|
![]() |
|||||||
|
|
||||||
|
|
|
|||||
Fevralın 4-də ANS telekanalında “Ən yeni tarix” tok-şousunun çəkilişi zamanı baş verənlər neçə gündür ki, mətbuatın diqqətindədir. Sabiq baş nazir Pənah Hüseynlə İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani arasında baş verənlərdən ötən günlər ərzində bəhs olunsa da, bu mövzuya geniş yer ayırıb məsələyə aydınlıq gətirmək istədik. Məsələ burasındadır ki, ANS-dəki sözügedən insidentlə bağlı bəzi fraqmentlərin efirə verilməsi əlavə sualları ortaya çıxarıb. Bu mənada bir sıra suallarla Pənah Hüseynə müraciət etdik. - Pənah bəy, ötən günlərdə mediada barəsində danışılan “Ən yeni tarix” verilişində göstərilən fraqmentdən göründü ki, bəhs edilən dəqiqəyə qədər orda hansısa müzakirələr, polemikalar olub. Belə ki, Əfşar Süleymani sizə istinad edərək Elçibəy hakimiyyəti dövründə İranla imzalanan müqavilələr, kontraktlar barədə danışırdı. Ancaq bu müzakirələr yəqin ki, efirə getməyən hissədə olduğu üçün tamaşaçıya qaranlıq qaldı. Bu müəmmalara aydınlıq gətirə bilərsinizmi? - Təəssüf ki, çəkiliş efirə yarımçıq verildi. Çünki bundan əvvəl 1992-93-cü illərdə Azərbaycan-İran münasibətləri və Elçibəy hakimiyyətinin İran siyasəti barədə müəyyən müzakirələr getmişdi. Əslində insidentə səbəb də bu müzakirələrin nəticəsi idi. Mən həmin dövrlə bağlı geniş şəkildə danışmışdım və Elçibəy hakimiyyətinin İran siyasətini təhrif etməsini inandırıcı şəkildə təkzib eləmişdim. Əks tərəfin əsas tezisi ondan ibarət idi ki, bunu indiki iqtidar nümayəndələri, ideoloji əleyhidarlarımız da deyir-guya Azərbaycanla İran arasındakı problemlərin səbəbi Elçibəyin Bütöv Azərbaycan ideyası ilə çıxış etməsi, “Təbrizdə Azərbaycan bayrağı asılacaq”, “İran Azərbaycanın düşmənidir” kimi fikirlər söyləməsi olub. Mənim cavabım isə ondan ibarət oldu ki, əgər İranla Azərbaycan arasındakı problemlərin kökü Elçibəy və onun siyasəti ilə bağlı olsaydı, biz hakimiyyətdən getdikdən sonra bu problemlər həll olunar və yaxud aradan qalxardı. Lakin əksinə, Elçibəy hakimiyyətdən getdikdən sonra Azərbaycanla İran arasındakı problemlər nəinki həll olunmadı, əksinə, daha da dərinləşdi və dərinləşməkdə davam edir. Hətta müstəqillik dövrünə baxılsa Azərbaycan və İran dövlətləri arasındakı ən problemsiz dövr Elçibəy hakimiyyətində olduğu görünür. Nəyə əsasən bunu iddia edirəm? İran Elçibəyin dövründə Xəzərin Azərbaycan sektoruna iddia irəli sürməmişdi, Qərb neft şirkətləri ilə müqavilələr haqda danışıqlara etiraz etməmişdi, sərhədlərimizi pozub Xəzərdəki gəmilərimizə hücum etməmişdi, hərbi təyyarələri hava sərhədlərimizi pozmamışdı, xüsusi xidmət orqanları ölkəmizdə terror əməliyyatları həyata keçirməmişdi, Azərbaycanı işğal bəyanatları səslənmirdi. Elçibəydən sonra nə oldu? İran Azərbaycanın Xəzər sektorunu özünün ərazisi elan etdi, Xəzərin cənubunda Azərbaycan əleyhinə hərbi manevrlər keçirməyə başladı və hərbi mövcudluğunu görünməmiş dərəcədə artırdı. 