|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Amerikadan bəhs edən səfər təəssüratlarımın bundan əvvəlki hissələrində çalışmışam ki, bu uzaq və nümunəvi ölkənin həyatından ölkəmiz üçün örnək sayılacaq, faydalı ola biləcək məqamları qələmə alım. Bu ənənəyə sadiq qalmaq fikrindəyəm. Çünki istəyirəm ki, inkişaf etməkdə olan yaxşının nə, pisin nə olduğunu uzun illər öncədən müəyyənləşdirən, cəmiyyət üçün xeyirli olan hər şeyə önəm verən, ziyanlı şeylərdən bir-birinin ardınca imtina edən Amerikadan nümunə götürək. SİQARET NARKOTİK MADDƏYƏ ÇEVRİLİR Amerikalılardan əxz edilməli olan əsas şey, məncə, bu ölkədə tütün məmulatlarına olan münasibətdir. Biz bu ölkədə olduğumuz müddətdə keçirdiyimiz görüşlərdə, qatıldığımız ziyafətlərdə bir nəfər belə siqaret çəkən adam görmədim. Elə çıxa bilər ki, ictimai yerlərdə siqaret çəkməyin yasaqlandığı ölkədə insanlar siqaret çəkmək üçün bir kənara çəkiliblər və ona görə nəzərimi çəkməyiblər. Xeyr. Ətrafımızda bircə nəfər tütün tüstülədən olsaydı, görərdim, hiss edərdim. Amerikalılar artıq siqaretin nə dərəcədə zərərli olduğunu şüurlu şəkildə dərk ediblər və bu zərərli vərdişdən kütləvi şəkildə imtina yolu tutublar.
Əslində Cənubi Karolina tütün məmulatlarının ən ucuz olduğu ştatdır. Prinsipcə, burda siqaret ala və çəkən çox olmalıdır. Ancaq ştatın konqresmenləri artıq xüsusi qanun qəbul edərək tütün məmulatlarına tətbiq edilən vergi dərəcələrinin artırılmasını təmin ediblər və siqaretin qiyməti başqa ştatların qiymətinə identik olub. Ancaq bunsuz da ştatda siqaret istehlakçısı çox deyil. Amerikaya getməzdən əvvəl amerikalıların anti-siqaret kampaniyası apardıqlarını bilirdim, amma onun miqyasından xəbərsiz idim. Yoxsa evində qonaq olacağım kişiyə qəlyan almazdım. O, bu hədiyyəni görəndə sifətinə elə bir ifadə verdi ki, mən dərhal hər şeyi anladım və vəziyyətdən çıxış yolu arayaraq, birtəhər izah elədim ki, bu, sadəcə bir suvenirdir, onu tütün çəkməyə sövq etmək cəhdi deyil. Qayıdarkən media hüquqları qrupunun rəhbəri, qrupu ilə birlikdə Florida ştatının Mayami şəhərində olan Sabir Əlisgəndərov da sözarası qeyd etdi ki, onu ən çox razı salan məhz budur: amerikalıların tütündən imtina etməsi. Heç demə, səhər o başdan durub qaçaraq öz sağlamlığını və idman formasını qorumağa çalışan Sabir bəy siqaret çəkənlərin əlindən çox yanıqlıdır və hesab edir ki, ölkəmiz bu məsələdə Amerikanı özünə örnək götürməlidir. Həmin qrupdan olan dostumuz Malik Bayramov isə köhnə çəkənlərdən olaraq 10 gün ərzində Amerikada əziyyət çəkib, ürəyi istədiyi vaxt siqaret tüstülədə bilməyib. Köhnə “Çeşmə”çi hesab edir ki, hüquqları pozulub və bu, sırf məhkəməlik işdir. İntəhası, bir şey aydındır: Amerikada siqaret çəkənlərin onlara mane olanları məhkəməyə vermək praktikası yoxdur. Yəqin ki, olmayacaq da. Bu ölkənin insanları yavaş-yavaş siqareti narkotik maddəyə bərabərləşdirir..
ŞƏN VƏ MEHRİBAN QOCALAR Qrupun üzvləri ”“ hərəmiz bir evdə qalırdıq. Bu, proqram gərəyi idi. Himayədar ailələr yaşlı və mehriban adamlar idi. Tanışlıqdan sonra anladıq ki, onlar heç də adi adamlar deyillər, universitet professorları, ictimai xadimlərdir. Bəziləri hələ də işləyirdi, bəziləri isə artıq təqaüddə idi. Onların hərəsinin bir hobbisi vardı: biri həvəskar balıqçıydı, dünya okeanında yaşayan bütün növ balıqlardan baş çıxaran, oxumuş, gəzmiş adam idi. Öz aramızda biz ona Ernest Heminquey deyirdik. Çünki ağ saqqallı bu kişi məşhur ədibə çox oxşayırdı.
