23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“TÜRKİYƏYƏ SIRINAN OYUN DAHA MƏKRLİ PLANIN TƏRKİB HİSSƏSİDİR”

2012-01-27

Hacı İlqar İbrahimoğlu: “Qardaş ölkənin təklənməsinə imkan verməməliyik”
““Soyqırım” uydurması türk insanının “Axilles dabanı” olduğundan ksenofoblar məsələdən belə möhkəm yapışıblar...”

DEVAMM sədri, İçərişəhər “Cümə” məscidinin imam-camaatı Hacı İlqar İbrahimoğlu Fransa Senatı tərəfindən qəbul edilən məlum qanunla bağlı müxbirimizin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

- İlqar bəy, sizcə, bu qanun hansı səbəblərdən meydana gəlib?

- Məlumdur ki, qondarma soyqırım layihəsi artıq illərdir davam edir. Bu layihənin alt yapısında bir neçə istiqamət var:

  1. İslamofobik xətt. Osmanlı imperiyasını ittiham etmək. Bu, bir bəhanədir ki, mübarək İslam dinini günahsız insanların ölümünə rəvac verən bir təlim olaraq tanıtdırmağa cəhd etsinlər. Təhtəlşüur səviyyəsində insanların beyninə yeridilir ki, müsəlman-türk mənsubiyyətinə aid insanlar üçün qırğın və qətliam törətmək adi haldır. Faktiki olaraq, neçə müddətdən bəri davam edən məqsədli planların davam etməsini, “vandal”, “ekstremist” müsəlman obrazının yaradılması cəhdlərinin artmasını görürük.
  2. Antitürk xətti. Türkiyənin Avropa İttifaqına inteqrasiyasını əngəlləmək, yeri gəldi-gəlmədi, onu aşağılamaq, türkləri daim müdafiə olunan, özünə bəraət qazandıran duruma salmaqla gözüqırpıq eləmək. Eyni zamanda Avropa paradiqmasında türklərin vasitəsilə güclənən müsəlman tutumluğunu zəiflətmək. Burada ksenofobik antimüsəlman xətti Türkiyəni təcrid etmək xəttinə əlavə olaraq çarpazlaşır. Belə ki, etnos olaraq türklərin mövqelərinin zəiflədilməsi, müsəlman kimliyi daşıyıcısı (özü də, kütləvi və davamlı daşıyıcılıqdan söhbət gedir) olaraq da türklərin zəiflədilməsi hədəfini həll edir.
  3. İsrail rejiminin Türkiyədən qisas alması. Türkiyənin sionist rejiminə qarşı sərgilədiyi prinsipial mövqeyə qarşı qisas almaq planının tərkib hissəsi olaraq lobbiçilik və digər sistemli proqramlar vasitəsilə üzdəniraq qanun layihəsini Senatdan keçirməyə müvəffəq olunması təəssüratı yaradılır və altdan-altdan beyinlərə yeridilir. İsrail rejimi və onun müttəfiqləri tərəfindən Türkiyəni aşağılamaq, xahiş-minnət paradiqmasına salmaq, “peşman etdirmək” niyyəti güdülür. Bu qanunun qəbulu “Who is who” - “Kim kimdir” mövzulu bir dartışma kimidir ki, nəinki Türkiyə, bütün digər ölkələr də İsrail rejiminin “qüdrətini” hiss etsin və onunla yola getməməkdən çəkinsin. Bir növ mesajdır ki, “Bizim əlimiz hər yerə çatır”.
  4. Qərbin Türkiyənin geopolitik rolunu məhdudlaşdırmaq planının bir hissəsi. Aydındır ki, Türkiyənin regionda, ümumilikdə dünyada nüfuzu artmaqdadır və bu, çoxlarını qane etmir. Bu konuda Türkiyəni oyundan kənar vəziyyətə salmaq, müxtəlif mövzularla başını məşğul etmək həmin nüfuz artımını məqbul saymayan qüvvələr üçün çox önəmlidir. Baş verməmiş uydurma tarixi olayı inkar etmək əməlini kriminallaşdırmaq - bu məqsədə çatmaq üçün çox rahat vasitədir.
  5. Fransa daxili aspekt. Məlum olduğu kimi, Fransada nisbətən güclü erməni lobbisi var. Bu baxımdan, sözügedən qanunun seçkilərdə onların səsini əldə etmək üçün qəbul edilməsi mövzusu da nəzərdən qaçırılmamalıdır. Əlbəttə ki, məsələ yalnız Sarkozi ətrafında məhdudlaşsaydı, seçkilər kimi müvəqqəti mövzuların burada əsas yer tutmasını qəbul etmək olardı. Amma Fransa kimi qədim parlamentar ənənələrə malik olan, insan haqları və demokratiya baxımından uzun müddət mayak rolunu oynayan bir dövlətin qanunverici orqanının sırf taktiki mövzulara xatir strateji xətdə deformasiyalara rəvac verməsi ehtimalı bir qədər zəif görünür. Daha inandırıcı variant budur ki, erməni seçicilərin səslərini qazanmaq məsələsi dolayısı ilə hədəflənir - qlobal niyyətlər güdülür, bu məsələ də öz həllini tapır və faydasını verir.

