23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

İSA QƏMBƏRDƏN YAP-a İLGİNC TƏKLİF

2012-02-06

“Səmimidilərsə, əvvəlcə öz partiyalarının adını dəyişsinlər”

Xəbər verdiyimiz kimi, parlamentin ötən həftə keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Azərbaycan Respublikasının adının dəyişdirilərək Şimali Azərbaycan Respublikası qoyulmasını təklif edib. Təklifə digər bir neçə deputatdan, o cümlədən YAP-çı deputatlardan dəstək gəlib.

Siyavuş NovruzovYAP icra katibinin müavini Siyavuş Novruzov deyib ki, son zamanlar ictimaiyyət arasında Azərbaycan Respublikasının Şimali Azərbaycan Respublikası adlandırılması barədə təkliflər irəli sürülür: “Dünya praktikasında Şimali və Cənubi Koreya, Şimali və Cənubi Kipr kimi dövlət nümunələri var. Azərbaycan Respublikasının da parçalanmaya məruz qalmış dövlət kimi Şimali Azərbaycan Respublikası adlandırılması daha məqsədəuyğun olardı”. Deputat Fərəc Quliyev də Azərbaycanın parçalanmaya məruz qaldığının təsdiqlənməsi baxımından respublikamızın Şimali Azərbaycan Respublikası adlandırılmasının tərəfdarı olduğunu deyib.
Hakimiyyətyönlü deputat Fəzail Ağamalı da təklifi dəstəkləyənlər arasında olub: “Bunun üçün Konstitusiyaya dəyişiklik edib ora belə bir müddəa əlavə etmək olar ki, Azərbaycanın ərazisi şimal, qərb və cənubdan ibarətdir. Ona görə də Azərbaycan Respublikasının adının dəyişdirilib Şimali Azərbaycan Respublikası olmasını tam müdafiə edirəm”.
Cəmil HəsənliLakin bir sıra deputatlar təklifə bu şəkildə dəstək versələr də, məsələyə cəmiyyətdə münasibət birmənalı deyil. Məsələn, tarix elmləri doktoru, professor Cəmil Həsənli bildirib ki, Azərbaycanın adının dəyişdirilməsinə zərurət yoxdur. Alim hətta bu barədə müzakirələrin açılmasını ziyanlı sayıb: “Ölkənin, millətin, dilin adını müzakirəyə çıxarmaq olmaz. Vaxtilə İran təklif etmişdi ki, ölkəmizin adı Şimali Azərbaycan olsun. Axı dövlət əşya deyil ki, ona gündə bir ad verəsən. Azərbaycan Respublikası dünyanın hər yerində oturuşmuş bir addır. İndi sən bunu nə adla dəyişəcəksən? Belə şeylərdə ehtiyatlı olmaq lazımdır. Həm də buna heç bir ehtiyac yoxdur”.
C. Həsənli hesab edir ki, bu cür təkliflər dövlətçiliyə münasibətdə siyasi konyukturanın girovuna çevrilməkdən irəli gəlir: “Belə şeylər eləmək olmaz. Bu adın müəllifi Rəsulzadədir. Rəsulzadə deyir ki, Azərbaycan kəlməsi coğrafi, linqvistik bir kəlmə ikən biz ona siyasi məzmun verdik. Bununla da Azərbaycan dünyanın siyasi xəritəsində oturuşdu. Təzədən ad dəyişmək siyasi konyukturadan başqa bir şey deyil”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər də ölkəmizin adının dəyişdirilməsinə ehtiyac olmadığını düşünənlərdəndir: “Hesab edirəm ki, bu təklif Azərbaycan milli idealları ilə cəmiyyətin diqqətini cəlb edib bu günün problemlərindən diqqəti yayındırmaq cəhdinə bənzəyir. O təklifə dəstək verən YAP deputatları var. Əgər onlar partiyalarının adını dəyişdirib Yeni Şimali Azərbaycan Partiyası qoysalar, o zaman onların səmimiyyətinə inanmaq olar. Xüsusən də nəzərə alsaq ki, partiyanın adını dəyişmək onların öz əlindədir. İstədikləri vaxt bunu edə bilərlər. Ölkə adı dəyişmək isə ciddi prosedurlar, referendum səviyyəsində addımlar, beynəlxalq səviyyədə ciddi səylər tələb edən məsələdir. Ona görə əgər YAP üzvlərinin fikri ciddidirsə, partiyalarından başlasınlar ki, cəmiyyəti də səmimiyyətlərinə inandırsınlar”.
