 |
Siyasət
MEHRİBAN VƏZİR ARİF HACILIYA AÇIQ MƏKTUB YAZDI 2012-02-12 “Bəy, bir vicdan məhbusu kimi dəmir barmaqlıqlar arxasından bizi necə görürsünüz? Çoxmu acizik?”
|
İctimai Palata Koordinasiya Şurasının üzvü, yazıçı-publisist Mehriban Vəzir hazırda cəza çəkən vicdan məhbusu, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya açıq məktub yazıb. Həmin məktubu olduğu kimi təqdim edirik. ***
“Vicdan məhbusu Arif bəyə Mehriban Vəzirdən açıq məktub. Çox hörmətli Arif bəy, bəzi fikirlərimi izninizlə Sizinlə bölüşmək istədim. Vicdan məhbusu olaraq milli-azadlıq hərəkatımızın, demokratiya uğrunda mübarizəmizin mühüm simalarından biri olaraq düşüncələriniz mənim üçün çox önəmlidir. Dinclik verməyən fikirlərimin birincilərindən biri “Azərbaycan insanının tox, mədəni, vicdanlı, azad olması üçün nələr etməliyik” kimi suallardır. Bəlkə də Siz bir siyasətçi kimi “hakimiyyət dəyişməlidir” deyəcəksiniz. Əlbəttə, haqlısınız. Hələ 1000 il əvvəl Nəsrəddin Tusi deyirdi ki, hakimiyyət xeyirxah adamın əlində olanda xalq xeyirxahlaşır. Bu istiqamətdən yola çıxsaq görərik ki, xalqın mədəni-mənəvi yetkinliyi idarəedicilərin bu kimi keyfiyyətlərindən çox asılıdır. Lakin məsələ bu qədər bəsit deyil, yaxşı bilirsiniz. Hakimiyyət dəyişə bilər və dəyişəcək də. Amma hazırkı rejimin və onun rus-kommunist sələflərinin insanımızın mahiyyətində törətdiyi işğalların aradan qalxması ayrıca zəhmət istəyir. Özəlliklə gözütox, vicdanlı, mədəni, azad, müqavimətli bir cəmiyyətin yetişdirilməsi böyük qurbanlar və fədakarlıqlar tələb edir. Bu qurban və fədakarlıqlar cəmiyyətimizin yetirdiyi əxlaqlı siyasətçilərin və mənəviyyatlı ziyalıların boynuna düşür. Həmin siyasətçi və ziyalılar meyvəni dadmağın deyil, bağın becərilməsinin fədailəri olmağı bacarmalıdır. Sanıram, bu, mühüm şərtdir. Bir dəfə gördük ki, xalq hətta ən elmli, vicdanlı, gözütox insanları, indiki rejimlə müqayisədə ideal sayılacaq hakimiyyəti də qəbul edə bilmədi. Çünki cəmiyyət gərəkən tədavini almamışdı, sağlam deyildi, əzilmək, sürünmək vərdişlərini tərk etməmişdi. Bu kimi acı təcrübələri yaşamış xalq, onun düşünən insanları indi - mövcud durumda nə etməlidir? Toplumun mənəvi sağlamlığı üçün hansı bəlalara sinə gərməlidirlər? Əlbəttə, acgöz, cahil, vicdansız insanlar hər toplumda var və olacaq. Ən yetkin toplumlarda da. Belə bir zümrə kiçik və sanitar faiz olaraq mütləq mövcud olmalıdır. Bu cüzi faizin olması əks tərəfin qiymətləndirilməsində bəzən əyar rolunu oynayır. Lakin azlıq olmalı olanın çoxluq olması, idarə etməsi dəyərlərin dəyərdən düşməsindən, dəngənin pozulmasından xəbər verir. Bizim bir toplum olaraq bu gün bu qədər acgöz, bu qədər utanmaz, bu qədər çirkincəsinə məzlum görünməyimizin səbəbi milli mahiyyətimiz deyil, əminəm, yüz illərin köləliyinin şüur aşınmasının, nəhayət, 20 ilə çatmaqda olan son acgöz və cahil idarəetmənin fəsadlarıdır. Hey düşünürəm: cəmiyyətimizin, onun idarəedənlərinin gözütox, mədəni, vicdanlı olması üçün, eyni zamanda idarəediləninin tox, mədəni, vicdanlı, azad, müqavimətli olması üçün nələr etməliyik? Bu dəyişiklikləri istəyənlər, xüsusilə aktiv şəkildə istəyənlər - siyasətçi, ictimaiyyətçi, yazar, ziyalı olaraq hansı sərgüzəştlərdən keçməliyik? Cəmiyyətimizi azadlığa və dürüstlüyə hansı dillə səsləməliyik? Hansı sınaqlardan keçməli, hansı dərsləri almalı, hansı qurbanları verməliyik? Bilirsiniz ki, bir cəmiyyətin tox, mədəni, vicdanlı, azad, müqavimətli duruma gətirilməsi, böyük dəyərlərə söykənərək yetişdirilməsi mümkündür və bunun klassik yolları var. Bəşərin təfəkkür tarixində yapon islahatları kimi olaylar var. Müasir tarixdə millətinin kriminal mentalitetini dəyişməyi qərar vermiş Saakaşvili nümunəsi var. Yeni nəsil, azad insan yetişdirmək təcrübələri hələ Musa Peyğəmbərin vaxtından qalmadır. Mütəfəkkirlər bilirdilər ki, böyük dəyişikliklərin təkanvericisi cəmiyyətin kollektiv ağlıdır, yetkin ictimai şüurdur. Tək-tək ağıllarla iş aşmaz, bir güllə bahar olmaz. Gücü alınmış, müqaviməti və azadlıq yanğısı sarsılmış, kollektiv ağlı korşalmış bir cəmiyyət olaraq reanimasiya olunmaq, yenidən dirçəlmək üçün nələr etməliyik? Hazırkı ictimai-siyasi fəaliyyətlərimiz, yürütdüyümüz vicdan mübarizəsi bu reanimasiyanın tərkib hissəsi sayılırmı? Cəmiyyətimizi bütöv bir orqanizmə bənzətsək, bu gün bu orqanizm zəhərli sarmaşığın caynağındadır. Biz bu zəhərli sarmaşıqdan can qurtarmalıyıq. Mövcudluğumuz, əlbəttə ki, ləyaqətli mövcudluğumuz uğrunda ölüm-dirim mücadiləsi verməliyik. İnanıram ki, bu qaranlıq quyudan çıxış yolları var. O çıxış yolunu bulmaq isə toplum olaraq bizim mənəviyyatımıza, dürüstlüyümüzə və azadlıq istəklərimizə bağlıdır. Amma biz nə edək ki, toplum olaraq dürüst, əxlaqlı və azadlıq sevdalısı olaq? Nə edək, necə edək ki, şərəfimiz həyatımızdan qiymətli olsun? Siz, Arif bəy, bir vicdan məhbusu, bir mücahid olaraq o barmaqlıqlar ardından, o canlı tələdən bizi - özümüzü necə görürsünüz? Çoxmu acizik? Bu acizliyimizlə çoxmu çirkinik? Edə biləcəyimiz nələri etmirik? Hansı məsuliyyətlərimizi yerinə yetirmirik? Bəlkə bir dərdləşək, müzakirə edək...
Dərin hörmətlərimlə: Mehriban Vəzir" 1910 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|