 |
Siyasət
SİYASƏTÇİLƏR FAYLLARI QARIŞDIRANDA... 2010-05-21 “Yeni Müsavat”ın ortaya çıxardığı məsələ zəlzələ yaratdı Əli Əliyevin adından saxtakarlığa yol verilib
|
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə bu ilin aprelin 16-da “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirib. Həmin konfransda səslənən məruzələr əsasında isə iki dildə - Azərbaycan və ingilis dillərində kitabça hazırlanaraq, yayılmışdı. Bu zaman da məlum olmuşdu ki, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin kitabdakı məruzəsi birbaşa müxalifətin iki liderinə - İsa Qəmbər və Əli Kərimliyə qarşıdır. Əli Əliyev onların müxalifətdəki hakimliyini bitirmək və bu liderləri sıradan çıxartmaq üçün təkliflər də verirdi. Bütün bunları, eləcə də bu kitabçadan Əli Əliyevin xəbəri olduğu halda, təkzib verməməsini nəzərə alaraq, “Yeni Müsavat” qəzeti “Azadlıq” blokunun əsas partiyasının sədri Əli Kərimlinin müttəfiqi tərəfindən xəyanətə uğradığını yazmışdı. İki gün susan, yalnız bizim məqalədən sonra hərəkətə keçən Əli Əliyev məsələyə kəskin reaksiya verdi və bütün suçu qəzetimizə yüklədi. O, dünən ADP sədri Sərdar Cəlaloğlunun iş otağında mətbuat konfransı keçirdi. Mətbuat konfransında VİP-in bir neçə funksioneri ilə yanaşı Liberal Partiyanın sədr əvəzi Əvəz Temirxan da iştirak edirdi. Əli Əliyev mətbuat konfransından öncə AVCİYA-nın təşkil etdiyi sözügedən beynəlxalq konfransdakı məruzəsinin videogörüntülərini nümayiş etdirdi. 20 dəqiqəlik məruzədə Əli Əliyev hakimiyyəti sərt tənqid edir, Azərbaycanda söz azadlığının, sərbəst toplaşmaq azadlığının, demokratiyanın ağır durumda olduğundan danışır. Hətta Azərbaycandakı vəziyyəti dünyanın ən dəhşətli diktatura rejimlərindən birinin hökm sürdüyü Nigeriya ilə eyniləşdirir. VİP sədrinin məruzəsini “Yeni Müsavat”ın mətbuat konfransında iştirak edən əməkdaşı olaraq bəndəniz də əvvəldən-axıra dinlədi. Həmin çıxışın AVCİYA-nın həmin beynəlxalq konfransdan hazırladığı kitabda Əli Əliyevin adından çap olunmuş məruzə ilə zərrə qədər də uyğun gəlmədiyinin şahidi olduq. VİP sədri konfransdakı çıxışının videoyazısı olan diskləri jurnalistlərə payladı. Sonra isə mətbuat konfransına başlayaraq mövqeyini bəyan etdi. Əli Əliyev bildirdi ki, “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” Beynəlxalq Konfransının materialları” adlı kitabda onun adından dərc olunmuş məruzə və bu məruzənin “Yeni Müsavat” qəzetində dərc olunması onu məsələyə ciddi reaksiya verməyə vadar edib: “Dünən (srağagün) axşamdan Sərdar Cəlaloğlu sağ olsun bizə məlumat verib ki, 4 müxalifət liderinin Müsavat qərargahında keçirilən görüşündə nə baş verib. AVCİYA-nın keçirdiyi beynəlxalq konfransda edilmiş məruzələrin toplanıb, çap edildiyi kitabda mənim adımdan verilmiş məruzə mənə aid