Təbii ki, bunlardan başqa da bir çox irili-xırdalı məsələlər də var ki, onların hamısını bir müsahibədə əhatə etmək çətindir.

- Qanunun qəbulundan hansı nəticələri gözləmək olar?

- Nəzərə almaq lazımdır ki, sözügedən qanun məqsədyönlü planın tərkib hissəsidir. İlk olaraq, uydurma “soyqırım”ı qəbul etdirmək xətti yeridilirdi. Bəlli sayda ölkədə buna müvəffəq olunandan sonra, növbəti mərhələyə - “soyqırım”ı inkar edənlərə qarşı cinayət təqibi mərhələsinə keçildi. Sonrakı mərhələdə təzminat ödənişi və s. bu kimi mövzular gündəmə gətiriləcək. Belə davam etsə, “soyğırım” qurbanlarının varislərinə təzminat ödəməkdən imtina edən Türkiyəyə qarşı sanksiyalar gündəmə gətiriləcək. Və beləcə gərginləşdirmənin artan xətti ilə davam ediləcək.

- Bu gərginləşdirmələrdə kimlər maraqlıdır?

- Maraqlı tərəf çoxdur. Sionizm və digər ksenofobik məfkurə daşıyıcılarından tutmuş, qəlp iqtisadiyyat memarlarınadək, hansı ki, real iqtisadiyyata malik 70 milyonluq Türkiyənin Avropa məkanına inteqrasiyası onların siyasətinə daban-dabana ziddir. Bütün bu ünsürlər Türkiyəni asılı, qeyri-adekvat bir statusa salmaqda çox maraqlıdırlar. Yəni ideoloji, iqtisadi, geosiyasi, etnik-konfessional və bir çox digər amilləri üstün tutaraq, prosesləri tamam başqa məcraya yönəltməyə israrlı, davamlı, planlı şəkildə həyata keçirilən cəhdlər var. Mədəniyyətlərin və sivilizasiyaların dialoqunu istəməyən və bunu bilmərrə qəbul etməyən qüvvələr “Türkiyə düyünü” yaratmaqda və bu düyünün ətrafında öz planlarını realizə etməkdə israrlıdırlar.
Şübhəsiz ki, Qarabağ düyünü, Kəşmir düyünü, Somali düyünü, Bəhreyn düyünü, Yəmən düyünü, Türkiyənin “Soyqırım düyünü” və İranın “Nüvə proqramı düyünü”, eləcə də bir neçə il bundan öncə ortalığa atılmış karikatura rəzilliyi, minarə inşasının və niqabın qadağası və bir çox digər düyünlər və vandallıqlar - İslam dünyasına qarşı düşmən mövqenin formalaşdırılmasının təzahürlərindəndir. Dözümsüzlük memarları, mədəniyyətlərin toqquşmasının qaçılmazlığı məfkurəsinin daşıyıcıları transmilli qurumlarla ortaq maraqları izləyərək, bir tərəfdən müsəlman dövlətlərini içəridən sarsıdır, zəiflədir, parçalayır, digər tərəfdən də monarxiyaları və diktaturaları gücləndirirlər. Ümumi olaraq, sivilizasiyaların mükaliməsinin mümkünsüzlüyü, qarşılıqlı inteqrasiyanın baş tuta bilməməsi ideyası yeridilir bəşəriyyətin beyninə.

- Siz hansısa qlobal anti-İslam layihəsinin mövcudluğu fikrindəsiniz?

