 |
Reportaj
“124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...” 2009-08-14 Lotereya - bəxt oyunu, gəlirli biznes, yoxsa fırıldaq?..
|
Məşhur Şəki lətifəsini yəqin ki, xatırlayarsınız. Lotereyada maşın udmaq istəyən şəkili gecə-gündüz Tanrıya yalvarır: “Ay Allah, nolar heç olmasa bircə dəfə lotereyada maşın udum. Maşın nə olan şeydi ki...” Nəhayət, qeybdən cavab gəlir: “Nə olar, sən də heç olmasa bir lotereya bileti al ki, mən də udmaq şansını verim... ”Yəqin dünyada az-az adam tapılar ki, ömründə heç olmasa bir dəfə lotereya alıb, bəxtini sınamasın. Elələri var ki, çəmi bir dəfə bəxtini sınayıb və udub. Elələri də var ki, illərdi “bu dəfə yenə bir zad tutmadım” deyib ümidin növbəti tiraja saxlayır. Azərbaycanda da lotereya həvəskarları çoxdur. Hər həftə on minlərlə adam əlində bilet gözünü və ümidini televizorda aparıcının torbadan çıxardığı rəqəmlərə dikir... Lotereya italyan sözüdür. Mənası uğura hesablanmış, gəlir və itkilər bu və ya digər nömrəli biletin təsadüfi çıxışından asılı olan təşkilati oyun deməkdir. Diqqət etdinizmi? Uğur, itki, təsadüf...
“Muştuluğa 200 manat verən var”
Raquf 6 ildir ki, şəhərdə lotereya biletlərinin satışı ilə məşğuldur. Bu biznesin sirrini (loterayanı her adam almır axı... Gərək müştərini “yoldan çıxara” biləsən), Azərbaycanda loto-həvəskarların çox olub olmadığını ondan yaxşı kim bilər ki? “Yay mövsümündə satış yaxşı getmir. Çünki insanlar istirahətdə olurlar. Amma qışda daha çox satırıq. Lotereya satışı hava şəraitindən də asılıdır. Yağış olanda sata bilmirik. Çünki açıq hava altında oturub satırıq. Son olaraq "Ailə sevinci" lotereyasından 124 min cek-pot udan adam bileti burdan almışdı. 5 manata qədər uduş olanda biz özümüz veririk. Amma bundan artıq olanda Azadlıq prospekti - 75 ünvanında “Azərlotereya”nın ofisində verirlər". Raquf ondan alınan lotereyada iri məbləğdə pul udanları yaxşı tanıdığını bildirdi: “Bunlar Kürdəmir, Şəmkir, Şərur, Hövsan, Bakı sakinləridir. Sonuncu dəfə məndən aldığı biletlə maşın udan rus kişi mənə 200 manat muştuluq verdi. Amma mən heç vaxt ummuram ki, mənə nəsə versinlər”. Maraqlıdır, görəsən satıcı heç özü lotereya alıb bəxtini sınayırmı? Raquf hər oyunda minimum 2 lotereya aldığını dedi: “9 ildir lotereya satsam da, 250 manatdan artıq udmamışam. Amma heç nəyə baxmayaraq, hər oyunda iştirak edirəm”. Raqufun satıcı yoldaşı da tirajlarda bəxtini sınayır: “Dəfələrlə oynamışam. Amma heç vaxt iri məbləğdə pul udmamışam”. Yeri gəlmişkən, lotereya biletlərinin qiyməti 1 manatdır. Bu lotereya biletləri həftənin üç günü oynayır: bazar ertəsi, çərşənbə, şənbə. Səməd 3-4 ildir ki, mütəmadi olaraq lotereya alır: “Son olaraq "Ailə sevinci"ndə 250 manat udmuşam. Amma ən çox “Binqo”ya inanıram. Amma böyük məbləğdə pul uda bilməmişəm. Lotereya qismət məsələsidir. Üstəlik dövlət səviyyəsində olan bir şeydir. Buna inanmayıb nəyə inanacam?!" "Ailə sevinci" alan bir xanım da bəxtindən gileyləndi: “Heç vaxt xanalardan birini doldura bilmirəm. İndi görüm necə olacaq?!” Təqaüdçü bir xanım ATV telekanalında yayımlanan oyundan şikayətini bildirir: “Zəngin ol” verilişində dəfələrlə düzgün rəqəmi tapıb yollasaq da, pulu ala bilməmişik. Özüm neçə dəfə “Azərcell”də olmuşam. Deyirlər ki, siz udmayıbsınız. Bütün Azərbaycana yalan danışırlar". Başqa bir səyyar satıcı Akif uzun illər lotereyada udacağına inandığını dedi: “1 il öncəyə qədər paçka ilə alırdım. Amm 10 manatdan artıq heç vaxt udmamışam. Ona görə indi satsam da heç birindən almıram”.
