|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
“Strasburqdan Azərbaycan elə bir fərqli boyada görünmür. Əslində Strasburqun özü də bir az Azərbaycana oxşamağa başlayır. Yəni orda da istər müzakirələr, istər məsələlərə yanaşmalarda daha çox korporativ maraqların necə öndə olduğu, Avropa Şurasının Rusiya qarşısında nə qədər aciz vəziyyətdə qaldığı, böyük dövlətlərin necə bir alətinə çevrildiyi, onların maraqlarından kənarda hansısa prinsipial dəyərlərə aid məsələlərin müzakirələrdən çıxarıldığı, necə zərərsizləşdirildiyinin şahidi olursan. Son məqamda Avropa Şurasında kimsə özünün dəyərlərlə bağlı sualına cavab tapa bilmir. Çünki burda həm qorxu var, həm böyük dövlətlərin boykotu, həm hərbi gücə sahib dövlətin basqısı, təzyiqi var, həm də maliyyə gücünə sahib olanların müəyyən məsələlərə təsir imkanı”. Bunlar bizim müsahibimiz Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın Strasburq, Avropa Şurası Parlament Assambleyası barədə ən yeni təəssüratlarıdır. Azərbaycan nümayəndə heyətinin tərkibində AŞPA-nın toplantısında iştirak etmək üçün Strasburqa səfər etmiş Fazil bəylə elə səfərdən qayıtdıqdan bir gün sonra həmsöhbət olub bir sıra suallarımıza cavab istədik. - Fazil bəy, adı vaxtaşırı qara siyahılarda çəkilən, ünvanına azadlıqların boğulması ilə bağlı tənqidlər səslənən bir ölkəni təmsil etmək çətin deyildi ki? - Yox. Ona görə çətin deyildi ki, bu problemləri əslində bütün ölkələr yaşayır. Məsələn, bizim bu gün demokratik saydığımız Macarıstanda o qədər problemlər var ki... Avropada qəribə bir tendensiya gedir, avtoritar idarəetmə metodlarına meyillənmə başlayıb. Elə bunun nəticəsidir ki, Fransa tamamilə öz dəyərlərinə dəxli olmayan qanunu qəbul etdi. Bu gün artıq Avropa İttifaqı dünyasında bir etimadsızlıq mühiti formalaşmağa və demokratiyadan yan keçmələr özünü hiss etdirməyə başlayıb. Ona görə də orda Azərbaycanın hansısa fərqli rəngdə görünməsini müşahidə etmirsən. Əksər ölkələr elə Azərbaycanla eyni problemləri yaşayır. - Sizin səfər Fransa Senatının məlum qərarından sonraya təsadüf etdi. Yəqin ki, bununla bağlı da hansısa görüşlər, müzakirələr keçirildi. - Əlbəttə. Təbii ki, biz “erməni soyqırımı” yoxdur deyə, bir variant seçmədik. Hər halda bu, Fransa tərəfindən o qədər qeyri-ciddi bir addımdır ki, əslində orda olarkən cəmiyyətin özünün də buna elə də ciddi yanaşmadığını müşahidə etdik. Fransız həmkarlarımızla söhbətimizdə bunun bir siyasi məsələ olduğu növbəti dəfə aşkarlandı. Mən düşünürəm ki, bu məsələ həm də Türkiyənin yararına oldu. Fransa özü də bilmədən Türkiyəyə fayda verəcək bir addımlar atdı. Ona görə də bunu çox da narahatedici hadisə kimi qiymətləndirmirəm. - Azərbaycan və Türkiyədəki etirazlar Fransada nə qədər ciddiyə alınır? Münasibətlərin pozula biləcəyindən ehtiyatlılıq varmı? - Türkiyə mətbuatının bu məsələdə ciddiyyəti sual altındadır. Məsələn, Türkiyə mətbuatı bundan yararlanaraq Azərbaycandakı məsələləri özünün istədiyi