deyil. Mən həmin beynəlxalq konfransda 20 dəqiqəlik məruzə ilə çıxış eləmişəm. Həmin çıxışın videoyazısına indi baxdınız və dinlədiniz. Özünüz də gördünüz ki, mən tamamilə fərqli, kəskin çıxış eləmişəm. Kitabda mənim bu çıxışım deyil, mövqeyimi əks etdirməyən tamamilə fərqli mətn mənim adımdan verilib. Bu haqda təəssüf ki, dünən (srağagün) xəbər tutmuşuq. Müsavat Partiyasının qərargahında 4 partiyanın liderinin görüşündən sonra mənim adımdan məlum topluya daxil edilmiş mətn qəzetdə heç bir araşdırma aparılmadan nüsxələnib. Nəinki nüsxələnib, hətta mənim ünvanıma təhqiramiz ifadələr işlədilib. Biz qərara gəldik ki, bu gün mətbuata açıqlama verək. Növbəti addımlarımızı bir qədər sonra planlaşdıracağıq. Bu məsələ elə-belə saxlanılmayacaq. Bunun davamı olacaq. Bu işin bütün tərəfdən olan günahkarları üzə çıxarılıb tərəfimizdən qanunvericilik çərçivəsində cəzalandırılacaq ”. Əli Əliyev qeyd etdi ki, onunla bağlı baş verən məlum hadisənin iki mahiyyəti var: “Qəzet iddia edə bilər ki, həmin topluda dərc olunan məlumata istinad edilib. Biz AVCİYA-nın nümayəndələri ilə əlaqə saxlamışıq. Bu gün axşam və ya sabah səhər bizim oraya rəsmi müraciətimiz ünvanlanacaq. Artıq şifahi təmaslar zamanı bizə bildirilib ki, texniki qüsura yol verilib. Anlaşılmayan səbəbdən mənim çıxışım yox, tamamilə başqa mətn mənim adımdan yerləşdirilib. Təşkilatçılar həmin mətni dəyişməyə öhdəlik götürüb. Bizə bildiriblər ki, hələlik bu anlaşılmazlıq ortada olduğundan tədbirin materialları AVCİYA-nın saytına yerləşdirilməyib. Mənim məruzəmin elektron variantı gözlənilir ki, bu dəyişikliklər həyata keçirildikdən sonra konfransın materialları ictimailəşsin. İstisna etmirəm ki, mənim çıxışımın sərtliyi ola bilsin təşkilatçıların xoşuna gəlməyib. Məsələnin digər problemli tərəfi ondan ibarətdir ki, biz bu münasibətin müxalifət adına çıxan mətbuat orqanında belə sürətlə nüsxələnməsindən və orada yazılan şərhlərdən narahatıq. Hüquqşünaslarla məsləhətləşiləcək, gərəkən addımlar atılacaq. Heç kəsə haqq verilməyib ki, hətta həmin məruzə mənim mövqeyim olmuş olsaydı belə, mənə o cür ibarələr və ifadələr yapışdırsın... Ona görə də bu qəzetlə də bağlı dava açılacaq, qəzet və həmin yazının müəllifləri o ifadələrə görə cavablarını alacaqlar”. Əli Əliyev ajiotaja səbəb olan məlum yazıdan əvvəl də ona qarşı kampaniyanın aparıldığını söylədi: “Bu yazıdan əvvəl təxminən 4-5 gün ərzində həmin qəzetdə müxtəlif adamların adından mənə qarşı aşağılayıcı mövqe ifadə olunub. 