 |
Siyasət
“MÜXALİFƏTİN 2013-də HAKİMİYYƏTƏ GƏLMƏK ŞANSI REALDIR” 2012-01-31 Tanınmış siyasətçilərdən və texnoloqlardan ilginc açıqlamalar; “...hakimiyyətin dəyişməsinə mane olan şərtlər tam aradan qalxıb”; “bu iqtidarın 2013-cü ilə qədər davam edib-etməyəcəyini heç kim proqnozlaşdıra bilməz”
|
Normal ölkələrdə siyasi qüvvələr istər prezident, istərsə də parlament seçkilərinə bir neçə il öncədən hazırlaşırlar. Azərbaycanda 2013-cü ildə prezident seçkiləri keçiriləcək. Artıq bununla bağlı siyasi dairələrdə müzakirələr, proseslər, mübahisələr başlayıb. Hələlik siyasi qüvvələr aktiv hazırlıqlara başlamasalar da, 2013-ə istiqamətlənən toparlanma prosesləri gedir. İctimai Palatada birləşən əsas müxalifət gücləri də hədəflərini və fəaliyyət istiqamətlərini elan ediblər. Əsas siyasi hadisəyə - 2013 seçkilərinə yaxınlaşdıqca, siyasi düşərgələrdə aksentlər dəyişir; bir sıra “yeraltı” təmaslar intensivləşir, qüvvələr nisbətinə, onun gələcəyinə dair yarımməxfi monitorinqlər aparılır. Bütün bu canlanmalar, təbii ki, bütün siyasi mühiti təsirləndirir. Burada əsas məsələ, heç şübhəsiz ki, xalqın baş verən olaylara və düşərgələrə bəslədiyi münasibətə bağlıdır. Hazırkı vəziyyətdə Azərbaycan xalqının əhvalını, təpkilərini inqilabi hesab etmək mümkün olmasa da, onu uyumuş, hər şeylə barışmış və iqtidardan qorxan kimi də təqdim etmək mümkün deyil. Azərbaycanlılar, son günlər baş verən bir neçə parlaq faktla sübut etdilər ki, onlar hakimiyyətlə qorxusuz-hürküsüz, bəzən də cəsurcasına qarşıdurmaya gedə və qalib gələ bilirlər. Söhbət NZS qəsəbəsinin evləri yıxılma planına düşən sakinlərindən və taksi şoferlərindən gedir. Hər iki toplumun haqlarının tapdanmasına reaksiyalar perspektiv xalq hərəkatları baxımından dəyərləndirilsə, olduqca olumlu nəticələr çıxartmaq mümkündür. Üstəlik, hakimiyyətin NZS əhlinin və taksi şoferlərinin qarşısından çəkilməsi də göstərdi ki, iqtidar texnoloqları da Azərbaycanda toplu etirazların yetişdiyi qənaətindədirlər; məhz bu səbəbdən də etirazçılardan kimsəni tutmadılar, aksiyaçıları əzmədilər. Əksinə, hər iki faktda geri çəkildilər. Heç şübhəsiz, “yaz hücumu”na hazırlaşan İP texnoloqları bu detalları qeydə alıblar və ondan istifadə edəcəklər. Bütün bu reallıqların və örnək fraqmentlərin fonunda müxalifət üçün, bütövlükdə Azərbaycanın demokratik düşərgəsi üçün hakimiyyət perspektivi görünürmü? Konkret olaraq, 2013-cü ildə İP və bütün müxalifət, xalq əl-ələ verib, prezident seçkilərini uda, Azərbaycanda dinc hakimiyyət dəyişikliyi həyata keçirə bilərlərmi?
Mövzu ətrafında danışdığımız Müsavat Partiyasının başqanı Mehman Cavadoğlu hesab edir ki, növbəti prezident seçkilərinə qalan il yarımlıq müddət gələcəyin təyini üçün az zaman deyil: “Bu aylar ərzində siyasi proseslərdə xeyli dəyişikliklər ola və müxalifətin xeyrinə tam fərqli bir situasiya yarana bilər. Hazırda isə demokratik müxalifətin, o cümlədən Müsavatın qarşısında duran başlıca vəzifə ölkədə demokratik siyasi şəraitin yaradılmasıdır. Buna nail olunarsa, 2013-cü ilin prezident seçkilərinin normal keçirilməsini təmin edə biləcəyik. Hər hansı seçkidə Azərbaycan müxalifətinin elektorat baxımından problemi olmayıb. Müsavat Partiyası iştirak etdiyi bütün seçkilərin qalibi olub. Problem əldə olunan nəticələrin, alınan səslərin hüquqi baxımdan rəsmiləşdirilməsi ilə bağlıdır. Hakimiyyət hər zaman zorakı metodlarla səsləri oğurlayıb və real qalibin haqqı tanınmayıb. Bu, əslində müxalifətin yox, bütövlükdə cəmiyyətin problemidir. Bunu aradan qaldırmaq, demokratik seçki şəraiti formalaşdırmaq üçün cəmiyyətin bütün kəsimləri mübarizə aparmalıdır. 