 |
Proje
DOĞMA, QƏRİB “ŞANXAY” 2010-09-06
|
“Şanxay” şəhərin sanki ayrı qalmış, cəmiyyətdən küsmüş bir yerini xatırladır insana. Bu balaca, həm də öz aləminə görə böyük olan yer maraqlı insanlarla yaddaşda qalır. “Şanxay”lıların qatar relsləri arasında yaşamaları isə çoxlarına məlumdur. Rels üstdə böyüyənlər
“Şanxay”a daxil olarkən gülərüz uşaqlar bizi qarşıladı. Daima qatar relslərinin arasında oynayan və təhlükənin bir addımlığında olan bu uşaqlar artıq bu həyata öyrəşdiklərini deyirlər. Onlar yayın bu qızmar istisində oynamaqdan zövq alırlar. Sanki yeni bir insan görən kimi bu uşaqlar da öz şəkillərini çəkdirməklə fərəh hissi duyurdular. “Şanxay”da küçələr çox dar və hay-küylüdür. Əslində isə buna küçə də demək olmaz. Çünki burada evlər qatar relslərinə demək olar ki, bitişikdir. Amma buna baxmayaraq, sakinlər də özlərinə burada şərait yaradıblar. Hətta ərazidə balaca həyətlər salınıb, bir çoxları isə təsərrüfatla məşğul olurlar. Şəhla adlı sakin deyir ki, təsərrüfatla məşğul olmaq çətin olsa da, bunun öhdəsindən gəlir: “Mən öz həyətimdə balaca bir yer düzəldib xırda təsərrüfatla məşğul oluram. Bu da yaşayışımıza bir az kömək edir. Sadəcə olaraq şəraitimiz pisdir. Əgər şərait yaxşı olsa, təsərrüfat işləri də qaydasında olar”
“Bizi köçürtsünlər!..”
“Şanxay”lıların necə yaşaması ilə maraqlanmaq üçün dar küçələrlə, dəmir relslərin üstü ilə məhəllənin içərisinə doğru gedirik. Ərazidə olan zibil qalıqları da hər addımbaşı insanın qarşısına çıxır. Məhəllənin kənarında isə yaşlı insanlar daşdan yer düzəldib “istirahət”lərini edirlər. Məhəllənin ağsaqqallarından olan Əjdər dayı deyir ki, insanların ərazidən köçürülməsi məsələsi hələ də aktual qalır: “Əvvəllər deyirdilər ki, burada yaşayan ailələr köçürüləcək. Amma hara köçürüləcək, nə vaxt olacağı barədə demirdilər. Düzdür yaşayışımız ağır olsa da, biz bu əraziyə öyrəşmişik. İllərlə bu ərazidə əziyyət çəkib ev tikmişik. İndi bizə harada ev verəcəklər, köçürülmə necə olacaq bilmirik. Ya bizə dəqiq söz desinlər, yaxud da elə burada qalaq. Deyirlər ki, məhəllələrin arasından qatar keçir, bu da təhlükəlidir. Əgər təhlükəli idisə bu neçə ildə niyə bu yadlarına düşməyib? Əgər bizi köçürtsələr də şəhərin mərkəzində evlə təmin etsinlər. Çünki bizim evlər özü mərkəzdədir. Biz şəhərin kənar yerlərində yaşaya bilmərik. Ona görə ki, insanların iş yeri var. Gərək onları da itirək. İndiki vaxtda isə iş yeri tapmaq asan deyil. Həmçinin deyirlər ki, ola bilsin bizə torpaq verələr, evləri özümüz tikək. Biz yazıqlar evi nə ilə tikəcəyik? Neçə illərdir ki, min bir zillətlə ev tikmişik, indi bir neçə il də bundan sonra tikməliyik? ”
Bu məqamda söhbətə qoşulan Narxanım adlı sakin isə digər qonşularının dedikləri ilə razılaşmır: “Əslində burada yaşamaqdansa, yaşamamaq daha yaxşıdır. Məncə, bura heç də yaxşı yer deyil. Gəlin mənim yaşadığım evə baxın. Görün burada heç insan yaşayar? Mənim nə çəkdiyimi bir Allah bilir”. Narxanımın yaşadığı ev kiçicik bir otaqdan ibarət idi. Otaqda balaca soyuducu, 1 stul və evin küncünə üst-üstə yığılmış yorğan-döşək var idi. Otaqda bir çarpayı da görmədik. Narxanıma bu otaqda necə yaşayırsınız deyəndə o, “bizimki, yaşamaq deyil ki, ay qızım” deyə cavab verdi: “Bu balaca yerdə yoldaşımla birgə yaşayıram. Yayda çöldə yatırıq. Qışda da bir təhər evə sığınırıq. Guya sığınmayıb nə edəcəyik? Bu dəqiqə kimdir bizim səsimizi eşidib bizə ev verən? Kimə gedib deyək ki, şəraitimizi yaxşılaşdır?” Söhbət zamanı Narxanım bu balaca komanın 3 dəfə yıxıldığını dedi: “İndiyədək düz üç dəfə qatar evimin kənarını dağıdıb keçib. Çünki elə vaxt olur ki, relsə iri qatarlar qoşurlar. Bizim də evlər relsin çox yaxınında olduğu üçün dağıdıb keçir. Bizi buradan köçürtsünlər. Mənim üçün yerin heç bir problemi yoxdur. Harada yer versələr orada yaşayaram. Hətta şəhərin kənarında, kənddə də olsa belə”.
Kasıb ailənin bayraq sevgisi...