Evində qaldığım Edvard isə basketbol və musuqi aludəçisidir. O, bir neçə müsiqi alətində peşəkarcasına ifa edir, tez-tez də oturub böyük maraqla basketbol matçlarına baxır. Sifətdən azərbaycanlı politoloq Xəqani Hüseynliyə çox bənzəyən Edvard səhiyyə sahəsi üzrə tanınmış bir alimdir və Byetnamdan, Banqladeşdən tutmuş ta Kanada və Meksikaya qədər çox ölkələrdə olub. BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN
Söhbətini apardığım ailələrdən başlayaraq, Amerika ailələrinə xas olan, ancaq bizim üçün əlçatmaz görünən bir məsələdən bəhs edəcəyəm. Bizdə maşını olan şəxslərə adətən təminatlı adamlar kimi baxılır. Amerikanın şərqində, ölkənin ucqarında yerləşən Cənubi Karolinda isə hər kəsin maşını var. İki nəfərlik ailənin iki maşını. Hətta mənim yaşadığım evin sahiblərinin üç avtomobili vardı ”“ üçü də təzə “Toyota” idi. Birini həyətin bir küncündə saxlamışdılar, o biri ikisini isə işlədirdilər ”“ qırmızını Marqret xanım, gümüşünü Edvard kişi sürürdü.
Ümumiyyətlə, 123 min əhalisi olan Kolumbiyada nə ictimai nəqliyyat gördük, nə də taksi. Hər kəs öz maşınında hərəkət edir. Ən bahalı maşınları isə qaradərililər sürür. Adi, ağdərili amerikalılar əsasən 15-30 min dollarlıq avtomobillərdə görünürlərsə, 20-21 yaşlı zənci qızları belə 80-100 min dollarlıq avtomobillərdə görərsən. Bu, Amerika üçün normadır. Burada işləyən və pul qazanan hər bir şəxs ilk növbədə ayağını yerdən götürəcək nəqliyyat barədə düşünür və kreditə avtomobil götürərək pulunu yavaş-yavaş ödəyir. Bu ölkədə Yaponiya avtomobilləri çox populyardır. Amerikanın özünün güclü motorlara, iri qabaritə malik maşınları olsa da və amerikalılar böyük maşınlarda qürur duya-duya gəzməyi sevsələr\də, fakt budur ki, çoxları avtomobilə təmtəraq ünsürü kimi yox, nəqliyyat vasitəsi kimi baxır. İşlənmiş maşınlar isə çox ucuzdur, bir aylıq maaşla almaq olar. Bizdə hər kəsin mobil telefonu olduğu kimi, bu ştatda hər kəsin avtomobili var. KAROLİNA “AVTOŞ”LARI Nəqliyyatdan söz düşmüşkən, mövzundan sola burulmayaq, karolinalı sürücülərdən də bəhs edək. Çünki ölkəmizdə bu məsələ çox aktualdır. Bizdə “avtoş” adlandırılan və öz maşınları xuliqanlıq edən gənclər kateqoriyasına tən gələn insan qrupu Cənubi Karolinada yoxdur. Amerikalılar bu məsələdə də çox intizamlıdırlar. Nə qədər vacib işləri olsa da, sürət həddini keçməzlər. Əgər yaşayış məntəqəsinin içində sürət limiti saatda 30 kilometrdirsə, amerikalı 35-lə sürməyəcək ”“ yol polisi görüb-görməməsindən asılı olmayaraq (biz 8 gündə cəmi bir dəfə yol polisi gördük, onun da şəklini çəkə bilmədik, harasa tələsirdi, sürüb uzaqlaşdı). Qırmızı işıqda keçməkdən, qoşa xətti tapdamaqdan, ədabazlıq edərək əyləc cırıldatmaqdan, qəflətən manevr etməkdən isə söhbət gedə bilməz. Hərçənd bəzən bilməyərəkdən xətaya yol verənlər də olur. Məsələn, bir dəfə biz orta sürətlə irəlilədiyimiz zaman 50-60 metr irəlidə bir maşın yolumuza çıxdı və azərbaycanca danışmağa cəhdlər göstərən bələdçimiz Tom Kolsaat bu hərəkətə belə müsyö Jordan ləhcəsində reaksiya verdi: “Surucu axmaqlıq.... etdi.”. Üstündən 5 dəqiqə keçməmiş yolu burulanda məlum oldu ki, Tom özü də müəyyən qədər qəbahətə yol verib. Bunu bilən kimi Tom bərkdən qəhqəhə çəkərək dedi: “Mən də axmaqlıq etdi”. KAROLİNA QALMAQALLARI