2013-cü ilə qədər bu situasiya yaradılmalıdır. Bunu edə bilsək, əlbəttə ki, müxalifət seçkilərdən qələbə ilə çıxacaq”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirdi ki, 2013-cü ildə müxalifətin qalib gəlmək şansı realdır: “Bu, təkcə ümid məsələsi deyil, real olan məsələdir. Çünki indiyə qədər Azərbaycanda hakimiyyətin dəyişməsinə mane olan şərtlər bu gün demək olar ki, tam aradan qalxıb. Əgər müxalifət prezident seçkilərində vahid namizədlə iştirak edərsə, bu, cəmiyyətdə ruh yüksəkliyi yaradar və demokratik düşərgənin sosial bazasının güclənməsinə, narazı elektoratın vahid mərkəzdə cəmləşməsinə səbəb olacaq. Digər bir amil isə odur ki, beynəlxalq birliyin Azərbaycan hakimiyyətindən gözləntiləri tamamilə dəyişib. Yəni əvvəllər bu hakimiyyətin islahatlar aparacağı gözləntisi var idisə, düşünülürdüsə ki, iqtidar islahatlar yolu ilə nələrisə edəcək, bu gün artıq həmin təsəvvürlər dəyişib. Ötən müddətdə mövcud hakimiyyətin islahatlara getməyəcəyi sübut olunub. Artıq beynəlxalq birlik Azərbaycanda real demokratik dəyişikliklər istəyir. Belə bir şəraitdə seçkilərin saxtalaşdırılması təkcə Azərbaycan cəmiyyəti ilə yox, bütövlükdə demokratik dünya ilə qarşıdurmaya getmək demək olacaq. Bunun analogiyasını biz Ukraynada görmüşük. Orada seçkilərin saxtalaşdırılması yeni seçkilərin keçirilməsi məcburiyyətini yaratdı və geridönməz demokratik proseslər başladı. Digər bir faktor isə odur ki, Azərbaycan hakimiyyətində 2013-cü ildə kimin namizədliyinin irəli sürüləcəyi ilə bağlı ciddi fikir ayrılığı var. Proseslər onu göstərir ki, 2013-də hakim ailəni indiki prezident yox, başqa bir adam təmsil edə bilər. Bu üzdən də hakimiyyətdə olan məmur-oliqarxlar perspektiv axtarışındadırlar. Onlar hakimiyyətə hakim ailənin başqa bir adamı gələcəyi təqdirdə çox ciddi zərbələr alacaqlarını bilirlər və ona görə də müxalifətə qarşı mübarizədə əvvəlki canfəşanlığı göstərməyəcəklər. Hakimiyyətin ənənəvi regional bazası fəal olmayacaq, oliqarxların maraqları vahid komanda şəklində mübarizəni mümkünsüz edəcək. Artıq bu prosesin elementlərini görürük. Başqa bir məqam isə regionda baş verən proseslərdir. İndiyə qədər Azərbaycanda avtoritarizm Rusiyadan himayə olunurdu. Bu gün artıq Rusiyanın özündə təlatümlər başlayıb və orada demokratik dəyişikliklər olacağı qaçılmazdır. Orada güclər arasında baş verən proseslər Rusiyanın regiona nəzarət etmək imkanlarını məhdudlaşdırır. Başqa bir yandan, İran ətrafında həlqənin daralması da Qərbin Cənubi Qafqaz regionunda təsir imkanlarının artmasına səbəb olacaq. Sadaladığım şərtlər 2013-cü ildə müxalifətin hakimiyyətə gəlmək şanslarının real olduğunu göstərir. Çünki bu proseslərin fonunda Azərbaycan hakimiyyəti seçkiləri saxtalaşdırmaq, müxalifəti repressiyalara məruz qoymaq imkanlarını itirəcək. Bu hadisələri müşahidə edən xalqın fəallaşacağı anda isə hakimiyyət dəyişikliyi real məsələdir”.
Politoloq Ərəstun Oruclu hesab edir ki, politoloji nöqteyi-nəzərdən 2013-cü il haqqında danışmaq tezdir: “Çünki 2012-ci il həm qlobal, həm də Azərbaycan səviyyəsində kifayət qədər ciddi iqtisadi problemlərlə başlayıb. Ona görə də indidən 2013-cü ilin sonunda baş tutacaq seçkidən və onun nəticələrindən danışmaq müxalifətin bugünün problemlərindən qaçmaq, özünün indiki siyasi proseslərdən, məsuliyyətdən kənara qoymaq cəhdi kimi qiymətləndirilə bilər. Məsələ ondadır ki, siyasi situasiya çox mürəkkəbdir, 2013-cü ilə qədər nə olacağını, hakimiyyətin bu müddətə qədər davam edib-etməyəcəyini heç kim proqnozlaşdıra bilməz. Hər şey çox qeyri-sabitdir, hər şeyi mümkün sayıram”. Beləliklə, illərini siyasətə vermiş insanlar da hesab edirlər ki, Azərbaycanda demokratik dəyişikliklər qaçılmazdır. Sadəcə, mübahisə bu dəyişikliklərin hansı müddətdə və variantda baş verəcəyi ilə bağlı ola bilər. Hətta politoloq Ərəstun Oruclu mövcud iqtidarın 2012-ci ili çıxa bilməməsi ehtimalını da dilə gətirir... Elşad MƏMMƏDLİ 1789 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|