 |
Reportaj
POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU 2009-08-17 «Mən böyüyəndə polis olmaq istəyirəm; qazandığım pulları evə də xərcləyirəm, özüm üçün də yığıram»
|
Onunla «Neftçilər» metrosunun yaxınlığındakı dayanacaqda tanış oldum. Yanında uşaq olan bir qadına popkorn satırdı. Uşaq olsa da diribaş və təcrübəli olduğu kənardan sezilirdi. Yaxınlaşıb onunla söhbətləşmək üçün müştərilərinin azalmasını gözlədim. İşgüzarlığı ilə seçilən Şəhriyar sən demə, bir aydır ki, burada popkorn satır. Şəhriyarın 14 yaşı var. Ramana qəsəbəsində yaşayır. 9-cu sinifdə oxuyur. Elə söhbətimiz də satdığı matahdan - popkorndan başladı. Dediyinə görə, əvvəllər onun yerində əmisi işləyib: «Əmimin aparatıdır. Bu aparatda popkorn düzəldirəm. Bir ay öncə dedim işləmək istəyirəm. O da öz yerini mənə verdi». Balaca müsahibim işləməsini uşaq marağı ilə əlaqələndirməklə kifayətlənsə də satdığı popkorndan ətraflı danışdı. Onun sözlərinə görə, gün ərzində popkorn satmaqla 10-20 manat arasında pul qazana bilir: «Hər gün səhər tezdən axşam saat 11-ə kimi burada popkorn bişirib satıram. Bunun üçün «8-ci km bazarı»ndan buğda alıram. Hər stəkanına bir az duz, 100 qram günəbaxan yağı töküb bişirirəm. Bir stəkan buğdadan 5 qazan popkorn bişirirəm".
«Burada qazandığım pulla istədiyim kitabı alıram»
Şəhriyar deyir ki, popkornun qiymətini özü təyin edib: «Bu həndəvərdə popkornu 50 qəpiyə satırlar, mən isə 30 qəpiyə. Yalnız mən qiyməti aşağı endirmişəm. Ona görə də bir aydır müştəri sarıdan əziyyət çəkmirəm. Ümumiyyətlə, bu yay alverimiz yaxşı gedir. Amma ən çox alver payızda olacaq. Amma məktəb başlayanda artıq satmayacağam». Şəhriyar Ramanada alver olmadığını deyir: «Orada uşaq azdır, hamı istirahətdədir. Amma bura şəhərin qaynar yeridir, burada daha çox alıcı var. Amma payızda aparatı aparıb Ramanada başqa adama verəcəm, o satsın». Bəs görəsən, o özü popkornu sevirmi? Şəhriyar popkornu çox yemədiyini deyir: «Əsasən axşam evə aparıram. Qardaşım, bacım yeyir. Amma özüm elə də həvəskarı deyiləm. Az-az hallarda yeyirəm. Adam bundan onsuz da doymur ki...» Şəhriyardan məktəbdə necə oxuduğunu xəbər alıram: «Yaxşı oxuyuram. Riyaziyyat və ana dili fənnini sevirəm. Amma ingilis dili çətin gəlir. Rus dilini isə həvəslə oxuyuram. Ümumiyyətlə, sevmədiyim fənn yoxdur. Ədəbiyyatla da maraqlanıram. Şeiri bir dəfə oxumaqla əzbərləyirəm. Ona görə müəllimlər məni tərifləyir. Amma roman, hekayə, nağılla aram yoxdur». Həmsöhbətim asudə vaxtlarında kitab oxumağı da sevirmiş: «Ən çox Xəlil Rza Ulutürkün şeirlərini xoşlayıram. Ən son aldığım kitab da onundur. Özümə lazım olanda qazandığım pullarla uşaq kitab mağazalarından istədiyim kitabı alıram. Çünki oxumağa həvəsim var». Onun böyük bir arzusu da var: «Böyüyəndə polis olmaq istəyirəm».
«Gündə 2 manat 40 qəpik yerpulu verirəm»
Maraqlıdır, görəsən ailədə Şəhriyardan başqa işləyən varmı? Onun sözlərinə görə, ailədə 3 uşaqdırlar: «Onlardan ən böyüyü mənəm. Bacım gələn il məktəbə gedəcək. Qardaşımın isə 9 yaşı var. Mən hər gün qazandığım pulları evə də xərcləyirəm, özüm üçün də yığıram. Pul yığıb özümə məktəb qabağı paltar alacam. Qardaşım bir neçə dəfə gəlib mənimlə işləmək istəyib, qoymamışam. Çünki bu ərazi qarmaqarışıqlıqdır. O gün burada 7 yaşlı uşaq itmişdi. Mən eyni hadisənin qardaşımın başına gəlməsini istəmirəm, ona görə onu gətirməyə qorxuram». Balaca «sahibkar» burada günaşırı işlədiyini deyir: «Axşam olanda popkorn bişirən aparatı çayxanaya qoyuram. Yerpulu kimi gündə 2 manat 40 qəpik ödəyirəm. Amma aparatı çayxanada saxlamağa pul ödəmirəm, çünki onlar əmimin tanışlarıdır».