1995-ci ildə Azərbaycan Konstitusiyasındakı Xəzərlə bağlı maddəyə görə ölkəmizi müharibə ilə hədələdi, beynəlxalq şirkətlərlə Azərbaycanın bağladığı müqavilələri tanımadığını bəyan etdi. BMT- yə şikayət etdi, dəniz və hava sərhədlərimizi nümayişkaranə şəkildə pozdu, Xəzərin Azərbaycan hissəsində qazma işlərinə başladı. Məhkəmələrimizin qərarlarını doğru qəbul etsək, Ziya Bünyadovun qətlindən tutmuş bir çox siyasi terror aktları təşkil etdi, hətta iqtidarın rəsmi bəyanatlarını doğru qəbul etsək, Azərbaycan ərazisində bir neçə dəfə dövlət çevrilişi cəhdi edib və etməkdə davam edir. Əgər İranla Azərbaycan arasında gərginliklər Elçibəy və onun ideologiyası ilə bağlı idisə, niyə Heydər Əliyevin, yaxud İlham Əliyevin balanslı siyasəti bunun qarşısını almayıb, ala bilməyib? Deməli, Azərbaycan və İran arasında elə problemlər var ki, bu, İranda, yaxud Azərbaycanda hansı rejimin, hansı siyasi qüvvənin, hansı hökumətin, hansı ideologiyanın, hansı liderin olmasından asılı deyil. Bu gərginliklərin mənbəyi dərin geopolitik qatlardadır. Bu mənbələri subyektiv iradə ilə aradan qaldırmaq mümkün deyildir. Odur ki, Azərbaycan və İran münasibətlərini qurarkən bu reallıqdan çıxış etmək lazımdır. İstər İranda, istər Azərbaycanda konkret dövrdə ölkənin siyasi idarəçilik məsuliyyətini daşıyan insanların, siyasi qüvvələrin vəzifəsi odur ki, bu reallıqların mövcudluğunu qəbul edərək eyni zamanda iki qonşu dövlət arasında normal münasibətləri təmin etsinlər, ziddiyyətlərin münaqişəyə çevrilməsinin qarşısını alsınlar, dövlətlərarası sülhün saxlanmasını təmin etsinlər. Yeri gəlmişkən, Azərbaycan-İran münasibətlərindəki problemləri, ziddiyyətləri Əbülfəz Elçibəy hakimiyyəti, Elçibəyin Bütöv Azərbaycan ideyası ilə bağlamaq məsələsində İran tərəfinin mövqeyini başa düşmək olar. Lakin Azərbaycandakı qüvvələrin bunu iddia edib tirajlaması 20 Yanvar faciəsində, Xocalı soyqırımında Moskvanın, erməniləri yox, Azərbaycan xalqını və onun milli qüvvələrini, Xalq Cəbhəsini ittiham etməklə müqayisə oluna bilər və diqqət edirsinizsə, həm onu, həm də bunu edənlər eyni şəxslər, eyni qüvvələrdir. - İki dövlət arasındakı münasibətləri normallaşdırmaq üçün Elçibəy hakimiyyəti dövründə hansı addımlar atılıb? Yeri gəlmişkən, sizin o dövrdə İrana səfər etmənizdə məqsəd nə olub? - Əvvəla, Əbülfəz Elçibəy real olaraq prezident vəzifəsini icra etdiyi müddətdə İran əleyhinə hər hansı bir fikir, münasibət, bəyanat verməyib və bildirməyib. Əksinə, məsələn, 1992-ci ilin noyabr ayının 16-sında Bakıda “Gülüstan” sarayında Azərbaycan-İran dövlətlərarası iqtisadi, ticari və mədəni komissiyasının ilk açılış iclasına göndərdiyi təbrikdə iki dövlət və xalqlar arasında dostluğun dərin köklərə dayandığını, bunun tarixi, mədəni, etiqad birliyi ilə bağlı olduğunu vurğulayıb. Elçibəy dövründə İran Azərbaycanla ticarət dövriyyəsinə görə ikinci yerə çıxıb. Təbrizdə və Naxçıvanda konsulluqların açılması məsələsi xarici işlər