23 may 2012
Onlayn ictimai-siyasi qəzet
ANA SƏHİFƏ SON DƏQİQƏ ARXİV ƏLAQƏ WAP
Siyasət

“UNİVERSİTETDƏ QALMAĞIMIN SƏBƏBKARI MİR CƏLAL PAŞAYEV OLUB”

2012-02-13

Almaz Əliqızı: “İsa bəy partiyanın qərarına tabe olmalıdır”
“Müsavat seçkilərə öz namizədi ilə tək getməlidir”
“Möhtəşəm yüzil”ə baxıram, görüm bunun sonu nə olacaq...”

Söhbətimizin əvvəlində qarlı-çovğunlu havanın gətirdiyi fəsadlardan danışdı. Şəhərin mərkəzində yaşamasına baxmayaraq, gah telefon, gah işıq, gah da su problemi ilə üz-üzə qalıb. Əslən bakılı olan xanım həmsöhbətim Müsavat Partiyasının Divan üzvü, Bakı Dövlət Universitetinin professoru Almaz Əliqızı deyir ki, Bakıda indiyədək belə qış görməyib.

Babaları zəmanəsinin tanınmış milyonçularından olsa da, bu milyonlardan onlara heç nə qalmayıb. Babaları Məşədi Əbdürrəhman, Balabəy Quliyev kimi Bakıda adla tanınan insanların böyük mülkləri varmış. Elə bu gün Xaqani küçəsindəki məşhur dəyirman Balabəy Quliyevə - Almaz xanımın anasının qardaşına məxsus olub. Çox böyük nəsil olsa da, Sovet hökuməti qurulanda repressiyadan xilas olanlar qaçıb Avropaya səpələnib, Polşa, Almaniya, Fransada yaşayanlar olub. Sovet dövründə bütün əlaqələr kəsildiyi üçün sonradan nəslin mühacirətdəki üzvlərinin taleyindən xəbər tutmaq mümkün olmayıb. Deyir o boyda nəsildən indi çox az sayda insan qalıb.
Deyir ki, Cəbhə hakimiyyəti dövründə babalarına məxsus obyektlərin “kupça”larını aparıb vəkil Aydın Kərimova verib və mülkiyyət davası açmaq üçün müəyyən işlər aparılıbmış: “Onlar dedilər ki, Balabəy Quliyevin İsveçrə bankında vəsaiti var. Qanunla bank vəsaitlərinin 25 faizi onun nəslindən olanlara çatır. Sonra aləm qarışdı, bu işlərin ardınca gedə bilmədik, hər şey yarımçıq qaldı”. İndiyədək duruş gətirən Köhnə Dəyirmandan da onlara heç nə çatmadığını deyir: “Bir vaxtlar onu sökmək istəyirdilər. Mən də bilmədim, evdə danışdım. Gördüm rəhmətlik anam ağlayır. Ziyalı bir qadın idi anam. Dedim niyə ağlayırsan, onsuz da bizim deyil. Cavab verdi ki, onsuz da o boyda var-dövlətdən biz heç nə görmədik. Ancaq heç olmasa o abidəyə baxıb ürəyimdə təskinlik tapırdım. Sonra isə onu sökmədilər. Bu xəbəri anama dedim və bir gün onu da götürüb maşınla gedib o ünvana getdik. Bu dəfə anam sevindiyindən ağladı”.

- Almaz xanım, bir bakılı kimi Bakının başına açılan oyunları, söküntüləri görəndə hansı hisslər keçirirsiniz?

- Ürəyim ağrıyır. Mən hər dəfə İçərişəhərə gedəndə - orda bizim tək-tük qohumlarımız yaşayırdı, indi onlar da başqa yerdə yaşayırlar - baxıram, ürəyim ağrıyır. Bütün tikililəri korlayıblar, dəyişiblər. Axı, bunun qədimliyini qoruyub saxlamaq lazım idi.

- Uşaqlıqda, gəncliyinizdə ən çox üz tutduğunuz ünvan hara olurdu?

- Mən Mərdəkan və Şüvəlan tərəfdə dənizə getməyi ən çox sevirdim. Dənizə baxanda həmişə rahatlıq tapmışam. Dəniz qırağında da bağımız olub. Odur ki, dəniz kənarı mənim təskinlik tapdığım ünvan idi. Ümumiyyətlə, suyu çox sevirəm, suya baxanda dinclik tapıram.

- Həyat yoldaşınız da Bakıdandır?

- Bəli. Onlar da ailəlikcə ziyalı adamlardır. Qayınanamacan rus təhsili görmüş adam idi.

- Sizin siyasətdə olmağınıza necə baxır?