6-7 aya yaxındır ki, “Azadlıq” blokunda münasibətlərin gərginləşməsinə yönəlik yazılar dərc olunur, bəyanatlar səsləndirilir. Əvvəl bu bəyanatların hədəfi Ümid Partiyası idi. Qarabağ və Respublika Uğrunda Hərəkat məqsədyönlü şəkildə çökdürüldü. Ondan sonra həmin qəzetə yaxın olan partiyanın Məclisində müxalifətin arasında casuslar axtarılmağa başlandı. Görünür, indi növbə bizim partiyanındır. Qəzetdə həmin tekstin topludan götürülüb o cür şərhlə dərc olunması təsadüfi deyil. Bizim bloku dağıtmağa yönəlmiş planlı fəaliyyətdir, təxribatdır. Hamı anlasın ki, müxalifətin kim olub-olmadığı məsələsinə heç kəsə səlahiyyət verilməyib ki, rəy, arayış versin və ya qolubəylik eləsin. Qolubəy olan adamların qolunu yerinə salaraq, qoçuluq eləmək istəyən adamlara yerini göstərərik”. Sonra Əli Əliyev “Yeni Müsavat” əməkdaşının suallarına (başqa heç kim sual vermədi) cavab verdi. “Kitab üç gün öncə ATƏT-in seçki ilə bağlı toplantısında bütün siyasətçilərə, o cümlədən sizə paylanıb. Sizə qarşı təxribat olduğunu, adınızdan başqa bir məruzənin çap olunduğunu nədən həmin gün bəyan etməmisiniz?” sualına Ə.Əliyev belə cavab verdi: “Həmin kitablar 18 mayda ATƏT-in tədbirində paylanıb. Və o kitabları paylayan şəxs mənim köməkçim olub (?). Etiraf edirəm ki, tərəfimdən diqqətsizlik olub, düşünməmişəm ki, əlimdə videoyazı ola-ola mənim adımdan tamamilə başqa bir mətn kitaba yazıla bilər. Buna və tədbirdəki çıxışların hamısını canlı dinlədiyimə görə bu kitabı heç oxumamışam. Yalnız dünən Sərdar bəy mənə məlumat verdikdən sonra oxudum və nə baş verdiyini bildim. Onu da deyim ki, İsa Qəmbər diqqətcillik nümayiş etdirib kitabı oxuyub. Bəlkə də ona kimsə zəng edib deyib. Ancaq fakt odur ki, bu məsələ onun tərəfindən ortaya çıxarılıb. Mənim xəbərim olsaydı susardımmı? Qətiyyən susmazdım”. “Kitabdakı mətni bəlkə başqa hansısa tədbir və ya ünvana göndərmək üçün hazırlayıbmışsınız, fayl səhv düşüb və AVCİYA-ya bunu göndərmisiniz” sualına Ə.Əliyev “Mən belə bir mətni ümumiyyətlə yazmamışam. O mətndən xəbərim yoxdur”. “Mətbuat konfransında AXCP-dən heç kimin iştirak etməməsi, müttəfiqlərinizdən yalnız Əvəz Temirxanın iştirakı nə ilə bağlıdır”, sualına cavabında Ə.Əliyev dedi ki, Əvəz bəyi həmin beynəlxalq konfransın canlı iştirakçısı kimi dəvət edib. Məsələ ilə bağlı dünən AVCİYA-nın rəhbəri Məhərrəm Zülfüqarlı ilə danışdıq. O bildirdi ki, texniki anlaşılmazlıq baş verib: “Biz məruzəçilərlə əlaqə saxlayıb məruzələrinin elektron variantını bizə göndərmələrini xahiş elədik. Əli Əliyev öz həmkarlarından birinə tapşırdı ki, onun məruzəsinin mətnini göndərsin. Bizə Əli Əliyevin özü yox, həmkarı mətni göndərdi və biz də çapa verdik. İndi məlum olub ki, həmin mətn Əli Əliyevin konfransdakı məruzəsi deyilmiş. Ola bilsin mətni bizə düzgün göndərməyiblər. Bizim Əli Əliyevə qarşı heç bir qərəzimiz yoxdur və bu məsələ sırf texniki səhvdir. Hər hansı təxribatdan söhbət belə gedə bilməz. Biz bu texniki səhvin necə baş verdiyini araşdıracağıq və problemi həll edəcəyik. Burada bir faciə baş verməyib”. Qəzet