|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Ötən həftə tibb elmləri doktoru, professor Adil Qeybullanın 50 yaşı tamam oldu. Fevralın 2-də anadan olsa da, rəsmi sənəddə doğum günü fevralın 4-dür. Deyir ki, 50 illik yubiley gününü çox “yaddaqalan” şəkildə qeyd edib. Belə ki, Bakının qarlı-çovğunlu günlərindən yaşadığı mənzilə gedən su borularının donması səbəbindən yubiley gününü santexnika işlərinə həsr eləyib. Ancaq Bakının çovğunu onun doğum gününü unutdura bilməyib. Deyir yubiley təbrikini ilk olaraq İctimai Palatanın tribunasından Müsavat başqanının müşaviri Səxavət Əlisoy dilə gətirib: “Ondan əvvəl də təbriklər almışdım, ancaq sonra başqan İsa Qəmbər zəng edib təbrik etdi. Ardınca da dostlardan xeyli təbriklər aldım. Hesab edirəm ki, bu təbriklər həm də diqqətdir. Mən təbrik edən şəxslərə minnətdaram”. Ancaq etiraf edir ki, gözlədiyi, amma almadığı təbrik də olub. Bununla belə, Adil bəy ad çəkməyə lüzum görmədi. - Mən, ümumiyyətlə, ad günlərini, yubileyi qeyd eləməyə o qədər də həvəsli deyiləm. Amma yubiley ili olduğu üçün evdən bir təşəbbüs olmuşdu və qohum-qardaşla birgə oturmağa qərar vermişdim. Amma hava şəraiti, ardınca da məişət problemləri imkan vermədi. Hər halda yaddaqalan tarix oldu (gülür). Mənim elektrik işlərindən və sairdən xeyli bilgilərim var. Amma santexnika işi bir az fərqli işdir. Düzdür, əsas işi usta görürdü. Ancaq bu soyuqda 4-5 saat ayaq üstə durmaq, kömək göstərmək mənimçün o qədər də səciyyəvi deyildi. Hər halda şükür Allaha ki, hər şey qaydasına düşdü. - Təbrik edirik, Adil bəy, bir daha suyunuz kəsilməsin. - Təşəkkür edirəm. - Yubiley ərəfəsində 50 illik ömrü çeşidləmək, müsbət-mənfisini, gəlir-çıxarını hesablamaq imkanınız olub, yəqin. - Mən səmimi danışmağa öyrənmişəm. Ötən illəri xatırlayanda xeyli ağır, məhrumiyyətlər dövrü olduğu qənaətinə gəlirəm. Maddi və rəsmi uğurlar olmayıb, çünki siyasi mövqeyimiz ona imkan verməyib. Amma bununla yanaşı, nəzərə alsaq ki, Azərbaycanda tibb sahəsində yüzlərlə professor var, amma bu gün respublikada adımın məşhur olması, yaxud mənə münasibət həm də mövqeyimlə bağlıdır. Yəni haqq yolunda olduğum üçün, hesab edirəm ki, 20-30 il qabaq doğulsaydım, yenə də bu yolla gedərdim. İnsanlar elə-elə bu yola düşmürlər, bu, bir təsadüfi məsələ deyil. Mən tələbəlik illərini xatırlayıram. O vaxt Asif Əfəndiyevin - Asif Atanın dərnəyi vardı, biz ora gedirdik və xeyli təqiblərə məruz qalırdıq. Sonra “KQB” Asif Atanı həbs etdi, “Dzerjinski” adına klubda onun görüşü olmalı idi, biz də getmişdik. Eşitdik ki, görüşə gələn yerdə onu saxlayıblar və görüş baş tutmadı. Sonrakı dövrdə milli azadlıq hərəkatı başladı, orda iştirakçı olduq. Yəni bu düşərgəyə təsadüfən düşənlərdən olmadım. Xeyli adamlar var ki, partiyalardan gedib, QHT-lərdə çalışırlar. Mən hesab edirəm ki, bu düşərgənin insanları istənilən yerdə öz mövqelərini həmişə saxlayırlar. Yəni onların üzərində o ad durur.
