üçün yataq xəstəsi olub. Belə ki, 2 il öncə qəsəbəyə verilən elektrik enerjisinin kəsilməsinə görə işıq idarəsinin əməkdaşları  ilə mübahisə edib və əsəbləşdiyi üçün insult keçirib. Ə.Əmirov 1-cu qrup əlil kimi 110 manat pul alır. Oğlu Vüqar Əmirovun dediyinə görə, o pul onun  dərmanlarına çatmır: “Qəsəbədə 200-dən çox hacı var. Çoxu da imkanlı adamlardı. Amma nə hacılardan, nə də ki məmurlardan heç kim bizimlə maraqlanmayıb. Dəfələrlə poçtda işə düzəlmək üçün müraciət etsəm də, nəticəsi olmayıb. Ailəmizin vəziyyəti ağır və atamız xəstə olduğu üçün dövlətdən kömək istəyirik”. V.Əmirov deyir ki, Mehriban Əliyeva tərəfindən kəndə göndərilən yardımlardan kasıb ailələrə verilmir: “Mehriban xanım bayramlarda sakinlərə yardım göndərir. Məmurlar isə onları öz aralarında bölür, yerdə qalanlarını isə imkanlı olan öz yaxınlarına verirlər. Kasıblara isə heç nə çatmır”.

Qəbiristanlıqla qonşu olan mədəniyyət evi

İyulun 7-də Mehriban Əliyevanın iştirakı ilə Türkan Mədəniyyət Evinin açılışı olub.  Amma sakinlərə ona yaxınlaşıb, şikayətlərini demələrinə imkan verilməyib. Rəna Əmirova deyir ki, bir qrup qadınla Mehriban Əliyevaya yaxınlaşmaq istəsələr də, yerli məmurlar və polislər onları oradan uzaqlaşdırıblar: “Biz Mehriban xanıma qəsəbədə olan problemlər haqda yazılı müraciət təqdim etmək istəyirdik. Amma imkan vermədilər”. Qəbiristanlıqla mədəniyyət evinin arasında bir hasar olduğunu söyləyən sakinlər mədəniyyət evinin uyğun yerdə tikilmədiyini bildirdilər: “Qəbiristanlıqda ölü dəfn ediləndə Ərrəhman surəsi ilə musiqi səsinin bir-birinə qarışmasını necə anlamaq olar? Mədəniyyət evində musiqi səsi gələ-gələ qəbiristanlıqda meyit basdırmaq olar? Bu, dinimizə ziddir. Həm də orada Seyid Rza Ağanın məqbərəsi var. Mədəniyyət evinin orada tikilməsinin günahkarları bələdiyyə və icra hakimiyyətinin rəhbərləridir. Çünki o yeri onlar seçib”. Türkandan olan xalq artisti Ağaxan Abdullayevin ora rəhbər təyin ediləcəyini deyən həmsöhbətlərimiz qeyd etdilər ki, açılışı olsa da, mədəniyyət evi fəaliyyət göstərmir. Onlar bildirdilər ki, gəzən söz-söhbətlərə görə, mədəniyyət evinin qəbiristanlıqla yaxın olması Mehriban Əliyevanın xoşuna gəlməyib.

Piri söküb, yerində restoran tikmək istəyirlər

Orada öyrəndik ki, dəniz  kənarında yerləşən Əli Ayağı deyilən pirin ərazisi məmurlar tərəfindən alınıb. 1956-cı ildə sakinlər tərəfindən təmir olunan adıçəkilən pirin dörd bir tərəfi 6 ay öncə hasara alınıb. Pirin hasara alınmasının qarşısını almaq üçün bir qrup qadın və ağsaqqal ora getsə də, polislər onları ərazidən uzaqlaşdırıb. Sakinlərin sözündən məlum oldu ki, piri və onun yaxınlığındakı əraziləri təxminən 30-35 yaşlı bir xanım alıb: “O xanım açıq deyir ki, yüksək çinli məmurların adamıdır. Bura da ”Hummer" markalı avtomobillə gəlir və deyir ki, kim ondan şikayət etsə, həmin adamı yox etdirəcək. Pirin yaxınlığındakı tikililər də ona məxsusdur. Pirin ərazisinin ona satıldığı deyilir. Sovet dövründə piri sökə bilmədilər. Amma indi din azadlığı olan bir vaxtda piri sökmək istəyirlər. Pirin içərisində əl və ayaq izləri var idi. O izlərin üstünə sement töküblər. Belə dinsizlik olar?" Qəsəbədə pirin ərazisində restoran tikiləcəyi haqda söz-söhbətlər gəzirdi.