Sərdar CəlaloğluADP sədri Sərdar Cəlaloğlu isə Azərbaycanın adının dəyişdirilməsi təklifini dəstəkləyir: “Şimali Azərbaycan məsələsinin müzakirəyə çıxarılması o deməkdir ki, ölkənin bir cənubu da var. Təklifin reallaşması Azərbaycanın bölünmüş bir xalq kimi tanınmasına gətirib çıxarardı. Bu cür hadisələr dünya praktikasında çoxdan var. Ancaq ölkənin adının dəyişdirilməsi siyasi hadisədir. Buna İranın necə reaksiya verəcəyi çox maraqlıdır. Vaxtilə Makedoniyanın adı müəyyən ediləndə Yunanıstan nə qədər problem yaratdı. Yunanıstanda Makedoniya adında bölgə olduğundan bu adda müstəqil dövlətin olmasına qarşı çıxırdı. Sonda Makedoniyaya Keçmiş Yuqoslaviya Respublikası Makedoniya adı verildi”.
Mirmahmud MirəlioğluKXCP sədri Mirmahmud Mirəlioğlu da məsələyə müsbət yanaşanlardandır: “Bu məsələ çoxdan müzakirəyə çıxarılıb qəbul edilməli idi. Hesab edirəm ki, çox doğru təklifdir. Onsuz da əvvəl-axır bu baş verəcək. Amma çox istərdim dövlətin adı dilimizə daha uyğun formada rəsmiləşsin və Güney Azərbaycan türklərinin qəbul elədiyi kimi Quzey Azərbaycan Respublikası olsun. Azərbaycan bölünüb. Həm əhalimizin, həm də ərazimizin böyük bir hissəsi güneydədir. Bu məsələnin gündəmə gəlməsi çox yaxşı haldır. Təklif qəbul olunarsa, Azərbaycanın bütövləşməsi uğrunda atılmış bir addım olacaq”.
Professor Cəmil Həsənlinin məsələyə münasibət bildirərkən səsləndirdiyi “Vaxtilə İran təklif etmişdi ki, ölkəmizin adı Şimali Azərbaycan olsun” fikri diqqətimizi cəlb etdiyindən tarixi mənbələrə müraciət edib bəzi araşdırmalar apardıq. Məlum oldu ki, həqiqətən də respublikamızın adının dəyişdirilməsi məsələsini İran 1918-ci ilin iyununda təklif edib. İranın Türkiyə konsulu Azərbaycanın müstəqilliyi haqqında aktını Azərbaycan nümayəndəliyinə qaytararaq bildirib ki, İran Azərbaycan adlı dövləti tanımır. Konsul daha sonra əlavə olaraq nota göndərib ki, Azərbaycan adında İranın ərazisi var, ona görə də Azərbaycan Xalq Cümhuriyyəti ya Şimali Azərbaycan, ya da Qafqaz Azərbaycanı adlandırılmalıdır. 1918-ci il noyabrın 16-da Azərbaycanın xarici işlər naziri Əlimərdan bəy Topçubaşovla İstanbul görüşündə İran elçisi Mirzə Mahmud Xan Azərbaycan Xalq Cümhuriyyətinə daha sərt tələb şəklində şərt qoyub ki, Azərbaycanın adı dəyişməlidir. Ad böhranı bundan sonra Versal Sülh Konfransında da davam etdirilib və nəticə belə olub ki, “Qafqaz Azərbaycanı” adlandırılsın.
Bütün bunlara baxmayaraq Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi adda hər hansı dəyişiklik etməyib. Yəni göründüyü kimi, Azərbaycan Respublikası adı İranı narahat edən addır. Məhz bu səbəbdən İran ölkəmizin adında dəyişiklikdə təkid edirmiş. Bu tarixi faktdan o nəticəyə gəlmək mümkündür ki, bu gün Azərbaycanın adının dəyişdirilməsi təklifi əslində İranın maraqlarına daha çox uyğun gəlir. Azərbaycan adının saxlanmasında Xalq Cümhuriyyətinin liderləri ona görə təkid ediblər ki, Azərbaycan adı indi İran ərazisi olan Azərbaycanla eyni coğrafiya, eyni millət, eyni dövlət olmasını, sadəcə, vahid dövlətin güney hissəsinin ayrı salındığını özündə ehtiva edir. Əbülfəz Elçibəy də heç vaxt “Şimali Azərbaycan Respublikası” ifadəsini işlətməyib. Elçibəy “Azərbaycanın güneyi və quzeyi” deyilməsinin daha düzgün olduğunu bəyan edirdi.

Etibar SEYİDAĞA

4417 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008