- Əvvəllər çox narahat idi. 1988-ci ildə xalq hərəkatı başlayanda biz 3-4 il idi evlənmişdik. Mən bu proseslərə qoşulanda həddindən artıq narahatçılıq keçirirdi. Ancaq mən ona həmişə minnətdaram ki, mənim rəyimə hörmətlə yanaşıb. Çünki mən təbiət etibarilə elə bir adamam ki, mənə heç nəyi qadağan etmək olmaz. Qadağa ilə üzləşəndə elə bilirəm ki, o dəqiqə ölərəm. Mən ruhən azadlığı sevən adamam. O da mənim anama həddindən artıq bağlı adam olduğumu bildiyi üçün gedib ona demişdi ki, bəlkə sən onu bu yoldan çəkindirəsən. Sonra eşitdim ki, anam ona deyib (kövrəlir-E.P.) - indi də yadıma düşəndə doluxsunuram - əgər ona mən süd vermişəmsə, bu yoldan dönən deyil. Əgər qızım bu yoldan dönsə, mən ona südümü halal eləmərəm. Günün birində yoldaşım gəlib dedi ki, anan belə deyəndən sonra daha mən sənə bu barədə heç nə deməyəcəyəm.

- Siz azad fikir, azad ruhla və müsavatçı olaraq dövlət ali məktəbində çalışırsınız. Heç mövqeyinizə görə təzyiqlərlə üzləşibsiniz?

- Mən vətənimə, millətimə bağlı adamam. Mən təbiət etibarilə, ruhən millətçiyəm. Vətən, millətlə bağlı məsələlərdə başqa heç nə düşünməmişəm. Hətta orda ölüm də olsa, mən o yolu getməliyəm. Sovet hökuməti gələndə babamın birinin 39 yaşı olub. Bu kişinin gəmiləri olub, Rəştə, Ənzəliyə gedirmiş. Cümhuriyyətin süqutunu eşidib və ürəyi partlayıb. Mən də düşündüyümü deyən adamam, heç vaxt heç nədən çəkinmirəm. Sonra nə olacaq, bu barədə düşünmədən həqiqəti deməyi sevirəm. Mən ailədə belə tərbiyə almışam, belə böyümüşəm.

- Necə oldu ki, Bakı Dövlət Universitetində işləməyə qərar verdiniz?

- Mənim tələbə yoldaşlarım hələ Rəsulzadənin kim olduğunu bilmirdilər. Ancaq evdə mənə danışırdılar, deyirdilər ki, bizim belə dövlətimiz olub. Bunları deyəndən sonra da möhkəm tapşırırdılar ki, heç yerdə heç bir şey danışma. Amma dadımdadır ki, mən 4-cü kursda oxuyanda Bəxtiyar Vahabzadə bizə Müasir ədəbiyyatdan dərs deyirdi. Səməd Vurğunun “Komsomol” poemasını keçmişdik. Kimin nə sözünün olduğunu soruşdu. Mən də əlimi qaldırdım, dedim ki, mən burda sovet hakimiyyəti uğrunda gedən mübarizəni bir tərəfə qoyuram. Ancaq burda məni Gəray bəy ona görə cəlb etdi ki, o, əsl türk kişisidir. Necə ola bilər ki, insanın əlindən yer-yurdunu alasan, sonra özünü də məsxərəyə qoyasan, bu, insan ləyaqətini alçaltmaqdır. Bu kişi mənə heyrətlə baxdı və qayıtdı ki, “baaa, papaqlar altında qızlar gizlənib”. Dedi tənəffüsdə kafedraya gələrsən. Getdim və mənim kimlərdən olduğumu soruşdu, suallar verdi, söhbət etdik. Qayıtdı ki, “hə, ot kökü üstə bitər”. Sonra kafedra açıldı, Bəxtiyar müəllim 6 ay işlədi və “millətçi” adı qoydular və artıq işləməsinə izn vermədilər. Bu müddətdə o, məni kafedraya gətirdi. Ancaq universitetdə qalmağımın səbəbkarı Mir Cəlal müəllim (Paşayev) olub. Mən həmişə ona minnətdaram, çox ədalətli və gözəl insan idi. İlk dəfədir mən bu faktı sizə deyirəm. Çünki mən belə şeyləri sevmirəm. Deyəsən, Nüşabə xanımın (Sadıxlı-E.P.) həyat yoldaşının yas yerindəydik. Mən orda Mir Cəlal müəllimdən ağızdolusu danışanda qızı Ədibə xanım dedi bax, görürsünüz Almaz xanım, o, savadlı adamları, bacarıqlı uşaqları saxlayıb, yığıb. Dedi Təhsin müəllim, Xalid müəlliməcən bu kadrları o saxlamışdı da universitetdə. Ən sonuncu kadrlardan biri mən olmuşam, çünki onda ömrünün son illəri idi. Mən bunları deyəndə qızı dedi ki, Almaz xanım, bu xatirələri yazın da. Dedim Ədibə xanım, mən yazacağam. Amma bilirsiniz nə vaxt? İndi Mir Cəlal müəllim haqqında çox adam yazır. Amma onda ki, Mir Cəlal müəllim haqında heç kim yazmayacaq, mən yazacağam. O vaxt elmi şura mənimlə bağlı qərar çıxaranda dedi ki, mən bilirəm ki, bu, gələcəkdə universitetə lazım olacaq. Orta məktəbi bitirəndən indiyədək Universitetdəyəm. Əvvəl adi laborant, sonra baş laborant işləmişəm, sonra isə aspiranturaya imtahanlarımı verib birdən-birə üçüncü kursa keçmişəm. Rəhmətlik Əlövsət Abdullayev vardı, çox ədalətli müəllim idi. 1981-ci ildə namizədliyi müdafiə etdim. İndi elmlər doktoru, professoram. Çox professor var, amma mən həqiqi professorlardanam. (Gülür)