şəkildə şərh etməyə çalışır. Göstərməyə çalışır ki, Azərbaycanda, tutaq ki, ancaq bir müxalifət partiyasının rəhbəri Türkiyəni müdafiə edir, qalanları hər hansı dəstək vermirlər. Azərbaycanda da yanlış olaraq buna Türkiyəyə dəstək layihəsi kimi baxılır. Çünki Fransanın qərarı həm də Azərbaycanı hədəfə alan qərardır. Əsas məqsəd bu cür təzyiqlərlə Türkiyəni Azərbaycana dəstək verməkdən, Azərbaycanın müdafiəsindən çəkindirməkdir. Azərbaycanı Ermənistanla təkbətək üz-üzə qoymaq və onun himayəçiləri ilə bir yerdə Azərbaycana istənilən variantı qəbul etdirmək niyyəti var. Ancaq artıq Türkiyə beynəlxalq ictimai rəydə haqlı bir müstəviyə keçib. Çünki dünənə qədər soyqırım iddialarına qarşı çalışan Türkiyə bu gün artıq ifadə və söz azadlığına qarşı sui-qəsdin ortaya qoyduğu prosesə qarşı çıxış etməkdədir. Fransanın qəbul etdiyi qanun Fransanın, Avropanın özünün dəyərlərinə zidd olduğuna görə, Türkiyəyə imkan verdi ki, bu faktdan istifadə edib ona qarşı olan qüvvələrin üzərinə hücuma keçsin. Bu qanunun tətbiq imkanları, demək olar ki, sıfıra bərabərdir. Ona görə biz də Azərbaycan və Türkiyə parlamentlərinə Fransanın absurd qanununa qarşı absurd bir qanun təklif edirik. Qoy parlamentlərimiz “erməni soyqırımı”nı tanıyanlara eyni məbləğdə cərimə və həbs cəzasının kəsilməsi barədə qanun qəbul etsin. Bəlkə də hüquqi nöqteyi-nəzərdən ciddi qarşılanmaz. Amma cavab baxımından, məncə, Azərbaycan və Türkiyə belə bir qanun qəbul etməlidir. - Venesiya Komissiyasının “Siyasi partiyalar haqqında” Qanuna müsbət rəy vermədiyi bildirilir. Məlumata görə, xüsusilə siyasi partiyaların maliyyələşdirilməsi əsas fikir ayrılığı yaradan məsələdir. Qanunun yaz sessiyasına çıxarılmaması hansı anlamı verir?
- Siyasi partiyalar haqqında qanunun qəbul olunmasına hakimiyyət çox da maraqlı deyil. Ona gərə də Venesiya Komissiyası ilə müzakirələri məqsədli qabardırlar ki, məsələni gündəlikdən çıxarsınlar. Çünki bu məsələ əvvəllər kifayət qədər aktual idi. Burada əsas olan maliyyələşdirmə məsələsi deyil. Həm parlamentdə olan, həm də olmayan, son seçkilərdə müəyyən faiz səs alan partiyalara da maliyyələşmə imkanları yaratmaqla hakimiyyət heç nə itirmirdi. Burda da ən çox irəli düşən partiya əslində YAP olacaqdı. Parlamentdəki çoxluğa, saya və başqa parametrlərə görə hakim partiya öndədir. Amma görünür iqtidar heç cür partiya idarəetməsinin aktivləşməsində maraqlı deyil. Odur ki, bürokratik mexanizmlərin siyasətin üzərində olmasına daha çox üstünlük verir. Bu, bir idarəçilik anlayışıdır. Ona görə də Azərbaycanda siyasət daha durğun xarakterdə qalmağa davam edir. Bu prosesdə yaradıcı, təşəbbüskar, dinamik partiya rəqabətinin olmaması artıq öz mənfi təsirini hiss etdirməyə başlayıb. Bu da yanlış bir istiqamətə gətirib çıxarır, çünki bunun fəsadlarını keçmişdə yaşamışıq. “Siyasi partiyalar haqqında” Qanunun yaz sessiyasının gündəliyinə salınmamasını ancaq bununla izah etmək olar ki, artıq bu məsələdə maraq