- Əslində yox. Mən özümü “sui-qəsdlər nəzəriyyəsi”nin apologeti hesab etmirəm və heç zaman beynimin müxtəlif məxfi konstruksiyaların əsarətinə düşməsinə imkan verməmişəm. Sadə cavablar heç də həmişə düzgün deyil. Hər zaman yalnız məntiqi və rasional yanaşma və həllərin tərəfdarıyam. Hesab edirəm ki, hansısa gizli “ümumdünya hökuməti” oturub plan cızmayıb ki, filan işi görək və filan addımları ataq. Müasir dünyada vektorlar, istiqamətlər, planlar, niyyətlər o qədər çalın-çarpazlaşıb, o qədər qəlizləşib ki, həyat o qədər sürətlənib ki, sözügedən “sui-qəsd” nəzəriyyəsini müzakirə edib qərar qəbul edincə bu qərar artıq ən azı logistik-kommunikativ baxımından köhnəlmiş olur.
Balaca haşiyə çıxım. Ən müasir iqtisadi tədqiqatlar nəticəsində müəyyən edilib ki, 1318 korporasiya dünya gəlirlərinin 60 faizinə sahiblik edir. Bunların da içində 147 maliyyə-investisiya təsisatlarından ibarət bir nüvə var ki, qlobal bazarın 40 faizinə nəzarət edir. Tədqiqatlar göstərir ki, ümumi prosesə əsas təkan verən mühərrik buradan, bu nüvənin iqtisadi maraqlarından və nəzarəti gücləndirmək niyyətindən qaynaqlanır. Bu hərəkətə qarşı çıxan, intellektual müqavimət iradəsini ortaya qoyan elementlərin İslam dünyasında qərarlaşması səbəbindən zaman-zaman müsəlman ölkələrini problemlərə qərq etmək planlarının icrasını müşahidə edirik.
Bəli, dünyada müəyyən məfkurələr, yanaşmalar, maraqlar var və bunların toqquşması hər an yeni vektorlar cızır. Daha sadə dildə desək, məfkurələrin və maraqların intellektual-kommunikativ müstəvidə toqquşması hansısa virtual vektorlar müəyyən edir ki, bunların da toplusu qlobal çağırışları, qlobal həlləri, qlobal istiqamətləri müəyyən edir. Bunun ən bariz nümunəsini biz “Ərəb baharı” adlanan fenomendə müşahidə etmişik. Kim nə iddiada bulunursa-bulunsun, bu kimi prosesləri idarə etmək iqtidarında deyil. Yönləndirmək, müəyyən epizodları tənzimləmək - bəli, bu hər zaman olub, var və olacaq. Nəticələrini mənimsəmək, bəhrəsini aparmaq - bəli. Odur ki, insanlar hər mərhələdə öz müqəddəratlarının özləri tərəfindən müəyyən edilməsinin qayğısına qalmalıdırlar.
Bu baxımdan, mən hesab edirəm ki, Türkiyəyə sırınan oyun daha böyük planların tərkib hissəsidir. Amma bu planların baş tutması qətiyyən qaçılmaz deyil. İşləmək, səy göstərmək lazımdır. Tərtib edilən layihələrə simmetrik və assimmetrik cavablar vermək lazımdır.

- Konkret nə etmək olar?

- Sözügedən təxribatın müəlliflərinin izlədiyi hədəflərin baş tutmamasına nail olmaq gərəkdir. Aydındır ki, niyyət aşağılamaq, ruhdan salmaq, parçalamaq, məşğul etmək, inkişafdan saxlamaq, təcrid etmək s. və bu kimi məsələlərdir. Deməli, burada ən ümdə məqam vəhdətdir. Türk dünyasının, müsəlman dünyasının, ərəb dünyasının üfüqi rabitələrini birə-on gücləndirmək, hər hansı parçalayıcı amillərdən imtina etmək, ümmətçilik, ümumbəşərilik diskurslarını önə çəkmək, geniş tərkibli müzakirələrlə və intellektual gedişlərlə hadisələrin axarını dəyişdirməyə nail olmaq, proseslərin ardınca deyil, önündə getməyə çalışmaq gərəkdir.
Ən mühüm məsələlərdən biri də dünya vicdanları ilə işləmək mövzusudur. Planetimiz birdir, burada qarşıdurma törətmək istəyənləri, ksenofobik məfkurələrə əsaslanan yeni sərhədlər, keçilməz sədlər qurmaq istəyənləri durdurmaq lazımdır. Bu işdə bütün dünya vicdanları bir olmalıdır. Dini qarşıdurmalar yaradan, bəşəriyyəti iğtişaşlara sürükləyən qüvvələr ifşa edilməlidir. Bölücülük siyasətinə qarşı durmaq lazımdır, dinindən, dilindən asılı olmayaraq vicdanlı insanların bir araya gəlməsini təmin etmək lazımdır.
Əslində Qərbin vətəndaş cəmiyyətləri bu məsələdə ən böyük, potensial müttəfiqlərdir. Belə ki, bu kimi hərəkətlər onların da illərlə “change” (dəyişiklik) təşəbbüslərini boşa çıxartmaqdadır. Təəssüflər olsun ki, Qərb cəmiyyətlərində son illərdə fobiyalar rasional yanaşmanı üstələməkdədir. Amma mən inanıram ki, Qərbin vətəndaş cəmiyyəti özündə bu sınaqlardan layiqincə çıxmaq gücü tapacaq. Müasir dönəm bir çox stereotiplərin, obrazlı desək, modern, hətta post-modern bütlərin dağılması ilə səciyyələnəcək, inşallah.