- Siz bir zamanlar Əbülfəz Elçibəylə çiyin-çiyinə mübarizə aparırdınız, sonra isə İsa Qəmbərin rəhbərlik etdiyi partiyanın rəhbərliyində təmsil olundunuz.

- Mən özümü heç vaxt liderlərlə bərabər tutmaq fikrincə olmamışam. Amma görünür bu insanlar məni bir ziyalı kimi qəbul ediblər. Mən həyatımdan çox razıyam. O mənada ki, mən Əbülfəz Elçibəy kimi insanı tanımışam, onun əsgəri olmuşam. Bu gün fəxr edirəm ki, İsa Qəmbərin yanındayam. Zaman, tarix elə amansızdır ki, hər şeyi yerinə qoyur. Böyük Sabirin gözəl misraları var: “Çalxandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”. Gün gələcək hər kəsin həqiqi qiyməti veriləcək. Hərdən düşüncələrə dalanda sevinirəm ki, mən bu insanlara görə tarixdə qalacağam.

- Amma başqan postundan getməyə hazırlaşır...

- Bəli, mən ondan çox narahatam. Əslinə qalsa, Müsavat Partiyası elə bir təşkilatdır ki, o, asanlıqla dağılan deyil. Hər bir işin, hərəkətin, təşkilatın özülündə halallıq olmalıdır. Müsavat Partiyasının özülünü də halal kişilər qoyublar. Məhəmməd Əmin Rəsulzadə kimi insan qoyub bu partiyanın təməlini. Mən bir yazımda da yazmışdım ki, biz bir millət olaraq Rəsulzadəyə ona görə borcluyuq ki, o, bizə bugünki Azərbaycanı qoyub. Əgər Rəsulzadə o vaxt müstəqil Azərbaycanı qurub onun sərhədlərini yaratmasaydı, SSRİ çökəndə biz Şimali Qafqazdakı muxtar respublikalar kimi Rusiyanın tərkibində qala bilərdik. Biz bu gün müstəqil Azərbaycanda yaşadığımıza, dövlətimizin olması ilə fəxr etdiyimizə görə böyük öndər, böyük insan Məhəmməd Əmin Rəsulzadəyə borcluyuq. Müsavat Azərbaycana müstəqillik gətirən, müsəlman-türk dünyasına, Yaxın və Orta Şərqdə ilk demokratik cümhuriyyətin qurucusu olub. Biz hələ də belə bir təşkilatın qədrini bilmirik. Mən ədəbiyyatçı olsam da, tarix sahəsində də araşdırmaçıyam. Araşdırmalarım zamanı görmüşəm ki, Rəsulzadə o qədər fenomen şəxsiyyətdir ki, həyatında bir dənə səhv buraxmayıb. Nə deyib, nə yazıbsa, nəinki bu gün, hələ yüz illər sonra da lazım olacaq. Bu mənada belə bir şəxsiyyətin yaratdığı güclü bir təşkilatın günün birində dağıla biləcəyinə inanmıram. Düzdür, İsa bəyin başqanlıqdan gedişi ilə bağlı insanlardakı narahatlığı bölüşürəm. Mən düşünürəm ki, hələ müəyyən hədəflərə çatmaq lazımdır. Ona görə də bu gün İsa Qəmbərin başqanlıqdan getməsi bizə lazım deyil.

- Müsavatda sizin kimi düşünənlər kifayət qədərdir. Necə hesab edirsiniz hansı yolla bu gedişi əngəlləmək olar?