naziri Tofiq Qasımovun 1992-ci ilin iyulun 18-20-də həll edilib. İran ərazisindən keçməklə Bakı-Culfa yolunun işlənməsi haqqında saziş imzalanıb və 1993-cü ilin 26 aprelində əvvəl Xudafərindən keçməklə bu yol işləməyə başlayıb. Naxçıvanın quru blokadası qismən aradan qaldırılıb. Mənim 1992-ci ilin 28 dekabrında Tehrana böyük dövlət nümayəndə heyətinin rəhbəri kimi səfərim zamanı İranla 30-a yaxın müqavilə imzalanıb. Onların bəziləri təhlükəsizlik məsələləri ilə bağlı olub və Qarabağın müdafiəsində rol oynayıb. 1993-cü il aprelin 6-da prezidentin tapşırığı ilə mənim Tehrana ikinci rəsmi səfərim olub. Mən prezidentin xüsusi məktubunu İran prezidenti Rəfsəncaniyə çatdırmışam. Həmin danışıqların da bizim müdafiə məsələlərində ciddi rolu olub. Bu, başqa məsələdir ki, Əbülfəz Elçibəy sıradan bir prezident deyildi. 50 milyonluq Azərbaycan türkünün milli davasının lideri və ideoloqu idi. Strateji olaraq Bütöv Azərbaycan ideyasından heç vaxt əl çəkmədiyini gizlətmirdi, alim və müəllim idi. Dahiyanə şəkildə bu məsələləri uzlaşdıra bilirdi. Elçibəy dövrü İranla ən normal münasibətlər dövrü həm də ona görə olub ki, Elçibəy Azərbaycanın milli maraq və mənafelərini açıq qoyurdu. Milli iradəyə və həm də Azərbaycanın cənubunda yaşayan azərbaycanlıların dərin milli simpatiyasına əsaslanırdı və mövqeyini açıq qoyurdu. Məncə, İran tərəfini Azərbaycan əleyhinə o dönəmdə sərt addımlardan çəkindirən amillərdən biri də bu idi. O dövrdə İran-Azərbaycan münasibətlərinin bu xarakteri ondan irəli gəlirdi ki, Elçibəy müstəqil, milli siyasət aparırdı. Eyni zamanda iki qonşu dövlət arasında münasibətlərin pozulmamasını istəyirdi və beynəlxalq hüququ əsas götürürdü. Konkret bir hadisəni deyim. İran rejiminə qarşı gizlətmədiyi neqativ münasibətə baxmayaraq, Elçibəy o dövrdəki şah tərəfdarlarının Azərbaycan ərazisindən İran əleyhinə radiostansiyalar qurmaq və verilişlər yaymaq təklifinə razılıq verməmişdi. Yuxarıdakıları mən efir vaxtının imkan verdiyi dərəcədə ANS-in verilişində də söyləmişəm. Fevralın 9-da efirə gedən hissədə keçmiş İran səfirinin “Siz bir illə on ili müqayisə etməyin” deməsi də bunlara cavab idi. - Suallardan biri də budur ki, Pənah Hüseyn niyə verilişdə sonadək iştirak etməyib? - Əvvəla, verilişi mən dayandırmadım. Sadəcə, oradan yarımçıq getmək mənim ixtiyarımda idi. Məndən sonra da davam edə bilərdilər. Sözün doğrusu, mən ora Əfşar Süleymani ilə polemikaya getməmişdim. Mənə deyilmişdi ki, çəkilişdə Yaqub Məmmədov, Eldar Namazov və mən olacağam. Verilişdə Yaqub Məmmədov, Elçibəy və Heydər Əliyev dövründəki Azərbaycan-İran münasibətləri müzakirə olunacaq. Mənim etirazıma səbəb olan da oradakı məlum persona tərəfindən Əbülfəz Elçibəyin adının mənə istinadla hörmətsiz bir ifadə ilə, tonda, üslubda hallanması oldu. Hesab edirəm ki, düz eləmişəm, az eləmişəm. Elşad PAŞASOY 6126 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB |
| Yeni MÜSAVAT © 2008 |
|