Siyasət adamları bəxtini sınayırmı?
Sadə vətəndaşların lotereyaya olan münasibətlərini öyrəndikdən sonra bir sira tanınmış şəxslərə telefon açıb lotereya alıb-almadıqları ilə maraqlandıq. Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı heç vaxt lotereya almadığını dedi: “Mən elə oyunlardan uzaq olmuşam”. Millət vəkili Pənah Hüseyn lotereyada şansının yoxlanmasına heç vaxt meylli olmadığını dedi: “Ona görə də heç vaxt lotereya almamışam”. Xalq şairi Zəlimxan Yaqub lotereya oynamaqdan uzaq olduğunu qeyd etdi: “Ömrüm boyu lotereya bileti almamışam”. Qəzetimizin köşə yazarı Zamin Hacı bəxtini lotereya bileti alıb yoxlamağın onun həyat fəlsəfəsinə daxil olmadığını bildirdi: “Mənim üçün maraqlı deyil. Mən hər nə məbləğ olursa-olsun təsadüfi yolla əlimə gəlib çatmasını istəmirəm. Hesab edirəm ki, insan özü çalışıb həmin istədiyi məbləği qazanmalıdır. Lotereya isə şans məsələsidir”.
Gəlir hara gedir?
Amma bununla belə Azərbaycanda müxtəlif firmaların ayrı-ayrı kampaniyalar çərçivəsində təşkil etdikləri lotereyalara da rast gəlmək olur. “Beloçka” adlı tumların içərisində uduşlu biletin olduğu qeyd olunaraq uşaqları cəlb edir. Ancaq indiyənə qədər bu lotereyadan udana rast gəlinməyib. Bu tumların içərisində “bəxtinizi bir daha sınayın” yazılı kağızdan başqa “uduş” olmur. Üstəlik, bu qeyri-qanuni aksiyadır. Bakıda olan şirniyyat mağazalarından birində keçirilən lotereya zamanı bir uşağın tort udduğunun da şahidi olduq. Nə qədər təəccüblü olsa da, belə faktlar da var. Lotereya oyunlarını keçirən “Azərlotoreya” Açıq Səhmdar Cəmiyyəti İqtisadi İnkişaf Nazirliyinin nəzdində yaradılıb. Lotereyadan gələn gəlir və vergi ilə bağlı suallarımıza aydınlıq gətirmək istəsək də nə “Azərlotoreya” ASC-dən, nə onun internet saytından məlumat əldə edə bilmədik. İqtisadi İnkişaf Nazirliyindən də sorğumuza cavab verən tapılmadı. İqtisadçı Vüqar Bayramov dedi ki, "Azərlotoreya" ASC-nin gəlirləri və xərcləri barədə məlumatı açıqlamaması “İnformasiya əldə etmək haqqında” qanuna ziddir: “Bu şirkət gəlirlərinin böyük hissəsini mükafat fonduna yönəldir, ya yox? Bu sual ətrafında düşünməyə dəyər. Sovet dövründə insanların lotereyalara inamı az idi. Bu gün də bu məlumatların geniş ictimaiyyətə açıqlanmaması bu inamı daha da azaldır. Çünki bu məlumatlar haqqında hətta dövlət şirkəti olaraq "Azərlotereya" hesabat verməlidir. İnamın aşağı düşməsinin əsasən səbəbləri subyektiv faktorlarla bağlıdır. Düzdür, bu gün avtomatlaşdırılmış sistemə keçid olsa da, yenə də insanlar lotereyaya azərbaycansayağı münasibət gördüklərindən inana bilmirlər. İnam ayrılıqda formalaşa bilməz. İnkişaf etmiş ölkələrdə lotereyanın illik dövriyyəsinin çox olmasının bir səbəbi də şəffaflıqla bağlıdır. Orada bütün məlumatlar əlçatandır. Bizdə isə insanlar aldanırsa, yalanla qarşılaşırlarsa sözsüz ki, inanmayacaqlar". Əldə etdiyimiz statistik məlumatlara əsasən, ortalama hər il dünyada 150-160 milyard dollar məbləğində