yoxdur. Söhbət təkcə parlamentdən kənarda qalan partiyalara maliyyə verməkdən getmir. Hakimiyyət parlamentdəki partiyaların da heç birinin güclənməsində maraqlı deyil, o cümlədən YAP-ın. Çünki nə Nazirlər Kabinetinin, nə Milli Məclisin formalaşmasında YAP-ın heç bir rolu yoxdur. Bu mənada yoxdur ki, YAP öz qərarı ilə kimisə harasa, hansısa posta irəli sürə bilmir. Halbuki hakimiyyət daha çox maraqlı olmalıdır ki, hakim partiya bu istiqamətdə daha çox təşəbbüskar olsun və adı daha çox təbliğatın önündə çəkilsin. Bu, yoxdursa, digər partiyaları da aşağılayaraq, yəni hərənizdən bir deputat var, yaxud da sizin sayınız azdır, yanaşması ilə partiyaların inkişaf etmədiyi görüntüsünü yaratmağa çalışırlar. Məncə, bunlar yanlışdır, əvvəl-axır bunun yaratdığı problemlərin altından qalxmaq çox çətin olacaq. Çünki əvvəl-axır partiyaların ən azı parlament demokratiyası baxımından müəyyən dərəcədə inkişaf etməsi hamının yararınadır. Bu, cəmiyyətdə kataklizmlərdən qorunmaq üçün əsas vasitələrdən biridir. - Qazaxıstanda növbəti aksiya oldu və Rusiyada da müxalifətin növbəti mitinqinə hazırlıq gedir. Postsovet məkanında baş verənlərin Azərbaycana təsirini, ən azı sərbəst toplaşma azadlığına qoyulan qadağanın götürülməsini, siyasi məhbusların azadlığını gözləyirsinizmi? - Ümumiyyətlə, hakimiyyətin bu məsələdə hansısa dəyişikliyə getməsi daha çox Rusiya faktoru ilə bağlıdır. Çünki artıq proseslər göstərdi ki, Qərbin, Avropanın hansısa bir küləyi Azərbaycana xeyli gec çatır. Deyirlər Günəş Şərqdən çıxır. Azərbaycanın hakim elitasında, çox təəssüf ki, Günəşin şimaldan doğması düşüncəsi daha çox hiss olunur. Bu, özünü idarəetmə üsulunda da göstərir. Ona görə də Azərbaycana Rusiyada baş verən proseslərin təsiri daha çox gözlənilir. Rusiyada ən azı güclü prezident idarəçiliyi ilə yanaşı çoxpartiyalı parlamentar sistem də imitasiya etdilər. Bizdə də buna doğru addım atılması lazımdır. Çox təəssüf ki, məsələn, bu günə qədər parlamentdə müxalifətin heç bir fraksiyası yaradılmayıb. Hətta müəyyən məsələlərin müzakirəsində belə bir partiya təmsilçisinə 5 dəqiqədən artıq çıxış etmək imkanı verilmir. Bunu ortadan qaldırmaq lazımdır ki, cəmiyyətin sözü, fikri təkcə meydanlarda, küçələrdə ifadə olunmasın, həm də parlament debat yerinə çevrilsin. Xarici ölkələrdən gələn parlament təmsilçiləri ən yüksək səviyyədə qəbul olunduqları halda, Azərbaycan parlamentindəki müxalifət təmsilçiləri ölkə problemləri ilə bağlı dövlət rəsmiləri ilə görüşmək, fikir mübadiləsi etmək imkanına sahib deyillərsə, bu, hər halda, xoş olmayan bir ənənədir. Bu ənənəni artıq addım-addım dəyişmək lazımdır ki, özümüzün problemlərimiz içəridə müzakirə olunsun və çıxış yolu daxildə tapılsın. Hər halda Rusiyada proseslər dərinləşərsə, Azərbaycanda da demokratiyanın Rusiya modelinin gündəmə gəlməsi daha real görünür. - 2013-cü il seçkilərində və ümumiyyətlə, seçkilər ərəfəsində Azərbaycanda ciddi siyasi dəyişikliklər gözləyirsinizmi?
