 |
Proje
MƏMURLARLA ZAVODLARIN ZƏHƏRLƏDİYİ ŞƏHƏR 2010-08-24 Sumqayıtda hava da, ab-hava da çox ağırdır; məmur özbaşınalığı, işsizlik və kasıblıq da bir yandan...
|
Sumqayıt Bakıya ən yaxın şəhər olsa da onu paytaxtdan təcrid olunmuş yer saymaq olar. Daha doğrusu, bu şəhər hökumətin diqqətindən kənarda qalıb, belə demək mümkünsə, hətta yadından çıxıb. Buna görədir ki, ölkənin ən iri sənaye mərkəzlərindən biri olan bu şəhər günbəgün tənəzzülə uğrayır. Halbuki qeyri-neft sektorunun inkişafı üçün burada kifayət qədər əlverişli imkanlar var. Hökumət fəaliyyətdə olan zavodların sayını artırmaq yerinə onları sıradan çıxarır. Bu da iqtidarın bəh-bəhlə 910 min iş yeri iddiasının fiaskoya uğraması deməkdir.
Sumqayıtdan ilk yazımızda əsas diqqəti şəhərdəki işsizlik, “Azərkimya” Dövlət Şirkətinin tabeliyindəki zavodların və istehsal müəssisələrinin qapadılması kimi məsələlərə yönəltmişdiksə, ikinci reportajımızda daha çox şəhərin sosial problemlərindən, məmur özbaşınalığından və zavodların burada yaratdığı dəhşətli ekoloji çirklənmədən danışacağıq. (əvvəli ötən sayımızda)
Zəhər kimi iş yerləri və...
Ondan başlayaq ki, Milli Məclisin spikeri Oqtay Əsədova məxsus olduğu iddia edilən “Azkompozit” zavodu sumqayıtlıları zəhərləmək “missiyasını daha böyük uğurla” yerinə yetirir. Zavod şüşə, plastik borular istehsal edir. Şəhər əhli ilə söhbətimizdə onlar səhərlər havaya çıxmağın mümkünsüz olduğunu dedilər. Sumqayıt sakini Rüstəm dayı bildirir ki, bununla bağlı heç bir tənzimləmə işləri görülmür: “Şəxsi maşını olan bir adamın avtomobilindən azca tüstü çıxanda deyirlər ki, havanı çirkləndirirsən, cərimə ödə. Ancaq nəhəng bir zavodun bütün şəhəri gecə-gündüz zəhərləməsindən danışan yoxdur. Ümumiyyətlə, bizim şəhərdə ekoloji problemlə bağlı heç bir iş görülmür, camaatın bununla bağlı şikayətlərinə baxılmır”. Sakinlər bundan əlavə zavodların, kanalizasiya tullantılarının Xəzər dənizinə tökülməsi nəticəsində Sumqayıt çimərliklərində çimməyin mümkün olmamasından da şikayətləndilər. Bu şəhərdə xalqın şikayəti təkcə zəhərli hava ilə bağlı deyil, həm də zəhərli ab-hava ilə bağlıdır. Sumqayıtda kimyaçılar həmişə problem içində yaşayıb. Onların bir qismi indi də “Azəralüminium” ASC-yə məxsus zavodun rəhbərliyindən narazılığını bildirir. Qeyd edək ki, bu zavod hazırda işləmir, fəaliyyətini dayandırıb. Buna baxmayaraq, işçilərə bundan öncə işlədikləri ayların maaşını vermirlər. Rəhbərlik isə onlara yeni iş yerləri tapmağı tövsiyə edir. Sumqayıtdakı məşhur “Azərboru” ASC-yə məxsus zavod da bağlanan müəssisələrin siyahısında “fəxri” yerini alıb. Nəticədə zavodun təqribən 1200 əməkdaşı işsiz qalıb. “Azərboru”nun bağlanmasına səbəb kimi xammal çatışmazlığı, Rusiya bazarlarında bizim istehsala tələbatın olmaması göstərilir. Elə rəhbərliyin səriştəsizliyinin də zavodun bağlanmasına mənfi mənada təsiri olub.
