12 fevral 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Proje

BAKININ MURDAR ƏT BAZARI ÖZ İŞİNDƏDİR

2010-08-18

Burada hətta satıcılar da bir-birini murdar və xəstə heyvan əti satmaqda ittiham edir

“Ay qardaş, bu ətin harası murdardır? Qəzetlər yazır, televizorlar hər gün çəkir. Ancaq həmin sözləri deyənlərin özləri də gəlib bizdən ət alırlar. Bizə xeyriniz yoxdur. Amma işimizə mane olursunuz”. Bunu metronun “28 May” stansiyası yaxınlığındakı ət bazarında işləyən qəssab Fərrux deyir. Onun sözlərinə görə, ötən il qəzetlərdə Hindistandan murdar ət məhsulları gətirilməsi barədə yazılar dərc olunandan sonra polis onlara burada işləməyə əngəl törətməyə başlayıb. Satıcı deyir ki, onlar öz kəndlərində həyətlərdə bəslənən mal-qaranı kəsib gətirirlər: “Bizdə, kənddə ət ucuzdur. Çünki alverçi deyilik. Malı kənddə alıb kəsir, özümüz gətirib satırıq”.

Qəssab Fərruxun bu “odlu-alovlu” çıxışına dəstək verən həmkarları son günlər paytaxt bazarlarında keyfiyyətsiz ət satışı barədə deyilənləri təsdiq edirlər: “Doğrudur, belə hallar da var. Amma bunların bizə heç bir dəxli yoxdur. Biz təmiz mal satırıq”.
Bir qədər sonra satıcıların yalanı üzə çıxır. Onların həqiqətən də ucuz, köhnə ət məhsulları satdıqlarını aşkarlayırıq. Belə ki, adı naməlum olan bu bazara gəlişimizin məqsədi məhz murdar ət satışı barədə deyilənlərin doğru olub-olmamasını aydınlaşdırmaq idi. Necə deyərlər, “yüz eşitməkdənsə, bir görmək yaxşıdır”.
Qeyd edək ki, sözügedən bazar sübh tezdən - səhər saat 6 radələrindən fəaliyyətə başlayır. Bazarda müxtəlif növ heyvan ətinə rast gəlmək mümkündür. Burada mal, qoyun, quzu, dana və keçi ətindən savayı hətta donuz əti də tapmaq mümkündür. Üfunət qoxuyan bu bazarın özəlliyi ondan ibarətdir ki,  ət məhsulları burada digər bazarlarla müqayisədə xeyli dərəcədə ucuzdur. Bu da müştəriləri özünə cəlb edir. Halbuki bazarın girişində yük daşıyan çirkli bir arabaya atılmış ət parçaları gözümüzdən yayınmadı. Artıq girişdə qarşılaşdığımız bu antisanitariya bazardakı dəhşətli vəziyyətdən xəbər verirdi.
Digər yerdə kəsilib soyulmuş qoyunu bütöv şəkildə bir küncə qoymuşdular. Araba sürücüsü həmin qoyunu naməlum istiqamətə aparır. Az sonra yükdaşıyanın həmin araba ilə sement kisələri daşıdığının şahidi oluruq. Məsələ aydındır. Onlar bu araba ilə istənilən növ məhsulu müştərilərin maşınlarına daşıyırlar. Arabaçı isə bu vəziyyətdə müştəriləri günahlandırır: “İşim yük daşımaqdır. Arabada ət də, taxta da, qum da daşıya bilərəm. Müştəri özü bilməlidir. Belə də ki, hansı zəmanədə yaşayırsan e...”
Bazarda sıra ilə düzülmüş zibil qalaqları bu natəmizliyi bütün komponentləri ilə tamamlayırdı. Oradan ayrılıb irəlidəki piştaxtada alıcılarla satıcılar arasındakı qızğın müzakirəni müşahidə etməyə gedirik. Alıcının dediklərindən belə rəy yaranır ki, qəssab ona xəstə mal əti sırıyır:

- Mal əti var, mal əti. Təmiz mal ətindən az qaldı.