- Azərbaycan kimi ölkələrdə layihələrin müəyyənləşməsi daha çox ölkə üzərində təsir gücünə malik olan dövlətlərin basqısı altında baş verir. Məsələn, bizim ölkədə vəziyyətin hansı formada olacağı ABŞ-İran münasibətlərindən daha çox asılı olacaq. Azərbaycan, təbii ki, bu oyunun iştirakçılarından biridir. Amma bu oyun qaydalarını Azərbaycan müəyyən eləmir. Rusiya ilə münasibətdə Avropa Birliyinin davranışı bunu deməyə əsas vermir ki, Qərb demokratiyasının bərqərar olma şansları gələn ilə daha çox olacaq. Hələ bəlkə bir az da geriləmə ola bilər. Necə ki, Rusiyanın Gürcüstanla münasibətdə qaba güc sərgiləməsi göz qabağındadır. Azərbaycanın Qarabağ probleminə münasibətinin də hamımız şahidiyik. Bu baxımdan da hadisələrin gələcək inkişafı oyun qaydalarını müəyyən edən güclərin bu oyunu necə yönəltməsindən asılı olacaq. - Müxalifət düşərgəsində müxtəlif birliklər yaranmaqdadır. Düşərgənin seçkiyə hansı formatda getməsi uğurlu nəticə əldə etməyə imkan verərdi? - Məncə, ənənəvi müxalifət anlayışı ilə seçkiyə qatılmaq heç bir effekt verməyəcək. Söhbət birlikdən, blokdan, kiminsə İctimai Palatada olmasından, yaxud olmamasından, birgə, yaxud ayrılıqda hərəkət etməsindən getmir. Azərbaycan cəmiyyətinin narazı hissəsi böyük olsa da, siyasiləşmiş hissəsi çox azdır. Narazı hissənin rəğbətini əldə etmək üçün mövcud şüarlar və üslub, məncə, səmərə verməyəcək. Hesab edirəm ki, hakimiyyət hətta elementar imitasiyaya getməməklə, hətta vitrin dəyişikliyi eləməməklə narazılığın daha da artmasına səbəb olub. Amma azacıq addımlar atsa, müxalifətin bir çox şüarlarını da əlindən alma imkanlarına malikdir. Lakin niyə atmır, açığı, bu, bizimçün də maraqlıdır. Bu gün təkcə siyasət məhdudlaşmayıb, həm də iqtisadiyyatın daralması, məhdudlaşması prosesi gedir. Ölkədə artıq kiçik bir zəngin təbəqə və böyük bir yoxsul təbəqəsi formalaşıb, orta təbəqə tamamilə sıradan çıxmaq ərəfəsindədir. Belə bir vəziyyətdə, məncə, bütün cəmiyyəti əhatə edə biləcək liderlərin üzərində düşünmək lazımdır. Yəni daha praqmatik və siyasiləşməmiş, amma cəmiyyətin şəxsiyyət olaraq etibar etdiyi, hakimiyyəti də islahat aparmağa stimullaşdıra biləcək fiqurlardan biri üzərində dayanmaq daha effektli ola bilər. Məncə, ənənəvi siyasi partiya liderlərinin önə çıxma və hakimiyyətə qalib gəlmə şansları çox aşağıdır. - Yəni deyirsiniz yeni liderə ehtiyac var? - Əslində yeni liderə yox, yeni missiyaya ehtiyac var. Çünki müəyyən ölkələrdə lider olmur, amma müəyyən missiyanı öz üzərinə götürüb müəyyən keçid dövrünü yarada bilən, demokratiyaya keçid prosesini apara bilən şəxsiyyətlərin olmasından söhbət gedir. Ona görə də partiya qruplaşmalarının çevrəsi böyük olmayan namizədlərlə indiki hakimiyyətə qalib gəlmək imkanları yoxdur. Bütün hallarda daha çox ideoloji mübarizənin yükünü götürə bilən, xalqın istədiyini ona verməyə hazır olan, buna inandıra bilən qüvvələrin uğur qazanma şansı daha böyükdür. Məncə, bunlar siyasi liderlər olmaya bilər. Ona görə də bu istiqamətdə daha çox çalışmaq gərəkdir. Ölkəmizdə proseslərin demokratik yolla başa çatmasında hamımız maraqlı olmalıyıq. Yəni nə dəyişiklik baş verirsə-versin, bu ancaq demokratik yolla olmalıdır. Çünki zor, güc yolu ilə, başqalarının iradəsini tapdalamaqla atılan addımların fəsadları sonradan özünü daha ciddi formada göstərir. Elşad PAŞASOY 2601 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|