«Barselona» oynayanda 10 manat qoyub 50 manat götürdüm»
Sən demə, Şəhriyar futbolla da yaxından maraqlanırmış. O, artıq bir ildir ki, Ramanada yeniyetmələr üçün «Neftçi» komandasında hücumçudur: «Təzə gedəndə pul versəm də sonradan yaxşı oynayandan sonra məşqçi məndən pul götürmədi. Belə də ki, komandamız güclüdür. «İnter», «Xəzər-92», «Laçın»la oynamışıq. Bütün oyunlarda da udmuşuq. Öz stadionumuz çox böyükdür. Amma oradakı ot örtüyü sünidir. Bir dəfə Tofiq Bəhramov adına stadionda «İnter»lə oynadıq və udduq. Məşqlərimiz günaşırı olur. O gün mən işləmirəm, 6 saat məşq edirik. Amma mən futbola yalnız maraq göstərirəm, onun peşəm olmasını istəmirəm». Şəhriyarın futbola marağı oynamaqla bitmir. Dediyinə görə, neçə illərdir «Barselona» komandasına azarkeşlik edir: «Xarici futbol oyunlarını evdə də, telefonla da izləyirəm. Çünki tez-tez olmasa da futbol qumarına pul qoyuram. Məsələn, «Barselona»-«Mançester» oyununda hesab 2:0 oldu. Onda 10 manat qoymuşdum, 50 manat götürdüm. Yerli komandalara da pul qoyuram. Bu yaxında «Qarabağ»ın qələbəsinə 5 manat qoymuşdum, 10 manat götürdüm. Pul qoyanda tanış oğlanla məsləhətləşəndən sonra qoyuram. Az-az pul qoyduğumdan uduzduğum vaxtlar olmayıb».
«Cizgi filmlərini sevirəm, namaz qılmağa hazırlaşıram»
Şəhriyar boş vaxt tapanda televiziya kanallarında cizgi filmlərinə baxmağı sevdiyini deyir: «Amma daha çox kompüter oyunlarını sevirəm. Ramanada 11 internet-klub var. Əvvəllər özümün noutbukum olsa da indi əmim işlədir. Ona görə internet-klublara gedib oyunlar oynayıram». Dostumuz 6 ay öncə namaz qıldığını deyir: «4 ay öncə xəstələndim. Boğazımda artıq ət var idi. Ona görə həkim dedi ki, sənə namaz qılmaq olmaz. Ona görə cəmi 2 ay namaz qıldım. Amma evdə mənim kitabım, hər şeyim var. Bu yaxınlarda yenidən namaza başlayacağam».
***
Şəhriyarla söhbət bizdə bu sualı doğurdu: qanunlar bu yaşda uşaqların işləməsinə icazə verirmi? Sualımızı cavablandıran Uşaq Hüquqları Liqasının sədri Yusif Bəkirov uşaqların 15 yaşına qədər işləməsinin heç bir beynəlxalq konvensiyaya və yerli qanunlara uyğun olmadığını dedi: «Azərbaycan dövləti BMT və Beynəlxalq Əmək Təşkilatının 38-ci konvensiyasına qoşulub. Orada uşaqların işləməsi üçün yaş həddi 15 yaş göstərilir. Əmək Məcəlləsində qeyd olunur ki, uşaq 15 yaşından yalnız valideynlərinin və icra hakimiyyətinin qəyyumluğu ilə işə cəlb oluna bilər. Təəssüf ki, Azərbaycanda uşaqlar hətta 6 yaşından da əməyə cəlb olunur. Valideyn tərəfindən istismar edilir. Bu da beynəlxalq qanunlara, qanunvericiliyə ziddir. Bununla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mübarizə aparmalıdır. Nazirlik isə bütün bunlara göz yumur. Ona görə uşaq sahibkar tərəfindən, valideyn tərəfindən işə cəlb olunur. Qanunda boşluq yoxdur. Amma bizdə qanunlar işləmir. Xarici təşkilatlar bizim qanunlarımızın yüksək səviyyədə olduğunu deyirlər. Amma onların icrasına nəzarət yoxdur. Qanunlar reklam üçün qəbul olunur. Uşaq 4 saatdan çox işləyə bilməz. Müqavilə əsasında uşaq bu qədər işləyə bilər. Beynəlxalq qanunvericilik belədir. Uşaq 15 kiloqramdan artıq yük qaldırmamalıdır. Bu, qanunlarda da öz əksini tapıb. Amma valideyn uşağı işə cəlb edirsə, 7-8 saat işləyirsə, o sahibkar cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu, qəbul olunmuş təcrübədir. Əgər dövlət istəsə, qanunlar həyata keçər. Uşaq işləməməlidir deyiriksə, birinci növbədə dövlət imkan yaratmalıdır. Təhsil pulludur. Sadə bir misal, valideyn uşağı məktəbə qoymur, çünki kitab, paltar pulludur. Azərbaycanda yaşamaq minimumu 80 manatdır, uşağa isə 65 manat verirlər. Ona görə uşağı işlədəndə dövlət buna göz yumur. Əgər minimum şərait yaradılsaydı, valideyn tənbeh edilərdi. Uşaq heç nədən işləmir. Ailəsini dolandırır. Uşaq yayda neyləsin? Yay düşərgələri yoxdur. Evdə olur, nəsə almaq istəyir. Valideynin də pulu yoxdur. Özünün yaşaması, həyat uğrunda mübarizə aparır. Uşaq bilir ki, məktəb ona heç nə vermir. Oxumaq indi pulladır. Özü üçün müəllim tutmaq istəyən uşaq işləməkdən başqa yol görmür. Beləliklə, uşaq oxumaqdan çəkinir, özü üçün həyat qurur».
***
Şəhriyarla sağollaşanda dedi ki, ayın sonuna qədər işləyə biləcək. Bundan sonra başqa uşaq Ramanada bu aparatda popkorn bişirib satacaq... Nailə RÖVŞƏNQIZI 2447 dəfə baxılıb
|
[31.10.2011] - RUS JURNALI PKK-çı QADINLARDAN REPORTAJ HAZIRLADI (FOTOLAR) [31.10.2011] - “ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ [20.05.2010] - BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN [09.10.2009] - TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ [17.08.2009] - POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU [14.08.2009] - “124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...” [08.08.2009] - ALLAHIN ÜMİDİNƏ QALAN PİRALLAHI ARXIV
|