Bizim Cənubi Karolinaya qədəm basdığımız günlərdə ştatın gündəmində bir neçə qalmaqallı hadisə baş vermişdi. Bunlardan biri o idi ki, şəhər şurasının sədri polis şerifini istefaya göndərmişdi. Qəzetlər Karter soyadlı şerifin istefasının səbəblərini araşdırırdılar və heç nə tapa bilmirdilər. Nə mer, nə də şerif açıqlama vermirdilər. Hamı gözləyirdi ki, iki qaradərili dövlət qulluqçusu öz münasibətlərini məhkəmədə həll edəcəklər, ona görə danışmırlar, qorxurlar ki, dedikləri bir söz məhkəmədə öz əleyhlərinə dəlilə çevrilə bilər. Ancaq qəzetçilər əmin idilər ki, burada şəxsi intriqa söhbəti var. Biz təbii ki, bu hadisəyə Azərbaycan prizmasından baxırdıq və fikirləşirdik ki, bizdə Bakı meri nəinki BŞBPİ rəisini, heç onun müavini Yaşar Əliyevi də vəzifəsindən çıxara bilməz. Hətta Y.Əliyevi vəzifədən götürsələr belə, xidmətlərini nəzərə alaraq hansısa ölkəyə səfir göndərərlər. Daha bir qalmaqallı hadisə 6 xoruz döyüşdürənin həbsə alınması idi. Federal məhkəmə qanadlı heyvanlara işgəncə verməkdə və qanunsuz totalizator təşkil etməkdə günahlandırılan 6 nəfər barədə həbs qətimkan tədbiri seçmişdi. Onların ya bir neçə il müddətinə həbs olunacağı, ya da 250 dollar məbləğində cərimə olunacağı gözlənilirdi.. Bir qalmaqallı hadisə də vardı və ona həsr olunmuş yarımbaşlıq bu cürdür: Nəinki yerli qəzetlər, hətta “Assoşieyted press” kimi media nəhəngi də Cənubi Karolinanın qubernatoru Mark Sanfordun Floridada argentinalı model sevgilisi ilə ilişməsi barədə xəbər yaymışdı. Cənab Sanford bu barədə jurnalistlərin sualına cavab verərkən Floridaya səfər etdiyini və sevgilisi ilə görüşdüyünü danmamışdı. Beləliklə, qalmaqal başlanmışdı. İlk baxışdan burada qalmaqallıq bir hərəkət yoxdur. Həyat yoldaşından ayrılmış qubernatorun subay kişi olaraq hansısa qadınla görüşməsi qəbahət deyildi. Ancaq diqqətlər heç də qubernatorun məişət əxlaqına yönəlməmişdi. Jurnalistlər o məsələyə diqqət yetirirdilər ki, mister Sanford Floridaya dincəlməyə gedərkən heç kəsə xəbər verməyib, səlahiyyətlərinin icrasını kiməsə tapşırmadan, xəlvətcə gedib və bir növ vergi ödəyicisinin pulundan öz canı və cananı üçün istifadə edib. Qəzetlər həm Sanfordun, həm də onun argentinalı model sevgilisinin şəkillərini birinci səhifədən vermişdilər. Açığı, keçmiş model o qədər də gözəl qadın deyildi. Ona görə də qubernatorun nəyə görə belə bir riskə getdiyi anlaşılmırdı. Qrupumuzun üzvlərindən biri bunu qəzetçi həmkarlarımıza deyəndə onlar ürəkdən güldülər. Görünür, quberntatorla model münasibətləri doörudan da ürək-könül məsələsi idi, sadəcə, onlar işlə eşqin vaxtını bir-birinə qataraq başlarına iş açmışdılar. Növbəti yazının yarımbaşlıqları belə olacaq: ”Karolinalı həmkarlarımızla görüşlər” Xalid Kazımlı 6004 dəfə baxılıb
|
[31.10.2011] - RUS JURNALI PKK-çı QADINLARDAN REPORTAJ HAZIRLADI (FOTOLAR) [31.10.2011] - “ƏZİZBƏYOV” STANSİYASI PİRAMİDA ŞƏKLİNDƏ OLACAQ [20.05.2010] - BİR AİLƏ, İKİ ADAM, ÜÇ MAŞIN [09.10.2009] - TÜRMƏSİNDƏN EVƏ PUL GÖNDƏRİLƏN ÖLKƏ [17.08.2009] - POPKORN SATAN BALACA ŞƏHRİYARIN BÖYÜK ARZUSU [14.08.2009] - “124 MİN MANAT UDAN BİLETİ ƏLLƏRİMLƏ VERDİM...” |
| Yeni MÜSAVAT © 2008 |
|