olaraq onu deyə bilərik ki, bu məsələdə ƏIi Əliyev ağ qaşıq deyil. Tamamilə aydın olur ki, məlum mətn o kitabçaya havadan düşməyib; məhz onun adamları elektron poçtla göndəriblər; mümkündür ki, fayl səhv düşüb. Deməli, müəllimlər “başqa” ünvanlar üçün xüsusi təhlillər hazırlayırlarmış ; və bu mətndəki hədəflərdən biri - Müsavat Partiyası artıq aylardır ki, Əli Əliyev tərəfindən vurulur, gözdən salınır. Digər tərəfdən, “Yeni Müsavat” rəsmi bir fakta - AVCİYA ”“nın iki dildə buraxdığı sənədə əsaslanaraq haqqında danışılan yazını yazıb. Bu isə “samizdat” deyil; Əli müəllimin özünün də xəbəri olan rəsmi buraxılışdır. Müxbirimiz həm də onu da aydınlaşdırıb ki, bu kitabça digər ünvanlara çatmamışdan daha əvvəl Əli Əliyevdə olub. Onun da cəmisi 3 səhifəlik olan öz çıxışını oxumayaraq, təkzib verməməsinin günahkarı biz ola bilmərik. Qaldı, bu xəbərin bizə kimin tərəfindən verilməsinə... Biz bu kitabı hörmətli millət vəkillərindən birinin (özü xahiş etdi ki, adını yazaq, amma biz ehtiyac görmədik-Red.) telefon zəngindən sonra təftiş etmişik. Və Əli Əliyevin adından olan çıxışı oxuyaraq, heyrətlənmiş, bu heyrət əsasında da məqalə hazırlamışıq... Bizi məhkəmə ilə hədələməyə gəldikdə isə, Əli müəllimin diqqətinə yetiririk ki, “Yeni Müsavat”ı bugünə kimi məhkəməyə çoxları verib. O lənət siyahısına özünü də yazdırmaq istəyirsə, buyursun. Bizim məhkəmədən də, özünə, sözünə diqqət etməyən belə bir siyasətçidən də çəkinəcəyimiz yoxdur. Etibar SEYİDAĞA 2231 dəfə baxılıb
|
[23.05.2012] - LİDERLƏR 21 MAY AKSİYASINI QİYMƏTLƏNDİRDİ [23.05.2012] - PARLAMENTDƏ MÜXALİFƏTƏ HÜCUMLARA İLK REAKSİYALAR [23.05.2012] - İCTİMAİ PALATA BU HƏFTƏ ARDICIL AKSİYALAR PLANLAŞDIRIB [23.05.2012] - “MƏNİM ÖLKƏYƏ QAYITMAQ KİMİ BİR PROBLEMİM YOXDUR” [23.05.2012] - “İQTİDAR-MÜXALİFƏT DİALOQU VƏZİYYƏTİ DƏYİŞƏ BİLƏR” [23.05.2012] - HAKİMİYYƏT MÜSAVATIN XARİCDƏ QURULTAY KEÇİRMƏSİNDƏN NARAHATDIR [23.05.2012] - MİRMAHMUD MİRƏLİOĞLUNA QARŞI QİYAM XƏBƏRİ [23.05.2012] - ƏLİ ƏHMƏDOVDAN ZİYALILARI FORUMUNA YENİ HÜCUM [23.05.2012] - “HƏLƏ Kİ GETMƏMİŞİK...” [22.05.2012] - RƏSUL QULİYEVİN GƏZİNTİ ÇAĞIRIŞI DA NƏTİCƏ VERMƏDİ [22.05.2012] - ASİM MOLLAZADƏ ARİF HACILINI MÜXALİFƏTƏ NÜMUNƏ GÖSTƏRDİ [21.05.2012] - “XIRDALAN” PİVƏLƏRI BOYKOT OLUNUR [21.05.2012] - VİCDAN MƏHBUSLARININ MƏSƏLƏSİ PARLAMENTDƏ QALDIRILACAQ [21.05.2012] - İCTİMAİ PALATANIN BU HƏFTƏ DAHA İKİ AKSİYASI OLACAQ [21.05.2012] - ÇİNGİZ DƏMİROĞLUNUN HAKİMİYYƏTƏ QOYDUĞU MÜDDƏT BİTDİ [20.05.2012] - MÜSAVAT QURULTAYINI TİFLİSDƏ KEÇİRMƏYİ PLANLAŞDIRIR [20.05.2012] - ACLIQ DAVAM EDİR VƏ BÖYÜYÜR [20.05.2012] - KEÇMİŞ SİLAHDAŞLARI RUSLAN BƏŞİRLİNİ QINADI [19.05.2012] - ACLIQ AKSIYASI GÜNBƏGÜN (FOTOSESİYA) [19.05.2012] - OMBUDSMAN APARATININ NÜMAYƏNDƏLƏRİ ARİF HACILI İLƏ GÖRÜŞÜB ARXIV
|