- Siz də bir müddət Müsavat Partiyasından uzaqlaşsanız da, sonradan geri qayıtmağa qərar verdiniz. Bu qayıdış hansı zərurətdən doğdu? - Mənim Müsavatdan uzaqlaşmağım konkret bir səbəblə bağlı idi. Hesab edirdim ki, mənə qarşı ədalətsizlik olub və indi də bu cür düşünürəm. Amma söhbət ondan gedir ki, Müsavat təkcə Müsavat Partiyası ilə məhdudlaşmır, müsavatçılıq bu millətin ideologiyasıdır. Mən müsavatçılıq deyəndə Rəsulzadənin, onun silahdaşlarının həyat tərzini özümə örnək götürürəm. Bu gün Müsavatdan kənar xeyli insanlar var ki, onlar heç partiya üzvü deyil. Amma onları az qala bir saylı müsavatçı hesab etmək olar. Məsələn, Şirməmməd Hüseynov kimi xeyli Müsavat tədqiqatçıları, Akademiyanın Cümhuriyyət şöbəsi var. Orda milli fikir daşıyan insanlar var ki, hamısı müsavatçıdır. Bu gün bizim dördüncü hakimiyyət olan jurnalistikada, QHT sahəsində, siyasi partiyalarda müsavatçılıq ideyasını daşıyan xeyli insanımız var. Yəni müsavatçılıq tək bizim partiya ilə məhdudlaşmır. Müsavat Partiyası əslində öz tarixi rolunu yerinə yetirib, ötən əsrin əvvəlində yoxdan bir dövlət qurmağa nail olub. Bunu heç zaman unutmaq olmaz.
- Sizin Müsavat başqanı İsa Qəmbərlə uzun illərdir yaxın dostluq münasibətində olduğunuzu da bilirik. Bu mənada partiyadan gedişiniz təəccüb doğurmuşdu. - Müsavat başqanı ilə bizim münasibətlərimiz yaxın olmasaydı, yəqin ki, belə insident də olmazdı. Misal var ki, uman yerdən küsərlər. Amma mən heç vaxt xırda hisslərlə yaşamamışam və xırda bir epizod oldu, onu beynimdə saxlamıram. Açığını deyim ki, bu mübahisə Məclis sədrliyi məsələsi ilə bağlı oldu. Əslində mənim Məclis sədri olmağa xüsusi bir meylim də yox idi. Çünki əlimdə sənətim var. Cərrahlıq elə bir sənətdir ki, ondan uzun müddət ayrı düşmək xeyli çətindir, yəni bu, əl sənəti nümunəsidir. Mən Müsavatın Məclis sədri olsaydım, sənətimlə vidalaşmağım da lazım idi. Bu baxımdan partiyanın rəsmi strukturlarında vəzifə tutmaq mənimçün elə də asan deyil. Çünki bu cür vəzifələr bütün günü siyasi fəaliyyət tələb edir. Sadəcə olaraq, o vaxt Müsavatın Məclis sədri məsələsi ilə bağlı müzakirələr gedərkən mənim üzərimdə dayanıldı. Bunlar oldu və keçdi. Hesab edirəm ki, bu gün Azərbaycanda demokratik bir cəmiyyətin qurulması üçün maksimum səylər göstərilməlidir. Bu gün Müsavat İctimai Palatanın tərkibində fəaliyyət göstərir. Mən həm İP-də, həm də partiyadayam. Amma mən o partiyanın sıralarında olsam da, olmasam da həmişə demişəm və deyirəm, müsavatçı olaraq qalıram. Müsavatçılıq mənimçün artıq dərk olunmuş azadlıq, məfkurədir. O baxımdan firqə mənsubiyyəti heç də mövqeyə xələl gətirə bilməz. - Siz uzun müddət iqtidar-müxalifət dialoqunun baş tutması üçün çalışanlardan oldunuz. Ancaq sizin və digər bu təşəbbüsdə bulunanların arqumentləri indiyədək nəzərə alınmayıb. - Mən ilk dəfə 2005-ci ildə “Bakı xəbər” qəzetində dialoqla bağlı konkret təklif irəli sürmüşdüm. Bu təklif xeyli müqavimətlə qarşılaşmışdı. 