- Məncə, biz qarşıdakı seçkilərə hazırlaşmalıyıq. Ancaq bizim mübarizəmiz, fikirlərimiz haçalanır, qüvvəmiz bölünür tamam başqa-başqa məsələlərə. Ona görə də məncə, bu gün bizim yeganə hədəfimiz seçkilərə hazırlaşmaq olmalıdır. Ona görə də başqanın getməsini mən məqbul hesab etmirəm. Düzdür, Müsavatda çox yetərli sayda bacarıqlı, ləyaqətli, savadlı, partiyanı idarə edəcək insanlar var. Bu, çox böyük təşkilatdır, Azərbaycanın gözəl ziyalıları burda toplaşıb. Amma ziyalılıq başqa şeydir, siyasi mübarizə yolunu keçmək başqa şey. İsa bəy bu siyasi mübarizə yolunu da keçib, çox şeyləri hər kəsdən gözəl bilir. Ona görə də məncə, bu dönəmdə bizə dəyişiklik lazım deyil. Bu gün İsa bəyin getməsinə etiraz edənlər müxtəlif yollar axtarırlar, biri nizamnamədə dəyişiklik etmək istəyir, başqası ayrı variant təklif edir. Ancaq mən düşünürəm ki, nizamnamədə dəyişiklik etmək vacib deyil. Bunun başqa yolları da var. Amma mən bunu indi açmaq istəməzdim.

- Demək siz qurultaya sürprizlə gedirsiniz?

- Sürpriz deməzdim. Məncə, biz bu məsələni elə qurultayın gedişində həll edə bilərik. Qurultay nümayəndələri yekdil olsalar, İsa bəy partiyanın qərarına nə deyə bilər ki? Partiyanın qərarına o da tabe olmalıdır. Ən sonuncu variant budur.

- Seçkilərlə bağlı keçirilən bir sorğu müzakirələrə səbəb olub. Siz 2013 seçkilərinə müxalifətin, Müsavat və AXCP-nin hansı şəkildə getməsini istərdiniz?

- Mən heç vaxt sorğulara ciddi baxmamışam. Bəlkə də səhv edirəm. Digər tərəfdən, məncə, vahid namizəd məsələsi bu gün ciddi məsələ deyil. Neçə ildir bu proseslərin içindəyik. Hesab edirəm ki, ümumiyyətlə, vahid namizəd məsələsi qeyri-ciddi məsələdir. Kimə demək olar ki, filankəs, sən namizədliyini vermə. Bu gün Müsavat Azərbaycanda ən güclü partiyadır və Müsavat seçkilərə öz namizədi ilə tək getməlidir. Vahid namizəd məsələsinə qeyri-ciddi baxıram. Ancaq seçki şəraitinin ədalətli olması vacib şərtdir. Bunun üçün də seçki qanununda əsaslı dəyişikliklər olmalıdır. Əks halda seçkiyə getməyin mənası yoxdur. Odur ki, hamının fikri seçki qanunlarının dəyişdirilməsinə yönəlməlidir. Biz bəzən əsas məsələni qoyub qeyri-ciddi məsələlərlə məşğul oluruq.

- Yəqin telekanalları izləyirsiniz. Baxdığınız seriallar varmı?

- İmkanım olanda “Möhtəşəm yüzil”ə baxıram. Tarixi məsələ olduğu üçün diqqətimi çəkdi. Amma sonra gördüm ki, burda tarixilik ötəri verilib. Daha çox hərəmxana həyatı təsvir olunub. Dediyim kimi mən həddindən artıq milli adamam. Odur ki, türklərin bu qədər qanını qarışdırmasını da qəbul edə bilmirəm. Görürsünüzmü Hürrəm gəlir və “buranın böyüyü biz olacağıq” deyir. Hər dəfə elə şeylər eşidəndə bütün ruhum dağılır və çox əsəbiləşirəm. Əvvəla, bir insan kimi onu qəbul edə bilmirəm. İstər evdar qadın ol, istər siyasətçi, insanlıq xüsusiyyətini saxlamağı bacarmaq lazımdır. Mən görürəm ki, bu qadında insanlıq, ləyaqət yoxdur. Mən olsaydım 5 seriya çəkərdim, amma keyfiyyətli çəkərdim. Olmazdımı ki, türk tarixinin çox möhtəşəm tarixindən bəhs edən bu filmdə əsasən siyasi məsələlərdən bəhs olunaydı? Hürrəm kimi səviyyəsiz, savadsız bir qadın Süleyman kimi dünya fatehini inandıra bilir. Düzdür, mən hesab etmirəm ki, Süleyman ona inanır. Deyirlər sevginin gözü kor olur, bəlkə buna görə Hürrəm üçün hər şeydən keçib. Hər halda filmə baxıram ki, görüm bunun sonu nə olacaq...

Elşad PAŞASOY

5881 dəfə baxılıb

Xəbəri paylaş

[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ

[23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR

[23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB

[23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR”

[23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR”

[23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR

[23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ

[23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM

[23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...”

[22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ

[22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ

[21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR

[21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ

[21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ

[21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ

[20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR

[20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR

[20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI

[19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA)

[19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB

ARXIV

Yeni MÜSAVAT © 2008