Paytaxtın bu qərib yerində müxtəlif təbəqəyə məxsus adamlar yaşayır. Kənardan yoxsul görünüşü olan bir ev diqqətimizi çəkdi. Görünüşü yoxsul, sınıq-sökük olsa da qapının girişində bayrağımızın asılması bizi maraqlandırdı. Qapı açıq olduğundan evə daxil olduq. İçəridəki, mənzərə daha maraqlı idi. Yerdən açılmış kasıb bir süfrə, soğan, çörək, pomidor, pendir, suyu olan bu süfrənin kənarında bir qadın və bir kişi var idi. Bizim kimliyimizi soruşmadan yeməyə dəvət etdilər. Yeməsək də bir süfrə arxasında oturduq: “Bala, kasıb süfrə olsa da halaldır. Halal zəhmətimizlə qazanıb almışıq. Elə olur ki, günlərlə ət yemirik. Ancaq bundan da şikayətlənmirik. Olanda yeyəcəyik. Olmayanda da Allaha şükür edib oturacağıq. Amma bu istilər bizi lap əldən salıb. İmkanı olan kondisioner alıb evinə quraşdırır. Mənim heç ət almağa pulum yoxdur, bir fərli pəncərəm belə yoxdur ki, kondisioner yerləşdirim”. Mən qapıdan asılan bayraqdan söz açdım. Ev sahibi bildirdi ki, həmin bayrağı qapıdan yoldaşı asıb: “Bilirsən bu bayraq üstündə nə qanlar tökülüb? Vaxtı ilə mən də müharibələrdə iştirak etmişəm. Torpağım uğrunda qanda tökmüşəm. Bir ayağımı qoyub gəlmişəm. Bax bu bayraq üçün. Millətim üçün. Bayrağım başımın üstündə olsun deyə. O bayraq hər zaman başımın üstündə olacaq”. Müsahibimin gözü dolduğu üçün davam edə bilmədi. Birinci dəfə idi bayraqdan danışıb ağlayan azərbaycanlı görürdüm.
“Burdan gəl, a bala”
Qızmar günəş altında, “Şanxay” gəzişməmiz davam edirdi. İki nəfərin uca səslə söhbət etdiyini gördük. Bizi görən kimi jurnalist olduğumuzu bilib çağırdılar: “Bir bərdən gəlin görüm. Son vaxtlarda bütün jurnalistləri “Şanxay”da tapmaq olar. Hamınız yığılıb gəlirsiniz. İçində də bir şey yox. Haradan gəlmisən, a qızım?" Mən “Yeni Müsavat” deyə cavab verdim. Müsahibim deyəsən söhbətləşməyə adam axtarırmış. Mən yanlarına oturan kimi fürsətdən istifadə bir neçəsi durub getdi. Yaşlı Mirzə dayı isə məni sorğu-suala tutdu: “De görüm, nə yazırsınız o ”Yeni Müsavat"da? Nə deyirlər? Kim ölüb kim qalıb? Ehh... ay bala siz komsomolun vaxtını görməmisiniz, pioner olmamısınız. Heyf deyildi o günlər? Biz gün görmüşük e... İndiki, cavanlar əldəqayırmadı hamısı. Yanlarından yel ötməmiş öskürürlər. Siz o dağların havasını udmamısınız. Mənim xəmirim yaxşı yoğrulub gör nə gümraham. Dəyərəm yüz cavana. Amma bir az qulağım zəif eşidir". Bunu deyəndən sonra Mirzə kişinin niyə elə qışqıra-qışqıra danışmasını anladım. Artıq yarım saat idi Mirzə kişi bizə sovet dövründən danışırdı. Redaksiyaya dönməli olduğumuzu deyəndən sonra daşın üstündən qalxmağa icazə verdi. Mirzə kişidən ayrılıb “Şanxay”ın qarışıq, dolaşıq yolları ilə redaksiyaya dönürük. Türkan TURAN, Elmin BƏDƏLOV 1097 dəfə baxılıb
|
[09.02.2012] - ATATÜRKÜ SEVƏN 60 İLİN KRALİÇASI [24.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIV YAZI) [23.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XIII YAZI) [22.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XII YAZI) [20.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (XI YAZI) [09.01.2012] - HAKİMİYYƏT VƏ İNQİLAB (X YAZI) [07.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (IX YAZI) [05.01.2012] - İNQİLAB VƏ HAKİMİYYƏT (VIII YAZI) [24.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VII YAZI) [20.12.2011] - İNQİLAB VƏ HAKİMİYYƏT (VI YAZI) [15.12.2011] - ƏMƏKDAŞLARIMIZ HACIQABULDA PROBLEMLƏRİ ARAŞDIRDI [25.11.2011] - “ƏN CİDDİ ZƏRBƏNİ ÖZ CƏBHƏMİZDƏN ALMIŞIQ…” [17.11.2011] - “BİR DƏ GÖRDÜK BƏY GƏLİNƏ BİR QAPAZ İLİŞDİRDİ” [14.11.2011] - BAKI BULVARI “EUROVİSİON”a HAZIRLAŞIR [11.11.2011] - MƏMUR ÖZBAŞINALIĞININ GİROVU OLAN XAÇMAZ [29.10.2011] - “BAKIDA HƏTTA HAVADAN DA NEFT İYİ GƏLİR” [19.10.2011] - “İCRA BAŞÇISI 16 SAHİBKARIN OBYEKTİNİ ÖZ PULU İLƏ TƏMİR ETDİRİB” [12.10.2011] - DÜNYADA 230 ÖLÜ DİRİLƏCƏYİ GÜNÜ “GÖZLƏYİR” [11.10.2011] - METRO TİKİNTİSİ YÜZLƏRLƏ AİLƏNİN RAHATLIĞINI POZUB [09.10.2011] - “SARKOZİNİN MƏKTƏBİ”nin TƏMƏLİNİ SÖKDÜLƏR ARXIV
|