2005-ci ildə müxalifət daha radikal əhval-ruhiyyədə idi. Bu cür loyal çıxışlar az qala xəyanət səviyyəsində dəyərləndirilirdi. Çox yaxşı oldu ki, İctimai Palata özü bu qənaətə gəldi və “Yol xəritəsi”ni mənim ovaxtkı təkliflərimlə tutuşdursaq, demək olar ki, prinsipial bir fərq yoxdur. Yəni gec-tez biz bu qənaətə gəldik. Bu qənaətə vaxtında gəlsəydik, bəlkə daha yaxşı olardı. Ən böyük müharibələr belə sülhlə bitir. Bu mənada Azərbaycanda da iqtidarla müxalifət arasında olan bu anormal münasibətlər qaydaya salınmalıdır. Ancaq bu məsələdə də birtərəfli, birqütblü yanaşma düzgün deyil. Yəni biz necə təklif ediriksə, o cür olmalıdır. Hər iki tərəf müəyyən kompromislərə hazır olmalıdır və heç bir ilkin şərt olmadan dialoq başlamalıdır. Mən Azərbaycanda hər hansı xaotik proseslərin, cəmiyyətə zərbə vuracaq inqilabların olmasının heç vaxt tərəfdarı olmamışam. Hesab edirəm ki, bu gün Afrika ölkələrində baş verən proseslər və həmin ölkələrdə nə vaxt stabillik olacaq kimi məsələlərdən dərs götürməliyik. Azərbaycanda gedən prosesləri elə aparmağı bacarmalıyıq ki, - burda müxalifətin də çiyninə xeyli yük və məsuliyyət düşür - bunun son ucu həmin məntiqi nəticəyə gəlib çıxsın.
- Müsavatın gözlənilən qurultayına sizin təklifləriniz nədən olacaq? - Mən o vaxt Müsavatın gerbini hazırlamışdım və bu gerbin hazırlanmasında xeyli əmək sərf olunmuşdu. Əslində Azərbaycana məxsus olan xeyli atributlar, o cümlədən Müsavatın indiki emblemi bu gerbdə əksini tapmışdı. Müsavatın hazırkı emblemi çağdaş dörvdə, ikinci müstəqilliyimiz dövründə qəbul olunub. Bu emblemin daha da təkmilləşdirilməsi üçün mənim təkliflərim var. O vaxt irəli sürüləndə çox ciddi müqavimətlə, təəssüf ki, qeyri-adekvat reaksiyalarla qarşılaşmışdı. Hesab edirəm ki, Müsavat kimi partiya daim yenilənməli, öz təməl-prinsipləri ilə birgə müasir dövrə adaptasiya olunmalıdır. Mən istəyirdim ki, Müsavatı yeni bir platformada cəmiyyətə təqdim edə bilək. - Müsavatın növbəti başqanının kim olacağı məsələsi aktuallıq statusu qazanmış mövzulardandır. Bu sırada adı çəkilən şəxslərdən biri kimi İsa bəyin öz postunda qalıb-qalmaması ilə bağlı nə deyə bilərsiniz? - Əlbəttə, biz hamımız istərdik ki, İsa bəy başqanlıqda qalsın. Bu, səmimi bir istəkdir. Çünki qarşıdan çox ciddi proseslər, prezident seçkisi gəlir. Müsavat İctimai Palata formatında, yaxud ölkənin aparıcı bir partiyası olaraq bu seçkilərdə mütləq iştirak edəcək. Təbii ki, Müsavatın da namizədi İsa Qəmbərdir. O baxımdan da İsa Qəmbərin başqan olaraq seçkilərə getməsi daha önəmlidir, biz bu cür düşünürük. Ona görə də İsa Qəmbərdən postunda qalmağı nəinki xahiş, tələb edirik. Xüsusilə də sıravi müsavatçılar çaşqın durumdadır və onlar narahatdırlar. Onların narahatçılığı da əsaslıdır. İlk növbədə nəzərə almalıyıq ki, partiyanın dayaqları elə sıravi partiya üzvlərindən ibarətdir. Bu baxımdan biz onların