Məmurlar Türkan çimərliyini zəbt ediblər

Pirin yanında yerləşən və bir neçə il öncə tikilən istirahət mərkəzi diqqətimizi cəlb etdi. Əldə etdiyimiz məlumata görə, ora əvvəllər xalq artisti Zeynəb Xanlarovaya məxsus olub və oranı onun Daşqın adlı bacısı oğlu işlədib. Sonradan  ora baş prokuror Zakir Qaralova satılıb. Təxminən 2 hektar ərazidə yerləşən istirahət mərkəzi ilə dənizin arasında az məsafə var. Həmin istirahət mərkəzinin qonşuluğundakı təxminən 3 hektar hasara alınmış ərazinin isə Milli Məclisin sədri Oqtay Əsədova məxsus olduğu deyilir. Əsədovun orada nəhəng kompleks tikdirdiyi haqda da söhbətlər dolaşır. Əməkdaşımız orada spikerin estakada tikdirdiyini müşahidə edib. Demək olar ki, Türkanın dəniz kənarı məmurlar tərəfindən hasara alınıb və dənizin on metrliyinəcən tikinti işləri aparılıb. Hazırda orada tikinti işləri davam etdirilir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun da oradan 3 hektar ərazi aldığı, ərazini hasara aldırsa da, hələlik tikinti işlərinə başlamadığı bildirilir. Sakinlər isə məmurların çəkdirdiyi hasarlara görə dənizə getmək üçün yol tapa bilmədiklərini bildirdilər. 

Məhərrəm Əliyevin qohumu bir ailəni evsiz qoyub

Məmurlar tərəfindən evi sökülən qəsəbə sakini Afər ağır şəraitdə kirayədə yaşadığını söylədi. O uzun müddət Hacı Zeynalabdin adına Neft Mədənində işləyib və ev növbəsində durub. Lakin növbəsi çatanda onu işdən çıxarıblar. Bundan sonra o, ev tikmək üçün qəsəbədə torpaq alıb. Dediyinə görə, tikdirdiyi ev Bakı şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Məhərrəm Əliyevin qohumu tərəfindən sökülüb: “1999-cu ildə Ramiz adlı şəxsdən torpaq sahəsi aldım və orada 3 otaqlı ev tikdim. O xəstə olduğu üçün torpağı sənədləşdirməyə imkan olmadı. 2006-cı ildə o dünyasını dəyişəndən sonra Firəngiz adlı həyat yoldaşı torpağı məndən almaq istədi və iş məhkəməyə gedib çıxdı. Həmin vaxt Ramizin qardaşı Arif müəllim və bacısı etibarnamə verdilər ki, torpaq qardaşları tərəfindən mənə satılıb. Əzizbəyov Rayon Məhkəməsində isə xeyrimə qərar çıxartmaq üçün min manat pul istədilər. Mən də tapıb verə bilmədim və məhkəmə Firəngizin xeyrinə qərar çıxartdı. Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxladı. Özünü Məhərrəm Əliyevin qohumu kimi təqdim edən Tuhid adlı polis mayoru hədə-qorxu gəldi ki, oradan çıxım. Məhkəmə gedən vaxt Tuhid iki vəkilimə təzyiq edərək prosesdən uzaqlaşdırdı. Sonra da polisləri və məhkəmə işçilərini gətirərək evimi yerlə yeksan etdirdi. O həmin torpaq sahəsini Firəngizdən almaq istəyirdi. Bildiyimə görə, sonradan onların söhbətləri baş tutmayıb”.  Bir tərəfdən məmurlara məxsus 30 daş karxanasının və orada kəsilən daşlar ilə dəniz tərəfdən çəkilən hasarların arasında qalan Türkan məmurların mühasirəsində qalıb. Bütün bu problemləri yazmaq üçün getdiyimiz Türkandan şəhərə,  40 kilometrlik yolu gəlmək üçün təxminən elə 40 dəqiqə dayanacaqda avtobus gözləməli olduq.

S.KAZIMLI

2630 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008