Bu şəhərdə vəziyyət o həddə çatıb ki, iş yerlərini itirənlərin siyahısı təkcə kimyaçılarla bitmir, hətta qeyri-kimya sektoru da çökür. Məsələn, Nəqliyyat Nazirliyinin buradakı 8 saylı “Regional nəqliyyat” MMC qurumunda da kütləvi ixtisarlar baş alıb gedir. Bu məlumatı bizə həmin müəssisədə işləyən Fəxrəddin Məmmədov verdi. Şikayətçinin sözlərinə görə, adıçəkilən müəssisənin rəhbərliyi bu ilin fevralında bütün işçilərə ixtisar haqda bildiriş paylayıb: “Həmin ərəfədə şəhər ”Avtonəqliyyatservis" departamentinin rəisi Çingiz Baxşıyevə müraciət etdim ki, 1971-ci ildən bəri nəqliyyat sistemində işləyirəm və təqaüd vaxtım çatıb. Təqaüdə çıxmağıma 7 ay qalmış ixtisara düşdüm, maddi durumum pisdir. Nəqliyyat naziri Ziya Məmmədova da müraciət etdim ki, bu 7 aylıq əməkhaqqım ödənilsin. Ancaq nəticəsi olmadı". Şəhərdə bağlanan zavodlardan və istehsal müəssisələrindən savayı digər obyektlər də var. Məsələn, “ADA” şirkətlər qrupuna məxsus “Almalı” mağazaları. Onlar da bağlanıb. Həmin mağazaların ərazisi ayrı-ayrı şəxslər tərəfindən alınaraq ticarət obyektlərinə çevrilib.
“Ölüm gəmisi” - Sumqayıt “Titanik”i
Sumqayıtda olarkən dəniz kənarına da baş çəkdik. Məqsədimiz burada lövbər salmış məşhur Sumqayıt “Titanik”inin insanları hər çimərlik mövsümündə dəstə-dəstə “yeməsinin” səbəblərini araşdırmaq, orada nələrin baş verdiyini öyrənmək idi. Sumqayıt bulvarında dayanmış bu gəmi Ceyms Kameronun məşhur filmindəki eyniadlı gəmidən fərqlənmir. Gəmi bir neçə ay öncəyədək sahildən 200 metr aralıda lövbər salmışdı. Əslində gəmi Nəriman Nərimanovun adını daşısa da sakinlər onu çoxsaylı faciələrə, insan tələfatına bais olmasına görə “Titanik” adlandırır. Çünki gəmiyə aparan dəmir-beton bəndə daim dalğalar çırpılır. Yayda hava küləkli olanda burada üzənlər də ləpə qarışıq həmin bəndə zərblə çırpılıb xəsarət alır, əksər vaxtlarda da ölürlər.
“Univermaq Zaman”ın deputat oğluna salam verməmək...
Artıq qeyd etdiyimiz kimi, bu şəhər sosial problemlər məngənəsində boğulur. Əhalini narazı salan çox məsələ var. Onlardan biri, hətta başlıcası ictimai nəqliyyatla bağlıdır. Sumqayıtdan paytaxtın metro stansiyalarına qədər heç bir avtobus işləmir. Bütün marşrut xətləri yalnız Bakı avtovağzalınadək hərəkət edir. Oradan da metroya qədər başqa avtobusla gəlmək lazımdır. Bu da Bakıda işləyən sumqayıtlıların ikiqat maddi ziyana düşməsinə, üstəlik, vaxt itirməsinə səbəb olur. Amma təkcə bu problem olsaydı, nə vardı ki... Sumqayıt camaatının ən yekə dərdi məmur özbaşınalığıdır. Yerli sakinlər deyir ki, Sumqayıt icra hakimiyyətinin sabiq başçısı Vaqif Əliyev şəhərə rəhbərlik etdiyi 7 ildə burada satmadığı boş torpaq sahəsi qoymayıb. İcra başçısı şəhərdə torpaqları qarış-qarış satıb, yaşıllıqları qırıb. Parkların, boş ərazilərin yeri müxtəlif şirkətlər, banklar tərəfindən alınaraq hasarlanıb. İcra başçısı bu alverdə o qədər irəli gedib ki, hətta 5 saylı orta məktəbin həyətindəki meydançanı da tikinti şirkətlərindən birinə satıb. Şəhər sakinləri Sumqayıt Mərkəzi Univermağının sahibi, “Univermaq Zaman” ləqəbli Zaman İsgəndərovun oğlu, deputat Nizami İsgəndərovun buradakı əməllərindən də şikayətçidir. Əlövsət Cavadov adlı ticarətçi univermaqda yer haqlarının hər dəfə artırılmasını ağlasığmaz hərəkət hesab edir: “Univermaqdakı obyektlərin yer haqları o qədər çoxdur ki, artıq ziyana işləyirik. Burada indiyədək xeyli sayda dükan sahibi işləməkdən imtina ediblər. Çünki Nizami İsgəndərov özünü burada ağa sayır və hər ziyarətində təzə-təzə əmrlər verir. O, univermağa gələndə hünəri var kimsə ayağa durmasın, ona salam verməsin. Dərhal qəzəblənib həmin adamı işdən qovdurur, obyektini alır”. Sumqayıtda olarkən onu da öyrəndik ki, şəhərin mərkəzdə yerləşən və geniş bir ərazini əhatə edən “Qalatasaray” adlı ticarət mərkəzi də İsgəndərovların nəzarətinə keçib. Emil SALAMOĞLU, Elmin BƏDƏLOV 1074 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|