fikirlərinə diqqət eləməyə borcluyuq. Amma görünür ki, İsa Qəmbər öz açıqlamalarında qətiyyətlidir. Belə olacağı, yəni öz namizədliyini verməyəcəyi təqdirdə müxtəlif variantlar irəli sürülür. Bu gün partiyada İsa Qəmbər qədər qəbul olunan ikinci bir şəxs yoxdur. Bu baxımdan da hər hansı bir şəxsin başqan seçilməsi partiyada müəyyən təlatümlərlə müşayiət oluna bilər. Məsələn, Mehman Cavadoğlunun açıqlaması mənə xeyli maraqlı göründü, o təklif də müzakirə oluna bilər. Həmçinin Vurğun Əyyubun təklifləri var. Hər halda bu şəxslər partiyanın bərpasında, möhkəmlənməsində, bu yerə gəlib çatmasında misilsiz xidmətləri olan şəxslərdir və onların fikirləri də diqqətə alınmalıdır. İsa Qəmbər namizəd olmayacaqsa, onda namizədlərin sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Həmçinin partiyada səslərə görə ayrı-ayrı şəxslərin müxtəlif strukturlarda yer tutması araşdırıla bilər. Mən indidən deyə bilmərəm ki, qurultayda nə baş verəcək. Amma hər halda hər bir sağlam düşüncəli insanı, təkcə Müsavat Partiyasının üzvlərini deyil, Azərbaycanda vətəndaş məsuliyyətini hiss edən hər kəsi, təbii ki, Müsavatın taleyi düşündürür, xüsusilə də Müsavat Partiyasının üzvlərini. O baxımdan da müəyyən narahatçılığımız var. Müsavatın tarixində praymeriz seçkiləri, proqram-nizamnamə müzakirələri var. Xatırlayırsınızsa, millətçi və liberal qanadın təqdim etdiyi proqram layihələri xeyli narahatçılıqlara səbəb olsa da, demokratik şəraitdə, uğurla başa çatdı. Hesab edirəm ki, bu proseslər də o cür başa çatacaq. Hər birimizin arzusu budur.
- Adil bəy, siz kifayət qədər gənc yaşlarınızda elmlər doktoru adını alıbsınız... - Bəli, 29 yaşımda elmlər doktoru, 30 yaşımda isə Tibb İnstitutunun professoru olmuşam. - Maraqlıdır, həkim olmasaydınız, hansı sahəni seçərdiniz? - Mənim videoaparaturadan, elektrik avadanlıqlarından az qala peşəkarcasına başım çıxır. Bu, mənim xobbimdir. Sovet dövründə mən həmişə mağazalara girib elektrik avadanlıqları ilə maraqlanardım. Bəlkə də bu sahədə pis mütəxəssis olmazdım. Digər sevdiyim sahə də hüquq sahəsidir, hüquqşünaslıq həmişə diqqətimi cəlb edib. Mən Şəkidəki Kiş kənd orta məktəbini bitirmişəm, rəhmətlik Aydın Məmmədov da həmin məktəbin məzunudur. 8-ci sinfə qədər birmənalı şəkildə hüquqşünas olmaq istəyirdim. Sonra müəyyən ailədaxili səbəblərə, anamın xəstə olması və sairə görə həkimliyi seçdim. Gördüm ki, həkimə böyük ehtiyac var və həyatımda dönüş başladı. Orta məktəbi qızıl medalla bitirdim və tibb sahəsini seçdim. - Eyni vaxtda siyasətdə və səhiyyə sistemində olmaq çətin deyil ki?
- Ümumiyyətlə, səhiyyə təşkilatçıları üçün siyasət o qədər də problem deyil. Bunlar ikisi də nəzəri sahələrdir. Amma cərrahlıq elə bir sənətdir ki, onunla siyasəti bir əldə tutmaq çox çətin məsələdir. Mən siyasətdə olmasaydım, daha yaxşı cərrah ola bilərdim. Elşad PAŞASOY 1618 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|