lotereya satılır. Statistikaya görə, ABŞ-da lotereyanın illik dövriyyəsi 30 milyard, Almaniyada 6 milyard, Yaponiyada isə 8 milyard təşkil edir. Ancaq dövlət lotereyası olan İtaliya və İspaniyada isə 6,5 milyard illik dövriyyə mövcuddur. Özünə inam qazanmış lotereyalardan biri Böyük Britaniyanın milli lotereyasıdır. Hesablamalara görə, bu lotereya dövlətə digər ölkələrə nisbətən daha çox gəlir gətirir. İsrail və Çexiya kimi dövlətlərdə milli lotereyaların statusu kifayət qədər yüksəkdir. Belə ki, lotereyadan gələn gəlir dövlət büdcəsinin səkkizdə-bir hissəsini təşkil edir. Lotereya biznesindən isə ölkənin pul dövriyyəsinin böyük hissəsi keçir. Bununla belə, bəzi ölkələrdə lotereya sosial xərclərin ödənilməsi üçün əlavə gəlir mənbəyi sayılır. Məsələn, İtaliyada satılan lotereya biletlərinin 15%-i sosial ehtiyaclar, 3,1 hissəsi isə büdcə xərclərinə hesablanır. Skandinaviya ölkələrində isə bir qayda olaraq sosial müdafiə təşkilatları məhz lotereya oyunlarından gələn gəlirlə fəaliyyət göstərirlər. Finlandiyada idman təşkilatlarının büdcəsinə yatırılan pullar bir şəbəkədə birləşən dövlət lotereyalarından ödənilir. Bunlardan ən böyüyü Finlandiyanın milli lotereyası Veikkausdur. Bu lotereyanın orta dövriyyəsi 630 milyon dollar təşkil edir. Bu məbləğin 40 %-i uduşlara sərf edilir. Bütün xərclər istisna olmaqla şirkətin ümumi gəliri mədəniyyət və idmanın inkişafına gedir. Lotereyadan gələn gəlirlər dövlətə vergiləri aşağı səviyyədə saxlaması üçün, humanitar və idman proyektlərini reallaşdırmaq üçün kömək edir. Məsələn, İngiltərənin futbol assosiasiyası milli lotereyadan aldığı 120 milyon funt sterlinq pula “Uembli” stadionunu təmir elətdirdi. 90-cı illərdə xeyriyyə məqsədi ilə keçirilən lotereyada əldə olunan gəlirə bir çox muzeylərin təmiri, yeni incəsənət nümunələrinin xaricə satılmaq üçün alınmasına xərcləndi. Oxşar lotereyanı hazırda Fransada reallaşdırmaq istəyirlər. Belə ki, bu lotereyadan əldə olunan gəlir ölkənin mədəni köklərinin saxlanmasına sərf ediləcək. Demək olar ki, bütün ölkələrdə lotereyalar dövlətin nəzarəti altında keçirilir. Burada lotereyaların keçirilməsi ilə bağlı qaydalar öncədən müəyyənləşdirilir. Bütün lotereya şirkətləri(dövlət və xüsusi) maliyyə hesabatlarını açıqlayır, mətbuatda dərc edirlər. Bu hesabatlarda illik gəlir və bu gəlirin dəqiq haraya sərf olunduğu bildirilir. Təəssüf ki, bu ənənə hələ də bizə gəlib çatmayıb... Nailə RÖVŞƏNQIZI 11569 dəfə baxılıb
|
[31.10.2011] - RUS JURNALI PKK-çı QADINLARDAN REPORTAJ HAZIRLADI (FOTOLAR) [31.10.2011] - “ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ [20.05.2010] - BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN [09.10.2009] - TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ [17.08.2009] - POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU [14.08.2009] - “124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...” [08.08.2009] - ALLAHIN ÜMİDİNƏ QALAN PİRALLAHI ARXIV
|