- Bəs Azərbaycanın bu məsələdəki rolu necə olmalıdır?

- Burada bizim üzərimizə düşən məsuliyyət hamıdan çoxdur. Zira, türk-müsəlman məmləkəti olaraq, həmrəylik göstərmək vəzifəsi bizim dövlətin müəyyən mənada zatındadır. Hər zaman Türkiyənin öz maraqları hesabına belə, Azərbaycanın yanında olmasını unutmamalıyıq. 20 ildir Türkiyə beynəlxalq aləmdə bizə qardaşlıq edir. Biz də öz qardaşlığımızda sadiq olmalıyıq. Dəqiq, birmənalı dəstəyimizi verməli, Fransaya öz narazılığımızı güclü surətdə hiss etdirməliyik. Eyni zamanda İslam dünyasının potensialını səfərbər etmək lazımdır. Bu işdə hər kəs əlindən gələni etməlidir. Biz üzümüzü bütün dünyada müsəlman kimliyi daşıyıcılarına tutur, Türkiyənin bu vəziyyətdə təklənməsinə imkan verməməyə çağırırıq. Hər kəs əlindən gələn töhfəni verməlidir. Bu, əslində bir testdir. Türkiyə, müsəlman ölkələri içində ən az “irad tutulan” bir ölkədir. Əgər onun başına bu oyunu açırlarsa və bu, müqavimətsiz ötüşəcəksə, başqaları ilə necə davralanacaqları aydın məsələdir. Qəflətdən oyanmaq, dünyanı bir oyuncaq təki atıb-tutan, təlatümlərə sürükləyən qüvvələrə hamılıqla təpki göstərmək zamanı yetişib.

- Konkret və təcili hansı addımları atmaq olar?

- İƏT-in zirvə toplantısı çağırılmalı, Fransa bu işdən çəkindirməyə çalışılmalıdır. Bununla yanaşı, ümmətin vahid informasiya-neyrolinqvistika paradiqmasının yaradılmasına başlanılmalıdır. Bu işdə televiziyanın, media resurslarının, sosial şəbəkələrin rolu son dərəcə böyükdür. Fransa vətəndaşı olan milyonlarla müsəlman arasında iş aparılmalıdır ki, Sarkozinin təmsil olunduğu blok boykot edilsin. Maliyyə vasitələri ayrılmalıdır, tanınmış və etimad edilən alimlərin nəzarətində fondlar yaradılmalıdır. Bu fondlar informasion-təbliğat, humanitar layihələr həyata keçirməlidir. Yeri gəlmişkən, Qarabağ problemini də birdəfəlik çözmək olar bu dalğada.
Ümmətin intellektual elitasını bir araya gətirmək, işlək sxemlərə rəvac vermək lazımdır.
Güclü məsələlərdən biri də kütləvi surətdə bu qanunun işləməməsinə nail olmaqdır. Fransanın yüz minlərlə türk, ərəb, azərbaycanlı, fransız vətəndaşı eyni zamanda qondarma soyqırımı sosial şəbəkələrdə inkar etməli, qanunu de-fakto qüvvədən salmalıdır. Aydındır ki, yüz minlərlə insanın eyni zamanda qondarma qanunu pozması - bu qanunu qeyri-ciddi bir nəsnəyə çevirəcək. Amma hədəf tək bu qanun olmamalıdır. Bu qanunun ləğvi bir vasitə olmalıdır ki, bəşəriyyətə sırınan problemlər həllini tapsın.

“YM”

5262 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008