- Neçəyədir?

- Çox da baha deyil. Cəmi 6 manat.

- Bunun rəngi niyə qaradır? Yox, xoşuma gəlmədi.

- Ay xanım, sən nə danışırsan? Gül kimi ətdir.

- Rəngi xoşuma gəlmədi.

- Belə də ki, almırsan alma. Niyə bəhanə axtarırsan?

- Bəhanə axtarmıram. Sadəcə adi müştərini aldada bilərsən. Amma mən ixtisasca həkiməm və xəstə əti tanıyıram.
Bazarda olduğumuz müddətdə bu cür dialoqlarla bir neçə piştaxtada rastlaşırıq. Ən mühüm məqam odur ki, satıcılar ətin ucuz olmasını malı özlərinin kəsməsi ilə izah edirlər. Ancaq qəssablar alverçi idi. Çünki bazarın kənarında heyvan kəsilməsini görməmək mümkün deyil. Satıcılar onu da etiraf edir ki, həmin məhsullar çox vaxt axşamadək satılmır. Belə olanda onlar malları soyuduculara yığır. Bəs görəsən, ət axşama qədər piştaxta üzərində qalandan sonra onun keyfiyyəti necə olur? O cümlədən piştaxtaların üstündə “var-gəl edən” milçək sürüsü satlıq ətin murdar olmasına dəlalət etmirmi? Satıcılar bu suallarımızdan yayınır və mallarının şəninə tərif yağdırmağa çalışırdı.
Üstəlik, bazarda qiymətlər arasında inanılmaz uçurum var. Məsələn, bir yerdə mal əti 5 manat 20 qəpik, digərində 6 manatdır. Və yaxud bir piştaxtada qoyun ətinin kilosu 8 manat, başqasında 7 manatdır. Satıcılar bu fərqlərə bir-birini xəstə ət satmaqda ittiham etməklə izah verirdi. Satıcıların dilindən eşitdiklərimiz onu deməyə əsas verir ki, onlar bir-birinin yalanını üzə çıxarır. Yəni adsız bazarda murdar və xəstə ət məhsullarının satışı gerçəkdən də yığışdırılmayıb.
Bazarda ətin qiymətinə gəlincə, mal əti 4 -5 manata, qoyun 6-8 manata satılırdı. Donuz əti isə bir yerdə 3 manat 50 qəpiyə idi, bir piştaxtada isə 5 manata qoyulmuşdu. Qiymətlərin fərqləri keyfiyyətlə bağlıdır. Bazarda hətta “otxod” (tullantı) deyilən ət qırıntıları satanlar da var idi. Deyilənlərə görə, kafe və kolbasa sexi işlədən şəxslər buradan həmin ət qırıntılarını ucuz qiymətə alırlar. Mənşəyi bilinməyən bu ət məhsulları restoranlarda süfrəyə gətirilib yüzlərlə insana yedirilir. Bu məhsulların hansı ölkələrdən idxal olunduğu isə bəlli deyil.
Sonda bir məqam da diqqətimizdən yayınmadı - bazarda ət satan qəssab və alverçilərin heç biri qoruyucu əlcəklərdən istifadə etmir. Əti uzun, kirli dırnaqlı barmaqları ilə xışmalayıb tərəziyə qoyanları görmək üçün eynək taxmağa isə ehtiyac yoxdur...

Emil SALAMOĞLU, Elmin BƏDƏLOV

1503 dəfə baxılıb

Xəbəri paylaş

[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI

[24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI)

[23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI)

[22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI)

[20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI)

[09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI)

[07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI)

[05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI)

[24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI)

[20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI)

[15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI

[25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…”

[17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ”

[14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR

[11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ

[29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR”

[19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB”

[12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR”

[11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB

[09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR

ARXIV

Yeni MÜSAVAT © 2008